Ən sakit ölkəni qana bulayıb lüks həbsxanada qalan terrorçu

7-08-2024, 08:31           
Ən sakit ölkəni qana bulayıb lüks həbsxanada qalan terrorçu
Baku TV 2011-ci il iyulun 22-də Oslonun mərkəzində hökumət binası yaxınlığında partlayış törədən, Utoya adasındakı düşərgədə 69 nəfəri güllələyən, bir gündə 77 nəfəri öldürən, 151 nəfəri yaralayan, Norveçdə İkinci Dünya müharibəsindən sonra ən dəhşətli insan qətliamının səbəbkarı olan ifrat sağçı neonasist Anders Berinq Breyvik haqqında araşdırma hazırlayıb.

Anders Breyvik 2009-cu ildə tərəvəz yetişdirmək üçün müəssisə açır, böyük miqdarda gübrə almaq və yaxın gələcəkdə onlardan partlayıcı maddə hazırlamaq imkanı əldə edir. Hərbi xidmətdə olmadığı üçün atıcılıq kurslarında sərrast atəş açmağı öyrənir. O, 2010-cu ildə silah alır, 1500 səhifəlik manifest yazır və terror aktından əvvəl internetdə 12 dəqiqəlik canlı yayımda fikirlərini bölüşür. 2011-ci il iyulun 22-də Breyvik mikroavtobus icarəyə götürərək, 950 kiloqram partlayıcı maddə, ammonium nitrat və dizel yanacağı ilə doldurur.

O, avtobusu dövlət binaları kompleksinin yaxınlığında Qrubbeqata küçəsində saxlayır. Saat 15:25-də yeddi nəfərin ölümü ilə nəticələnən partlayış törədir və polisin çaşqınlığından istifadə edərək qaçır. Breyvik polis formasını geyinib, əvvəlcədən hazırladığı avtomobilə minir və Utoya adasına gedir.

Kiçik adaya bərə ilə gələn Breyvik əvvəlcə düşərgə komandirini və təhlükəsizlik xidmətinin rəhbərini güllələyir. Daha sonra düşərgəyə gələrək çadırlarda dincələn gəncləri terror aktı zamanı necə hərəkət etmələri ilə bağlı təlim keçməyə çağırır. Kifayət sayda yeniyetmə polis geyimində olan şəxsin ətrafına toplaşdıqdan sonra o, atəş açmağa başlayır.

Adada hər kəsi öldürmək niyyətində olan terrorçu yalnız iki yeniyetməyə rəhm edir. Onlardan birinin 11 yaşı olduğu üçün ona "get, ölmək üçün hələ balacasan" deyir.

Digər 22 yaşlı gəncin yalvarmasından rəhmə gəlib, onu öldürmür. Yalnız inzibati binada gizlənməyə vaxt tapanlar xilas ola bilirlər. Paranoidal şizofreniya diaqnozu qoyulan A.Breyvikin təkrar müayinə zamanı tam sağlam olduğu ortaya çıxır. 2011-ci ilin avqustunda məhkəmə onu maksimal həbs müddəti olan 21 il müddətinə azadlıqdan məhrum edir.

Lakin cəza müddəti bitdikdən sonra cəmiyyət üçün təhlükəli olarsa, cəzanın qeyri-müəyyən müddətə 5 il artırılması nəzərdə tutulurdu. Ən humanist şəraitli türmələrdən sayılan Norveç həbsxanasında A.Breyvik 24 kvadratmetrlik kameraya salınır. Kamerada kabinet, yataq otağı və idman zalı var.

Qapalı həyətdə mühafizəçinin nəzarəti altında gəzib təmiz hava almaq olar. 2012-ci ildə Breyvik 27 səhifəlik məktub yazaraq, televizor, kompüter, video oyunları və müxtəlif texnoloji vasitələrlə təmin olunmasına baxmayaraq, acınacaqlı şəraitdə və təcriddə saxlanmasından şikayətlənib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.