ƏNVƏR PAŞANIN ƏZİZ XATİRƏSİNƏ QONŞUM, DOSTUM OSMAN MAYATEPEK
8-08-2024, 08:17
Ənvər adına uşaqkən “qıcığım” vardı. Bir qohumumuz vardı, atası Ənvər ismi vermişdi ona. Məndən yaşca kiçikdi. Bizə qonaq gələndə atam onu dizinin üstünə alıb, “Ənvər Paşa” deyə saçlarını oxşardı. Qardaşımla qısqanırdıq onu. Atamız bizi heç elə sevib, əzizləməzdi. Ənvərin anası qohumumuzdu, “Vəkilovlu” idi. Çox çalışırdı bizi oğlu ilə dostlaşdırsın, ancaq yaxınlıq vermirdik Ənvərə. Anlamırdıq hələ çox şeyi.
Atamın böyük kitabxanasında o vaxt üçün ən dəyərli və ən nadir kitablardan biri görkəmli isveçrəli şərqşünas Adam Metsin (alm. Adam Mez, 1869-1917) “Müsəlman Renessansı” (Мец А., Мусульманский ренессанс. — М.: Наука, 1966) kitabı idi. Akademik Bertelsin giriş sözü yazdığı kitabda ermənilər haqda gerçək, amma çox ağır fikirlər var. Kitabın həm tirajı çox deyildi (cəmi 6 min), həm də ermənilər əsər yayılmasın deyə kitabı kütləvi şəkildə alıb, mağazalardan yoxa çıxartmışdılar.
Atam evimizə gələnlərə ermənilərlə bağlı o hissəni mütləq oxuyardı. Bir səfərində Ənvərin atası kitabı on günlüyünə istədi. O vaxt kitabın Bakıda cəmi 5-6 nəfərdə olduğu söylənirdi. Elə kitabı çətin geri verərdilər. Və kitab da o gedən getdi. Ənvərə olan buruq münasibətim bir az da buruldu.
Qarabağ hadisələri başlayanda kitabı yenə geri istədik. Bu səfər də Ənvərin böyük qardaşının kitabı oxumaq üçün kiməsə verdiyini dedilər. 15 il keçmişdi, israrla kitabımızı istəyirdim – kitabxanamızı qorumalıydım. Qarabağ hadisələrinin ən ağrılı dövrü idi. Atam da istəməyin artıq dedi, bəlkə o kitab indi Kamala daha çox lazımdır. Kamal əmi əslən Şuşalı idi…
* * *
1996-da “Avrasiya” qəzetinin Baş redaktoru İrfan Sapmaz məni tanınmış türk qəzetçisi və yazarı İrfan Ülkü (1952-2008) ilə tanış etdi. İkimiz də “Avrasiya”ya köşə yazırdıq. İstanbulda yaşayır, milliyyətçilərin “Orta Doğu” qəzetində çalışırdı. Onu daha çox “KGB arşivlerinde Enver Paşa. Türklüğün Son Cephesi (Kamer Yayınları, 1996)” kitabından tanıyırdım.
O vaxt başlayan dostluğumuz 2008-ci ilə — İrfanın Bakıda səfərdə ikən qəfil vəfatına qədər sürdü. Yesenini çox sevir, özü də şeir yazırdı. Borxesə də heyrandı. Turançı idi, Daşkənd arxivində çalışarkən Basmaçı hərəkatına aşina olmuşdu. Ənvər Paşa marağım, Nuru Paşa sevgim, oxuduğum kitab və yazılar İrfan Ülkü ilə məni yaxınlaşdırdı.
* * *
41 illik qısa ömrünə nə hadisələr sığdırdı. Osmanlının sön dövrünün ən parlaq hərbçisi və dövlət xadimiydi. “İttihat ve Terakki Cemiyeti”nin qurucularından biri, 3-cü Ordu komandanı, Qafqaz İslam Ordusunun qurucusu Ənvər Paşa (1881-1922) Osmanlının Hərbiyyə Naziri olanda 33 yaşı vardı. Sultan Abdulmecidin nəvəsi Naciye Sultanla evlənərək Osmanlı Xanədanının kürəkəni olmuşdu. Bakını azad edən əfsanəvi Nuru Paşa onun kiçik qardaşı idi.
Xəyalpərəst və macərapərəstdi, başında Türküstan çöllərinin dəli yelləri əsirdi. İdealistdi amma iman etdiyi xəyalları ilə təqdir ediləcək güclü bir xarakterə sahibdi. Həyatı sərgüzəştlərlə dolu macəra filmlərinə bənzəyir. Ona “Şərqin sonuncu böyük savaşçısı” deyir, Napoleona bənzədirdilər. Almaniya heyranıydı, Hitler “Mein Kampf”da onun da adını çəkir. Almanlarla ittifaqa gedərək Osmanlını I Dünya Savaşının iştirakçısı etmişdi.
1914-cü il dekabrın sonunda Osmanlı ordusu çar Rusiyasının hərbi qüvvələri ilə üz-üzə gəldi. 86 min türk əsgəri bir güllə belə atmadan Sarıkamışda, Allahuekber dağlarının 30 dərəcəlik şaxtasında donaraq öldü. Türk hərb tarixinin ən böyük faciəsi idi. Sarıkamış məğlubiyyətini Ənvər Paşanın adına yazdılar. Modern tarix isə suçun hamısının Ənvərdə olmadığını deyir.
General Vorontsov və general Yudeniçin əlində 120 minlik Qafqaz Rus ordusu vardı. Lakin 15 minlik erməni könüllü birliklərinin yardımı olmasa ruslar heç nə edə bilməyəcəklərdi. Ermənilər Ənvər Paşanın qədərində yenə də qara taleh olacaqdılar…
Ənvər Paşayla Mustafa Kamalın da münasibətləri hamar deyildi. Kimi onun Atatürkü devirmə planlarından bəhs edir, kimi də bunları təkzib edir. İngilis yazar, Atatürkün bioqrafı Lord Kinross Mustafa Kamalın Ənvəri Balkan hərbinin qəhrəmanı, fəqət ifrat iddialı biri olaraq qələmə verdiyini yazır.
Sarıkamışdan sonra fatalist Ənvər Paşa həyatının sonuncu macərasına girişir. Artıq Türk Dünyasını birləşdirmək xəyalı ilə yanıb qovrulmaqdadır. 1920-nin sentyabrında keçirilən Şərq xalqlarının I qurultayında iştirak etmək üçün Bakıya gəlir. Burada dostu və silahdaşı Yusif Ziya (Abdulla Şaiqin qardaşı) ilə Orta Asiyadan olan nümayəndələrlə Türküstandakı vəziyyəti müzakirə edir. Bakıda ruslara qarşı inamı daha da sarsılır. Leninlə görüşü zamanı eşitdikləri ilə Bakıda öyrəndikləri onu yeni yola – Bolşevik və rus impreializminə qarşı mübarizəyə sövq edir. Rusların Bakıda uğursuz sui-qəsd təşəbbüsündən sonra Orta Asiyaya keçir.
Ənvər Paşa 1922-də Buxaraya gələrək topladığı Basmaçı dəstələri ilə Düşənbəni ələ keçirir. Oradan Horasana gedərək, Qızıl Orduya buralardan çıxmaq üçün ultimatum verir. Turan uğrunda şəhadət şərbətini içməyə tələsirdi. Düşənbənin 200 km-dəki Belcivan qəsəbəsi yaxınlığında Akop Melkonyanın komandiri olduğu bolşevik dəstəsi ilə savaşa girir. Bu amansız savaşda ordusu filan da yoxdu, yanında 25 nəfərlik Turan sevdalısı vardı sadəcə. Əllərindəki silah isə ancaq süvari qılıncları idi.
Və 4 avqust 1922, Qurban Bayramı günü Ənvər Paşa 41 yaşında minomyot atəşi ilə şəhid edilir. Onu Çeyen kəndində dəfn edirlər. Bir tacik ailəsi 75 ilə yaxın Ənvər Paşanın məzarını qoruyur, məzara qulluq edir.
* * *
O vaxtkı prezident Süleyman Dəmirəl Tacikistan səfəri zamanı (sentyabr 1995) Ənvər Paşanın nəşinin Vətəninə gətirilməsi məsələsini qaldırdı. Taciklər etiraz etmədilər. Ənvər Paşanın Türk bayrağına sarılmış nəşi İstanbula gətirildi…
4 avqust 1996-cı il. İrfan Ülkü ilə Şişli Camisinin önündən 100 minə yaxın insan selilə Abide- yi Hürriyet Təpəsindəki məzarlığa doğru yeriyirik. Katafalkın arxasınca prezident Süleyman Dəmirəl (nur içində yatsın), nazirlər və Ənvər Paşanın ailə üzvləri gedirlər. İrfan Abiyə tərəf dönüb,
— “Öldükdən sonra 2-ci dəfə dəfn edilənlər” adlı məqalə yazacam,
— Niyə cəm halda deyirsən?
— Çünki Talat Paşanın yanına dəfn olunacaq bir azdan.
İrfan Ülkünün gözləri nəmləndi…
‘’İttihat ve Terakki’’ Cəmiyyətinin qurucularından olan Daxiliyyə naziri Talat Paşa (1874-1921) Osmanlının son dönəmindəki ən önəmli dövlət adamlarından biri idi. Talat Paşa erməni tehcirində (sürgünündə) həlledici rol oynamış, Tehcir Qanununu (1915) imzalamışdı. Ermənilərin hələ də adları gələndə qan qusduqları iki isim var – Talat və Ənvər. Uydurma soyqırımın baş memarları kimi ikisini görürlər.
Talat Paşa 1921-ci ildə Berlində erməni terrorist Soğomon Teyleryan tərəfindən xaincəsinə arxadan atılan atəşlə öldürülmüşdü. Oradakı Türk məzarlığına dəfn etmiş, ölümündən 22 il sonra- 1943-də nəşi İstanbula gətirilərək Abide– yi Hürriyet məzarlığında torpağa verilmişdi…
* * *
Ənvər Paşanı ikinci dəfə torpağa tapşırdılar, çox fərqli hisslər, təsviredilməz duyğular yaşadıq. Məzarlığa gələn hər kəs yaxınlaşıb Ənvər Paşanın qohumlarının əlini sıxır, nəsə deyirdilər. İkinci dəfə dəfn olunan insanın yaxınına nə deyiləcəyini bilmirdim. İrfana sordum, o da çiynini çəkdi. Mən də yaxınlaşıb tanımadığım bir ailə üzvünə sarılaraq “Nur içində yatsın Nuru Paşa” dedim. Həyəcandan dilim sürüşmüş, Ənvər Paşanın yerinə qardaşının adını tələffüz etmişdim. Qohumları başını qaldırıb mənə baxdılar, üzlərindəki kədəri incə bir təbəssüm əvəzləmişdi. Mənim doğulduğum şəhərin xilaskarı Nuru Paşanın ruhu da şad oldu yəqin.
* * *
3-4 ay sonra AzTV-nin Türkiyə Təmsilçisi kimi bir alman jurnalının Ankaradakı bürosunun açılışına dəvət olunmuşdum. Alman həmkarım məni ortaboylu, 40-45 yaşlarında gülərüz bir adamla tanış elədi, əlimi sıxıb: “Osman… dedi”, soyadını anlamadım əvvəlcə. Azərbaycanlı olduğumu görüb yanımdan heç ayrılmadı. Axşamın irəliləyən saatlarında dəvətliləri alman pivəsi və şnapsına qonaq elədilər. “Şnaps içiləsi şey deyil, mən qırmızı “Stolichnaya”dan başqa içki tanımıram” dedi və ertəsi gün axşam məni evlərinə dəvət etdi. Gec saatlarda ayrıldıq, açıq mavi rəngli sport “Rover”inə minib getdi.
Ertəsi gün gedəcəyim evin adresini öyrənmək üçün vizit kartına baxdım – “Osman Mayatepek”. “Bu nə soyadıdır belə” dedim içimdə. Adresə baxanda Osman Bəyin mənim evə bitişik binada yaşadığını gördüm. Aeroflotun Ankaradakı nümayəndəsindən tapdığım “qırmızı etiketlini”də götürüb yan binaya keçdim. Qapını 30-35 yaşlarında gözəl bir qadın açdı, Osman Bəyin xanımı idi. Koridorun sonunda Ənvər Paşanın 2 metr yüksəkliyində portreti asılmışdı. Gözümü ondan ayıra bilmirdim. Arxamdan sakit bir səs – “Dedemdir benim” dedi…
1950-ci ildə İsveçrədə doğulub. Atası Hüveyda Mayatepek diplomatdı, ona görə də Osmanın uşaqlığı xariclərdə keçib. Ata babası isə Türkiyənin Meksikadakı ilk səfiri Tahsin Beydi. Soyadı qanunu çıxanda Atatürk Meksikadakı Maya qəbilələrindən ilhamlanaraq ailəyə “Mayatepek” soyadını verib. Atatürk qədim Maya mədəniyyəti ilə maraqlanır, mayalarla qədim türklər arasında bir qanbağı olduğunu araşdırirdı.
Osman Mayatepek Amerikadakı Corctaun (Georgetown) universitetini Xarici əlaqələr ixtisası üzrə bitirib, atası və babası kimi diplomat oldu. Sonralar xaricciyyədən istefa edərək iş həyatına atıldı, uzun müddət “Smith & Wesson” tapançalarının Türkiyə nümayəndəsiydi. Tanışlığımızdan bir müddət sonra isə Perunun fəxri konsulu oldu…
Gedib mətbəxdən İran kürüsü və 2 buzlanmış qədəh gətirdi. Və məni yan otağa apardı. Muzey idi elə bil, divarlar Ənvər Paşanın portretləri, karandaşla çəkdiyi tablolar (Ənvər Paşa həm də gözəl rəssam idi), dəli kimi sevdiyi Naciye Sultana (Onların sevgisini ancaq Leyla və Məcnunla müqayisə edirlər) Almaniya, Rusiya, Türküstandan yazdığı məktublar və çox sayda silahlarla dolu idi.
İlk görüşümüzdə gecə gec saatlara qədər söhbət etdik. Atasından, anası- Ənvər Paşanın qızı Türkan xanımdan, gənc yaşda dünyasını dəyişmiş dayısı Alidən, Nuru Paşadan, Sarıkamış faciəsindən və ən çox da Ənvər Paşaya qarşı bəzi dırnaqarası intellektualların apardığı qaralama kampaniyasından danışdıq. Babası ilə qürur duyduğunu söyləyirdi:”Ənvər Paşa Çanaqqala savaşında da Baş Komandan idi, amma bu gün ancaq Sarıkamışdan danışırlar”. Bu onu çox incidirdi.
Osman Mayatepekdən bir-neçə gün sonra AzTV üçün geniş müsahibə götürdüm. 1990-ların sonu idi, mətbuatımızın çiçəklənən illəriydi. Bakıya Ənvər Paşa haqda 14 dəqiqəlik sənədli film çəkdiyimi dedim. Dedilər ki, filmin efirə getməsi məsləhət deyil. Filmi kəsik-kəsik edib “Xəbərlər” üçün 4 reportaj hazırladım. Həvəsimi qırdılar, amma yenə də 4 gün Ənvər Paşanı bizim televiziyaya çıxarda bilmişdim.
O reportajları köçürüb Osman Bəyə verdim. Sonralar bir türk kanalı Ənvər Paşa haqqında film çəkərkən mənim materiallarımdan istifadə etdi…
Ankaranın məşhur “Botanik Parkı” evimizin düz yanındaydı, axşamlar ara-sıra Osman Bəylə o parkda gəzişir, qalxıb “Atakule”də oturub uzun-uzun söhbətləşirdik. Məndən Bakıda Nuru Paşanın heykəlinin olmamasını sordu bir dəfə. Utandığımdan dedim ki, nəinki Nuru Paşaya, Ənvər Paşaya da heykəl qoyacağıq. Gülümsəyərək, “Babama olmasın, amma Bakını xilas edən Nuru Paşanın heykəli şəhərə önəmli bir tarixi anlam verər” demişdi.
Tarixi bir anlammı?… Səsimi də çıxardammadım…
Bakıda iki kəsişən küçə xəyal edirəm — birinin adı Ənvər Paşa, o birininki Nuru Paşadır. Onların kəsişdiyi yerdə Leninin, Kirovun, Şaumyanın, Caparidzenin, Əzizbəyovun heykəlləri böyüklüyündə bir Nuru Paşa heykəli ucalır. Vallah, Şaumyanınkından böyük filan da olmasın, kimsənin xətrinə dəyməyək, qoy elə o boyda olsun. Bakıya çox yaraşar o heykəl, adı yetər, düşmənin gözünü çıxardar, dostunsa köksünü qabardar…
Və o heykəl Bakımıza tarixi bir anlam verər. Məncə, təkcə tarixi deyil…
P.S. Bu məqaləni bitirmişdim ki, xalam qızının gedib “Müsəlman Renessansı” kitabını Ənvərgildən alıb qardaşıma — atamın kitabxanasının varisinə verdiyi xəbərini aldım. 40 il sonra kitab sahiblərinə geri qayıtdı…
İbrahim Nebioğlu
TEREF