BHAQAVAD GİTA və ROBERT OPPENHEİMER

8-08-2024, 09:18           
BHAQAVAD GİTA və ROBERT OPPENHEİMER
Amerikan Hərbi Hava Qüvvələri 1945-ci ilin 6 avqust günü Hirosimaya, 9-da isə Naqasakiyə Bəşəriyyət tarixində ilk dəfə atom bombası atmışdı. Hər il avqust ayı gələndə tv kanalları və qəzetlər Dünya tarixinin axarını dəyişən bu dəhşətli hadisəni təkrar-təkrar yada salırlar. İnsanlıq üzərində işlənmiş bu ən ağır cinayəti çox ağrılı keçirirəm…
9-cu sinifdə oxuyanda nüvə fizikasının, atom bombasının tarixi haqda çox sayda kitabı oxuyub bitirmişdim. Atam evimizdəki kitabxanasından yeni-yeni kitablar çıxarır, mən də ağına-bozuna baxmadan verilənləri dəyirman kimi üyüdürdüm. Yaddaşıma elə kiçik detallar həkk olunub ki, illər keçsə də hələ də hafizəmdədir. B-29 bombardmançısına niyə "Enola Gay" adının verildiyini (təyyarənin komandiri, polkovnik Pol Tibbetsin anasının adı), "Little Boy" bombasının şəhərə atıldığında pilotların təyyarədən necə qorxu ilə geri baxdıqlarını yada salanda uşaqkən necə səksəndiyimi və Hirosima ilə Naqasaki dəhşətinin mənə necə mənəvi travma yaşatdığını xatırlayıram.
Bu sabah isə hardansa hafizəmin paslanmış bölümlərindən yadıma Bhaqavad Gita düşdü…
Bhaqavad Gita (hind. Tanrının mahnısı) sanskritdə yazılmış qədim hind eposudur. Hind fəlsəfəsinin əsas mətnlərindən biridir. Eramızdan 4 min il əvvəl yazılmış bu müqəddəs mətnlər insanlıq tarixinin incilərindən sayılır…
Robert Oppenheimer (1904 - 1967) - dahi amerikan nəzəriyyəçi fizikidir. Nüvə silahı üzərində çalışan məşhur və sirli Manhetten Layihəsinin elmi rəhbəri idi. Məhz elə buna görə də Oppenheimeri "Atom bombasının atası" adlandırırlar. Xirosima və Naqasaki apokolipsisindən bir ay əvvəl atom bombası Nyu Meksiko ştatındakı səhrada sınaqdan keçirildi. Yeraltı müşahidə nöqtəsindən bombanın yaratdığı vahiməli duman püskürməsini görəndə Oppenheimerin ağlına Bhaqavad Gita eposundan bu sözlər gəlir:
"Əgər minlərlə Günəşin şöləsi göy üzünə tutuşsa bunu Qüdrətli Yaradanın işıltısana bənzətmək olar…Mən - Ölüməm, Böyük Dünyaları dağıdan Ölüm".
Məktəbli ikən bu cümlələri oxuyanda qorxmuşdum. Bu gün Oppenheimerin Nyu Meksiko sınağı haqda dediklərini tapıb bir də oxudum:
"Biz Dünyanın artıq əvvəlki kimi olmayacağını bilirdik. Bəzilərimiz gülür, bəzilərimiz ağlayırdıq. Çoxluq isə susurdu. O an induizmin müqəddəs Bhaqavad Gita kitabındakı Vişnanın Şahzadəni inandırmağa çalışdığı səhnəni xatırladım. Vişna əllərinin sayını artırıb o məşhur duruşuna keçir və "Mən - Ölüməm, Böyük Dünyaları dağıdan Ölüm" deyir".
Aradan illər keçsə də Bəşər övladı hələ də qana susamış vəziyyətdir. Və tökülən qan izini kəsən o dahi Qurtarıcının yolunu gözləməkdən Dünyanın gözü saralıb…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.