QANİÇƏN SİSTEMİN QANKÖÇÜRƏNİ

8-08-2024, 10:19           
QANİÇƏN SİSTEMİN QANKÖÇÜRƏNİ
Orta məktəbin son sinfində oxuyurdum.
Məhlə uşaqlarından əlimə Marsa səyahət haqda əsər olduğu deyilən bir kitab keçdi.
Mars söhbəti olmasaydı adı “Красная Звезда” (Qırmızı Ulduz) olan bir əsəri oxumaq bir yana, əlimə belə almazdım.
Halbuki müəllif “Qırmızı Planet”i nəzərdə tuturdu. Bəlkə də mənsubu olduğu siyasi hərəkatdan dolayı “planet” yerinə “ulduz” yazmışdı.
Qəbul imtahanlarına hazırlaşırdım, valideynlərimdən gizli oxuyub bitirdim…
Əsərin müəllifi Aleksandr Boqdanov (1873-1928) adlı bir rus bolşevikdir.
Filosof adlandırsalar da o, peşəkar inqilabçı, bolşevizmin baş ideoloqlarından biri olmuşdu. İllər sonra onu həkim, yazıçı kimi də təqdim etməyə başladılar – leninçi-stalinçi təbliğat maşını belə fəndləri istifadə etməkdə mahir idi.
Boqdanov 1908-ci ildə yazdığı "Qırmızı Ulduz" adlı bu fantastik roman-utopiyasında Marsdakı sivilizasiyasının insan ömrünü iki dəfədən çox uzatmağın yollarından da bəhs edir. İdeya belədir ki, yaşlılara gənclərin qanını, gənclərə isə yaşlılarınkını köçürürlər.
Maraqlıdır ki, ədəbi əsərlə ortaya atılan ideya real həyatda da tətbiq edilməyə başlayır. Leninin ölümü ilə iqtidarı ələ alan Stalin öz sağlamlığı və cavan qalmaq haqda düşünməyə başlayır. 1927-ci ildə onun imzaladığı qərarla SSRİ-də ilk Qanköçürmə üzrə Elmi-Tədqiqat İnstitutu yaradılır. Botanik olmasıma baxmayaraq Moskva universitetində Siyasi-iqtisad professoru olan Aleksandr Boqdanov institutun ilk direktoru təyin olunur.
Sovet tarixi yazır ki, Boqdanov müxtəlif patologiyalar üçün qanköçürmə üsullarını öyrənərək effektiv vasitələr hazırlayır. Onun nəzəriyyəsi Stalin tərəfindən şəxsən dəstəklənir. Marksizm tarixinin tanınmış siması, akademik M.Pokrovski Boqdanovu “Bolşevik hakimiyyətinin Baş vəziri” adlandırmışdı.
Sarsaq sistem peşəkar inqilabçını, yarımçıq botanik və yarımçıq siyasi-iqtisadçını gətirib Səhiyyə sistemində önəmli bir yerə qoymuşdu. İşə baxın ki, Boqdanovun rəhbərliyi altında instututda bəzi uğurlu transfüzyonlar da həyata keçirilir. O, “möcüzəvi” cavanlaşma ideyasına o qədər inanırdı ki, özünə 11(!) dəfə qan köçürür.
Əvvəlcə effektlər qənaətbəxş idi, lakin 12-ci transfuziya onun üçün ölümcül oldu. Onu xilas edə bilmədilər…
Bəzi rus tənqidçilər Boqdanovun “Qırmızı Ulduz” utopiyasının sovet fantastikası janrına təsir etdiyini yazırlar. Ancaq bir nəfər də olsun qalxıb demir ki, təsir edib nə olub. Qaniçən sistemin qanköçürəninin yazdığı əsər nə olacaq ki…
Əsərin qəhrəmanı Leonid marslılarla Marsa gedir. Lenni, marslılar onu belə çağırır, Marsa çatan kimi “Qırmızı planet”in sosial quruluşu ilə maraqlanır. Və məlum olur ki, Marsda kommunizm quruluşudur.
Nə gözəl quruluşdur bu kommuniz…nə gözəl insanlardır bu kommunistlər. Bərabərlik, həmrəylik ideyaları qanlarına elə işləyib ki, yaşlılarla gənclərə eyni göstəricilərə malik bioloji varlıq kimi baxırlar.
17 yaşındaydım, amma bu ədəbiyyatın nə ədəbiyyat, fantastikalarının nə cəfəngiyyat olduğunu anlayırdım…Nifrət edirdim bu ideologiyaya, nifrət ediridim sosialist realizmlərinə…
Bu gün qarşıma bir yazı çıxdı.
Boqdanovu görkəmli filosof kimi təqdim edirdilər.
Cin atına minməmək üçün bu mətni yazdım.
Yazdım ki, əlinizə düşən hər kitabı oxumayın.
Kitab oxumaq nə qədər vacibdirsə, doğru kitabı seçmək ondan da vacibdir…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.