GÜMÜŞXAL
9-08-2024, 00:12
( ERNEST TOMPSON SETON )
Sizlərdən hansınızınsa vəhşi bir heyvanla yaxından tanışlığı olubmu? Heyvanlarla təsadüfi görüşlərinizi və yaxud qəfəsdə yaşayan canlıları nəzərdə tutmuram. Mən azad şəraitdə yaşayan hər hansı bir vəhşi heyvanı uzun müddət tanımağınızı nəzərdə tuturam. Adətən, bir heyvanı onun həmcinslərindən fərqləndirmək yaman çətin olur. Hər bir tülkü, hər qarğa başqa tülkü və qarğalara o qədər bənzəyir ki, sən hər dəfə elə eyni heyvanı gördüyünü düşünürsən. Amma elə də olur ki, hər hansı bir heyvan özünün gücüylə, ağlıyla öz həm cinslərindən yüksəkdə durur. Böyük başçıya çevrilir. Biz ona dahi də deyə bilərdik. Əgər bu heyvan digər lərindən iridirsə, əgər insanlar onu hansısa əlamətlərinə əsasən tanıya bilirsə, o, tezliklə öz ölkəsində məşhurlaşır.
Belə görkəmli heyvanlar sırasına aşağıdakılar daxil olub: Kurtland - XIV əsrin əvvəllərində, təxminən, on il ərzində bütün Paris şəhərini dəhşətə gətirən canavar; Kluborut Sakramento çayının yuxarı axarında cəmi iki ildə bütün donuzçuları müflis edən, fermerlərin tən yarısını işini buraxaraq o yerlərdən getməyə vadar etmiş heyvan; Lobo - Yeni Meksikada beş il boyu hər gün bir inək öldürən canavar və nəhayət, iki ildən də az vaxt ərzində üç yüz insan həyatına son qoymuş Sene adlı panter. Gümüşxal da həmin məşhurlardan idi və mən indi onun tarixçəsini sizə qısaca danışmaq istəyirəm.
Gümüşxal qoca, müdrik bir qarğa olub. Öz adını sifətinin sağ tərəfində, gözüylə dimdiyi arasındakı, xırda pul boyda gümüşü-bəyaz ləkəyə görə almışdı. Bu ləkə onu başqa qarğalardan seçməyimə, həyatının ayrı-ayrı dövrlərini bir sapa düzməyimə kömək oldu.
Yəqin, bilirsiniz ki, qarğalar ən ağıllı quşlardır. Qoca qarğa kimi müdrik ifadəsi əbəs yerə deyilmir ki. Qarğalar nizam-intizamın nə qədər vacib olduğunu yaxşı bilirlər və bir əsgər kimi intizamlı olurlar. Önların dəstəsinin başında yalnız ən yaşlı, ən ağıllıları deyil, həm də ən güclü və ən cəsurları durur, çünki dəstə başçısı istənilən dəqiqə hər hansı bir özündənrazı qiyamçı ilə haqq-hesab çəkməyi də bacarmalıdır. Haqqında danışdığım Gümüşxal özünə yaşayış yeri kimi Toronto yaxınlığında çoxlu şam ağacı ilə örtülmüş Kestl Frank təpəliyini seçmiş böyük qarğa sürüsünün başçısıydı. Onun sürüsündə iki yüzə yaxın quş vardı. Qış sərt keçməyəndə qarğalar Niaqara sahillərində qalırdılar, şaxtalı qışlarda isə daha cənuba köç edirdilər. Lakin hər il fevralın son həftəsi qoca Gümüşxal özünün bütün dəstəsini toplayıb quşları Torontonu Niaqaradan ayıran qırx millik su hövzəsinin üzərindən cəsarətlə keçirirdi. Amma heç vaxt düz xətt boyunca uçmur, bir qədər qərb tərəfə meyillənərək şamağacıyla örtülmüş təpəni görənədək özü üçün nişanə kimi seçdiyi Dendas dağını gözdən qaçırmırdı.
Hər il öz sürüsüylə bu təpəyə gəlib altı həftəyə yaxın bir müddəti orada yaşayırdı. Hər il səhər qarğalar üç dəstəyə bölünür, yem dalınca çıxırdılar. Dəstələrdən biri cənuba -Atbric buxtasına, digəri şimala - Don çayı səmtinə, üçüncüsü, ən böyüyü şimal-qərbə uçurdu. Üçüncü dəstəyə Gümüşxalın özü başçılıq edirdi. Digər dəstələrin başında kim dururdu, bundan xəbərim yoxdur.
Əgər səhər açılanda hava sakit olurdusa, qarğalar lap göyə millənir, tez də uçub gedirdilər. Küləkli havalarda isə quşlar küləkdən dərədə qorunaraq alçaqdan uçurdular. Mənim pəncərələrim də elə həmin dərəyə açılırdı. Qoca dəstəbaşını ilk dəfə1885-ci ildə gördüm. Bu yerlərə yaxınlarda gəlmişdim və burada çoxdan yaşayan birisi dəstəni göstərərək belə dedi:
- Bax, o qoca qarğa bu dərənin üstüylə iyirmi ildən çoxdur uçur.
Gümüşxal həmişə inad göstərib köhnə yoluyla uçurdu, baxmayaraq ki dərədə artıq məskunlaşanlar vardı, evlər tikilmişdi və mən də tezliklə onu yaxşı tanıyaraq başqa quşların arasından seçməyə başladım. Mart ayında və aprelin birinci yarısında hər gün, sonra isə yayın axırı və payızın əvvəlində hər gün iki dəfə mənim yanımdan ötürdü.
Onun bütün hərəkətlərinə göz qoyur və dəstəsinə necə əmrlər verdiyini eşidirdim. Yavaş-yavaş anladım ki, qarğalar çox ağıllıdırlar, özlərinin dili və insanlarınkına çox bənzəyən ictimai quruluşları var.
Bir dəfə dərənin üstündən keçən hündür körpüdə durmuşdum. Küləkli bir gün idi, birdən gördüm ki, qoca qarğa sərgərdan dəstəsinin başında evə dönür. Hələ yarım millik məsafədən onun razılıq dolu, mənası "Hər şey yaxşıdır, yolunuza davam edin!" olan qarıltısını eşidə bildim.
Gümüşxal "qar, qar!" edərək qarıldayır, onun köməkçisi isə dəstənin lap axırından başçının komandasını təkrarlayırdı. Onlar alçaqdan uçurdular, çünki yuxarılarda bərk külək vardı. Lakin üzərində durduğum körpü quşları daha yüksəklərə qalxmağa məcbur etdi. Gümüşxal məni gördü və onlara diqqətlə baxmağım heç xoşuna gəlmədi. Uçuşunu ləngidib qışqırdı: "Qar!", yəni "Ehtiyatlı olun!" və elə həmin an da yuxarı milləndi.
Lakin mənim silahlı olmadığımı görəndə aşağı enərək lap başımın üstündən keçdi və qalan quşlar da eyni trayektoriya ilə uçdular. Körpünün üstündən keçən kimi dəstə əvvəlki hündürlüyə endi.
Ertəsi gün həmin yerə gəlib yenə körpünün üstündə dayandım. Qarğalar yaxınlaşanda əlimdəki ağacı qaldırıb özümü elə göstərdim ki, guya, quşları nişan alıram. Qoca dəstə başçısı elə o dəqiqə öz çığır tısıyla hamını xəbərdar etdi. Elə bil, deyirdi: "Özünüizü gözləyin - tüfəng!"
Köməkçisi bu çığırtını təkrar etdi və dəstədəki hər bir quş yüksəyə qalxıb güllə mənzilindən uzaqlaşdı. Təhlükəli yeri keçəndən sonra onlar yenə özlərini təhlükəsizlikdə hiss etdikləri vadiyə sığındılar.
Başqa bir dəfə vadi üzərindən ötərkən onların yolunun üstündə olan ağaca bir qızılquyruq qırğı qondu.
Qoca qarğa elə həmin an çığırdı: "Qırğı! Qırğı!" - və uçuşunun sürətini azaltdı. Qalan qarğalar da ona çatanda eyni şeyi etdilər. Bütün dəstə sıxlaşdı. Qarğalar sıx uçanda qırğı təhlükəli olmurdu. Lakin dörddəbir mil sonra quşlar əlitüfəngli adam gördülər və elə həmin an məxsusi, ciddi təhlükədən xəbərdar edən qarıltı səsləndi. Sanki, başçı öz dəstəsinə belə deyirdi: "Ehtiyatlı olun!" Tüfəng! "Müxtəlif səmtlərə dağılın!" Bu çığırtı kəskin idi, bir neçə dəfə təkrarlandı: "qa, qa, qa, qa, qarr!"
Və qarğalar o dəqiqə yuxarı, yanlara seyrələrək çağırışa tabe oldular və bu minvalla güllə məsafəsindən uzaqlaşdılar.
Bu dəstə ilə uzun müddət tanışlıqdan sonra qoca başçının siqnallarından çoxunu öyrənmişdim, onları fərqləndirə bilirdim. Əmin oldum ki, zahirən bir-birin dən az fərqlənən səslər, əslində, tamam başqa mənaları ehtiva edir; məsələn, bəlli vəziyyətdə qarıltı qırğının, ya da hər hansı başqa təhlükəli heyvanın göründüyünə dəlalət edirsə, başqa halda "Döndər!" mənasında olur. Görünür, burada iki siqnal qarışır: biri - təhlükə bildirən, ikincisi - geri çəkilməyə işarə edən. Sadə qarıltı: qar, qar isə "Salam" mənası daşıyır və yanından ötən yoldaşa ünvanlanır. Daha bir qarıltı var və bu komanda, adətən, bütün dəstəyə verilir, onun mənası isə "Diqqət!"dir.
Aprelin günlərində qarğalar arasında yaman çaxnaşma başlandı. Qarğalar səhər açılandan axşamadək yem dalısınca uçmaq əvəzinə, günün yarısını şamağacıların arasında keçirirdilər. İkibir-üçbir bir birini qovur, hərdən isə, elə bil, uçuşda yarışırdılar. Onların sevimli əyləncəsi yüksəklikdən qoparaq budaq da əyləşən başqa bir qarğanın üstünə şığımaq, lap çatanda isə son anda, aralarında tük qədər məsafə qalanda yolunu dəyişərək qəflətən sürətlə göyə millən mək idi. Qalxanda elə bərk qanad çalırdılar ki, səsi uzaqdan eşidilən şimşəyin sədasını andırırdı. Bəzən görürdün ki, qarğalardan biri lələklərini qabardıb başını yana əyir və başqa qarğaya lap yaxın uçaraq sürəkli bir qarıltı çıxarır: Qr-r-r-ay!
Bütün bunların mənası nə idi? Tezliklə məsələnin nə yerdə olduğunu öyrəndim. Bu, erkək quşların dişilərə qulluq göstərdiyi mövsüm olurdu. Erkək qarğalar qanadlarının, səslərinin gücünü nümayiş etdirirdilər. Və görünür ki, nümayiş etdirdikləri istedadları layiqincə qiymətləndirilirdi, çünki aprelin ortasında qarğalar cüt-cüt bölüşərək müxtəlif səmtlərə uçub getdilər ki, bal aylarını sakitlikdə keçirələr.
Kestl Frankın tündrəngli, qoca şamağacıları boşaldı.
Şəkər dağı adlı təpə Don çayının vadisində tənha ucalır. Onun üzəri Kestl Frankın meşələrinə qovuşan meşəliklə örtülüb. Bu iki meşə arasındakı sahədə təpəsində tərk edilmiş qırğı yuvası olan bir şamağacı var. Torontodakı hər məktəbli bu yuvaya yaxşı bələddir, amma kimsə onun yaxınlığında həyat nişanəsi görmə yib; bircə mən bir dəfə orada qara dələ vurmuşam. Bu köhnə, yarıuçuq yuva illər uzunu orada idi. Amma hər halda, hələ sona kimi dağılmamışdı.
Bir may səhəri dan yeri söküləndə evdən çıxaraq meşənin içiylə sakitcə getməyə başladım. Yerə tökülərək örtüyə çevrilən sarı yarpaqlar elə islanmışdı ki, bircə xışıltı belə eşidilmirdi. İş elə gətirdi ki, mən düz köhnə yuvanın altından keçəsi oldum və yuvadan qara quş quyruğunun çıxdığını görəndə yaman təəccüb qaldım. Ağacın gövdəsinə bir zərbə endirdim, yuvadan bir qarğa uçdu. Sirr açılmışdı. Mən çoxdan şübhələnirdim ki, hər il bu şamağacılarda hansısa qarğa cütlüyü öz yuvasını qurur, amma indi gördüm ki, bu, Gümüşxal ilə rəfiqəsi imiş. Onlar bu köhnə yuvaya yiyələnmişdilər, lakin o qədər uzaqgörən idilər ki, onu hər bahar yeniləmir, məskun görkəm vermirdilər. Bu yuvada tam təhlükəsizlik içində yaşayırdılar, baxmayaraq ki onun altından hər gün əlitüfəngli, qarğa vurmaq həsrətiylə alışıb-yanan kişilər, oğlanlar keçirdi. Amma qoca qarğanı orada bir də görmək heç mənə də nəsib olmadı, hərçənd ki yuvanı hətta durbinlə belə süzürdüm.
Bir dəfə, adətim üzrə, müşahidələrimlə məşğul olanda Don çayı vadisi üzərindən uçan qarğa gördüm. Dimdiyində nəsə ağ bir şey tutaraq çaya tərəf uçurdu. Çayın kənarında həmin ağ şeyi dimdiyindən buraxdı. Bir qədər də diqqətlə baxanda köhnə dostumu Gümüşxalı tanıdım. Bir dəqiqədən sonra o, buraxdığı ağ şeyi təzədən götürdü - bu, balıqqulağı idi - və yoluna davam etdi. Çayın üstündən keçərək bataqlıq otlarının arasında torpağı eşib bir yığın balıqqulağı, ağ, parıl dayan daşlar çıxardı. Onları günün altına düzür, çevirir, növbəylə dimdiyinə alıb qaldırır, təzədən yerə qoyur, quş yumurtasıymış kimi üstünə oturur, xəsis tacir sərvətinə baxan kimi acgözlüklə baxır, əylənirdi. Bu, onun şakəri idi. Təbii ki, niyə belə etdiyini, bu qəribə əşyalardan niyə xoşu gəldiyini izah edə bilməzdi, necə ki hər məktəbli nədən poçt markaları topladığının, nədən bir qız yaqutdan çox mirvarini sevdiyinin səbəbini izah edə bilməz. Amma hər halda, bununla məşğul olarkən aldığı zövq ən səmimi bir hiss idi. Yarım saata yaxın oynayandan sonra o, öz sərvətinin üstünü yenidən tor paqla, yarpaqlarla basdıraraq uçub getdi.
Mən elə həmin dəqiqə o yerə yollandım, qarğanın anbarına baxdım. Orada bir qalaq ağ daş, balıqqulağı, tənəkə qırıqları vardı. Aralarında bir çini çaydan qulpu da görünürdü. Yəqin, bütün kolleksiyasının ən qiymətli nümunəsi də məhz o idi. Amma bu sərvəti bir də seyr etmək mənə nəsib olmadı. Gümüşxal mənim onları tapdığımdan haradansa xəbər tutdu və anbarının yerini dəyişdi. Təzə anbarının harada olduğunu isə bir daha öyrənə bilmədim.
Gümüşxal çox macəra görmüşdü, təhlükədən dəfələrlə qurtula bilmişdi. Bir dəfə bir qırğının onun dalınca necə düşdüyünü görmüşəm. Dalınca düşüb onu ovlamaq istəyən yırtıcı quşlardan tez-tez qaçası olurdu. Xüsusilə də meşəxoruzu lap zəhləsini tökürdü. Əlbəttə, bu xoruzlardan ona nəsə bir ziyan dəydiyini söyləmək olmazdı, amma bu quşlar o qədər səs-küylü idilər ki, onlardan tez uzaqlaşmağa çalışırdı. Yaşlı adamlar da səs-küylü, zəhlətökən oğlanlardan beləcə qaçırlar.
Onun özünün də bəzi qəddar adətləri vardı; məsələn, hər səhər balaca quşların yuvalarını axtarmağa yollanır və tapdığı yumurtaların hamısını yeyirdi. Qarğa bunu xəstəni bəlli vaxtlarda müayinəyə gələn həkim dəqiqliyi ilə edirdi. Amma bu şakərinə görə onu qınaya bilmərik: axı özümüz də hinə girib eyni işi görür, öz toyuqlarımızla eləcə davranırıq.
Onun fərasəti məni tez-tez mat qoyurdu. Bir dəfə onun dimdiyində bir tikə çörək yarğan boyu uçduğunu gördüm. Həmin vaxt aşağıda, düz onun altında fəhlələr kərpicdən boru tikirdilər. Çayın iki yüz yardlıq bir his səsi artıq tamam bağlanmışdı. Gümüşxal çayın açıq hissəsi üzərindən uçarkən qəflətən çörəyi dimdiyindən yerə saldı. Çörək axara düşüb çayaşağı getdi və tuneldə gözdən itdi. Gümüşxal aşağı endi. Əvvəlcə diqqətlə tunelin zülmətinə baxdı, sonra isə, elə bil, qəflətən ağlına xoşbəxt bir fikir gəldi. O, üzüaşağı, axar boyu tunelin o biri başına uçdu, orada durub suyun çörəyi çıxarmasını gözlədi.
Gümüşxal, həqiqətən, bəxtəvər qarğa idi; bəxti daim ona yar olurdu. Özü elə bir yerdə yaşayırdı ki, təhlükəylə dolu olsa belə, yem sarıdan heç kasadlıq yox idi. O hər il öz rəfiqəsiylə köhnə, yarıuçuq yuvada məskunlaşırdı və bu yuvanı heç mən belə əməlli-başlı müşahidə edə bilmirdim və qarğalar öz balalarını məhz orada sağ-salamat çıxarır, böyüdürdülər. Qarğa lar yenidən dəstələrdə birləşəndə isə o, yenə quşların hamısı tərəfindən qəbul edilən başçı olurdu. Dəstənin toplanışı, adətən, iyun ayının axırlarında olurdu. Valideynlər özləriylə qısaquyruq, yumşaqqanad və cır-cır səsli, lakin boy etibarilə artıq böyüklərə çatmış balalarını qoca şammeşəsinə, dəstənin toplandığı yerə gətirirdilər. Qarğalar üçün həm məktəb, həm də bir qala olan bu qoca meşədə cavanlar ilk dəfə cəmiyyətə daxil olurdular. Burada onlar tam təhlü kəsiz şəraitdə idilər, çünki hündür budaqlarda etibarlı qorunan sığınacaqlar da burada idi və onların təhsili məhz burada başlanırdı. Cavanlar hər qarğanın bilməli olduğu sirlərə burada yiyələnirdilər.
Əvvəlcə gənc qarğalar bir-biriylə tanış olurdu, çünki qarğa cəmiyyətinin qanunlarına görə, dəstədəki hər qarğa onun bütün üzvlərini mütləq tanımalıdır. İndi valideynlər balalarını yedirtməkdən, tərbiyələn dirməkdən dincələ bilərdilər, çünki körpələri artıq böyümüşdü, özlərinə yem tapa bilərdi.
Təxminən, həftədən sonra tük tökümü başlayırdı. Belə günlər qoca qarğalar, adətən, çox əsəbi, qəzəbli olurdular. Onlar gəncləri öyrətməkdə davam edirdilər; cavanların isə tükü tökülən müəllimlərdən heç xoşları gəlmirdi. Qoca Gümüşxal çalışqan müəllim idi. Bəzən, sanki, tələbələri qarşısında nitq söyləyirdi. Onun nə dediyini, təbii ki, mən tapa bilməzdim, amma nitqinə dinləyicilərin münasibətindən nəticə çıxarsam, deyə bilərəm ki, onun çıxışları hazırcavablığı ilə fərqlənirdi.
Cavan qarğalar hamısı bir yerdə yox, lap insanların məktəbi kimi, sinif-sinif bölünərək dərs keçirdilər: bir qədər böyük qarğa balaları bir sinifdə, onlardan cavanları digərində toplanırdı. Sentyabr ayı üçün səs-küylü, sarsaq qarğa balalarının başına artıq ağıl qoymaq mümkün olurdu. Gözlərinin körpələrə xas olan incə mavi rəngi yetkin qarğaların tünd-qəhvəyi rəngiylə əvəz olunurdu. Onlar artıq cücə deyildilər, yaşlı qarğanın bilməli olduğu hər şeyi öyrənmiş, ehtiyatlı olmuşdular. Onlar tüfəngin və tələnin nə olduğunu, zəhərli həşərat ları yeməlilərdən ayırmağı öyrənmişdilər. Öyrənmişdilər ki, qoca fermerin gonbul arvadı on beş yaşlı oğullarından xeyli yekə olsa da, daha az təhlükə kəsb edirdi. Onlar qardaşı bacıdan seçməyi bilirdilər. Onlar öyrənmişdilər ki, çətir tüfəng deyil. Onlar artıq altıyadək saya da bilirdilər və bu, cavan qarğalar üçün çox yaxşı göstəricidir, hərçənd ki Gümüşxal özü, az qala, otuzadək saya bilirdi. Artıq barıt qoxusu da onlara tanış idi və ağacların cənub tərəfini də seçə bilirdilər. Axırda, təbii ki, başladılar öz nailiyyətləriylə qürrələnməyə, özlərini böyük kimi aparmağa. Uçuşdan sonra yerə enəndə qanadlarını mütləq üç dəfə bükürdülər ki, yaxşıca büküldüyünə tam əmin olsunlar. Onlar tülkünün öz naharının yarısından imtina etməsinə necə nail olmağın da yolunu bilirdilər və başqa quşlar — meşəxoruzu, suquzğunu hücum çəkəndə tez gizlənmək lazım oldu ğundan da xəbərdar idilər, çünki bu balaca düşmənlərlə vuruşmaq eynən zənbilindən alma oğurlanmış gonbul bir arvadın almanı oğurlayan balaca oğlanı tutmağa cəhd göstərməsi kimi bir şey idi. Bütün bunları cavan qarğalar artıq öyrənmişdilər, lakin başqasının yumurtasını oğurlamağı hələ bilmirdilər. Onların balıqqulağı haqda təsəvvürləri də hələ yox idi, hələ heç vaxt at gözünü dimdikləyib dadına baxmamışdılar, buğda görməmişdilər və ən yaxşı məktəb olan səyahətlər barədə heç bir məlumatları yox idi.
Sentyabr ayı qoca qarğaları çox dəyişdi. Tük tökümü başa çatdı. Onların lələkləri yenə çıxdı və qocalar yenə də öz gözəl geyimləriylə qürrələnməyə başladılar. Sağlamlıqları da bərpa olmuşdu, indi daha şux idilər. Hətta ciddi müəllim olan Gümüşxalın da kefi kök idi və artıq çoxdan ona hörmət bəsləməyi öyrənmiş cavanlar indi öz başçılarını, həqiqətən, sevməyə başlamışdılar.
Onları yaxşı tərbiyələndirmişdi, bütün siqnallara, əmrlərə öyrətmişdi və indi səhər tezdən onlara baxanda ləzzət alırdı.
- Birinci dəstə! - deyə qoca komandir qarğa dilində qışqıracaq və birinci dəstə ona bir ağızdan hay verəcək.
- Uçun! - və dəstə başçısının dalınca irəli uçur.
- Qalxın! - və elə həmin an quşların hamısı göyə millənir.
- Toplanın! - və hamı sıxlaşır.
- Dağılışın! - və hamı bir göz qırpımında ağacdan qopan yarpaqlar kimi müxtəlif səmtlərə dağılır.
- Sıraya düzülün! - və hamı bir xətt üzrə düzülür.
- Yem axtarın! - və quşlar yerə qonub müxtəlif tərəflərə dağılırlar, iki daimi gözətçi isə qarovul çəkir: biri sağ tərəfdəki ağacda, digəri soldakı təpədə. İki dəqi qədən sonra Gümüşxalın "Tüfəngli adam!" demək olan qarıltısı eşidilir. Gözətçilər onun siqnalını təkrar edirlər və bütün dəstə elə o an qanad çalaraq dağınıq şəkildə ağaclara tərəf uçur. Ağacların arxasındakı təhlükəsiz yerə çatan kimi yenə sıra düzəldib öz doğma şam meşələrinə uçurlar.
Hər il noyabrda bütün dəstə cənuba uçur ki, müdrik Gümüşxalın başçılığı altında yeni ölkələrlə, təzə yemlə tanış olsunlar.
Qarğa yalnız gecə sarsaq olur və yer üzündə onun üçün təhlükəli bircə quş var, o da bayquşdur. Qaran lıqda bayquş ulartısı eşidiləndə qarğaların bütün vücudunu dəhşət götürür. Bayquşun hətta lap uzaqdan gələn ulartısı da qarğaları qorxudur. Onlar həmin dəqiqə başlarını qanadlarının altından çıxarıb oturur, bütün gecəni bu səsə qulaq verərək tir-tir əsirlər. Bərk şaxtalar düşəndə hərdən qarğaların gözü donur. Əgər qarğa başını qanadının altında gizlətməsə, kor olar.
Səhər açılanda qarğaların da cəsarəti qayıdır. Kefi kökələn quşlar meşələri dolaşmağa çıxırlar. Ulartısı ilə onları qorxutmuş bayquşu tapıb ya öldürür, ya yarımcan edib, azı, iyirmi mil qovurlar.
1893-cü ildə qarğalar həmişəki adətlərinə uyğun Kestl Franka gəldilər. İki gün sonra, dan yeri söküləndə onların arasında çaxnaşma başlandı. Mən quşların nədən həyəcanlandığını öyrənmək üçün evdən tez çıxdım və birdən qarın üstündə küləyin sovurduğu bir neçə qara lələk gördüm. Küləyə qarşı getdim ki, bu lələkləri haradan gətirdiyini bilim və tezliklə bir qarğanın qanlı leşinə rast gəldim; yanında iri caynaqların qoşa izi vardı və bu iz mənə qarğanı bayquşun öldürdüyünü söyləyirdi. Burada baş vermiş döyüşün izləri hər tərəfdə görünürdü. Lakin quduz qatil, görünür ki, bədbəxt qarğadan qat-qat güclü idi. Onu oturduğu budaqdan gecənin zülmətində qapmışdı, qaranlıq düşmənə əməlli başlı müqavimət göstərməyə imkan verməmişdi.
- Mən quşun qalıqlarını çevirdim. Birdən onun başını görüb qeyri-ixtiyari qışqırdım.
Əfsuslar olsun ki, bu, köhnə tanışım Gümüşxalın başı idi!
Gümüşxalın uzun, bütün dəstəsi üçün faydalı həyatı bitdi. Yüzlərcə cavan qarğanı qoruduğu bayquş öldürdü onu.
Şəkərdağ təpəsindəki köhnə yuva boşaldı. Qarğa lar yazda elə əvvəlki kimi Kestl Franka gəlirlər, lakin məşhur başçıları daha onlarla deyil. Onun ölümü ilə qarğaların sırası yaman seyrəlməyə başladı və çox güman ki, tezliklə neçə əsrlərdən bəri əcdadlarının yaşadığı, həyat dərsi aldığı şam meşəsində qarğaların kökü tamam kəsiləcək...
Gülnar Abbasova
TEREF