Səfəvi xüsusi təyinatlıları - Qorçular...

9-08-2024, 13:17           
Səfəvi xüsusi təyinatlıları - Qorçular...
Daimi qoşunların xüsusi dəstələrindən birini qorçular təşkil edirdilər. Qorçular Şah İsmayıl qoşunlarının xüsusi dəstələri idilər və onlar Şah İsmayılın özü tərəfindən formalaşdırılmışdılar. Bəzi məlumatlara görə, Şah İsmayıl Qızılbaş qoşunları arasında xüsusi təcrübəsi olan döyüşçüləri, atlıları qorçu adlandırmaqla onları ayrıca bir strukturda birləşdirmişdi.
Qorçu sözünün etimalogiyası bəzi tədqiqatçılar tərəfindən monqol dili ilə əlaqələndirilsə də, bu söz türk mənşəli qoruqçu sözündən götürülmüşdür. Onun ifadə etdiyi məna da "qorumaq" anlamındadır və qorçular da əsasən qoruqçu, mühafizəçi vəzifələrini icra edirdilər. Qorçu sözünün ifadə etdiyi silahlılar Osmanlı və Ağqoyunlu qoşunlarında, hətta Səfəvi dövlətinin təşkilindən əvvəl Səfəvi xanəgahında mövcud olmuşdu. Səfəvi qoşunlarına bu termin çox güman ki, Ağqoyunlu qoşunlarından keçmişdi. Çünki Ağqoyunlu qoşun təcrübəsi Səfəvi qoşunlarının təşkilində geniş şəkildə istifadə edilmişdir. Türk hərbi terminologiyasının bir nümunəsi kimi, qorçu sözü eyni ilə fars dilinə də yol tapmışdı. Qorçu dəstələri özlüyündə səltənətin elit dəstələri hesab edilirdilər. Sonradan bu dəstələrin tərkibi daha da genişləndirildi və şaha sədaqətli olan döyüşçülər cəlb edilməyə başladılar. Başqa sözlə, qorçu dəstələrinə məqsədyönlü şəkildə seçim aparılırdı. Bu seçim zamanı döyüşçülərin şaha və səltənətə sadaqəti və həm də onların döyüş keyfiyyətləri nəzərə alınırdı. Qorçuların əksəriyyətini qızılbaşlar, türk tayfalarının nümayəndələri təşkil edirdilər.
Hətta türk tayfalarından olan qorçular öz tayfalarının adları ilə də tanınmışdılar. Məsələn, Zülqədər qorçuları, Ustaclı qorçuları və s. Bəzi məlumatlara görə, hətta türk tayfaları daxlində qorçu dəstələri adlı strukturlar təşkil olunanda bu strukturlara tayfaların ağsaqqalları rəhbərlik edirdilər. Qorçulara həvalə olunan əsas vəzifələr - şahın və sarayın mühafizəsi, şahın tapşırıqlarının əyalətlərə çatdırılması və onların icrasının təmin edilməsi, şahla birlikdə hərbi yürüşlərə yollanması və şahla birlikdə döyüşlərdə iştirak etməsi, şahın tapşırığı əsasında şahın iştirakı olmadan hərbi yürüşlərdə iştirak etməsi və konkret döyüş tapşırıqlarını icra etməsi və s. idi. Qorçuların özlərinin başqa döyüşçülərdən fərqlənən geyimləri var idi və qoşunlara sıra baxışalrı keçirilərkən də onlar müəyyənləşdirilmiş yerdə qərar tuturdular. Məsələn, 1510-cu ildə özbək xanı Şeybək xana qarşı döyüşə yola düşməzdən əvvəl Şah İsmayıl Sultaniyyədə qoşunlara sıra baxışı keçirdi və onların qarşısında dayanan vəzifələri müəyyənləşdirdi. Bu sıra baxışı zamanı qorçular dəstəsi Şah İsmayılın qərar tutduğu məkanın arxasında iki tərəfdə düzülmüşdülər. O da bildirilirdi ki, qorçular bu baxış zamanı gözoxşayan geyimlərə malik idilər və bu geyimlər onların görünüşünü daha da əzəmətli edirdi.
Səfəvi qoşunlarında qorçuların əsası Şah İsmayıl tərəfindən qoyuldu, onun hakimiyyəti illərində qorçular elit dəstələr kimi böyük nüfuz əldə etdilər. Şah İsmayılın hakimiyyətindən sonra bu dəstələrə diqqət daha da artırıldı. Şah İsmayılın hakimiyyəti dövrünə və ondan sonrakı dövrə aid olan mənbə məlumatlarını araşdırmaqla qorçuların strukturunun bütünlükdə dörd elementdən ibarət olduğunu görmək mümkündür. 1) qorçular dəstəsinin rəhbərliyi - qorçubaşı; 2) mülazim qorçuları - şahın şəxsi xidmətində olan qorçular; 3) yaraq qorçuları - şahın silahlanma işlərinə məsuliyyət daşıyan qorçular; 4) adi qorçular (xidmət qorçuları). İlkin mənasında qorçubaşı - qorçular dəstəsinə başçılıq (rəhbərlik) edən adam kimi nəzərdə tutulurdu. Qorçular dəstəsi səltənətin elit dəstəsi olduğu üçün və bu dəstə birbaşa şahın rəhbərliyi altında olduğu üçün qorçubaşı şah sarayında ən nüfuzlu vəzifələrdən biri sayılırdı.
Ona görə bu vəzifə sahibinin seçiminə ciddi şəkildə yanaşılırdı. Səfəvi mənbələrində qorçubaşı termininə ilk dəfə 1505-1506-cı illərə aid olan məlumatlarda rast gəlinmişdir. Həmin məlumatda da görünür ki, qorçubaşı Şah İsmayılın yaxın ətrafına daxil olmaqla onun etibar etdiyi adamlardan biri olmuşdur. İlk vaxtlar qorçular bütünlüklə qızılbaşlardan seçilirdi və ona görə qorçu deyiləndə həm də qızılbaşlar nəzərdə tutulurdu. Qorçubaşılar adətən qorçuların özlərindən seçilirdilər. Qorçuların qorçu olmayan adamların rəhbərliyi altında fəaliyyət göstərməsi halları da mövcuddur. Amma belə bir ənənə yaranmışdı ki, qorçuları onların özlərindən olan birisi daha yaxşı başa düşə bilər və ona görə şah tərəfindən qorçubaşı təyin ediləndə bu cəhət nəzərə alınırdı. Bu da qorçuların daha yaxşı təkilatlanmasına və idarə edilməsinə zəmin yaradırdı.
Mövcud mənbələrə əsasən, Şah İsmayılın hakimiyyəti dövründə qorçubaşı vəzifəsinə təyin edilmiş adamların siyahısını müəyyənləşdirmək də mümkündür. Bu siyahıdan görünür ki, ilk qorçubaşı heç də Türkman deyildir. Həmin vəzifəyə 1506-cı ildə təyin edilmiş Əbdüləli bəy Dədə Talış sufilərindən idi. Heç şübhəsiz ki, Şah İsmayıl onu bu vəzifəyə sədaqətini nəzərə alaraq təyin etmişdi. Bütünlükdə isə, Şah İsmayılın hakimiyyəti illərində bu adamlar qorçubaşı vəzifəsinə təyinat almışdılar: Əbdüləli bəy Talış (1506), Yakan bəy Təkəli (1509-1510), Sarıpirə Ustaclı (1512), Məntəş Sultan Ustaclı (1513), Yaraş bəy Ustaclı (1514), Əli Sultan Çiçəkli (1518), Nadir bəy (1524).
Qorçuların strukturunda yer alan digər dəstə mülazim qorçularıdır. Bu qorçular birbaşa şahla təmasda olan və ona müxtəlif məsələlərdə kömək göstərən adamlar idi. Belə qorçulardan rükab qorçularının adları çəkilir. Rükab qorçuları şahın ata minməsinə, atdan düşməsinə kömək edən adamlar idi. Çox güman ki, şahın bu və ya digər yerə hərəkəti zamanı atın seçilməsi və şah hüzuruna gətirilməsi, şahın ata minməsinə kömək göstərilməsi, şahın atdan düşməsinə yardım göstərilməsi rükab qorçularına aid olan məsələ idi. Ehtimal edilir ki, şahın istirahətinin təşkil edilməsi, şah düşərgəsinin yaradılması, şahın iaşə məsələlərinə nəzarət də mülazim qorçularının nəzarəti altında idi. Çünki bu məsələlərin hər biri ayrı-ayrılıqda məsuliyyətli işlər idi və onların icrasına da şaha sədaqətli olan insanlar cəlb edilə bilərdilər. Qorçuların başqa bir dəstəsi isə yaraq (silah) qorçuları idi. Bu qorçular şahın silahlarının, təchizatının, geyiminin daşınmasına, şaha çatdırılmasına və onların mühafizəsinə məsuliyyət daşıyırdılar. Yaraq qorçuları şahla olan təmaslarının xarakterinə görə iki qrupa bölünürdülər.
Birinci qrup qorçular şaha yaxın olan qorçular, o biri qrup isə şaha yaxın olmayan qorçular kimi tanınırdılar. Şaha yaxın olan qorçular şahın döyüş silahlarını gəzdirirdilər. Bu silahlar soyuq silahlardan ibarət idilər - qılınc, ox qabı, kaman, şişpər (altı qulaqlı gürz), xəncər, zireh, sipər, nacağ və digərləri. Hərbi yürüşlər zamanı bu silahlar qorçuların mühafizəsində olurdular. Qorçular onların daşınmasına, mühafizəsinə, seçimdən asılı olaraq onların şaha çatdırılmasına məsuliyyət daşıyırdılar. Şübhəsiz ki, qorçular hərbi yürüşlər başlananda bu silahların hər birindən çoxlu sayda öz ehtiyatlarında saxlayır və şahı davamlı olaraq onlarla təmin edirdilər. Yaraq qorçularının ikinci qrupunu isə şaha yaxın sayılmayan qorçular təşkil edirdilər. Bu qrup qorçular şahın qeyri-döyüş geyiminə, təchizatına məsuliyyət daşıyırdılar. Həmin geyim və təchizatın arasında şahın libası, ayaqqabısı, qəlyanı, səndəlisi, çadırı, çovqan oynamaq və ov etmək üçün zəruri olan silah və əşyaları və s. var idi.
Qorçuların digər dəstəsini isə xidməti (adi) qorçular təşkil edirdilər. Onlar sayca daha çox olmaqla şahın, onun ailə üzvlərinin, sarayın, şah düşərgələrinin mühafizəsinə məsuliyyət daşıyırdılar. Qorçular növbə ilə öz vəzifələrini icra edirdilər və güman edilir ki, qorçulara xüsusi hazırlıq keçilirdi. Çünki şahın mühafizəsinin etibarlı şəkildə həyata keçirilməsi üçün onlar silah işlətmək, at çapmaq, düşmən hücumlarından müdafiə olunmaq vərdişlərinə malik olmalı idilər. Mövcud məlumatlara görə, qorçuların vilayətlərdə də dəstələri mövcud idi. Bu dəstələr həm mərkəzə tabe olan dəstələr idi, həm də yerli hakimlərə tabe olan dəstələr idi. Birbaşa saray qorçubaşısına tabe olan vilayət dəstələri yəqin ki, şahın fərmanlarının və xüsusi göstərişlərinin icrasının təşkilinə məsuliyyət daşıyırdılar. Müxtəlif vilayətlərdə onların sayı müxtəlif ola bilərdi. Eyni zamanda vilayət hakimləri də öz mühafizələrinin təmin edilməsi üçün yanlarında qorçu dəstəsi saxlayırdılar. Vilayət hakimləri tərəfindən maliyyələşən bu dəstələrin hər birinin də özünün qorçubaşısı var idi. Onlar vilayət hakimləri tərəfindən təyin edilirdi. Şah İsmayılın hakimiyyəti illərində qorçuların sayının nə qədər olduğunu söyləmək çətindir. Amma saray həyatının tənzimlənməsi və idarə edilməsi üçün qorçuların rolu günü-gündən gücləndiyindən Şah İsmayılın hakimiyyətindən sonra onların sayı daha da artdı. Şah İsmayılın hakimiyyəti dövründə daimi qoşunların tərkibinə daxil olan dəstələrdən biri də qulamlar dəstəsi idi.
1510-cu ildə Şeybək xanla döyüşə yollanmazdan əvvəl Şah İsmayılın öz qoşunlarına Sultaniyyədə sıra baxışı keçirdiyi zaman qulamlar da xüsusi libaslarda və qızıldan olan gürzləri ilə onlar üçün ayrılmış yerlərdə qərar tutmuşdular. Qulamlar da şahın xidmətində dayanan bir dəstə idi. Bu dəstə həm mülki, həm də hərbi məzmunlu xidmət işlərini yerinə yetirirdi. Bu dəstəyə daha çox qeyri-müsəlman gənclər cəlb edilirdilər. Onların arasında gürcülər, çərkəslər və digərləri də var idi. Qulamlar da şaha sədaqətli və şaha yaxın olan xidmət personalı idilər və onlara qullarağası adlanan birisi rəhbərlik edirdi. Əslində, qullar da şahın bütün fərmanlarını sözsüz icra etməyə hazır olan kontingent idi və ona görə onların da saray həyatında mühüm yeri var idi..
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi akademiyası - "Şah İsmayıl Səfəvi" səh. 640-641.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.