BOZ KARDİNAL
14-08-2024, 15:24
Həm siyasi, həm də bədii ədəbiyyatda qarşımıza tez-tez "Boz Kardinal" kəlməsi çıxır. Çoxumuz bu kəlmə deyiləndə ölkələrinin idarəsində ikinci planda olan, ancaq sonsuz təsir gücünə malik qüdrətli dövlət xadimini başa düşürük.
Tarixdə Kardinal Rişelye, Jozef Ata, Himmler, Suslov kimi "Boz Kardinallar" çox olmuşlar. Xalqın ikrahla baxdığı "Boz Kardinallar" bir qayda olaraq çox təhlükəli, hiyləgar və zalım olduqlarından insanlar nifrətlərini bildirməkdən çəkinmişlər. "Boz Kardinallar" adətən iqtidarda ikən də, öldükdən sonra da xalq tərəfindən sevilən fiqurlar olmurlar. Lakin tarixdə az da olsa istisnalar yox deyil..
"Mənim birinci məqsədim Kralın Əzəməti, ikinci məqsədim isə Krallığın Qüdrətidir", - demişdi Kardinal Rişelye.
Kardinal Rişelye (Armand-Jean du Plessis, duc de Richelieu; 1585 – 1642) faktiki olaraq ölkənin 1-ci şəxsi idi, nəinki siyasi məsələlərdə son söz sahibi idi, eyni zamanda iqtisadi, mədəni sahələrdə də aktiv rol oynamışdır.
"Boz Kardinal" adlandırılsa da Rişelye Sorbon universitetinin rekonstruksiyasında əhəmiyyətli rol oynamış, Fransa akademiyasının yaradılması üçün Kral ediktini (qərarını) imzalamış, Sorbon universitetinə Avropanın ən gözəl kitabxanalarından birini vəsiyyət etmişdir.
"Boz Kardinal" adlandırılsa da Rişelye fransız rəssamlarına, ədəbiyyatçılarına hamilik etmiş, fransız klassisizminin inkişafında müstəsna rol oynamışdır. Onun hərtərəfli fəaliyyəti təkcə fransız mədəniyyətinin yüksəlişinə deyil, Avropa tarixinin gedişatına da ciddi təsir etmişdir.
Kardinal Rişelye daxili siyasətdə katoliklərlə protestantlar arasındakı vətəndaş müharibəsinə son vermiş, onun səyləri ilə Taca itaətsizlik Fransaya qarşı cinayət hesab edilmişdir. Ancaq saraydaxili intriqalara və duel ənənəsinə son verə bilməmişdir.
Ticari fəaliyyətlərdə çox uğur qazanmasa da Fransanın kolonial siyasətində, xüsusilə də Fransa imperiyasının yeni erasının yaradılmasında müstəsna xidmətlər göstərmiş, ölkənin hərbi və ticari donanmasını gücləndirmişdir.
İnternetdə "sörf" edərkən qarşıma bir xatırlatma çıxdı.
13 avqust Kardinal Rişelyenin Fransanın Birinci naziri təyin olunduğu gündür.
400 il bundan əvvəl – 1624-cü ildə Fransa dövlətinin ən yüksək vəzifəsinə təyin olunan Rişelye hələ də bizim nəslin hafizəsində Aleksandr Dümanın ölməz "D'Artanyan və 3 muşketyor" əsərindəki hiyləgər, intriqa ustası kimi qalıb.
Ancaq dünyanı tanıdıqca, yaşayıb gördüklərimizlə müqayisə edəndə təəccüb edirik. Uşaqlıq xatirələrimizdəki "Boz Kardinal" ilə modern dünyanın "Kardinallarını" yan-yana qoyanda nə qədər saf olduğumzu anlayıram. Rişelyenin həyatını oxuduqdan sonra onun indiki Kardinallardan nə qədər də əzəmətli, cəlallı və qüdrətli bir dövlət xadimi olduğunu görürəm. Dövlətin maraqları Rişelye üçün hər şeydən ali, hər şeydən ümdə idi…
"Boz Kardinal" adlandırılsa da Rişelye fransız tarixinin ən sirli, ən ecazkar və ən nəhəng dövlət adamı idi. Rişelyədən sonra başqalarına da "Boz Kardinal" desək tarixə böyük haqsızlıq etmiş olarıq, məncə…
İbrahim Nebioğlu
TEREF