OĞLAN VƏ VAŞAQ
15-08-2024, 08:17
( ERNEST TOMPSON SETON )
1. OĞLAN
Torbernin on beş yaşı yenicə tamam olmuşdu. O, ovu çox sevirdi. Mavi gölün üzərində bütün günü vəhşi göyərçinlər dəstədəstə uçur, meşə qırılan yerə yaxın qurumuş ağaclara qonurdular. Elə istəyirdi ki, göyərçin vursun! Amma onlara neçə saat pusqu qursa da, bütün səyləri boşa çıxırdı. Adama elə gəlirdi ki, bu quşlar köhnə ov tüfənginin hansı məsafəyə vurduğunu dəqiq hesablamışdılar və hər dəfə ona yaxınlaşmaq imkanı vermədən qanadlarını bərk-bərk şappıldadıb uçurdular. Nəhayət, quşların kiçik dəstəsi onun yaşadığı komanın yaxınlığında kolluqlara səpələndi. Torbern komanın arxasında gizlənib ehtiyatla, oğrun - oğrun onlara yaxınlaşdı. Dəstədən aralı düşmüş bir quşu səylə nişan alıb atəş açdı. Demək olar ki, elə eyni anda daha bir atəş səsləndi və quş yerə düşdü.
Torbern qənimətini götürmək üçün irəli yüyürdü, lakin bu dəm kolların arasından bir cavan oğlan çıxıb quşu qaldırdı.
- Ey, Korni! Sən mənim quşumu
götürdün!
- Sənin quşunu? Səninki o tərəfə uçdu! Mən quşların bura necə qonduğunu gördüm və göyərçinlərin birini vurmaq qərarına gəldim.
Diqqətli araşdırma isbat etdi ki, göyərçinə eyni anda həm tüfəng gülləsi, həm də köhnə qoşalülənin qırması dəymişdi. Atıcılar eyni hədəfi nişan almışdılar. Hər ikisi bu təsadüfə ürəkdən güldü, hərçənd bu hadisədə gülməli məqamlardan çox, kədərli anlar vardı, çünki meşədəki komada ərzaq da tükənirdi, barıt da.
Korni böyük bir ailənin ilk oğlu idi. Özünə ev qurmaq arzusu ilə meşədə bir torpaq sahəsi götürmüşdü. Onun iki böyük bacısı - təmkinli Marget və şən Lu qur duğu təsərrüfatı idarə etməyə girişmişdi.
Torbern Older onlarda qonaq qalırdı. Ağır xəstəlikdən təzəcə özünə gəlmişdi və qohumları onu meşədə ibtidai həyatla yaşamaq üçün göndərmişdilər ki, bəlkə, özünün sağlam dostlarına, da olsa, bənzəyə. Onların koması yonulmamış tirlərdən düzəlmişdi, döşəməsi yox idi, dama çim döşəmişdilər, üzərində, az qala, cəngəllik bitirdi. Bu yerlərdəki meşələrin bakirəliyini yaxınlıqdan keçən bəsit yol və daşlı sahilləri olan, arxasından ən yaxın qonşunun evi görünən, səthi günəş şüaları altında bərq vuran göl pozurdu.
Həyat yeknəsəq keçirdi. Korni dan yeri söküləndə qalxır, ocağı qalayır, bacılarını oyadıb onlar səhər yeməyini hazırlayanadək atları yemləməyə gedirdi. Saat altıda artıq yemək bitir və Korni işə yollanırdı. Günortanın yetişdiyindən Marget ağaclardan birinin kölgəsi çaya düşəndə xəbər tuturdu, Lu isə həmin vaxt ağ əsgi parçasını şüvülün ucuna bağlayıb qaldırırdı və Korni də bu siqnalı görən kimi ya əkindən, ya da biçindən kir-pas içində, gündən yanmış və pörtmüş halda qayıdırdı. Tor hərdən bütün gün ərzində komada olmurdu. Axşam, hamı masa arxasında toplaşanda o ya göldən, ya da uzaq dağların birindən qayıdaraq, əslində, səhər yeməyindən və nahardan heç fərqlənməyən şam yeməyini yeyirdi; burada yemək də elə həyat tərzinin özü kimi yeknəsəq idi: donuz əti, çörək, kartof və çay, hərdən isə kiçik at tövləsinin yanında küllənən bir düjün toyuğun yumurtladığı yumurtadan bir neçə dənəsi. Ov əti nadir hallarda olurdu, çünki Tor yaxşı güllə ata bilmirdi, Korninin də başı fermanın işlərinə qarışmışdı.
2. VAŞAQ
Meşədə bir dənə nəhəng söyüd ağacı öz ömrünü başa vurmaq üzrəydi. Ölüm ona ürəyigenişlik göstərərək üç xəbərdarlıq göndərmişdi: əvvəla, o, bütün bacılarından böyük idi, ikincisi, balaları artıq özü boydaydı və nəhayət, ağacın gövdəsi içindən boşalmışdı. Qış mövsümünün tufanları onu qıraraq özək olmalı yerdəki böyük koğuşu aşkarlamışdı. İndi söyüd
ağacı meşə qırılmış talada, günəş şüaları altında uzun, taxta bir kaha kimi düşüb qalmışdı və onun içində özünün gələcək balaları üçün etibarlı yer axtaran bir vaşaq yerləşmişdi.
Bu vaşaq həm qoca idi, həm də üstəlik, çox arıq. Çünki həmin il yırtıcı heyvanlar üçün çox qıt gəlmişdi. Ötən payız azar onların əsas yemini - dovşanları qırmışdı. Qəfil şaxtalarla müşayiət olunan qarlı qış kəkliklərin, demək olar ki, hamısını məhv etmişdi. Uzunsürən yağıntılı bahar bütün gölləri, çayları ağzına kimi doldurmuşdu, odur ki balıqlar və qurbağalar caynaqlı pəncələrin çatdığı yerdə deyildi və bizim ana vaşaq da bütün başqa heyvanlardan az əziyyət çəkmirdi.
Zəif vaşaq balaları anaları üçün yalnız artıq yük idilər - heyvanın ova sərf edə biləcəyi vaxtını əlindən alırdılar.
Vaşaqın sevimli yemi dovşanlardır. Elə illər olurdu ki, günə əlli dənəsini tuturdu. Amma həmin il hələ bircə dənəsini də ovlaya bilməmişdi.
Bir dəfə necə oldusa, söyüdün koğuşuna girmiş qırmızı dələni tutdu. Başqa gün isə əlinə keçən yeganə yem pis iy verən bir koramal oldu. Sonra heç bir şey tapmadığı gün gəldi və körpələr şikayətli səslə ciyildəyirdilər, çünki analarının südü onlara bəs etmirdi.
Bir dəfə xoşagəlməz, amma tanış qoxusu olan yekə, qara bir heyvan gördü. Səsini belə çıxarmadan cəld üstünə atılıb burnundan yapışdı. Lakin oxlu kirpi başını əydi, quyruğunu dik qaldırdı və ana vaşaq on yerdən yandırıcı yara aldı - kirpi düşməninə balaca iynələr atmışdı. Vaşaq iynələri dişiylə çıxardı, çünki oxlu kirpinin əməlləriylə artıq çox illər qabaq tanış idi və yalnız kəskin ehtiyac onu heyvana hücuma məcbur edə bilərdi.
Həmin gün o, qurbağadan savayı heç nə tuta bilmədi. Ertəsi gün, uzunsürən yorucu ovdan sonra qəribə, çağırış dolu bir səs eşitdi; bu səsə heç bələd deyildi. Küləyin əksi istiqamətindən səs gələn yerə ehtiyatla yaxınlaşanda çoxlu təzə qoxu, bir neçə tanış olmayan səs duydu. Ucadan səslənən aydın çağırış ana vaşaq açıqlığa çatanda təkrar olundu. Talanın ortasında iki dənə böyük desman ( Desman - köstəbəklərin bir növü), ya da qunduz yuvası vardı. Belə yekə yuva ömründə görməmişdi. Yuvalar ağacdan idi, özü də su kənarında yox, qupquru talada düzəlmişdi.
Bu yuvaların yanında bir neçə kəklik gəzişirdi; daha doğrusu, kəkliyə bənzəyən, amma bir qədər yekə və rəngbərəng quş: qırmızı, sarı və ağ.
O, həyəcandan tir-tir əsirdi. Yemək, çoxlu yemək! Və qoca ovçu yerə sindi. Onun sinəsi otun üstüylə sürünürdü. Pusquda duraraq yaxınlaşarkən onun dirsəkləri belindən yuxarı qalxırdı. Bu kəkliklərdən birini mütləq tutmalıydı, nəyin bahasına olursa olsun. Belə ovda kiçicik bir diqqətsizliyə də yol vermək olmaz, heç bir fəndi, heç bir bicliyi diqqətdən kənar qoymayasan gərək. Qoy lap bunun üçün neçə saatını, lap bütün gününü sərf etsin, eybi yox. Əsas məsələ qələbəni təmin edəcək həddə ova yaxınlaşmaqdır.
Meşə ilə qunduz yuvasının arasında bir neçə sıçra yışlıq məsafə vardı, lakin vaşaq o məsafəni sürünərək keçmək üçün düz bir saat sərf elədi. Kötükdən kola, tirdən ot qalağına yerə sərilərək keçirdi və kəkliklər duyuq düşmürdülər. Onlar nəsə dənləyirdilər və kəkliklərin ən yekəsi hərdənbir vaşaqın hələ meşədə ikən eşitdiyi çağırışı təkrarlayırdı. Və bir an oldu ki, kək liklər, sanki, təhlükəni hiss etdilər, lakin uzun intizar yenicə yaranmış nigarançılığı soyutdu. İndi quşlar artıq əlçatan məsafədəydilər və vaşaq acından, ovçu yanğısından titrəyirdi. Onun baxışları ağ quşun üzərində cəmləşmişdi; ən yaxındakı o deyildi, amma rəngi, nədənsə, çox cəlbedici gəlirdi.
Qunduz yuvası ağaclardan, kollardan təmizlənmiş yerdə idi. Bir qədər aralıda adda-budda ağac kötükləri gözə dəyən otluqlar başlanırdı. Ağ quş otların arasına girdi, uca səsli qırmızı quş isə qunduz yuvasının üstünə qonaraq bayaqkı kimi çığırmağa başladı. Ana vaşaq yerə bir qədər də sıxıldı. Qırmızı quşun çığırtısında o bir həyəcan notu duydu. Amma yox, ağ quş hələ də yerində idi - odur, saplaqlar arasından bəyaz lələkləri görünür.
İndi vaşaqın qarşısında açıqlıq idi. İçiboş dəri kimi yerə sərilən ovçu cınqırını belə çıxarmadan boynundan qalın olmayan bir tirin arxasına süründü. Əgər o, həmin ot çəngəsinə çataraq oradan otluğa girə bilsə, artıq sıçrayardı. İndi quşların qoxusunu da duyurdu - ilıq və güclü həyat, qan, ət qoxusunu. Qoxunu hiss edən kimi o, yenə titrədi, gözləri par-par alışıb-yandı.
Kəkliklər torpağı eşə-eşə dimdikləyirdilər. Onlardan biri qanad çalaraq uca şüvülün başına qalxdı, lakin ağ quş yerindən tərpənmirdi. Daha beş səssiz addım və otun üstüylə sürüşən vaşaq artıq ağ lələklərin göründüyü otluğun düz içindədir. O, məsafəni gözəyarı ölçdü, torpağın möhkəmliyini yoxladı, arxa pəncələriylə sıçramağa maneçilik edən çırpını kənara çəkdi və tullandı. Ağ quş nədən öldüyünü heç bilmədi də. Hara dansa boz bir kölgə peyda oldu, sürətli və ölümsaçan caynaqlar bədəninə yeridi və başqa quşlar düşməni görüb uçmağa macal tapmamışdı ki, vaşaq ağzında da bəyaz quş yoxa çıxmışdı.
Qəzəb və heyranlıqdan nərildəyərək tullana-tullana meşəyə cumdu və birbaş evinə yollandı. Qurbanının bədənindəki son titrəyişlər də artıq susmuşdu ki, vaşaq ağır ayaq səsləri eşitdi. O, tirin üstünə sıçradı. Ovun qanadları gözlərinin qarşısını kəsmişdi deyə toyuğu qarşısına qoyaraq bir pəncəsiylə möhkəm tutdu. Səs yaxınlaşdı, kollar aralandı və bir oğlan göründü.
Qoca vaşaq adamları tanıyır, onlara nifrət bəsləyirdi. Gecələr hərəkətlərinə göz qoyur, onlardan qaçırdı , adamlar dəfə onu yaralamışdılar da. Təxminən, bir dəqiqə oğlanla vaşaq üz-üzə durdular. Heyvan mırıldadı: bu səsdə həm xəbərdarlıq, həm də meydan oxumaq vardı. Sonra quşu götürüb ağacdan birbaş gizlənə biləcəyi kolların arasına atıldı. Evinə hələ milə yaxın məsafə qalırdı, lakin ana vaşaqı böyük söyüd olan günəşli talanı görənə kimi yemək üçün dayanmadı. Yalnız burada sakitcə səslənən "pr-r, pr-r!" koğuşun içindəki körpələri çağırdı və ziyafət başlandı.
3. VAŞAQIN EVİ
Əvvəllər şəhərdə böyüyən Tor meşənin dərinliklərinə ayaq basmağa ürək etmirdi. Əgər meşədən Korninin baltasının səsi gəlmirdisə, oğlan evə dönürdü. Amma günbəgün daha içərilərə gedərək istiqaməti günəşlə, kompasla təyin edirdi. O, vəhşi heyvanları öldürmək yox, onları öyrənmək istəyirdi, amma təbiətşünas da, təxminən, ovçu kimi bir şeydir deyə tüfəngini əlindən qoymurdu.
O talanın yeganə görünən sakini marmot idi: komadan yüz addım aralıdakı kötüyün altında saldığı yuvada yaşayırdı. Günəşli səhərlər həmin kötüyün üstünə çıxıb dincəlməyi xoşlayırdı. Amma meşədə yaşayan hər bir məxluq daim ehtiyatını əldən verməməlidir. Marmotun da qulaqları daim şək idi və Tor çox əbəs yerə onu gülləylə vurmağa, ya da heç olmasa, tələyə salmağa cəhd göstərirdi.
- Bilirsən nə var, - bir səhər Korni dilləndi, - artıq təzə ət yeməyin vaxtıdır.
O, qədim üslublu, dar lüləsi olan tüfəngini götürdü, təcrübəli ovçu diqqətiylə onu doldurub komanın qapısını açdı və atəş açdı. Marmot arxası üstə yıxılıb tərpənmədi. Tor yüyürərək özünü ona yetirdi və əlində heyvan sevinə-sevinə geri dönəndə qışqırırdı:
- Yüz iyirmi addımlıqdan düz kəlləsinə!
Korni özündənrazı gülüşünü zorla saxladı; amma ağzının kənarları gərilmiş, parlaq gözləri isə alışıb yanırdı.
Bu, qətl xətrinə öldürmək deyildi: axı marmot zəmiyə yaman ziyan vururdu. Dostlar heyvanın dadlı ətiylə nahar etdilər və Korni Tora onun dərisiylə necə davranmaq lazım olduğunu göstərdi. Əvvəlcə dərini iyirmi dörd saatlığa ağac külünün içinə qoydu - bütün tükləri töküldü, sonra dərini üç gün sabunlu suda isladıb düz quruyana və bir parça ağ, möhkəm dəri əldə edənə kimi barmaqlarıyla övkələdi.
Meşədə gəzib-dolaşarkən Tor hərdən lap uzaqlara gedirdi. O, macəra axtarırdı, amma qeyri-adi hadisələri, görüşləri nə qədər gəzsə də, onlar rastına lap qəfil çıxırdı. Günlərin əksəriyyəti boz-bulanıq, digərləri macərayla dolu olurdu, axı ovun da ən başlıca xüsusiyyəti, ən böyük gözəlliyi elə gözlənilməzlikdədir.
Bir dəfə Tor dağı aşıb açıq yanğın yerinə çıxdı; orada nəhəng bir söyüd gövdəsi yerə yıxılmışdı. Gövdənin böyüklüyü onu heyran qoydu. Bir qədər də irəliləyib uzaqdan görünən gölə tərəf yollandı bir azdan bir şamağacının üstündə, yerdən otuz fut yüksəkdə yekə, qara bir heyvan görəndə qəflətən ürpəndi. Ayı! Budur, bu bütün yayı gözlədiyi macəra! Gör neçə illərdən bəri ayı ilə rastlaşarkən özünü necə aparacağını təsəvvür etməyə çalışırdı!
Tor yerində donub-qaldı. Sağ əli cibinə sarı yönəldi. Oradan bir neçə iri qırma çıxarıb tüfəngə doldurduğu xırdalarının üstünə qoydu və tıxacladı ki, qırmalar yerə tökülməsin.
Ayı hərəkət etmirdi. Oğlan onun başını görə bilmirdi, amma indi heyvanı diqqətlə süzürdü. Əslində, o qədər də iri deyildi... yox, bu, balaca ayıdır, lap balaca: ayı balası. Deməli, yaxınlıqda mütləq ana ayı da gizlənib. Tor müəyyən qorxu içində ətrafa göz gəzdirdi, amma ana ayıdan əsər-əlamət görmədiyindən tüfəngini qaldırıb atəş açdı.
Təəccübünə səbəb bu oldu ki, heyvan tappıltıyla yerə düşərək həyat nişanəsi göstərmədi. Bu heç də ayı deyil, yekə oxlu kirpi imiş. Oğlan onu təəccüb və təəssüf içində seyr edirdi, çünki belə günahsız bir məxluqu öldürmək arzusunda deyildi. Öxlu kirpinin gülməli sifətində iki-üç dənə uzun cızıq vardı və onlar sübut edirdi ki, heyvanın yeganə düşməni heç də Tor deyilmiş. Getməyə hazırlaşanda oğlan şalvarında qan ləkəsi gördü və yalnız onda başa düşdü ki, kirpinin iynələri əlini yaman pis cızıb.
Lu eşidəndə ki Tor oxlu kirpini meşədə qoyub, onu yaman danladı. Mütləq gərək dərisini soyaydı, axı qış üçün xəz yaxalıq bu qıza çox vacib idi!
Növbəti dəfə Tor meşəyə tüfəngsiz getmişdi. Qəflətən qəribə bir səs eşitdi, sonra ona elə gəldi ki, ağacın gövdəsində nəsə yeriyir. O, budaqları aralayıb yekə bir vaşaqın başını, quyruğunu aydınca gördü. Heyvan da onu görüb gözlərini parıldada-parıldada mırıldandı. Onun pəncəsinin altında ağ quş vardı və bir azca yaxşı baxandan sonra özünün qiymətli toyuqlarından birini tanıdı. İndi Torun gözlərində heyvan necə də qaniçən, necə də azğın idi! Oğlan ona ürəkdən nifrət edirdi. Tüfəng götürmədiyinə yandığından dişlərini təəssüflə bir-birinə sıxmışdı, özü də indi - belə qiymətli hey vanla rastlaşanda. Üstəlik, hələ əməllicə qorxmuşdu da, yerində donaraq nə edəcəyini bilmirdi. Vaşaq daha bərk nərildədi. Onun seyrək quyruğu qəzəb içində dartındı, sonra ovunu götürüb meşənin dərinliklərində gözdən itdi.
Yağışlı yay torpaq nəm idi və gənc ovçu quru havada görə bilməyəcəyi izlərlə tez-tez rastlaşırdı. Bir dəfə meşədə donuz dırnaqlarının izinə bənzəyən bir iz gördü. Heyvanı asanlıqla tapa bilərdi, çünki çox güman ki, buradan azacıq əvvəl keçmişdi. Bütün qalan izləri təzəcə kəsmiş leysan yuyub aparmışdı. Yarım milə yaxın gedəndən sonra bir yarğana yetişdi və yarğanın o tərəfində ağ ləkələr dəydi gözünə. Oğlanın iti gözləri xallı maralın və onun balaca balasının siluetini aydın seçdi; heyvanlar maraqla ona baxırdılar. Oğlan bura məhz bu heyvanların iziylə gəlməsinə baxmayaraq, onları tapdığına əməllicə təəccüb qalmışdı. Ağzını ayırıb marallara baxırdı. Ana maral çöndü və həyəcan siqnalı verərək - bəyaz quyruğunu dikəltdi - tufanın yıxdığı ağacların üzərindən yüngül sıçrayışlarla ötərək, alçaq budaqların altından pişik kimi sivişərək balasını da özüylə götürüb oradan uzaqlaşdı. Onlara atəş açmaq imkanı bir də əlinə düşmədi, baxmayaraq ki eyni izləri tez-tez görürdü. Maralların ikisini bir yerdə heç vaxt görmədi, amma ana maralla yenə bir dəfə rastlaşdı. O, havanı qoxulayır, yeri eşirdi, həyəcanlı, qayğılı görünürdü; deyəsən, balasını axtarır dı.
Tor Kornidən öyrəndiyi fəndi xatırladı. Ehtiyatla əyilib yerdən enli bir götürdü, barmaqlarının arasında tutub bu əldəqayırma fiti üfürdü. Fitin səsi kəskin,
qırıq-qırıq mələrtini xatırladırdı. Maral xeyli uzaqda olsa da, çaparaq Tora yaxınlaşdı. O, tüfəngini qaparaq atəş açmağa artıq hazır idi, amma tərpənən kimi maral onu görərək ayaq saxladı. Tükləri azacıq qabarmışdı. Heyvan finxırıb sual dolu nəzərlərini ona zillədi. İri məsum gözlərin ifadəsi onun qəlbinə işlədi, əlini daşa döndərdi. Maral bir qədər də yaxınlaşdı, havanı bir də qoxuladı və nəhayət ki, qarşısındakının düşmən olduğunu anladı və oğlan içində baş qaldıran mərhəmət hissinə üstün gələnə kimi ağacın gövdəsinin arxasına keçib yox oldu.
-Yazıq heyvan! -Tor düşündü. -Yəqin, körpəsini itirib.
Oğlan vaşaqı meşədə bir dəfə də gördü. Balasını itirmiş xallı maralla görüşündən yarım saat sonra komalarından bir neçə mil şimalda yerləşən sıra dağlardan keçdi. O artıq koğuşlu söyüdün olduğu yanğın yerindən ötmüşdü ki, quyruğukəsik yekə pişik balası qarşısına çıxıb sadəlövhcəsinə ona tamaşa etməyə başladı. Tüfəngi qaldırdı, amma pişik həmişəki kimi yalnız başını azacıq yana əyərək qorxmadan ona baxırdı. Elə bu zaman bayaqdan görmədiyi ikinci pişik birincisiylə oynayaraq pəncəsiylə quyruğundan vurub güləşməyə çağırdı.
Önların gülməli sıçrayışlarına tamaşa edən Tor tüfəngini tamam unutdu. Amma tezliklə keçmiş düşmənçilikləri yadına düşdü. O artıq tüfəngini qaldırmaq istəyirdi ki, qəfil səslənən uca nəriltidən diksindi və qarşısında -cəmi on fut aralıda yekə və lap pələng kimi qəzəbli qoca vaşaq peyda oldu. İndi vaşaq balalarından hansınasa güllə atmaq axmaqlıq olardı.
Oğlan titrəyə titrəyə tüfənginə iri qırma tökür, deyingən mırıltının gah kəsməsinə, gah da təzədən başlamasına qulaq asırdı. Lakin nişan almağa macal tapmamış vaşaq ayaqlarının altındakı nəyisə qapdı. Oğlan tündrəngli dərinin üstündəki ağ xalları seçməyə macal tapdı - bu, körpə xallı maralın cansız cəsədi idi. Sonra vaşaq balalarıyla bir yerdə meşənin qaranlığında gözdən itdi. Onunla bir də onda görüşdü ki, hər ikisi öz həyatını tərəzinin müxtəlif gözlərinə qoyası oldu.
4. MEŞƏLƏRİN KABUSU
Altı həftə keçdi. Bir dəfə səhər Korni həmişəki kimi durub atlara yem verməyə getdi, amma sonra, bacıları səhər yeməyini hazırlayana kimi təzədən yerinə girdi. Bir azdan canına cəfa basıb işə yollandı, amma həmişəkindən daha tez qayıtdı. Başdan-ayağa titrədirdi. Yayın isti havasına baxmayaraq, canını heç cür qızdıra bilmirdi. Bir neçə saatdan sonra qızdırması möhkəm qalxdı. İndi artıq hamıya aydın idi ki, Korni xəstələnib. Marget tərlətmə otu yığdı, dəmləyib ona içirtdi, amma nə etsə də, oğlanın vəziyyəti düzəlmirdi ki, düzəlmirdi. On günə möhkəm arıqladı, daha əlini ağdan-qaraya vura bilmirdi. Nəhayət ki, günlərin birində, halı müvəqqəti olaraq yaxşılaşanda bacılarına qətiyyətlə belə dedi:
- Bilirsiniz, bacılarım, daha qüvvəm qalmayıb. Yaxşısı budur, evə qayıdım. Bu gün özümü yaxşı hiss edirəm, atları, heç olmasa, yolun yarısına kimi sürə bilərəm. Halım pisləşsə, furqonda uzanaram, atlar məni mənzilbaşına çatdırarlar. Anamız bir həftəyə məni ayağa qaldırar. Əgər yemək sarıdan qıtlıq çəksəniz, qayıqla Ellertonun yanına gedib, ondan alarsınız.
Beləliklə, qızlar atları qoşdular, furqona saman qoydular və solğun bənizli, zəif Korni ona minib çala çuxur yollarla səfərə çıxdı. Biz isə özümüzü kimsəsiz adada tərk edilmiş adamlar kimi hiss etdik.
Heç iki gün keçmədi ki, hər üçü - Marget, Lu və Tor dəhşətli qızdırmadan yatağa düşdü.
Korni günaşırı bir balaca babatlaşırdı, amma üç təzə xəstə yaxşılaşmaq nə olduğunu heç bilmirdi və evdə artıq tam ruh düşkünlüyü hökm sürürdü.
Yeddi gün keçdi və artıq Marget yataqdan heç qalxa bilmirdi, Lu isə bir otaqdan o birisinə keçmək üçün özündə zorla güc tapırdı. Lu iradəli qız idi, onun təbiətən güclü yumor hissi vardı və xəstələri ruhdan düşməyə yalnız bu qoymurdu. Lakin özü elə arıqlayıb əldən düşmüşdü ki, şən zarafatları adamı artıq dəhşətə gətirirdi. Tor özü də xəstə və zəif olsa belə, qalanlarından babat idi və hər gün qədər yemək hazırlayıb onları yedirdirdi. Gündə bir dəfə yeyirdilər, çünki iştahaları yox idi. Amma buna da şad idilər. Ərzaq ehtiyatı zəngin deyildi, Korni isə qayıtmaq bilmirdi. Tezliklə yataqdan qalxmağa özündə gücü ancaq Tor tapırdı.
Bir səhər bir tikə donuz piyi dalınca gedəndə gördü ki, göz bəbəyi kimi qoruduqları məhsul yoxa çıxıb. Heç şübhə yox idi ki, onu hansısa vəhşi heyvan yeşikdən aparmışdı. İndi komada yalnız çay və un qalırdı. Tor çarəsizlikdən çaşıb qaldı. Birdən gözləri at tövləsinin yanındakı toyuqlara sataşdı. Amma çifayda? Elə zəif idi ki, onun üçün indi toyuq tutmaq elə maral, qırğı tutmaq qədər çətin bir iş idi. Qəflətən tüfəngini xatırladı. Budur, tezliklə toyuqların ən yağlısının tüklərini yolurdu. Onu bütöv bişirdi və son günlər ərzində dillərinə dəyən ən gözəl, ən dadlı yemək elə həmin toyuq bulyonu oldu.
Bu toyuq onları üç gün dolandırdı və artıq yeməyə heç nə qalmayanda Tor yenə tüfənginə əl atdı; indi tüfəng oğlana daha ağır gəlirdi. Anbara tərəf getdi, amma zəiflikdən elə əsirdi ki, bir dənə toyuq vurana qədər neçə atəş açdı. İndi artıq onun cəmi üç gülləsi qalmışdı.
Tor toyuqları dörd dənə görəndə təccübləndi, çünki on iki dənədən artıq olmalıydılar. Üç gün sonra yenə anbara səfər etdi və orada bircə dənə toyuq gördü, elə son gülləsini atıb onu da vurdu.
Onun həyatı son dərəcə yeknəsəq idi. Səhərlər, özünü nisbətən yaxşı hiss edəndə özü və xəstə qızlar üçün yeməyə bir şey hazırlayır və qızdırmalı gecəyə hazırlaşaraq hər çarpayının baş tərəfində bir vedrə su qoyurdu. Günorta düz saat birə yaxın titrətmə başlayırdı. Oğlan təpədən dırnağa kimi titrədir, dişləri şaqqıldayırdı və soyuq onun içini də, çölünü də dəlib keçirdi. Heç cür qızına bilmirdi - görünür, alovun da əvvəlki hərarəti artıq yox idi. Uzanıb titrətməkdən, donmaqdan savayı bir şey qalmırdı. Altı saat beləcə sürürdü. Soyuğa dəhşətli ürəkbulanması da qatılırdı.
Axşam saat yeddi, ya da səkkizdə vəziyyət dəyişirdi: indi də möhkəm qızdırma gəlirdi və artıq buz parçası da ona sərin gəlməzdi. Su, su - başqa heç nə istəmirdi və o elə hey içir, içirdi. Səhərə yaxın, tamam əldən düşəndən sonra yuxuya gedirdi.
"Əgər yemək sarıdan qıtlıq çəksəniz, qayıqla Eller tonun yanına gedin", - qardaşı gedərkən qızlara belə bir məsləhət vermişdi. Bəs avarları kim çəkəcək?
İndi onlarla acından ölmək arasında yarım dənə toyuq dururdu. Kornidən isə xəbər-ətər yox idi.
Artıq bu məşəqqət üç həftəydi bitmək bilmirdi. Hər gün eyni şey, amma vəziyyətləri günbəgün daha pis olurdu. Daha bir neçə gün keçsə, heç oğlan da yataqdan qalxmaq iqtidarında olmayacaq. Bəs onda nə edəcəklər?
Çarəsizlik onları boğurdu. Hər biri dəhşət içində düşünürdü: "Yəni Korni heç vaxt qayıtmayacaq?"
5. OĞLANIN EVİ
Həmin günün bütün səhərini Tor üç vedrə su gətir məyə sərf etdi. Üşütmə həmişəkindən tez başlanmışdı və hərarəti də həmişəkindən çox idi.
O, yatağının baş tərəfindəki vedrədən tez-tez, bolluca su içirdi. Vedrəni axşamdan doldurmuşdu, lakin saat ikiyə yaxın, qızdırması düşəndən sonra yuxuya gedəndə artıq onun içində bir şey qalmamışdı.
Dan yeri sökülənədək onu lap yaxından gələn bir səs yuxudan oyatdı su şappıltısı. Başını çevirəndə, demək olar ki, lap sifətinin önündə iki dənə yanar göz gördü: yekə bir heyvan yatağının yanındakı vedrədən su içirdi.
Tor dəhşət içində ona baxdı, sonra gözlərini yumdu; əmin idi ki, hələ yatır və yuxuda Hindistanı, çarpayısının yanına gəlmiş bir pələngi görür. Lakin suyun səsi hələ davam edirdi. O, başını qaldırdı: hə, elədir ki var, həmin heyvan hələ buradadır. Qışqırmağa çalışdı - boğazından yalnız zəif xırıltı çıxdı. İri, tüklü baş tərpəndi, heyvanın bəbəkləri alışıb-yandı, finxırtı səsi gəldi. Qəribə məxluq dörd ayağı üstə enib otağın düz ortasından keçərək masanın altına girdi. Tor artıq tam oyanmışdı. Güclə dirsəyi üstə qalxıb qışqırdı: Şş ş! Yanar gözlər stolun altından ona zillənmişdi, sonra isə heyvanın boz fiquru da göründü. Heyvan sakit addımlarla divara yaxınlaşdı, dəlikdən keçib yox oldu.
Bu nə heyvan idi, görəsən? Xəstə oğlan hər şeyi zorla anlaya bilirdi: heç şübhəsiz, nəsə bir yırtıcı idi. O, iradəsini tamam itirdi. Qorxudan, çarəsizliyindən titrəyir, gah yuxuya gedir, gah da oyanıb gözlərini qaranlığa zilləyərək həmin o dəhşətli gözləri, oğrun oğrun hərəkət edən boz fiquru axtarırdı.
Bütün gecə belə keçdi və səhər artıq oğlan əmin deyildi ki, sayıqlamır. Buna baxmayaraq, zirzəmiyə açılan çıxışın qabağına odun parçaları yığdı.
Hər üçünün iştahası pis idi, amma yeməyə yarım dənə toyuqları vardı, onunla kifayətləndilər. Heç şüb həsiz, Korni elə fikirləşirdi ki, onlar Ellertonun yanına gedərək zəruri ərzaq məhsulları gətiriblər.
Ertəsi günün gecəsi qızdırmadan əldən düşmüş Tor təzəcə mürgüləməyə başlamışdı ki, onu otaqdakı səs oyatdı - elə bil, sümük xırçıltısı gəlirdi. Diqqətlə baxanda masanın üstündə oturmuş yekə heyvanı gördü. Tor çığırıb əlinin altındakı çəkməni ona atmağa çalışdı. Heyvan masanın üstündən atılıb həmin deşiyə girərək yox oldu.
Vaşaqdır! İndi o artıq bilirdi ki, gördükləri yuxu deyil. Qızlar da ona inandılar, çünki yalnız heyvanın səsini eşitməmişdilər, həm də sonuncu toyuqdan qalan tikələri də itirmişdilər.
Yazıq Tor bütün gün ərzində yataqdan qalxmadı. Lakin xəstə qızların şikayətləri, nəhayət ki, onu ayağa durmağa məcbur etdi. Özünü birtəhər çay kənarına çatdırıb bir az giləmeyvə yığdı, evə gətirdi. Sonra titrətmə qızdırma üçün zəruri hazırlıq işlərini gördü, amma daimi siyahısına daha bir şey əlavə etdi: öz yatağının yanında talaşa, bir neçə kibrit və balıq vurduqları köhnə çəngəli də qoydu - əllərində olan yeganə silahlarını; gülləsiz tüfəng heç kara gəlməzdi. O bilirdi ki, heyvan qayıdacaq, özü də ac qayıdacaq. Yeməyə heç nə tapmayanda qarşısında köməksiz uzanmış adama hücum çəkməyə nə var ki?! Torun gözləri qabağında bu qəddar çənələrin sıxıb öldürdüyü maral balasının çeynənmiş ayaqları canlandı.
Zirzəmiyə açılan yolun qarşısına yenə də odun parçaları qalaqladı və bu dəfə gecə sakit keçdi: yırtıcı qonaq peyda olmadı. Ertəsi gün onlar un horrası yedilər; onu bişirmək üçün axşamdan qurduğu barrikadanın bir hissəsini sökəsi oldu. Lu zarafat etməyə cəhd göstərirdi, onları inandırmağa çalışırdı ki, indi uçmaq dərəcəsində yüngüldür, amma yerindən durmaq istəyəndə heç çarpayıdan aralanmağa halı olmadığını gördülər.
Horranı yeyəndən sonra Tor yuxuya getdi. Gecə, demək olar ki, başa çatmışdı, amma səhərə yaxın Tor yenə də su səsinə oyandı və yenə alışıb-yanan gözləri, yekə başı və işaran pəncərənin fonunda zorla seçilən boz silueti gördü.
Tor qətiyyətlə çığırmaq üçün bütün gücünü topladı, amma zəif bir ciyiltidən başqa ağzından bir şey çıxmadı. O, yavaşca durub qızları çağırdı:
- Lu, Marget! Vaşaq yenə gəlib! - Biz sənə heç bir kömək edə bilmərik... - deyə qızlar cavab verdilər.
- Şş-ş! - deyə Tor heyvanı qorxutmağa cəhd göstərdi.
Vaşaq pəncərənin qabağındakı stolun üstünə sıçradı və heç bir faydası olmayan tüfəngi görəndə nərildədi. Bir anlıq pəncərəyə tərəf çöndü və Tor elə bildi ki, heyvan şüşəni qırıb çölə qaçacaq. Amma yox, təzədən çönüb alışan gözlərini oğlana zillədi. Tor aramla yataqdan qalxdı. O başa düşürdü ki, ya öldürməli, ya da ölməlidir, çünki başqa çarə qalmayıb. Kibriti çəkib talaşanı yandırdı. Sol əliylə talaşanı tutdu, sağ əli isə çəngəldən yapışdı, amma özündə elə bir zəiflik hiss edirdi ki, çəngələ çəlik kimi söykənəsi oldu. İri heyvan elə masanın üstündə durmuşdu, amma indi bir balaca əyilmişdi, sıçramağa hazırlaşırdı. Gözləri oğlanın əlindəki məşəlin zəif işığından qırmızı parıltıyla dolmuşdu, qısa quyruğu o tərəf-bu tərəfə yellənir, mırıltısının tonu daha bərk, daha yüksək olurdu. Torun dizləri bükülürdü, lakin çəngəli qaldırıb havada yellədi. Elə həmin an vaşaq da sıçradı, lakin oğlanın fikirləşdiyi kimi, onun üstünə yox. Məşəlin işığı və oğlanın cəsarəti heyvanı qorxutmuşdu , vaşaq oğla nın başının üstündən tullanıb çarpayının altına girdi.
Amma bu, bircə dəqiqəlik fasilə idi. Tor məşəli tirin çıxıntısına yerləşdirdi, çəngəldən ikiəlli yapışdı. Ölüm dirim savaşına girəcəkdi; bunu çox gözəl bilirdi. Arakəsmənin o üzündən qızların zəif çığırtısı eşidilirdi. Tor yalnız çarpayının altından işaran gözləri görürdü və heyvanın getdikcə yüksələn səsini eşidirdi. Ayaq üstə zorla duraraq var gücünü cəmləyib çəngəllə zərbə endirdi.
Silah nəsə yumşaq bir şeyə girdi və dəhşətli bir çığırtı qopdu. Oğlan bütün ağırlığını çəngələ saldı. Vaşaq onun üstünə atılmaq istəyirdi, Tor heyvanın dişlərinin, caynaqlarının çəngəlin dəstəyindən çıxardığı səsləri aydın eşidirdi və hiss edirdi ki, bütün səylərinə baxmayaraq, getdikcə ona yaxınlaşır. İti caynaqlı güclü pəncələr ona sarı uzanmışdı. Oğlan bilirdi ki, tezliklə tamam gücdən düşəcək, elə buna görə də olan-qalan qüvvəsini toplayaraq bütün ağırlığıyla çəngəli bir qədər də itələdi. Vaşaq dartındı, mırıltı və şaqqıltı səsi gəldi. Paslı çəngəl qırıldı, heyvan sıçradı, ona toxunmadan yanından ötərək deşiyə girib həmişəlik yox oldu.
Tor çarpayının üstünə yıxılıb husunu itirdi. Onun nə qədər uzanıb qaldığı bəlli deyil, lakin uca dan səslənən şən qəhqəhədən özünə gələndə artıq günəş hər tərəfi nura qərq etmişdi:
-Ey, haradasınız? Ölmüsünüz-nədir? Lu! Tor! Marget!
Torun cavab verməyə heyi yox idi, amma həyətdə at ayaqlarının tappıltısını və komaya yaxınlaşanın ağır addımlarının səsini eşitdi.
Qapını Korninin güclü əlləri dabanından çıxardı və dostu həmişəki kimi mehriban və gözəl idi.
- Ölmüsünüz? - dəhşət içində
soruşurdu. - Kim ölüb? Haradasınız? Tor!.. Kim ölüb? Lu? Marget?
- Korni, Korni! - deyə yataqdan zəif bir səs çıxdı. - Onlar komadadırlar. Vəziyyətləri çox pisdir. Yeməyə heç nəyimiz yoxdur....
-Ay sarsağam ha! - deyə Korni ümidsiz halda qış qırdı. - Mən əmin idim ki, Ellertonun yanına gedərək ərzaq gətirmisiniz!
-Gedə bilməzdik, Korni! Hər üçümüz eyni gündə azarladıq; elə sən gedən kimi. Sonra da vaşaq gəlib bir bir bütün toyuqlarımızı, evdə nə vardısa, hamısını daşıyıb apardı.
- Sən də, yəqin, haqq-hesab çəkdin onunla! Korni küncdəki tirlərin yanında görünən qan ləkələ rinə işarə edərək dedi.
Əla yemək, qulluq və dərman onların hamısını tez bir zamanda ayağa qaldırdı. İki ay sonra, qızlara təzə ağac vedrə lazım olanda Tor dedi:
- Mən köğuşlu söyüd ağacının yerini bilirəm, elə çəllək kimi enli olar.
Onlar Korni ilə bir yerdə meşədəki yanğın yerinə getdilər və ağacdan lazım olan parçanı kəsəndən sonra koğuşun ən uzaq küncündə iki vaşaq balasının qurumuş leşini tapdılar - böyründən köhnə çəngəl qırığı çıxmış analarının yanında uzanmışdılar.
Gülnar Abbasova
TEREF