Nəriman Nərimanov niyə satqın idi?
20-08-2024, 16:34
Azərbaycanda son illər yaranan qəribə bir tendensiya var ki, kifayət qədər pis əməlləri olan nanəcib adamları hansısa bir-iki yaxşı əməlinə görə bağışlamaq istəyirlər. Əlbəttə, bu ilk növbədə mənəvi köləliyin əlamətidir. Necə ki, insan öz cəlladına aşiq ola bilir, bu da elə.
Məsələn, deyirsən ki, filan məmur əclaf adamdır, filankəslərin haqqına girib, rüşvət alır, zülümkardı, deyirlər, elə demə, onun fabrikindən nə qədər adam evinə çörək aparır, çörək verən kişidir. Daha dəqiq, azərbaycanlılar insanlar haqqında ölçünü bu cür götürür: “Sən istədiyini edə bilərsən, amma bizə də bir yaxşılıq elə” Nəriman Nərimanov da tarixin belə şəxsiyyətlərindəndir ki, etmədiyi nanəcib əməl, qanunsuzluq, qeyri-insani hal qalmayıb, di gəl, haradasa istəmədən bir-iki yaxşı iş tutub, deyirlər, hər şeyə göz yumun, bizim adamdır.
Əlbəttə, Sovet tarixinin şəxsiyyətləri hələ zaman-zaman çox çək-çevir olacaq və heç şübhəsiz, tarixin layiqli dəyərini almamış bir şəxs də Nəriman Nərimanovdur. Ona görə ki, o, bir qisim insanlar tərəfindən hələ də yaxşı xatırlanır və ən azı adına heykəl, park, metro stansiyası, rayon var. Keçmiş dövrlərin şəxsləri haqqında danışarkən, “Yaşadığı dövrü nəzərə alın”, “Siyasət onu tələb edirdi” kimi müdafiə mexanizmləri də işə düşür.
Amma bir şey nəzərə alınmır ki, ən ağır siyasi şərtlər altında satqın adamlar kimi mübariz, əyilməyən, ləyaqətli adamlar da mövcud olur. Əgər bu mümkündürsə, əgər heç nəyə baxmayaraq təmiz adamlar ola bilirsə, kimlərinsə satqınlığı, vətənə, millətə xəyanəti niyə müdafiə olunmalı, nələrsə nəzərə alınmalıdır?
Bu, ən azından siyasi şərtlər altında sınmayan, satqın olmayan şəxslərə haqsızlıqdır. O səbəbdir ki, Nəriman Nərimanovun Əliheydər Qarayevdən, Mircəfər Bağırovdan, Azərbaycan Xalq Cümhuriyyətinə ultimatum verən, Bakını bombalayacağı ilə hədələyən və buna baxmayaraq adına küçə olan Çingiz İldırımdan heç bir fərqi yoxdur. O Nəriman Nərimanov ki, Hacı Zeynəlabdinin pulu ilə oxuduğu halda siyasi sisteminin diktəsi ilə onu həbs etdirmişdi. O Nəriman Nərimanov ki, Rusiya işğalına dəstək verib, Azərbaycan Xalq Cümhuriyyətini satmışdı. O Nəriman Nərimanov ki, onun elə birbaşa olaraq 1920-ci il AXC-nin dağılmasında, işğalçı rus ordusunun Bakıya girməsində rolu danılmazdır. O Nəriman Nərimanov ki, Şaumyanın silahdaşı idi… Bir insan ki, cümhuriyyəti dəstəkləyir, qəbul edir, sevir, Məhəmməd Əmin Rəsulzadəni Azərbaycanın qurucusu bilir, yolunu onun ideyaları ilə çəkir, o insanın Nərimanovu sevməsi nə qədər təbii və səmimidir? Soyqırıma göz yuman, onu başqa adlar altında təqdim edən şəxsə necə sevda bəsləmək olar?
Etdiyi tarixi xəyanətə görə, hansı ki, həmin zaman Azərbaycan İnqilab Komitəsinin sədri olan Nəriman Nərimanov, Əliheydər Qarayev və Qabriçidzenin 13 noyabr 1920-ci il noyabrın 20-də imzaladıqları əmrə əsasən, XI Ordunun dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi Mixail Qriqoryeviç Yefremov Bakının işğalına görə “Qırmızı bayraq” ordeni ilə təltif edilmişdi-onu necə bağışlamaq olar? Bu da azmış kimi həmin il, elə bir ay sonra Gəncə üsyanını qanla yatırtdığına görə Yefremov 2-ci dəfə “Qırmızı bayraq” ordeni ilə təltif olunur. Bu münasibətlə Nərimanov general Efremova brilyant daş-qaşla bəzədilmiş qılıncı şəxsən hədiyyə edir. Rəsulzadə kimi sosial-demokrat mövqeydə olub, fəqət bolşevizmin qılıncı olan, Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə görən Nərimanova sevgi bəsləmək ən yaxşı halda bilgisizlikdir. Sözsüz, məlum olan onlarla fakta baxmayaraq Nərimanovun xidmətləri də olmamış deyil. Ən azı yazıçı kimi Haqverdiyev, Məmmədquluzadə, Axundzadə xəttində olması sevindirici haldır, fəqət o, satqındır ki, satqın. Hansısa beş-üç xırda-para yaxşı əməli onun bu satqınlığını ört-basdır etməməlidir. Ola bilsin ki, bu günün şərtlərindən o dövrün şərtlərinə baxanda Nərimanovu vətən xaini adlandırmaq bir qədər şişirtmə olar, amma ədəbi xoşbəxtliyi Rusiyanın qollarında görən, Cümhuriyyətin, müstəqilliyimizin dağılmasına çalışan adama yaxşı insan, əməllərinə isə “dövrün tələbi” demək də yanlışdır.
Məgər dövrün tələbi bütün mütərəqqi ideyalardan, ləyaqətdən, vətəndən keçməkdirmi və belədirsə, keçməkmi lazımdır?
Guya müasir dövrdə yaxşı yaşamağın tələbləri yumşaqdırmı? O zaman hər kəs üzə durub, yaltaqlıq edib, adammı satsın?
Orxan Saffari
Gununsesi.inf