Cahilin millətçi olması qədər acınacaqlı və zərərli bir şey yoxdur.
22-08-2024, 09:08
Deyir... demir... qınayır, heç qınamır da... ittiham edir ki, Şah İsmayılın fərmanları farsca idi.
Bunun adı cahillik...
Adamın xəbəri yoxdur ki, Şah İsmayıldan əvvəlki və azı üç əsr sonrakı Avropa krallarının fərmanları latınca idi. İstər fransız, ingilis, alman, ispan, macar, pruss... olsun.
Fərmanları nədi, saray menyuları, yemək saatları, gündəlikləri, bazarlıq listələri, parfüm, dərzi, pinəçi işləri ilə bu günə gəlib çatmış bütün yazılı sənədlər... hamısı latıncadı.
Orta çağ Avropa tarixinə aid bütün sənədlər, salnamələr latıncadı.
Necə ki orta çağlarda Rusiyada rusca köylü dili sayılırdı, eləcə də Fransada fransızca köylü dili, yəni xalq dili sayılırdı.
Kralların, dövlət ərkanının, saray əhlinin və saray dəftərxanalarının dili dövrün kübarcası olan latınca idi.
Nə alman, nə ingilis, nə fransız buna görə tarixi qınamaz. Əlbəttə, alim olarsa qınamaz.
Elə bizim alimlər də qınamaz. Çünkü alim olan bilər. Dönəmi bilər, dünya tarixindən xəbəri olar, müqayisə edə bilər.
Tarixdən üç kitab oxuyub tarixdən danışanlar... danışanlar yox, iddiada olanlar Şah İsmayılı qınayar. Hətta yekə-yekə ittiham edər.
Yadıma Yusif Vəzirin Mirzə Cəlilə məktubu düşür, deyir, Bəy, mən Avropanı qarış-qarış gəzmişəm. Bizim millətimizdə olan ədəbi oralarda görməmişəm. Və s. və i... uzun bir məktub.
Mirzə böyük ədib idi, söz yox, amma gəzməmişdi, görməmişdi, Avropada təhsil almamış, işləməmişdi, müqayisə gücü yox idi. Bir vaxtlar vəkil olmaq üçün imtahana hazırlaşmış, onu da verə bilməmişdi. Yalnız sovet dönəmində bolşeviklərin təbliğat qatarı ilə Rusiyanın bir neçə şəhərini şura hökumətinə dəstək vermək üçün dolaşmışmışdı. Bu da o zaman idi ki, rejim artıq tənqidə izin vermirdi, bolşevizm Molla Nəsrəddinin dilini kəsmişdi.
Şah İsmayıl haqqında söz deyənin gərək müqayisə gücü olsun. Gərək dünya tarixindən xəbəri olsun. Gərək tarixi dönəmləri bilsin. Gərək krallar, əmirlər, sultanlar, çarlar - tarixi şəxsiyyətlər tarixini bilsin.
Bilmir. Danışır. Bilmədiyini də bilmir.
Vallah, cahilin millətçi olması qədər acınacaqlı və zərərli bir şey yoxdur.
Mehriban Vezir
TEREF