Mən hər 21 avqustda yazaram.
22-08-2024, 08:38
21 avqust 1968 tarixində o gecə saat 02-də Sovetin An-24 sərnişin təyyarəsi Çexoslovakiyanın paytaxtı Praqanın Ruzin hava limanına təcili eniş tələb etdi. Dispetçerlər qəza vəziyyəti var deyə təyyarənin enişinə icazə verdilər.
Təyyarədə mülki sərnişin yox idi, Sovetin 7-ci Hava Desant Diviziyasının hərbçiləri vardı. An-24 endi, Sovet hərbiçiləri aeroportu ələ keçirərək bütün mülki təyyarələrin uçuşlarını dayandırdılar. O andan etibarən hava limanına ancaq içində Sovet Ordusunun desant bölmələri ilə hərbi texnikası olan An-12 nəqliyyat təyyarələri qəbul edilməyə başlanıldı.
Sovetlərin Çexoslovakiyanı işğal hərəkatı belə başlamışdı.
Praqa Baharı adlı həyata keşirilən Çexoslovakiyada başladılan demokratik islahatlar prosesi bu şəkildə boğulmaq istənilmişdi. Kreml ideoloqları ilə Qızıl Ordu ənənələrinə sadiq Sovet Hərbi Maşını kiçik bir qələbə qazandılar. Aleksandr Dubçekin təşəbbüsü ilə başlanan islahat prosesi dayandırıldı, paytaxt Praqanı əzən rus tanklarının tırtılları qəhrəman çex xalqının beynində dərin yaralar açdılar.
Bəli, işğal hərəkatı Sovet liderlərinin müvəqqəti ehtitaslarını oxşadı, amma bu hərbi əməliyyat Sovet İttifaqının dağılmasına start verdi. Dünya ilk dəfə anlamağa başladı ki, 1917-ci il Oktyabr çevrilişi dəhşətli bir avantyuradan başqa bir şey deyilmiş.
21 avqust gecəsi sərnişin təyyarəsinə qəza enişi tələb edib işğal hərəkatına başlamaq – necə də hər şey Sovet üslubunda və Qızıl Ordu tərzindədir, elə deyilmi? Məhz bu metodlarla Sovet İttifaqı qonşuluğundakı Latviya, Litva, Estoniya, Macarıstan, Polşa, Finlandiya kimi ölkələrə xaincəsinə müdaxilə edirdi. Əvəzində isə ətrafında özünə qarşı nifrət və qəzəb kəməri yaranırdı.
Məhz bu nifrət və qəzəb Sovet sisteminin qaçılmaz sonunu gətirəcəkdi. Amma bunun üçün 22 illik uzun bir zaman dilimi vardı. Dünya hələ 22 il Moskvanın yalanları, iftira və alçaq siyasəti ilə yaşamalı idi.
Mən hər il 21 avqustda yazaram.
21 avqust 1968-ci il bizim üçün unudulacaq bir tarix deyil.
21 avqust 1968-ci il bizim sovet istibdatından, rus şovinizmində, sosialist-bolşevik despotizmindən xilasımızın başlandığı gündür.
P.S. Terrorçu terrorçunun təyyarəsini vuranda baş verən hadisə terror hadisəsidirmi?
https://t.me/ibrahim_nebioglu
TEREF