VİNNİPEQ CANAVARI

24-08-2024, 16:18           
VİNNİPEQ CANAVARI
( ERNEST TOMPSON SETON )
Mənim Vinnipeq canavarı ilə ilk görüşüm 1882-ci ilin böyük çovğununda baş vermişdi. Martın ortalarında mən iyirmi dörd saat ərzində preriyadan keçərək Vinnipeqə çatmaq ümidiylə Sen-Poldan çıxdım. Lakin küləklər padşahı başqa fərman verdi və yer üzünə quduz tufan yolladı. Qarın arası neçə saat kəsmədi, yağdıqca yağdı. Mən hələ ömrümdə belə çovğun görməmişdim. Bütün dünya qara qərq oldu -qar, qar, qar, sovrulan, dişləyən, sancan, sayrışan, uçuşan qar. Və fısıldayaraq irəliləməyə çalışan parovoz bu qanadlı, saf, ləkəsiz təmizliyin uçuşan kristallarının əmriylə durmağa məcbur oldu.
Yolumuzu kəsmiş qar təpələriylə bacarmaq üçün neçə güclü əl beldən, kürəkdən yapışdı və bir saat sonra parovozumuz yalnız növbəti qar təpəsinə dirənib durmaq üçün yerindən tərpəndi. Asan iş deyildi: gün lər, gecələr uzunu biz ya qar təpələrinin içinə girir, ya da onu zəhmət bahasına təmizləyib birtəhər çıxırdıq, külək isə qarı hey sovurur, sovururdu.
Emersona iyirmi dörd saat yolumuz qalıb - dəmir yolunun təmsilçisi belə dedi, lakin qar çovğunundan ən yaxşı müdafiəsi qovaq meşələri olan Emersona çatana kimi iki həftə ötdü. Öradan qatar sürətlə hərəkət etməyə başladı. Kiçik qovaq meşəliyi getdikcə sıxlaşır, neçə millərlə uzanan, adda-budda talaları ağaran meşəyə keçirdi.
Vinnipeqin şərq ətraflarına yaxınlaşanda biz meşənin qırıldığı, əlli addım eni olan bir açıqlıqdan ötdük və onun tən ortasında gördüyüm mənzərə məni qəlbimin dərinliklərinə qədər sarsıtdı.
Açıqlıqda böyük bir it sürüsü vardı - cürbəcür, irili xırdalı, kürən, ağ, qara. İtlər həyəcanlanır, nədənsə çəkinirdilər. Bir dənə balaca, sarı it isə qarın üstünə yıxılmışdı. Bir kənarda isə iri, qara bir it hürərək dartınır, amma digər itlərin əhatəsində qalmağa çalışırdı. Tən ortada isə yekə, qaşqabaqlı bir canavar durmuşdu. Canavar?
O, az qala, mənə şir kimi gəldi. Tək-tənha
durmuşdu - qətiyyətli, sakit, boynunun tüklərini qabart mış, ayaqlarını yerə möhkəm dirəyərək durmuşdu və gah ora, gah da bura baxırdı, bütün istiqamətlərdə hücuma hazır idi. Dodaqlarının ifadəsindən kinayəli bir təbəssüm oxunurdu, hərçənd bu ifadə, çox güman ki, adi döyüş pozası idi. Öz satqınlığından utanmalı olan canavarabənzər yekə köpəyin rəhbərliyi altında bütün it sürüsü onun üstünə, bəlkə də, iyirminci dəfə cumdu. Əzəmətli yırtıcı isə ora-bura soxularaq yalnız dəhşətli çənəsini şaqqıldadırdı: şaqq, şaqq, şaqq. Canavar zingil dəmir, ulamır, hürmürdü. Amma bu arada bütün dəstə onu əvvəlki kimi hərəkətsiz, ipəyatmaz, sağ-salamat və kinayəli təbəssümlə qoyaraq geri çəkilənədək düş mənlərinin sırasından neçə dənə ölümqabağı inilti ucaldı.
Kaş qatarımız burada da qar təpəsinə tuş gələydi! Mənim könlüm boz canavara doyunca baxmaq istəyirdi. Onun köməyinə tələsməyə hazır idim. Lakin bəyaz tala yanımızdan ötdü, qovaq ağaclarının gövdələri baxışları mın qarşısını kəsdi və biz yolumuza davam etdik.
Vəssalam. Mənim gördüyüm çox şey deyildi, elə bu idi. Lakin bir neçə gündən sonra öyrəndim ki, mən nadir tamaşanın şahidi olmuşam - günün günortaçağı qeyri-adi bir heyvanı - şəxsən Vinnipeq canavarının özünü seyr etmişəm.
Qəribə bir şöhrəti vardı bu heyvanın: o, meşələrə nisbətən şəhərə üstünlük verir, qoyunların yanından biganə tərzdə ötüb-keçirdi ki, itləri öldürsün və ova həmişə tək çıxırdı.
Sehrbazın (onu bəziləri belə adlandırırdı) tarixçəsindən söz açarkən mən onun həyatı haqda yerli əhaliyə yaxşı tanış olan bir şey kimi danışıram. Buna baxmayaraq, heç şübhə yoxdur ki, şəhərlilərin çoxu onun barəsində heç vaxt eşitməyib; məsələn, əsas küçədəki varlı baqqal o canavar haqda sallaqxananın qarşısındakı sonuncu səhnə baş verənə kimi, heyvanın
nəhəng cəsədi müqəvva ustası Haydın yanına gətirilənə kimi çox dumanlı məlumata malik idi. Hayd isə canavarın müqəvvasını Çikaqo sərgisində nümayiş etdirmək üçün düzəltdi.
Bir dəfə necə oldusa, suyuşirin veyl, avara ovçu, skripkaçalan Pol Deroş əlinə tüfəngini alıb Qırmızı çayın sahillərində dolaşmağa çıxmışdı. Bu, 1880-ci ilin iyununda baş vermişdi. Sahildəki xəndəkdən çıxan boz canavarı görən kimi bəxtəbəxt atəş açıb heyvanı öldürmüşdü. Yuvada yekə canavarın qalmadığına əmin olmaq üçün itlərini kəşfiyyata göndərəndən sonra özu çalaya girib içəridə səkkiz dənə canavar balası taparaq möhkəm sevinmişdi. Biri on dollardan düz doqquz dənə mükafat düşürdü ona! Nə qədər eləyir? Bütöv bir sərvətdir ki! Dəyənəyini işə salıb sarı itinin köməyi ilə körpələrin sonuncusundan savayı hamısını öldürmüş dü: belə bir inanc var ki, balaların axırıncısını öldürmək adama bədbəxtlik gətirir. Beləliklə, Pol dişi canavarın və onun yeddi körpə balasının dərisini, üstəlik, bir dənə də diri balanı götürüb şəhərə gəlir.
Tezliklə bu avaranın qazandığı bütün pullara yiyələnən aşxana sahibi satılan canavar balasını görən kimi onu da alır. Heyvan zəncirdə böyüyür, amma böyü yəndə şəhərin bütün itlərinin həsəd apara biləcəyi çənələrə və sinəyə yiyələnməsinə heç də mane olmur. Onu müştəriləri əyləndirmək üçün aşxananın həyətində saxlayırdılar və bu əyləncə yalnız əsir yırtıcının üstünə itləri qısqırtmaqdan ibarət idi. Cavan canavar neçə dəfə, az qala, ölüncə dişlək-dişlək edilmişdi, amma hər dəfə qalib gəlir və aybaay onunla boğuşmaq həvəsində olan köpəklərin sayı azalırdı. Onun həyatı çox ağır idi. Heyvanın, bəlkə də, yeganə təsəllisi aşxana sahibinin kiçik oğlu Cimlə aralarında yaranmış dostluq sayılardı.
Cim bildiyini dədəsinə də verməyən haramzadənin biriydi. Canavara ona görə bağlanmışdı ki, o, bir dəfə oğlanı dişləyən iti gəmirib öldürmüşdü. O vaxtdan etibarən oğlan canavarı yedirtməyə, əzizləməyə başlamışdı. Canavar da oğlanın başqalarından qətiyyən götürmədiyi hər cür sərbəst davranışına imkan verirdi.
Cimin atası nümunəvi valideyn sayılmazdı. Adətən, oğlunu ərköyün öyrədir, amma hərdən də qəzəblənərək lap boş şeylərin üstündə qəddarcasına döyürdü. Uşaq çox tez anlamışdı ki, onu tutduğu işə görə yox, atasının kefinin pis olduğuna görə döyürlər. Odur ki bilirdi: qısa müddətə bir yerdə gizlənsə, dərd-sərdən uzaq olar. Bir dəfə atasının əlindən qaçanda canavarın yuvasına təpilmişdi. Yuxudan vaxtsız oyanmış boz dostu başını yuvasından çıxarıb iki sıra ağappaq dişlərini göstərərək kişiyə çox aydın bir işarə vermişdi: "Uşağa toxunmağa cəsarət etmə!"
Aşxanaçı həmin an heyvanı güllələməyə hazır idi, amma güllənin oğluna dəyəcəyindən çəkinərək onların hər ikisini rahat buraxmışdı. Yarım saatdan sonra isə baş vermiş hadisəyə özü də gülürdü. O vaxtdan etibarən balaca Cim hər dəfə təhlükə duyanda canavarın yuvasına cumurdu və hərdən yalnız qaşqabaqlı əsirin arxasında gizlənəndə bilirdilər ki, nəsə günah işlədib. Aşxanaçı xəsis idi, odur ki kontorunda bir çinlini çalışdırırdı. Heç kəsə ziyanı dəyməyən, fağır bir adam idi, skripkaçalan Pol da onu görəndə çəkinmirdi. Bir dəfə çinlini aşxanada tək görən, artıq əməlli-başlı vurmuş Pol bir az da nisyə kef etmək istəyir. Lakin sahibinin göstərişlərindən heç vaxt çıxmayan Tunq Linq müştərinin bu istəyini rədd edir. Pol təhqir olunduğuna görə qisas almaq üçün piştaxtaya sarı atılır. Əgər skripkaçalanın ayağının altına ağac uzadaraq onu yerə sərən Cim yaxınlıqda olmasaydı, yazıq çinli əməlli-başlı xəsarət alacaqdı. Yerdən qalxanda Pol hamının yanında and içmişdi ki, oğlan buna görə həyatı bahasına cavab verməli olacaq. Cim isə qapının yaxınlığından istifadə edib yenə canavar yuvasına soxulmuşdu.
Uşağın belə havadarı olduğunu görən Pol uzun bir ağac alıb canavarı təhlükəsiz məsafədən döyməyə başlayır. Boz yırtıcı zəncirini qırmağa can atır, çoxsaylı zərbələri dəf edərək ağacdan dişləriylə tuturdu. Birdən Pol görür ki, dilini bir dəqiqə belə saxlamayan Cim nəsə heyvanın xaltasıyla əlləşir və canavarın tezliklə azadlığa çıxacağını başa düşür.
Həyətdə qəzəblənmiş yırtıcı üz-üzə qalacağı barədə fikir cəsur Polu tir-tir əsdirir.
Elə bu yerdə Cimin yaltaq səsini eşidir:
- Bir az döz, dostum, azca qalıb, nahara onu yeyərsən. Hə, tut onu, dostum!
Elə bu bəs idi: skripkaçalan arxasınca bütün qapıları çırpa-çırpa qaçıb gedir.
Cimlə dostu arasındakı xoş münasibət dərinləşirdi. Canavar nə qədər böyüyürdüsə, bir o qədər də itlərdən, araq iyi verən adamlardan zəhləsi gedirdi. Əvəzində Cimə və bütün uşaqlara məhəbbəti günbəgün artırdı.
O zamanlar, 1881-ci ilin payızında fermerlər canavarların həddindən artıq çoxalmasından, sürülərindəki itkilərdən yaman şikayətlənirdilər. Zəhər də, tələ də fayda vermirdi və belə vaxtda Vinnipeq klubunda peyda olan tanınmış bir alman səyyah onda bütün ölkəni canavarlardan xilas etməyə qadir itlərin olduğunu söy ləyərkən sözləri böyük maraq doğurdu. Axı maldarların çoxu ov həvəskarı idi və əyaləti canavarlardan bir sürü çobaniti vasitəsilə təmizləmək fikri onlara çox cəlbedici gəldi.
Alman tezliklə yanında bir cüt qiyamət Danimarka doqu gətirdi; biri ağ, digəri qara xallı noxudu rəng dəydi. Bu nəhəng itlərin hər biri iki yüz funt gələrdi. Əzələləri pələnginkinə oxşayırdı və hamı almanın dediyi sözlərə inanırdı - bu köpəklərdən ikisi bəs edər ki, ən iri canavarın öhdəsindən gəlsinlər. Alman onların ova çıxmasını belə təsvir edirdi:
- Onlara izi göstərmək kifayətdir, istəyir lap bir günlük ləpir olsun, o dəqiqə cumacaqlar canavarı axtarmağa. Heç cür yayındıra bilməzsən. Canavar necə gizlənir-gizlənsin, hara hərlənir-hərlənsin, onsuz da, tapacaqlar. Elə ki qaçmağa cəhd elədi, noxudu köpək onun belindən yapışıb, bax belə tullayır, - və alman əlindəki çörək tikəsini havaya atdı, - heç yerə düşməyə macal tapmamış bu ağ köpək onun başından yapışacaq, noxudu it isə quyruğundan, ortasından cıracaqlar.
Bütün bunlar həqiqətə çox oxşayırdı. Hamı itləri əməldə yoxlamaq istəyirdi. Yerlilərdən çoxu canavarları Asinibuanda görməyin mümkünlüyünə inanırdı və ovçular ləngimədən ora ekspedisiya təşkil etdilər. Amma əbəs yerə, çünki üç gün ərzində canavar axtararaq artıq ovdan imtina etməyi düşünəndə kimsə yada saldı ki, aşxanaçının zəncirdə saxladığı canavarı var, onu lap ucuz da almaq olar və həmin heyvanın cəmi bir yaşı olsa da, itlərin bacarığını yoxlamağa yarayardı.
Aşxanaçı öyrənəndə ki bu canavar ovçuların nəyinə gərəkdir, heyvanın qiyməti yaman qalxdı. Bundan başqa, canavarı satmağa vicdanı da yol vermirdi. Ovçularla qiymətdə razılaşan kimi vicdan da səsini kəsdi.
İndi isə balaca Cimi buralardan uzaqlaşdırmaq lazım idi. Onu nənəsigilə yolladılar. Sonra canavarı bir yeşiyin içinə qovub qapağını mismarladılar, arabaya qoyaraq açıq preriyaya çıxardılar.
İtləri zorla saxlayırdılar - canavarın qoxusunu alan kimi cummağa hazır idilər. Lakin bir neçə güclü kişi onların xaltasından bərk-bərk tutmuşdu, furqon buradan yarım mil uzaqlaşana kimi saxladılar.
Canavarı yeşikdən zorla çıxardılar. Əvvəlcə heyvan çaşqın, qaşqabaqlı görünürdü. Heç kəsi dişləməyə çalışmırdı, yalnız gizlənməyə yer gəzirdi. Qışqırıqlardan, fit səslərindən özünü o tərəf-bu tərəfə vuranda anladı ki, azadlıqdadır və oğrun addımlarla cənuba tərəf yollandı.
Elə həmin an itləri buraxdılar, onlar qəzəbli hürüşlə onun təqibinə başladılar. Adamlar da sevinc içində qışqırışa-qışqırışa itlərin dalınca düşdülər. Lap əvvəldən bəlliydi ki, canavarın işləri fırıqdır. Doqlar ondan çox zirək idilər. Ağ köpək istənilən tazıdan heç də pis qaçmırdı. Alman sevimli köpəyinin preriya ilə yüyürərək canavara dəqiqəbədəqiqə necə yaxınlaşdığını görəndə öz heyranlığını çığırtıyla bildirirdi.
Çoxu mərc gələrdi ki, itlər qələbə çalacaq, amma bu, zahirən o qədər bəlli bir şey idi ki, onlarla mərc gəlmək istəyən də tapılmazdı - yalnız canavarı məhz hansı itin öldürəcəyi barədə mərc gəlirdilər. Cavan canavar isə artıq var gücüylə qaçırdı, lakin ağ köpək tezliklə ona yetişdi.
- İndi baxın, - alman çığırdı, - görün canavar havaya necə uçacaq!
Bir an sonra canavar da, it də bir-birinə soxuldu və elə həmin dəqiqə ikisi də geri çəkildi. Onların heç biri havaya uçmadı, ağ köpək isə çiynindən aldığı ağır yaradan sıradan çıxaraq ağzını ayırıb yerə sərildi, bəlkə də, artıq ölmüşdü. Onca saniyə sonra ikinci - noxudu köpək də ağzını geniş açıb özünü yetirdi. Heyvanlar bir-birinə girdilər. Döyüş elə bayaqkı kimi çox qısa oldu və nə baş verdiyi elə eyni dərəcədə anlaşılmaz qaldı. Heyvanların təması lap qısamüddətli oldu. Boz canavar kənara sıçradı. Noxudu köpək qan içində olan böyrünü ovçulara göstərib səndirlədi.
Adamların çığırtısı onu irəli atılmağa sövq etdi, amma burada ikinci yarasını aldı və bu yara artıq onun ağlını başına gətirdi.
Elə həmin an yanında dörd dənə zırpı köpəyi olan qarovulçu özünü yetirdi. Onları da canavarın üstünə buraxdılar, əlində kəmənd, zopa olan adamlar isə irəli atıldılar ki, boz quldurun işini birdəfəlik bitirələr. Birdən düzənliklə mindiyi poninin belində çaparaq gələn balaca bir oğlan göründü. O, yerə sıçradı, canavarı dövrəyə alanların arasından dürtülərək keçib heyvanın boynunu qucaqladı. Oğlan onu sevimli dost, əziz dost deyə əzizləyir, canavar isə onun üzünü yalayır, quyruğunu bərk-bərk bulayırdı. Sonra oğlan göz yaşlarından islanmış üzünü oradakı adamlara tərəf çevirdi və dedi...
- Yox, yaxşısı budur, onun dediklərini çap eləməyək. Onun cəmi doqquz yaşı vardı, amma aşağı səviyyəli bir aşxanada böyüdüyü üçün orada daim eşitdiyi söyüşlərin hamısını əla əzbərləmişdi.
Onların hər birini təklikdə və hamısını bir yerdə söyürdü, heç doğma atasına da güzəşt eləmirdi.
Belə təhqiramiz, tərbiyəsiz ifadələri ağzından çıxaran böyüklər ağır cəzadan yaxa qurtara bilməzdilər.
Amma uşağa nə edəsən? Axırda ovçular qarşılarında duran yolların ən yaxşısını seçdilər: ucadan gülüşdülər təbii ki, özlərinə gülmürdülər, özünə gülməkdən kimin xoşu gəlir ki, - onların hamısı bir nəfər kimi məşhur köpəkləri cavan bir canavar qarşısında təslim olan almana gülürdü.
Onda Cim kirli, göz yaşlarından islanmış yumruğunu cibinə dürtüb eşələndi, oradakı tənbəki, kibrit, tapança gülləsi və digər kontrabanda məhsullarına qarışmış şüşə şarların və konfetlərin arasından nazik bir ip çıxarıb canavarın boynuna bağladı. Sonra hələ də hıçqıraraq heyvanın ipindən tutub atına mindi, evlərinə çapdı və gedərkən alman zadəganın ünvanına vida təhdidlərindən də çəkinmədi:
- Mənə iki sent versəydilər, onu sizin üstünüzə qısqırdardım ki, dadını görəsiniz!
Qışın əvvəllərində Cim xəstələndi.
Canavar dostunu həyətdə görmədiyindən şikayətli bir səslə ulayırdı və nəhayət, xəstənin xahişi onu oğlanın yanına, otağa buraxdılar. Burada böyük vəhşi it - axı canavar vəhşi itdən başqa şey deyil-dostunun yatağı yanında daim keşik çəkdi.
Xəstəliyi əvvəlcə heç kəsə ciddi gəlmirdi və oğlanın vəziyyəti qəflətən pisləşəndə, Milad bayramlarına üçı gün qalmış o, dünyasını dəyişəndə hamı sarsıldı. Canavar onun üçün hamıdan səmimi ağlayırdı , boz heyvan kilsə zənglərinə özünün şikayət dolu ulartısı ilə cavab verir, Milad axşamı qəbiristana yollanan dəfn mərasiminin dalınca düşüb gedirdi. Tezliklə canavar yenə də aşxananın ətrafinda göründü, amma onu zəncirləməyə cəhd göstərən kimi çəpərdən atılıb gözdən itdi. Elə həmin qış qoca tələ ustası Reno Ninetta adlı qəşəng bir qızla çay kənarındakı ağac komada yerləşdi.
Onun Cim Qoqan barədə təsəvvürü yox idi və şəhərin lap yaxınlığında, çayın hər iki sahilində canavar izləri görəndə yaman təəccüblənmişdi.
Qoca Hudzon cəmiyyətində çalışan qulluqçuların qonşuluqda yaşayan, hərdən lap şəhərə girməkdən çəkinməyən və müqəddəs Bonifasi kilsəsinin yanındakı meşəni xüsusilə çox sevən canavar barədə söylədikləri əhvalatlara maraq və inamsızlıqla qulaq asırdı.
Milad axşamı, kilsə zəngləri səslənən kimi həmin meşədən tənha, kədərli bir ulartı yüksəldi və bu, Renonu bütün danışılanların həqiqət olduğuna inandırdı. O, canavarların bütün nəğmələrini əzbər bilirdi: kömək çağırışı, məhəbbət nəğmələri, tənhalıq çağırışı, döyüşə dəvət. Bu ulartı məhz tənhalıq çağırışı ilə Qoca çaya tərəf enib heyvana elə eyni ulartı ilə cavab verdi. Uzaq meşədən bir kölgə ayrılıb buzun üzəriylə kötüyün üstündə elə kötüyün özü kimi hərəkətsiz oturmuş adama tərəf getməyə başladı. Kölgə ona yaxınlaşdı, ətrafina hərlənib qoxuladı. Qoxulayan kimi də gözləri alışıb-yandı, qəzəblənmiş it kimi mırıldayıb yenidən zülmətdə görünməz oldu.
Beləliklə, Reno və onun dalınca şəhərlilərdən çoxu xəbər tutdular ki, küçələrdə nəhəng bir boz canavar dolaşır və o, bir zamanlar Qoqanın aşxanasının həyətində zəncirlənmiş heyvandan, azı, üç dəfə yekədir. O, itlərin bəlası idi, əlinə fürsət düşən kimi onları boğurdu və əllərində sübutları olmasa da danışırdılar ki, şəhər kənarında sülənən neçə-neçə iti parçalayaraq yeyib.
Bax onda qarlı meşədə gördüyüm Vinnipeq canavarı belə idi. Mən tənha heyvanın işinin pis olduğunu düşünərək ona kömək etmək istəyirdim. Lakin sonradan eşitdiklərim ilk təəssüratımı tamam dəyişdi. Bilmirəm ki, şahidi olduğum döyüş necə qurtardı, amma həmin canavarı o döyüşdən sonra görənlərin çox olduğu, bəzi itlərin isə izsiz-soraqsız yoxa çıxması mənə bəlli idi.
Beləliklə, hələ heç bir canavar bu cür qəribə həyat yaşamamışdı. Bu qəribə heyvan çöllərdə, meşələrdə yaşamaq imkanı ola-ola, şəhərdə çox riskli həyat tərzinə üstünlük verir, hər gün ölümün bir addımlığında olur, hər gün qəhrəmanlıq, cəsarət nümunəsi göstərirdi. İnsanlara və itlərə dərin nifrət bəsləyərək hər gün it sürülərini dağıdır, tək tutduğu heyvanları isə boğurdu. O, əyyaşları qorxudur, əlində tüfəng olan adamlardan gen gəzir, tələləri, zəhərli yemləri diqqətlə öyrənirdi bu təcrübəyə necə yiyələndiyi bəlli deyil, amma zəhərli tələ yemlərinin dəfələrlə yanından ikrahla ötüb-keçdiyi bəlli idi, Vinnipeqdə bir küçə yox idi ki, oradan keçməsin; elə bir polis nəfəri yox idi ki, səhərin boz işığında onun sayrışan, çətinliklə seçilən kölgəsini görməsin; elə bir it yox idi ki, qoca Sehrbazın qoxusunu xain küləkdən alanda qorxusundan tir-tir əsməsin. O, müharibə hərisiydi və düşməni bütün dünya idi. Amma bircə dəfə də olmamışdı ki, həmin canavar hansısa uşağın xətrinə dəysin.
Ninetta çöllükdə doğulmuşdu. Anası hindu qızı idi. Boz gözləri ona normandiyalı atasından miras idi və indi o, on altı yaşında gözəl bir qız idi - bütün əyalətin birinci gözəli. O, həmin ətrafların ən varlı, ən nüfuzlu adamına da ərə gedə bilərdi, amma qəlbinə sahib seçdiyi insan Pol Deroş olmuşdu. Suyuşirin oğlan, yaxşı rəqqas və babat skripka ustası olan Pol bütün ziyafətlərə, qonaqlıqlara daim dəvətlər alırdı, islaholunmaz əyyaş idi. Qıza elçi gələndə Reno onu qovmaqda düz etmişdi. Amma bunun bir nəticəsi olmadı.
Bütün qalan məsələlərdə müti olan Ninetta sevdiyi oğlandan vaz keçmək istəmirdi. Atası oğlana rədd cavabı verəndən sonra Pola vəd vermişdi ki, həmin günün səhəri onunla çayın qarşı sahilindəki meşədə görüşsün. Dərin qar örtüyünün içindən danışdıqları yerə gedəndə Ninetta arxasınca yekə, boz bir itin gəldiyinə diqqət yetirdi. Heyvan ona kifayət qədər mehriban təsir bağışladı və qız (o, həqiqətən də, hələ qız idi) qəti qorxmadı. Lakin Polun gözlədiyi yerə yaxınlaşanda yekə it qəzəblə mırıldayaraq irəli çıxdı. Pol diqqət yetirəndə canavarı tanıdı və sonuncu qorxaq kimi qızı qoyub qaçdı.
Sonradan deyirdi ki, guya, tüfəngini gətirmək üçün qaçırmış. Yəqin, silahının yerini də unutmuşdu, çünki evə getmək əvəzinə, yüyürüb ağaca dırmaşmışdı. Ninetta isə Polun məruz qaldığı təhlükədən camaatı xəbərdar etmək üçün buzun üstüylə evlərinə qaçmışdı. Ağacda tüfəng tapmayan cəsur cəngavər bir budaq kəsib ucuna bıçağını bağlayaraq canavarın başına ağrılı bir yara vurmağa müvəffəq oldu. Heyvan qəzəblə mırıldayıb bir az gerilədi, amma adamın ağacdan yerə enməsini gözləməkdə israrlı olduğunu aydın göstərirdi. Lakin ora bir dəstə adamın yaxınlaşması onun qərarını dəyişdi və heyvan çıxıb getdi.
Skripkaçı Pola öz hərəkətinin mənasını Ninettaya izah etmək başqalarına açıqlamaqdan asan idi: qız onu hələ də sevirdi. Lakin atası ona elə hədsiz nifrətlə dolu bir münasibət bəsləyirdi ki, cavanlar Polun it qoşqusunun sürücüsü kimi yollandığı Aleksandr fortundan qayıdan təki gizlincə nikaha girəcəkləri barədə qərar verməyə məcbur olmuşdular. Pol it kirşəsinin təcrübəli sürücüsü sayılırdı, çünki həddindən artıq qəddar idi.
Səhər tezdən, səfərqabağı bir qədər vurandan sonra Pol çayaşağı tərpəndi. Buzov kimi güclü və hündür, quldur kimi qəzəbli üç laykanın qoşulduğu kirşə buzun üstüylə şütüyürdü. Onlar Renonun sahildəki komasının yanından tam sürətlə keçdilər və Pol qamçısını şaqqıldadaraq kirşənin dalınca yüyürəyüyürə evlərinin kandarında durmuş Ninettaya əl elədi.
Tezliklə qəzəbli itlərdən və sərxoş sürücüdən ibarət qoşqu çayın döngəsində gözdən itdi və həmin vaxtdan bəri skripkaçalan Polu bir daha görən olmadı. Həmin axşam itlər Harri fortuna tək qayıtdılar.
Onlar bir neçə yerdən yaralanmışdılar, üstləri başdan ayağa laxtalanmış qan idi, amma nə qədər qəribə olsa da, heç ac deyildilər. Onların iziylə kəşfiyyatçılar yollandı. Onlar buzun üstündə Polun apardığı paketləri tapdılar; sahildə kirşənin qırıqları o yan-bu yana səpələnmişdi; paketlərdən azacıq aralıda isə skripkaçalana məxsus paltarın qalıqları vardı.
Aydın idi itlər sahiblərini parçalamış, öz sürücülərini yemişdilər.
İtlərin sahibi baş vermiş hadisədən yaman dilxor olmuşdu - buna görə itləri əlindən çıxa bilərdi axı. Şayiələrə inanmamaq qərarına gələrək hər şeyi özü yoxlamağı qət etdi, Reno isə onu müşayiət etmək üçün göndərildi; həmin yerə heç üç mil ötməmiş çatdılar və qoca kirşənin arxasındakı izlərə-çayın şərq sahilindən qərb sahilinə keçən çox iri izlərə işarə etdi. İtlərin sahibinə tərəf çönüb sınıq-salxaq ingilis dilində dedi:
- Böyük canavar kirşənin dalınca gedirdi.
Vəziyyəti belə görəndə izləri tutub çayın qərb sahilinə keçdilər. Gildonun meşəsindən o üzdə canavar çaparaq addımlarını yavaşıtmışdı, kirşəni təqib etmək dən vaz keçib, deyəsən, meşəyə üz tutmuşdu. Lakin Pol burada nəyisə yerə salır - bəlkə də, paketlərdən birini. Yerə düşmüş əşyanı qoxulayan canavar kirşədəkinin bir zamanlar başını yarmış sərxoş Pol olduğunu anlayır.
Bir mildən sonra canavarın buz ustundəki ləpirləri onun düz kirşənin dalınca getdiyinə dəlalət edirdi. Adam izləri artıq yox idi, çünki sürücü kirşəyə atılıb itləri qovurdu. Kirşəni yüngüllətmək üçün o, yükün kəndirlərini kəsir. Elə buna görə də paketlər yolboyu səpələnmişdi.
Aman Tanrım, gör itlər qamçı altında necə qaçırlar! Budur, Polun bıçağı qarın üstünə düşüb. Görünür, özünü canavardan qorumağa çalışanda əlindən salmışdı. Burada isə canavarın izləri yox olur, amma kirşə tam sürətlə gedir: canavar kirşəyə atılıb. Dəhşət içində olan itlər qaçışlarını sürətləndirirlər, amma canavar artıq kirşənin üstündədir. Bir dəqiqədən sonra hər şey bitir. Adam da, canavar da kirşədən yerə yıxılırlar. Canavarın izi sonra qərb sahildə yenidən görünür və tezliklə meşədə yox olur. Kirşə isə sol sahilə tərəf şütüyür, elə orada ağacın kökünə dəyib parça-parça olur. Qar qoca Renoya itlərin qoşquya dolaşaraq bir biriylə boğuşmasından, sonra itlərin qoşqunun yan qayışlarını qırıb azad olmasından, bir qədər gedəndən sonra onlara əzab verən insanın meyitini taparaq necə ziyafət etdiklərindən söz açır.
Burada yaxşı bir şey az idi, amma hər halda, itlərin üzərindən ağır ittiham götürülürdü. Məsuliyyət, heç şübhəsiz, canavarın boynunda idi və ilk qorxu dəmi keçəndən sonra Reno yüngülləşibmiş kimi nəfəsini dərərək belə deyir:
- Bu, Vinnipeq canavarıdır. Mənim qızımı Poldan xilas etdi. O, uşaqlara qarşı həmişə mehriban olub.
Polun ölümü Milad bayramlarına təyin olunan sonuncu böyük ov üçün bəhanə oldu. Ov balaca Cimin ölümündən düz iki il sonraya təyin olundu. Adama elə gəlirdi ki, bu ova ölkənin bütün itlərini gətirmişdilər. İtlərin arasında Polun idarə etdiyi qoşqudakı üç layka da vardı - itlərin sahibi bunu zəruri sayırdı - doqlar, ov itləri, nəslini tanımayan bir sürü həyət iti... Bütün səhər müqəddəs Bonifasi meşələrindən şərqdə yerləşən meşələrdə apardıqları uğursuz axtarışlarda ötdü. Lakin telefonla xəbər yetişdi ki, canavar izini Asini buan meşələrində, şəhərin qərbində görüblər və artıq bir saatdan sonra ovçular Vinnipeq canavarının isti izlərinə düşüb təqibə başlamışdılar.
Budur, sürətlə irəliləyirlər - bir sürü it, bir dəstə süvari, xeyli piyada kişi və oğlan. Canavar itlərdən qorxmurdu, amma bilirdi ki, adamların təhlükəli silahı tüfəngi olur. O, Asinibuan meşələrinin uzaqdan görünən tündrəngli xəttinə doğru yüyürdü, süvarilər üçün isə çöllük çox rahat idi və onlar tezliklə canavara çatıb ötərək onun ağzını geri çevirməyə müvəffəq oldular. O, Koloni-Kriq yarğanı boyunca var gücüylə yüyürüb başının üstündə vıyıldayan güllələrdən qurtula bildi. Sonra üzünü tikanlı məftildən ibarət çəpərə tutub onun üstündən sıçradı və süvarilərdən canını müvəqqəti olaraq qurtardı. Heyvan yenə də güllə yetişməyən dərəylə gedirdi. İtlər artıq ona yaxınlaşırdılar. Bəlkə də, onlarla təkbətək qalmaq canavarın ən böyük arzusu idi, qoy lap qırx-əlli köpəklə birdən qarşılaşsın. İndi artıq onu mühasirəyə almışdılar, amma heç biri yaxınlaşmağa cəsarət etmirdi. Arıq tazı öz sürətinə güvənərək yan tərəfdən soxulmaq istədi, amma canavarın kəllə zərbəsi onu yerə sərdi. Süvarilər dolayı yolla getməyə məcbur oldular və indi ov şəhərə bir qədər də yaxınlaşmışdı. Bu əyləncədə iştirak etmək istəyən adamlar, itlər şəhərdən tökülüşüb gəlirdilər.
Canavar yaxşı bələd olduğu şəhər sallaqxanasına tərəf döndü və atəş səsləri müvəqqəti olaraq kəsildi, çünki ovçular güllələrin itlərə dəyəcəyindən qorxurdular. İtlər isə canavarı üzük qaşı kimi elə sıx əhatə etmişdilər ki, daha qaçmağa yeri yox idi. O, sonuncu döyüşü üçün bir sığınacaq tapmaq ümidiylə ətrafına göz gəzdirdi və küçədəki arxın üstündən keçən ağac körpünü görən kimi onun altına girib gizləndi. Onda adamlar ling gətirib körpünü sökdülər. O, ölüm saatının yetişdiyini anladı və son nəfəsinin pişvazına, döyüşsüz təslim olmamağa hazır vəziyyətdə açıqlığa çıxdı. Və burada adamlar onu ilk dəfə gündüz işığında yaxşıca seyr etdilər. Budur o, itlərin sirli cəlladı, müqəddəs Bonifasi meşələrinin sədası, ecazkar Vinnipeq canavarı!
Nəhayət ki, üçillik mübarizədən sonra o, silahlı insanların kömək etdiyi qırx itlə üz-üzə durmuşdu. Amma düşmənlərini heç də bir zamanlar meşədə ilk dəfə şahidi olduğum hadisədəkindən az cəsarətlə qarşılamırdı. Dodaqlarını yenə də kinayəli təbəssümün işarəsi əymişdi, batmış böyürləri nəfəs alarkən azacıq qalxıb-enirdi, sarımtıl-yaşıl gözləri əvvəlki parlaqlığın daydı. İtlərin mühasirə dairəsi qapandı. Onlara tüklü, təcrübəsiz laykalar deyil, buldoq başçılıq edirdi. Neçə neçə ayağın tappıltısı birdən eşidildi. İt sürüsünün hürüşü bir anlıq qarışıq donqultuyla əvəz olundu. Canavarın çal dodaqları qalxaraq qırmızı çənələrini aydın göstərdi. İtlər ətrafa səpələndilər və canavar meydanda yenə tək qaldı. Bu güclü, qoca, qaraqabaq quldur hər cür hücuma hazır idi. İtlər üç dəfə ona soxuldular, hər üçündə də hücumları dəf olundu.
Döyüşçülərdən ən ürəkliləri artıq yerə sərələnmişdi. İlk ölən buldoq oldu. Artıq təcrübə toplamış itlər bir qədər geriləyirdilər, canavar isə heç yorğunluq əlaməti göstərmirdi. Bir dəqiqəlik hövsələsiz intizardan sonra o, bir neçə addım irəlilədi və təəssüf ki, atıcılara bayaqdan gözlədikləri əlverişli mövqeyi vermiş oldu! Üç atəş səsləndi və canavar özüinün döyüş yolunu başa vurub sakitliyə qərq oldu.
Canavarın ruhunu kim dərk edə bilər? Kim deyər ki, o, həmin an nə haqda düşünürdü?
Niyə o, bir belə məhrumiyyətlərə düçar olduğu şəhərin yaxınlığında yaşamağa üstünlük verirdi? Axı bütün ətraf sıx meşələr idi, nə qədər desən yet tapardın. İnanmıram ki, onun seçiminə qisas hissi təsir etmişdi: heç bir heyvan bütün ömrünü qisasa sərf etməz - bu xislət yalnız insana məxsusdur. Heyvanlar isə hüzur istəyirlər.
Beləliklə, onu şəhərə bağlayan bircə zəncir qalır və bu zəncir yer üzündəki hakimiyyətlərin ən qüdrətlisi, ən güclüsüdür - məhəbbət.
Canavar öldü. O vaxtdan bəri çox illər keçib, amma indi də müqəddəs Bonifasi kilsəsinin qarovulçusu israr edir ki, Milad axşamı, kilsə zəngləri çalınan kimi qon şuluqdakı meşəli məzarlıqdan, canavara sevmək öyrədən yeganə məxluqun - balaca Cimin əbədi sükunətə qovuşduğu məkandan cavab səslənir: çox kədərli və dərin dəhşət doğuran canavar ulartısı.
Gülnar Abbasova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.