Yaşlılığın ən böyük bəlası...

25-08-2024, 10:55           
Yaşlılığın ən böyük bəlası...
Bunu, qoca demirəm, yaşlıların və üzü yaşlılığa gedən hər kəsin bilməsi lazımdır.
Keçək, mətləbə, yaşlılığın ən böyük bəlası nədir...
Yoxsulluqmu, xəstəlikmi, itkimi, kimsəsizlikmi...
Heç biri...
Bunların hər biri ağır dərddir, amma böyük bəla deyil, faciə deyil, keçinmək olar.
O qədər cibində beş parası olmayıb, hörməti olan, görüşü arzulanan, məclislərdə yeri görünən, sözü eşidilən insan var ki.
O qədər can ağrılarını, ürək yaralarını dilə gətirməyən, təklikdə ağlayıb birlikdə gülən, dərdini tək çəkən, qəm-qüssəsini kimsəyə qıymayan insan var ki.
Dünyanı ürəyinə yerləşdirmiş o qədər kimsəsiz var ki...
Bu və bu kimi həyat işləklərinin heç biri bəla deyil...
Yaşlılığın ən böyük bəlası çox danışmaqdır! Çənəsi düşməkdir. Susmamaq, dinləyə bilməmək, ipin ucunu itirməkdir. Yaşlılığın ən çəkilməz tərəfi hədləri itirmək, zəvzəkliyə yuvarlanmaqdır.
Bu, göründüyündən çox-çox ciddi məsələdir. Ətrafı rəncidə salan, özünü təcrid edən, tənha qoyan məsələdir.
Bu, elə bir bəladır ki, (tibbdə buna depressiyanın bir növü deyirlər) insan artıq özünü görə bilmir, özünə nəzarəti itirir, öz səsini eşidə bilmir, ətrafdakılara yaşatdığı işkəncəni anlamır, hər kəsi yorduğunu, təngə gətirdiyini, bezdirdiyini hiss eləmir.
Gözünü aça bilsə övladların, kürəkənlərin, gəlinlərin, nəvələrin, bütün həyatı böyu xidmət etdiyi, yedirib gəzdirdiyi ən əzizlərin belə, sağdırlarsa bacı-qardaşın belə ondan qaçdığını görəcək.
Yox, görməyəcək, artıq gözünü aça bilmir. Artıq görmək duyğusu qeyb olub.
Bu xəstəlik təkcə yaşlıların arasında olmur, mən, Amerikadan gələnə Amerikadan danışan, Avropada yaşayana Avropa qanunlarından bəhs edən cavan bir xanım da tanıyıram. (Həccdən gələn mən, xəbər gətirən sən, məsələsi). Heç bir mövzuda susmayan, bilmirəm -deyə bilməyən cavanlar da az deyil. Bu da psixoloji pozuntudur.
Ötən günlərin birində... bir qohum məclisində idim. İldə iki, üç dəfə, hər dəfə birimizin evində bir araya gəlməyimiz var.
Bizim böyüklər çox yaxın olublar, ağır, ağıllı adamlar olublar, qoymayıblar qohumluq yadlaşsın, yoxsul-zəngin demədən get-gəli diri tutublar.
İndi zaman dəyişib, zəngin bacı yoxsul bacını saymır, pullu qardaş kasıb qardaşa üz vermir. Qohumlar yad, yadlar doğma olub, məsafələri pul və texnologiyalar diqtə edir.
Biz də zamanın ayağından uğursuzca sallaşmağa çalışan sonuncu nəsilik yəqin... qohumluğu qorumaq istəyirik. Dünyaya səpələnmiş övladlarımızı ildə bir dəfə görüşdürməyə çalışırıq. O da hər il alınmır.
Nə isə, sözüm onda deyil.
Belə ailə qonaqlıqlardan birinə, bizim gəlinlərdən biri özü ilə bir bacılığını gətirmişdi. Düz eləməmişdi, tanımadığın adam birdən birə qohumlar arasına düşməməlidi. Amma... bir iş idi, olmuşdu.
Bu xanım da nə xanım. Övladları, nəvələri amerikalarda, avropalarda, əri vəzifələrdə olub... elmi dərəcəsi də var, dünyanı gəzib, görüb, oxuyub... və unukal bir zəvzəyə çevrilib.
Susmur. Uçana, qaçana macal vermir. Ağlına belə gəlmir ki, qohum-əqrəba yığıncağıdı, dəvətlinin dəvətlisiyəm, burada məni tanımırlar, ilk dəfə bu evdəyəm... hər şeyin həddi var...
Uğursuz bir təsadüfdən... yan-yana oturduq...
Bilmirəm, fikir vermisiniz ya yox, zəvzək adamlar adətən məclisdə birini ovlayar, çənəsinin altına salar, deyər, döşəyər və sona qədər onun əhədini atar, yediyini, içdiyini burnundan gətirər, özünün kefi kökələr, rəngi durular.
O tələyə düşən ov usta olsa, ilk fürsətdə canını qurtarar, yerini, yeməyini buraxıb qaçar. Yox, mənim kimi utansa, yerini dəyişməyi ayıb saysa və ya durumu gec anlasa... günün travmasını alar.
Yemək bitmişdi, əmiqızım çay süfrəsində masaya köhnə bir albom qoymuşdu, albomda köhnə şəkillər... o şəkillərlə bağlı anılar, ötən günlərin xoş xatirələri... hamı bir idi, ötənlərin havasında idi... mən bu vampirin caynağında idim. Gah Parisdən danışırdı, gah Londondan, gah İstanbuldan...
Bacım arada dönüb dedi ki, o, ilin yarısını İstanbulda yaşayır. Bu sözü də eşitmədi. Dedi. Dedi. Dedi. Qoymadı görüm bizimkilər hansı fotoya baxırlar, nəyə gülürlər, nəyin tarixinə etiraz edirlər, nəyin gününü dəqiqləşdirirlər. Bu kimin toyudu, bu kimin ad günüdü. Qoymadı. Aman vermədi.
Elə yordu, elə əzdi, elə bil daş daşıtdırdı.
İlan, Fatma gəldi, Gülpəri gəldi, adına nə deyirsiniz deyin, yəni zəvzək arvad gəldi, qaç, məsələsi oldu.
Bundan sonra mən, dünyanı gəzmiş o xanımı görsəm ilan Gülpəridən qaçan kimi qaçaram, əmin olun.
Mənə bir görüş bəs elədi, bir də görsəm, başımı götürüb qaçaram. Bəs bu bədbəxtin övladları, yaxınları, əri, qardaşı, bacısı... hər gün üz-üzə olanlar gör nə çəkir... dəhşət...
Əlbəttə, bu hekayələri uyduranlar, gerçəkliyinə sözüm yoxdur, görünür, kişilərdir, bizim adlarımızı veriblər. Amma, dəqiq olmayan hesablarıma görə zəvzəklər kişilər arasında daha çoxdur. Və ya hesab bərabərdir, gender ədaləti yerindədir.
Zəvzəyin erkəyi, dişisi olmur, deyirlər.
Ey yaşlılar!
Yaşlaşmağa doğru gedənlər!
Və ya yaşlanmadan yaşlananlar!
Lütfən, ətrafınıza belə işkəncə verməyin. Yazıqdılar. Özünüz də yazıqsınız, həm üzürsünüz, həm üzülürsünüz.
Əziz yaşlılar! Ömrünüz boyu yedirib bəslədiyiniz çevrənizi özünüzdən perik salmayın. Özünüz perik salıb adlarını nankor qoymayın. Bir dəfə deyəndə, iki dəfə eşidin. O dediklərinizi artıq dəfələrlə demisiniz, əmin olun. Qarşınızdakını yormayın. Sizin bildikləriniz mütləq deyiləsi şeylər deyil, indi hamı hər şeyi bilir, bilməsə belə təngə gəldiyinə görə artıq sizdən eşitmək istəmir. Siz sadəcə gözdən düşürsünüz, çevrəniz yox olur, dostlarınız, tanışlarınız, qohumlarınız, həyatınızı verdiyiniz doğmalarınız belə sizdən bezir, qaçır, uzaq gəzir.
Bax, mən bir də o dünya görmüş xanımı harda görsəm, özüm ağırlığında sayqı göstərsələr belə o xanımla yanaşı oturmaram. İlan Gülpəridən qaçan kimi qaçaram. Amma gerçəkdən qadın dünyanı gəzmişdi, çox bilirdi, çox oxumuşdu, söylədikləri arasında maraqlı çox şey var idi. Yaxşı da yaddaşı vardı. Çox, lap çox bilirdi. Amma hədləri bilmirdi.
Bir daha deyirəm, çox danışmaq, hədləri bilməmək, həmsöhbətin dinləmək limitini hesablamamaq, dediyini demək, mütləq düzü bildiyini zənn etmək... xəstəlikdir, depressivlikdir. Bu, bəzən cavanlarda, ən çox yaşlılarda olur.
Mütləq müalicə alın. Yutub pulsuz müalicə video-məhsulları ilə doludur, axtarın, tapın, özünüzü idarə edin. Yazıqsınız. İlk növbədə özünüz yazıqsınız, çünkü özünüzü dəyərdən salırsınız.
Müdrik yaşlı olmq istəyirsinizsə, ən yaxın, əziz birinə tapşırın ki, gördün yaşım artdıqca sarsaqlayıram, artıq danışıram məni xəbərdar elə, ipimi yığ.
Yox, gördünüz ki, özünüzə gücünüz çatmır, artıq söz də təsir etmir... kənardan yardım istəyin, müalicə alın.
Lakin bundan ötrü ilk növbədə gərək öz xəstəliyinizi dərk edib qəbul etmiş olasınız. Öz halınızı görə bilməlisiniz.
Başqa cür olmur.
Allah ağlımızı almasın.
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.