LOBO

28-08-2024, 16:18           
( ERNEST TOMPSON SETON )
Yeni Meksikanın simalında maldarlar yaşayan böyük əyalət Kurrumpo adlanır. Oralar zəngin otlaq lar, nəhəng sürülər diyarı, adını bütün əyalətə vermiş Kurrumpo çayına tökülən irili-xırdalı təmiz, şəffaf sular ölkəsidir. Bütün bu ölkənin hökmdarı qoca, boz bir canavar idi,
Qoca Lobo Kurrumpo vadisini uzun illərdən bəri çapıb-talayan boz canavarlardan ibarət sürünün nəhəng başçısı idi. Bütün çobanlar, bütün maldarlar onu gözəl tanıyır və başının sadiq dəstəsiylə harada görünürdüsə, orada dəhşət bərqərar olurdu. Sürü yiyələri çarəsizlik içindəydilər. Qoca Lobo başqa canavarlardan boy-buxunuyla fərqlənir, bicliyi, gücü də elə qamətinə tuş gəlirdi. Onun gecə ulartısı bütün yerli sakinlərə əla tanış idi. Səsi bütün başqa canavarlardan uca çıxırdı. Adi canavar çobanların düşərgəsi yaxınlığında saatlarla ulayar, amma özünə diqqət cəlb edə bilməzdi, lakin dərədən qoca dəstəbaşının uca nəriltisi gələndə çobanların canına vicvicə düşürdü; onlar bilirdilər ki, ertəsi günün səhəri sürülərində çatmayan heyvanların hesabını apa racaqlar.
Lobonun sürüsü o qədər də böyük deyildi. Heç cür anlaya bilmirdim ki, niyə. Adətən, canavarlardan hansısa görkəmli yer tutanda ətrafına çoxlu tərəfdar yığır. Lakin Lobo, deyəsən, sürlisündə ürəyi istəyən qədər tərəfdar saxlayırdı; amma bu da ola bilərdi ki, onun qəzəbli xasiyyəti sürünün böyüməsinə əngəl olurdu. Bir şey bəllidir ki, həyatının son illəri Lobonun sürüsü yalnız beş canavardan ibarət idi, lakin onların hər biri özünün əzəmətli ölçüləriylə fərqlənirdi. Onların biri, Lobonun köməkçisi isə əsl nəhəng idi. Lakin da Lobodan gücdə, zirəklikdə geri qalırdı.
Bu dəstənin bir çox başqa üzvləri də kifayət qədər tanınırdı. Onlardan birinə - ağ rəngli gözəl canavara meksikalılar Blanka adı qoymuşdular. Güman edirdilər ki, o, dişi canavar, həm də Lobonun rəfiqəsidir. Digəri, sarı canavar sürətli qaçışı ilə fərqlənirdi və ovçular danışırdılar ki, o, ayaqdan iti antilopu belə neçə dəfə qovaraq tutub.
Bu canavarların həyatı onları məmnuniyyətlə məhv etməyə hazır olan heyvandarların həyatı SIX əlaqəli idi. İstənilən sürü yiyəsi Lobonun dəstəsindən hər hansı bir canavarın dərisinə çox buğasından keçərdi. Lakin onları heç bir üsulla öldürmək mümkün olmurdu. Canavarlar, sanki, ovçulara lağ edir, tələ yemlərinə yaxın durmur və azından son beş il ərzində Kurrumpo maldarlarından gündə bir inək xərac alırdılar. Vəziyyətdən çıxış edərək hesablasaq, canavarlar artıq iki mindən çox heyvan tələf etmişdilər. Onlar həmişə sürüdəki ən yaxşı inəyi aparırdılar.
Canavarın daim ac olması və nəyi desən yeyə bilməsi barədə qədim inanc həqiqətə heç uyğun gəlmirdi, çünki bu yırtıcılar kök, ətli-canlı, yeməklərində son dərəcə ehtiyatlı idilər. Onlar heç vaxt öz əcəli ilə ölən, xəstə, kirli, çobanların öldürdüyü heyvanlara yaxın durmurdular. Adətən, nahara parçaladıqları biryaşar düyənin ən dadlı yerlərini seçirdilər. Qoca öküz, ya da inəkdən iyrənirdilər. O da məlumdur ki, qoyun ətiylə heç araları yox idi, baxmayaraq ki məzə üçün qoyunları öldürdükləri də tez- tez olurdu. Bir dəfə 1893-cü ilin noyabrında Blanka və sarı canavar iki yüz əlli qoyunu parçalamışdılar, amma bircə dənəsinin də dadına baxmamışdılar.
Mən burada həmin dəstənin maldarları müflis edən basqınlarına nümunə kimi çox hadisədən misal gətirə bilərdim. Hər il onları öldürmək üçün yeni üsullar fikirləşir, sınaqdan keçirirdilər, amma heç birinin faydası olmurdu və canavarlar düşmənlərinin bütün fəndgirliyinə, bütün səylərinə baxmayaraq, kefikök həyatlarına davam edirdilər.
Lobonun başına böyük mükafat təyin olunmuşdu. Onu zəhərləməyə çalışırdılar, amma heyvan zəhərdən həmişə xəbər tutur, yemə dəyməyərək canını qurtarırdı. Yalnız bir şeydən qorxurdu - odlu silahdan. Əyalətin bütün sakinlərinin yanında silah gəzdirdiyini bildiyindən Lobo heç vaxt adamlara hücum etmir, onlarla üzbəüz gəlməməyə çalışırdı. Dəstə öz kəşfiyyat çılarından adam gördükləri barədə siqnal alan kimi yaxınlaşan şəxsin hansı məsafədə olmasından asılı olmayaraq, həmişə qaçmağa üstünlük verirdi. Lobo sürüsünə yalnız özünün öldürdüyü heyvanları yeməyə icazə verirdi və bu, heyvanların nicatı idi. Onun incə duyğusu insan əlinin, zəhərlərin qoxusunu o dəqiqə hiss edirdi. Məhz elə buna görə də Lobonun sürüsü daim təhlükəsizlikdə idi.
Bir dəfə bir kovboy qoca Lobonun ona çox yaxşı tanış olan çağırış dolu ulartısını eşidir və xəlvətcə yaxınlaşanda canavar sürüsünün bir dəstə inəyi mühasirəyə aldığını görür.
Lobo bir kənarda, təpənin üstündə oturubmuş, Blanka isə qalan canavarlarla bir yerdə cavan inəyi tutmağa çalışırmış. Lakin inəklər sıx durub düşmənin qarşısına buynuzlardan sipər çəkibmişlər.
Axırda Lobo hövsələdən çıxıb təpədən enir, boğuq bir nərilti ilə sürüyə cumur. Qorxmuş heyvanlar onun qarşısından çəkilirlər və o, sürünün düz ortasına girir. İnəklər partlayan bombanın qəlpələri kimi pərən-pərən düşürlər. Canavarların tutmaq istədiyi inək də qaçmaq istəyir, amma heç iyirmi beş addım atmağa macal tapmamış Lobo ona çatır. Düyənin boynundan yapışaraq var gücüylə ona bir zərbə endirib yerə yıxır. Zərbə elə qüvvətli imiş ki, düyənin ayaqları göydə qalır. Lobo da yıxılır, amma elə həmin an sıçrayıb yerindən qalxır. Qalan canavarlar o dəqiqə yazıq düyənin üstünə cumurlar və bir neçə saniyədə işini bitirirlər. Lobo bu qətldə iştirak etmir. Öz qurbanını yerə yıxanda o biri canavarlara, sanki, bunu demək istəyirdi:
“Niyə sizdən kimsə bunu məndən əvvəl etmədi? Niyə boş yerə bu qədər vaxt itirdiniz?"
Bütün bunların şahidi olan kovboy ucadan qışqıra - qışqıra atını onların üstünə sürür və canavarlar həmişəki kimi qaçıb dağılırlar. O, cibindən strixninlə dolu şüşə çıxarıb zəhəri cəld cəmdəyin üç yerinə tökür və canavarların özləri öldürdüyü düyəni yemək üçün qayıdacağını dəqiq bildiyindən çıxıb gedir. Lakin ertəsi gün səhər zəhərin qurbanlarına baxmaq üçün gələndə görür ki, canavarlar düyəni yesələr də, bütün zəhərli hissələrini səliqəylə ayıraraq bır kənara tullayıblar.
Bu nəhəng canavardan qorxu maldarların arasında getdikcə daha çox yayılırdı və ilbəil onun başı üçün ayrılan mükafat da arta-arta gedərək, nəhayət, min dollara çatmışdı. Bu, bir canavarı öldürmək üçün təyin olunmuş misilsiz məbləğ idi.
Mükafata şirniklənən texaslı ovçu Tennerey bir dəfə Kurrumpo dərəsinə gəlir. O, canavar ovu üçün lazım olan hər şeyin əlasını yanında götürmüşdü, gözəl tüfəngi, əla atları və güclü çobanitilərindən ibarət bir dəstə köpəyi vardı. Texasda öz itləriylə yerdə az canavar öldürməmişdi və elə buna görə də arxayın idi ki, bir neçə gündən sonra qoca Lobonun dərisi yəhərinin qaşından sallanacaq.
Budur, səhər tezdən, dan yeri təzə söküləndə cəsarətlə ovuna başlayır və tezliklə köpəklər izə düşdüklərini sevincək hürüşləriylə xəbər verirlər.
Canavarları iki mil aralıda görmüş, görən kimi də ciddi təqibə başlamışdılar. Qoyun itləri yırtıcıları yalnız ovçu yetişənədək ləngitməliydilər. O isə çatan kimi heyvanları güllələyəcəkdi. Bunu Texasın düzənliklərində etmək çətin deyildi, amma bu yerlərin şəraiti tamam başqa idi. Qoca Lobo yer seçməkdə mahir idi. Kurrumpo çayının və onun qollarının qayalı dərələri düzənliyi bütiin istiqamətlərdə kəsirdi. Qoca canavar təqibi duyan kimi bu dərələrin ən yaxındakına üz qoydu və ondan keçərək ovçudan yayındı. Lobonun sürüsü müxtəlif tərəflərə dağıldı, heyvanların dalınca düşmüş itlər də pərən-pərən oldular. İtlər təzədən birləşəndə isə, təbii ki, neçəsi əskik gəldi. Tennerey axşam itlərini çağıranda yalnız altısını gördü və onlardan ikisi də bərk yaralı idi. Lakin ovçu öz niyyətindən yenə əl çəkmədi və Kurrumpo kralının skalpını keçirmək üçün daha iki cəhd göstərdi, hər ikisi də uğursuz oldu. Sonuncu cəhdi onun ən yaxşı atının yıxılıb tələf olması bahasına başa gəldi. Vəziyyəti belə görəndə Tennerey artıq Lobonu ovlamaq fikrindən daşındı, Kurrumponu Lobonun despotik hakimiyyətinə buraxıb Texasa döndü.
Növbəti il mükafata şirniklənən daha iki ovçu peyda oldu.
Onların hər biri məşhur canavarın öhdəsindən məhz özünün gələcəyini düşünürdü. Onlardan biri bunu yenicə kəşf edilmiş, məxsusi yolla tətbiq olunan zəhərdən istifadə etməklə həyata keçirmək istəyirdi. Digəri - Kanadadan olan bir fransız isə zəhərlə yanaşı, tilsimə də ümidvar idi, çünki Lobonun adi canavar deyil, məhz qulyabanı olduğuna, onu bəsit yollarla öldürməyin qeyri-mümkünlüyünə möhkəm əmin idi.
Lakin nə ustalıqla hazırlanmış zəhərlər, nə də cadu, tilsim boz yırtıcının öhdəsindən gələ bilmədi. O, gündəlik basqınlarını elə əvvəlki kimi ustalıqla həyata keçirərək ziyafətlər verirdi. Heç neçə həftə keçmədi ki, ovçular naümid olaraq öz cəhdlərindən əl çəkdilər və ov üçün başqa yerlərə üz tutdular.
Co Kalonun ferması Kurrumponun xırda qollarından birinin üzərində, qayalar arasındakı gözəl dərədə yerləşirdi.
Onun evindən haradasa cəmi min yard aralıda Lobo ilə rəfiqəsi Blanka yuva qurub dünyaya balalarını gətirmişdilər.
Onlar bütün yayı orada yaşayaraq Coya məxsus mal-qaranı, heyvanları qırmaqla məşğul oldular: inəklərini, qoyunlarını, itlərini; elə bil, onun bütün fəndlərinə, zəhərlərinə, qurduğu tələlərə gülürdülər. Canavarlar mağaralar və qayalı uçurumların arasında tam təhlükəsiz şəraitdə yaşayırdılar, Co isə heyvanları yerlərindən çıxarmaq üçün, onları dinamitlə öldürməkdən ötrü nəsə yeni bir üsul düşünmək üzərində baş sındırırdı. Lakin yırtıcılar onun əlindən sağ-sala mat qurtulur və elə əvvəlki kimi basqınlarını davam etdirirdilər.
- Bax, Lobo bu yayı burada keçirib, - Co qayalı sıldırıma işarəylə dedi. - Əlimdən heç bir şey gəlmədi. Axmaq yerinə qoydu məni.
Kovboyların söhbətləri məni elə də inandırmırdı, ta ki 1893-cü ilin payızında özüm bu fəndgir quldurla şəxsən tanış olana, onu başqalarından yaxşı tanıyanadək.
Bir neçə il qabaq, hələ Binqo sağ olanda mən canavar ovuyla məşğul olurdum. Lakin həmin vaxtdan etibarən məşğuliyyətim dəyişmişdi, mən artıq stula, yazı masasına bağlanmışdım. Həyat tərzimi dəyişməyə çox ehtiyacım vardı və Kurrumpoda ferması olan bir dostum məni Yeni Meksikaya, bu qarətçi canavar sürüsünun öhdəsindən gəlib-gəlməyəcəyimi yoxlamağa dəvət elədi və bu dəvətini o dəqiqə qəbul etdim.
Səbirsizlikdən alışıb-yanaraq Kurrumpoya tələsdim. O yerlərlə tanış olmaq üçün ilk günlər at belində hər tərəfi gəzib-dolaşdım. Bələdçim tez-tez hələ üstün də dərisi qalmış inək sümükləri tapıb mənə nişan verir, deyirdi: Bax, bu, onun işidir!
Mənə aydın oldu ki, belə vəhşi qayalıqlarda Lobo nu itlərlə, at belində təqib etməyin heç mənası yoxdur. Bu məqsədlə yeganə yararlı vasitə tələ və zəhər ola bilərdi.
Bu qulyabanı-canavarın öhdəsindən gəlmək üçün əl atdığım bütün mümkün üsulların, fəndlərin təfərrüatına varmaq istəmirəm. Strixnin, arsen və sinil turşusunun elə bir qarışığı qalmadı ki, Lobonu zəhərləmək üçün istifadə etməyim. Elə növ ət qalmadı ki, tələ yemi kimi qoymayım. Lakin hər səhər əməyimin nəticəsini öyrənmək üçün yollananda əmin olurdum ki, bütün cəhdlərim boşa çıxıb. Canavarların qoca sultanı həddindən ziyadə bic idi mən onu aldada bilmirdim.
Onun qəribə duyumunu göstərmək üçün bircə misal gətirmək kifayətdir. Mən bir qoca ovçunun məsləhətiylə azca pendiri indicə öldürülmüş düyənin böyrək yağıyla əritdim; pendiri sümük bıçaqla kəsdim ki, dəmir iyi verməsin. Qatışıq soyuyandan sonra onları tikələyib hər parça sında deşik açdım, içinə böyük doza strixnin və kalium-sianid dolu, heç bir qoxusu olmayan kapsullar qoydum. Sonra deşikləri pendirlə tutdum. İşimi görəndə düyənin ilıq qanına bulaşdırdığım əlcəklərimi əlimdən heç çıxarmadım və çalışırdım ki, öz nəfəsimi düzəltdiyim tələ yeminə verməyəm. Hər şey hazır olandan sonra yemi xam dəridən olan, tamam qana bulaşdırdığım kisənin içinə qoydum və arxamca öküzün qaraciyəri və böyrəklərini ipə bağlayıb sürüyə-sürüyə apardım. On millik bir dövrə vurdum, hər dörddəbir mildə tələ yeminin bir tikəsini əlimi vurmadan tulladım.
Lobo bu yerlərdə hər həftənin əvvəlində görünürdü, qalan vaxtlarını isə, görünür, haradasa Syerra Qrandenin ətəklərində keçirirdi.
Hadisə bazar ertəsi olmuşdu və elə həmin axşam, biz artıq getməyə hazırlaşanda mən canavar ulartısı eşitdim. Kovboylardan biri qısaca dedi:
- Hə, bu da o! İndi baxaq görək nə olacaq.
Ertəsi gün mən fəndlərimin nəticəsinə baxmağa tələsərək qayıtdım. Lobonun başçılıq etdiyi dəstənin izinə çox tez düşdüm. Onun ləpirlərini seçmək çətin deyildi, çünki adi canavar izindən xeyli iriydi.
Canavarlar dalımca sürüdüyüm ətin qoxusunu tez almışdılar. Əmin oldum ki, Lobo yemə birinci yaxınlaşıb, onu qoxulayıb və axırda götürüb.
Mən sevincimi gizlədə bilmədim.
- Nəhayət ki, ilişdi! - çığırdım. - Tezliklə onu ölmüş vəziyyətdə görəcəyəm.
Gözlərimi Lobonun tozlu torpağa saldığı yekə izlərdən çəkməyərək atımı irəli çapdım. İzlər məni ikinci yemi atdığım yerə apardı, bu yem də yerində deyildi.
Necə sevinirdim! - Hə, indi əlimə keçəcək! Hələ, yəqin, sürüsünün başqa canavarları da olacaq. Lakin enli izləri yoldan kənara çıxmırdı və mən yəhərdən nə qədər boylansam da, heç yanda ölü canavar görə bilmirdim.
Yoluma davam etdim və üçüncü yemin, dalısınca da dördüncüsünün yox olduğunu gördüm. Artıq burada inandım ki, Lobo onların heç birini udmayıb, sadəcə, ağzına yığaraq aparıb, sonra da bir yerdə qalaqlayaraq özünün nəcisi ilə murdarlayıb ki, mənim fəndimə bu yolla nifrətini göstərsin. Bunu eləyəndən sonra tamam başqa səmtə dönüb, ayıq-sayıq qoruduğu sürüsüylə bir yerdə öz işlərinin dalınca gedib...
Mən bu quldurların öhdəsindən zəhərlə gəlməyin qeyri-mümkünlüyünü isbat edən çoxlu hadisədən birini misal gətirdim. Özüm isə tələ sifariş etdim və onlar gəlib çıxana kimi preriyadakı adi canavarları və digər yırtıcıları qırmaqla başımı qatdım.
Bir dəfə isə Lobonun qeyri-adi bicliyinə dəlalət edən daha bir hadisənin şahidi oldum. Ona tabe olan canavarlar hərdən yalnız əylənmək xatirinə qoyunları qorxudub qaçırır, öldürürdülər, amma onları çox nadir hallarda yeyirdilər. Qoyunlar, adətən, bir neçə min baş sürülərlə, çobanların nəzarəti altında otlayırdılar. Gecələr onları haradasa qonşuluqda yerləşən etibarlı ağıllara salır və ağılın hər tərəfində çoban yatır. Qoyunlar o qədər küt heyvandırlar ki, hər xırda şeydən qorxub hara desən qaça bilərlər, amma hər halda, onların da öz başçılarının dalınca düşmək adətləri var. Çobanlar, adətən, qoyunların bu şakərindən istifadə edərək sürüyə yarım düjün keçi də qatırlar. Qoyunlar bu saqqallı qohumlarının ağıl sarıdan üstünlüyünü qəbul edirlər və əgər gecə nəsə bir hadisə baş versə, mütləq onların ətrafına toplaşırlar.
Noyabrın axırlarında bir gecə hər iki çoban canavarların basqınına oyanır. Baxanda görürlər ki, bütün sürü kütbeyin, qorxaq olmayan, öz mövqelərini cəsarətlə müdafiəyə hazır keçilərin ətrafinda sıxlaşıb. Lakin təəssüf ki, bu basqına başçılığı adi canavar etmirdi. Qoca Lobo - bu qulyabanı-canavar çobanlardan pis bilmirdi ki, sürünün bütün mənəvi gücü məhz keçilərdədir və ona görə də bir-birinə sıxlaşmış qoyunların bellərindən cəld sıçrayıb başçılarına hücum çəkərək onun işini bir göz qırpımında bitirir. Biçarə qoyunlar isə hərəsi bir tərəfə dağılır.
Həmin hadisədən sonra neçə həftə ərzində həyə canlı çobanlar mənə bu sualla müraciət edirdilər:
- Sizin rastınıza Oto damğası olan qoyun çıxmayıb ki?
Mən də onlara, demək olar həmişə belə cavab verməli olurdum:
- Hə, Brilyant bulağının yanında beş-altı qoyun leşinə rast gəlmişəm. Ya da:
- Yox, mən özüm görməmişəm, amma Xuan Meyr iki gün qabaq Kedr təpəsində canavarların təzəcə boğduğu iyirmiyə yaxın qoyun görüb.
Nəhayət, canavar tələləri gəlib çıxdı və mən öz köməkçilərimlə düz bir həftə işlədik ki, onları quraşdıraq. Heç nədən qızırqalanmırdıq və mən uğurumuzu təmin edə biləcək bütün yollardan istifadə etməyə çalışırdım. Tələləri quraşdırandan bir gün sonra onlara baş çəkməyə çıxdım və tezliklə Lobonun izinə düşdüm: bir tələdən o birisinə aparırdı. Bu izlərdən onun gecə sərgüzəştlərini oxudum.
Tələlərin yaxşıca gizlədildiyinə baxmayaraq, o, qaranlıqda dolaşıb onlardan birincisini tapır. Sürü sünü dayandırıb tələnin ətrafındakı torpağı səylə qazmağa başlayır və tələnin özünü, zəncirini və kötüyü də aşkarlayır. Tələni elə açıq qoyaraq yoluna davam edir və qalan tələlərin başına da eyni oyunu açır. Tezliklə fikir verdim ki, o, yolda şübhəli şey görən təki ayaq saxlayıb səmtini dəyişirdi.
Burada ağlıma yeni plan gəldi: tələləri H hərfi şəklində, yəni cığırın hər tərəfində sırayla yerləşdirdim, ortasında isə daha birini qurdum. Lakin növbəti uğur suzluğumu anlayana kimi çox çəkmədi.
Lobo cığırla getmişdi və artıq iki paralel sıranın ortasına çatanda yolu kəsən həmin o tək tələni görmüşdü. Heyvan vaxtında dayanmışdı.
Məsələnin nə yerdə olduğundan necə xəbər tutduğunu deyə bilmərəm. Amma Lobo dayandığı yerdən nə sağa, nə də sola çönməmişdi; ayaqlarını ehtiyatla öz izlərinə basaraq təhlükəli yerdən çıxana kimi daldalı getmişdi. Sonra tələlərə əks tərəfdən yaxınlaşaraq dal ayaqlarıyla onların üstünə torpaq-daş tökməyə başlamış və tələlərin hamısı şaqqıltıyla qapanmışdı.
O, eyni işi bir çox başqa hallarda da edirdi və mən nə qədər rəngarəng üsullardan istifadə etsəm də, o, həmişə canını salamat qurtarırdı. Yəqin, o, öz soy ğunçu basqınlarını indiyədək davam etdirəcəkdi, əgər onu ölümə aparan, təklikdə məğlubedilməz qalaraq yalnız inandığı bir dostunun ehtiyatsızlığı ucbatından həlak olan qəhrəmanlardan ibarət əzəmətli siyahıya yazılmış uğursuz bağlılığı olmasaydı.
Mən bəzi əlamətlərdən bilirdim ki, canavar sürüsündə hər şey yaxşı deyil; məsələn, hərdən o qədər də böyük olmayan bir canavarın qoca dəstə başçısından qabaqda qaçdığını görmək olardı. Bu, mənim üçün anlaşılmaz idi. Amma bir dəfə kovboylardan biri dedi: Mən onları bu gün gördüm. Qabaqda, dəstədən ayrı qaçan Blankadır.
Bu yerdə hər şeyi anlayıb əlavə etdim:
İndi mən bilirəm, Blanka dişidir, çünki əgər erkək olsaydı, Lobo onun işini elə o dəqiqə bitirərdi.
Bu məsələ mənim ağlıma tamam yeni bir fikir saldı. Bir düyə kəsib cəmdəyin yanında iki dənə tələ qurdum. Sonra heyvanın gərəksiz sayılan, canavarların diqqətini cəlb etməyən başını kəsib bir qədər aralıda qoydum, ətrafına isə qoxusu duyulmasın deyə yaxşıca küləyə verdiyim altı dənə polad tələ yerləşdirib üstünü basdırdım. Bu işləri görərkən əllərim, çəkməm və istifadə etdiyim alətlərin hamısı təzə qana bulaşmışdı. Mən həm də ətrafa bu qandan çilədim, sanki, düyənin başın dan axmışdı. Tələlərin üstünü basdırandan sonra mən onların üstünə səpdiyim quma çaqqal dərisiylə toxun dum, onun pəncəsiylə də ətrafa çoxlu iz saldım. Kəlləni elə qoydum ki, onunla kolluğun arasında dar bir keçid qaldı. Bu keçiddə özümün ən yaxşı tələlərimi quraraq onları inək başına bərkitdim.
Canavarların yemək fikirləri olmasa da, duyduqları hər leşə yaxınlaşmaq adəti vardı; odur ki ümid edirdim Kurrumpo sürüsü də bu adətə sadiq qalaraq mənim tələmə düşəcək. Heç şübhə etmirdim ki, Lobo mənim ətlə çıxardığım oyunları aşkarlayacaq, sürüsünü ora yaxın buraxmayacaq. Amma hər halda, inəyin kəlləsinə müəyyən ümidlərim qalırdı. O isə kənardan elə görünürdü ki, sanki, tamam lazımsız bir şey kimi tullamışdılar.
Ertəsi günün səhəri biz qabaqca tələləri yoxlamağa getdik.
Və budur - ura! - orada canavar izləri aydın görünürdü, amma kəllə qoyduğum tələ yerində yox idi. Tələsik izlərə baxıb əmin olduq ki, Lobo, həqiqətən, öz dəstəsini ətə yaxınlaşmağa qoymamışdı, amma bir dənə nisbətən kiçik canavar, çox güman, kəlləni qoxulamaq üçün yaxınlaşıb və elə o dəqiqə də tələyə düşüb.
Biz izləri tutub getdik və heç bir mil keçməmiş həmin bədbəxt canavarın Blanka olduğunu gördük. Lakin o, qaçışını davam etdirirdi, düyənin ağır kəlləsi ona mane olsa da, o, mənim piyada gedən yoldaşımdan sürətli hərəkət edirdi. Qayalığa çataçatda onu haqladıq, çünki düyənin buynuzları daşlara ilişərək dişi canavarı tərpənməyə qoymurdu.
Mən ömrüm boyu Blanka qədər gözəl canavar görməmişdim. Onun narın sıx tükləri, demək olar ki, bəyaz idi.
O, bizə tərəf çöndü ki, mübarizəyə başlasın və uladı. Bu, sürəkli, çağırış dolu bir ulartı idi. Budur, uzaqdan, düzənlikdən qoca Lobonun cavab ulartısı səsləndi. Lakin o, dişi canavarın sonuncu ulartısını eşitmişdi, çünki biz onu artıq sıx mühasirəyə almışdıq və bütün qüvvələrimiz onunla mübarizəyə yönəlmişdi.
Sonra isə labüd faciə baş verdi və hər dəfə onu xatırlayanda bütün vücudumdan üşütmə keçir. Biz lassonu yazıq dişi canavarın başına atdıq və atlarımızı müxtəlif səmtlərə sürdük. Onun ağzından qan gəldi, gözləri dondu, pəncələrini əvvəlcə uzatdı, sonra halsız şəkildə salladı. Arxamızca ölü canavarı sürüyərək geri döndük. Sevinirdik ki, Lobonun sürüsünə, nəhayət ki, ölümcül zərbə vura bilmişdik.
Lobonun ulartısını mütəmadi eşidirdik. Görünür, o, Blankanı axtarırdı. O, dar ayaqda rəfiqəsini tərk etmək istəmirdi, lakin onu xilas etmək iqtidarında olmadığını anlayaraq odsaçan silahlar qarşısında qorxusuna üstün gələ bilmədi: geri çəkildi.
Bütün həmin gün ərzində onun şikayət dolu ulartısını eşitdik və mən kovboylardan birinə dedim:
- İndi mən artıq şübhə etmirəm ki, Blanka, həqiqətən, onun rəfiqəsi imiş.
Axşamayaxın, deyəsən, Lobo bizim dərəyə yaxınlaşmağa başlamışdı, çünki səsi getdikcə daha yaxından gəlirdi. Bu səsdə qüssə vardı. O, qabaqkı kimi qəzəblə deyil, şikayətlə ulayırdı. Sanki, öz rəfiqəsini çağırırdı: Blanka, Blanka! Axırda, görünür, onun izini tapdı və öldürüldüyü yerə çatanda onun ağzından adamın ürəyini parçalayan, şikayətli bir ulartı çıxdı. Əvvəllər heçı bilməzdim ki, bu səsə qulaq asmaq mənim üçün bu dərəcədə çətin olar. Sərt kovboylar da bu ulartıya məəttəl qalmışdılar.
Lobo gözəl başa düşdü ki, nə baş verib, çünki Blankanın qanı bulaşmış torpağı da görmüşdü. O, atların izinə düşüb düz fermaya kimi gəlmişdi. Bəlkə də, ümid edirdi ki, Blankanı orada tapacaq, ya da, bəlkə, elə intiqamını almaq istəyirdi - bilmirəm. Lakin qisasını ala bildi: darvazanın ağzında itimizi tutaraq apardı, fermadan əlli addım o tərəfdə tikə-tikə parçaladı. Bəlli idi ki, bu dəfə tək gəlmişdi, çünki səhər yalnız onun izlərini gördüm. İzlərdən nəticə çıxarsaq, canavar fermanın ətrafında dəli kimi dolaşırmış. Mən də buna ümid edirdim və ona görə də bütün otlağa əlavə tələlər yerləşdirdim. Sonradan gördüm ki, Lobo həmin tələlərin birinə düşmüş, lakin güclü olduğundan canını qurtara bilmişdi.
Mən təxmin edirdim ki, Lobo Blankanın leşini tapana kimi buraları axtaracaq; odur ki canavarı hələ sakitləşənə kimi tutmağa çalışırdım. Burada başa düşdüm ki, Blankanı öldürməklə necə böyük səhvə yol
vermişəm. Ondan canlı tələ yemi kimi istifadə edib Lobonu elə ilk gecə tuta bilərdim.
Bütün tələlərimi topladım. Yüz otuz dənə polad canavar tələsi varım idi və onları dərəyə aparan hər cığırın üstünə dörd-dörd qoydum. Hər tələ ayrılıqda bir tirə bərkidilmişdi və tirin üstü torpaqlanmışdı. Onları basdıranda mən ot örtüyünü səliqəylə brezentin üstünə elə düzürdüm ki, sonradan qaytarıb yerinə qoyanda heyvan bura insan əli dəydiyindən heç xəbər tutmasın.
Tələləri gizləyəndən sonra mən yazıq Blankanın leşini onların arasından çəkib apardım. Sonra pəncələrindən birini kəsərək hər tələnin üstündə izlərini saldım. Bütün ehtiyat tədbirlərini görmüşdüm, bildiyim bütün bicliklərə əl atmışdım və nəhayət, axşamdan xeyli keçmiş çıxıb getdim. Gecə mənə elə gəldi ki, Lobonun səsini eşitdim, amma buna əmin deyildim. Ertəsi gün at belində tələləri yoxlamağa yollandım, lakin bütün nöqtələri gəzməyə macal tapmamış qaranlıq düşdü, əliboş geri döndüm. Şam vaxtı kovboylardan biri dedi:
- Bu gün səhər şimal dərəsindəki mal-qara yaman narahat idi. Görəsən, tələyə heyvan düşməyib ki? Yalnız ertəsi günün səhəri həmin kovboyun bəhs etdiyi yerə, nəhayət ki, yetişdim. Yaxınlaşanda gördüm ki, yerdən iri, boz bir kölgə qalxaraq qaçmaq istədi. Bir də gördüm ki, qarşımda Kurrumponun dəhşəti Lobo durub. Tələlər onu möhkəm tutmuşdu. Yazıq qoca qəhrəman! O, öz rəfiqəsini axtarırdı və onun bədəninin izlərini görəndə ağlını itirib irəli atılmış, tələyə düşmüşdü. Dörd polad məngənə onun bütün ayaqlarını sıxmışdı. O, tamamilə köməksiz, zavallı bir vəziyyətdə idi və ətrafındakı saysız-hesabsız izlər isə ona dəlalət edirdi ki, mal-qara ona sataşmaqı üçün başına yığışıbmış, amma lap yaxınlaşmağa yenə də ürək etməyiblər.
İki gün və iki gecə orada qalaraq canını qurtarmağa çalışıb özünü lap gücdən salmışdı. Amma buna baxmayaraq, mən yaxınlaşanda o qalxdı, tüklərini qabardaraq
uladı, sürüsünü son dəfə köməyə çağırdı. Amma kimsədən cavab gəlmədi və bəlaya düşmüş heyvan mənim üstümə atılmaq üçün son səyini göstərdi. Hər şey əbəs idi! Hər tələnin uç yüz funtdan artıq çəkisi vardı. Polad çənələr canavarın ayaqlarını bərk sıxmışdı. Onun iri köpək dişləri sərt zəncirlərdən yapışanda necə xırçıldayırdı! Mən ona tüfəngin lüləsiylə toxunmaq istəyəndə isə onun üzərində indiyə kimi də yaxşı seçilən diş izləri qoydu. Gözləri qəzəb və nifrətdən qaralmışdı, məni və ölüncə qorxmuş atımı tutmaq istəyəndə çənələri qəribə, boş bir səs çıxarırdı. Lakin heyvan acından, çoxlu qan itirdiyindən gücdən düşmüşdü və tezliklə halsız şəkildə yerə yıxıldı.
Onun başına başqa canavarların başına gətirdiyimi açmaq istəyərkən qəlbimdən peşmançılıq dalğası keçdi.
-Əzəmətli qoca yırtıcı, ey saysız-hesabsız qanunsuz basqınların qəhrəmanı, - ona müraciət etdim, - bir neçə dəqiqədən sonra sən leşə çevriləcəksən. Mən səninlə başqa cür davrana bilmərəm!
Başının üstündə vıyıldayan lassomu hərlədim.
Amma haradaydı! O, hələ tam tabe olmamışdı əsnək halqa onun boynuna keçməyə macal tapmamış dişləriylə ondan yapışdı, bircə qəzəbli hərəkətlə möhkəm liflərini kəsib ayaqlarının altına atdı.
Təbii ki, mənim tüfəngim vardı, lakin istəmirdim gözəl dərisini korlayım. Odur ki atımı geriyə, düşərgə yə çapdım və köməkçimlə, təzə lasso ilə qayıtdım.
Biz qurbanımıza bir parça ağac atdıq, canavar dişləriylə ondan yapışdı və Lobo ağacı buraxmağa fürsət tapmamış lassolarımız havada vıyıldayıb onun boynuna dolandı. Lakin Lobonun qəzəbli gözləri solmağa başlayanda köməkçimə çığırdım:
- Dayan, gəl onu öldürməyək! Diri tutub düşərgəyə aparaq.
Heyvan o qədər gücdən düşmüşdü ki, çənələrinin arasına köpək dişlərinin arxasından qalın ağac keçirib ağzını qalın kəndirlə bağlamaq çətin olmadı. Kəndirin özünü ağaca bağladıq. Ağac kəndiri, kəndir isə ağacı saxlayırdı və beləliklə, o artıq bizim üçün heç təhlükəli deyildi. Elə ki ağzının bərk-bərk bağlandığını hiss etdi, artıq müqavimət göstərmədi, heç cınqırını belə çıxarmadı, yalnız sakitcə üzümüzə baxır, sanki, deyirdi: Yaxşı. Nəhayət ki, mənə üstün gəldiniz, indi nə istəyirsiniz edin!.. Elə həmin dəqiqədən etibarən o artıq bizə heç əhəmiyyət vermədi.
Ayaqlarını möhkəm bağladıq, lakin bircə dəfə də inildəmədi, ulamadı, başını bizə tərəf çevirmədi. Sonra onu çətinliklə atımın belinə yıxdıq. Aramla, sakit, lap yuxudaymış kimi nəfəs alırdı və gözləri yenidən parlaq, aydın oldu. Amma bu gözlər bizə heç baxmırdı. Onun baxışları uzaqlara, məşhur sürüsünün dağıldığı geniş çöllərə yönəlmişdi.
Yolu aramla, tələsmədən gedib fermaya çatdıq. Orada boynuna möhkəm xalta, xaltaya da zəncir taxıb onu otlaqda bağladıq, ayaqlarından ipləri açdıq.
Burada mən ilk dəfə onu əməlli-başlı nəzərdən keçirdim və inandım ki, qəhrəmanlar haqda nağıllara nə qədər az inanmaq lazımdır. Onun böyründə Tennereyin, bütün çobanitilərin başçısı Yunonanın köpək dişlərinin qoyduğu enli çapığı gördüm. Bu, Yunonanın cansız cəsədi uçurumun qumlarına sərilənə kimi onun bədənində qoyduğu izlər idi.
Mən onun yanına su, ət qoydum, amma yeməyə sarı heç baxmadı. O, sinəsini yerə verib sakitcə uzanmışdı, diqqətli sarı gözlərini məndən o yana, dərənin girişinə, daha uzağa - sultanlıq etdiyi çöllərə yönəltmişdi. Mən ona toxunanda o heç tərpənmədi də. Günəş qüruba doğru enəndə belə onun gözləri nəhayətsiz çölləri diqqətlə süzürdü.
Mən gözləyirdim ki, gecə o, öz sürüsünü çağıracaq və hətta bu görüşə hazırlaşırdım Lakin o artiq dəfə, çıxılmaz vəziyyətdə olanda çağırmışdı onda kimsə bu çağırışa cavab verməmişdi. O daha çağırmaq istəmirdi.
Deyirlər ki, gücünü itirmiş aslanın, azadlığı əlindən çıxmış qartalın və sevgilisindən ayrı düşmüş göyərçinin ürəyi partlayır. Məgər fikirləşmək olardı ki, bu qəzəbli yırtıcının ürəyi üçqat imtahana dözəcək? O, gücünü də, azadlığını da, rəfiqəsini də itirmişdi. Səhər açılanda o, istirahət edirmiş kimi sakitcə uzanmışdı. Amma artıq diri deyildi... Onun boynundan zənciri açdım. Kovboylardan biri onun cəsədini Blankanın leşini qoyduğumuz talvarın altına çəkməyə kömək etdi. Biz onu dişi canavarın yanına uzatdıq və kovboy dilləndi:
- Sən onu tapmaq istəyirdin? İndi daha heç kəs sizi ayıra bilməz!...
Gülnar Abbasova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.