Ölümdən dönən, filmə çəkilən, sahibini öldürən “Kinq”in hekayəti
29-08-2024, 15:18
Evində şir saxlayan bakılı ailənin dünyanı sarsıdan faciəsi
Evdə şir saxlayan bakılı Berberovlar bütün SSRİ-də məşhur idi. Ailə haqqında dəfələrlə mətbuatda yazılmışdı, tele-reportajlar çəkilmişdi. Hətta bu fenomen əsasında “Mənim şirim var” adlı bədii film lentə alınmışdı. Amma bu qeyri-adi hadisə bir gün faciə ilə yekunlaşdı.
***
Ailə başçısının adı da “Aslan oğlu Aslan” idi: Lev Lvoviç Berberov. O, 1914-cü ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunu (indi: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) bitirib. Müharibə illərində Moskvada, müharibədən sonra isə Stalino (indi: Donetsk) vilayətində işləyib, Stalino şəhərinin baş memarı olub, savaş illərində dağılmış şəhərin yenidən qurulmasına töhfə verib.
Evli olan Berberov Nina adlı daha gənc qadınla münasibət qurub, onunla 1960-cı illərin əvvəllərində Bakıya qayıdıb və burada evləniblər. Cütlüyün Yeva adlı qızı və Roma adlı oğlu olub. Roma 1966-cı ildə anadan olub, Yevanın təvəllüdü haqqında məlumat olmasa da, qardaşından böyük olduğu məlumdur.
Lev Lvoviç heyvanları sevirdi. Onun evində it, pişik, tutuquşu kimi ənənəvi ev heyvanları ilə yanaşı kirpi, yenot, hətta ilan vardı. Bir dəfə canavar balası belə saxlayırlar. Amma böyüyəndən sonra problem yaranır: Tomka adı verilən canavar evə girən adama toxunmur, amma çıxanda buraxmır. Ailə onu Bakı zooparkına verməli olur.
Nina Berberova: “Hər bazar günü Tomkaya baş çəkirdik: uşaqlarla qəfəsə girir və onu sevdiyi ərikli piroqla yemləyirdik”. Belə ziyarətlər zamanı Yeva qəfəslərdən birində kiçik miskin yumaq gördü və dedi: “Ana, bax, orada it balası can verir”. Mən cavab verdim: “Qızım, it deyil, şirdir, yəqin xəstələnib”.
Heyvanlar öz resurslarını daha faydalı sərf etmək üçün xəstə balalarını yemləmirlər. Həmin xəstə baladan da anası imtina etmişdi və o, ölümə məhkum idi. Nina Berberova zoopark müdirindən şir balasının onlara verilməsini xahiş edir.
Berberovlar Kinq adı verdikləri şiri veterinarın köməyi ilə müalicə edirlər. İşləməyən ön ayaqlarını da hər gün masaj edirlər və şir, nəhayət, yeriməyə başlayır. Hərçənd, defekt sonralar da özünü büruzə verir.
Kinq xasiyyətinin qeyri-adi həlimliyi ilə fərqlənirdi. Acıqlanan kimi bir küncə, ya da antresoldakı yerinə çəkilirmiş. Berberovların evində daha əvvəl məskunlaşan Çap adlı skotçteryer cinsindən kiçik it özünü daha səlahiyyətli hesab edirdi və əsəbiləşəndə Kinqin üstünə hürürdü. Şir də bu iyerarxiyaya etiraz etmirdi və dərhal stolun altına girib, gizlənirdi.
Evdə şir saxlayan ailə haqqında əvvəlcə Azərbaycan, sonra ittifaq mətbuatı yazdı. Mövzu hətta xarici mətbuatın diqqətindən yayınmadı. Bu da ailəyə xüsusi imtiyazların tanınmasına səbəb oldu. Respublika rəhbərliyinin göstərişi ilə Kinq hər gün ətlə təmin olunurdu.
Bina sakinləri isə bu qonşuluqdan məmnun deyildilər. Evinə gələndə, evindən gedəndə nəhəng yırtıcı ilə üzləşmək perspektivi heç də ürəkaçan deyildi. Evdən qonşulara pis qoxu yayılırdı: Kinq evdə yaşasa da, öz ərazisini işarələmək instinkti yox olmamışdı. Tükü tökülürdü və külək qonşuların mənzilinə aparırdı. Üstəlik, gecə-gündüz bilmədən, istədiyi vaxt nərə çəkməyi vardı. Amma qonşuların şikayətinə baxan yox idi.
***
1973-cü ildə SSRİ və İtaliya kinematoqrafçıları “İtalyanların Rusiyada ağlasığmaz macəraları” filmini çəkəndə şir roluna Kinqi dəvət etdilər. Filmin rejissoru Eldar Ryazanov yazır ki, Lev Berberov ssenarini oxuyanda narazı qaldı: “Ssenari mənim Kinqimin imkanlarının yüzdə birini nəzərə almır. Kinq hər şeyi bacarır!”
Şir sahibinin bu sözlərinə inanan ssenaristlər mətnə şirlə bağlı əlavələr edirlər. Amma çəkiliş başlayanda peşman olurlar. Şirlə bağlı epizodlar təhlükəsizlik məqsədilə o vaxt Leninqrad adlanan şəhərin ağ gecələrində çəkilirdi. Ryazanov yazır ki, günəş batanda 20-30 dəqiqə və günəş çıxanda yenə 20-30 dəqiqə işləyirdik. Vaxt məhdud olduğundan şir hər şeyi dəqiq yerinə yetirməli idi, amma yetirmirdi.
“O, arxitektorun ziyalı evində tərbiyə görmüş tənbəl ev şiri idi və işləmək istəmirdi. Kinq təlimin nə olduğunu heç bilmirdi. Ömründə bircə dəfə istəmədiyi şeyi etməmişdi. Təəssüf ki, onun bacarığı çox şişirdilmişdi. Təlim görməmiş, avam və məncə, kütbeyin şir idi. “Təlimçilər”lə də qəliz münasibətlər yaranmışdı. Xırda bəhanə ilə və bəhanəsiz deyirdilər, şir xəstədir, şir edə bilməz, şir yorulub. Tutalım, Kinq 20 metr qaçan kimi deyirdilər, şir çox yoruldu,, bu gün daha çəkilməyəcək. Beləcə, filmin direktoru Atacanovdan əlavə pullar qoparılırdı.
Şiri qayığa salıb Nevanın ortasına aparmaq lazım gələn epizodda çəkiliş qrupu nə qədər əziyyət çəkdi. Şiri körpü məhəccəri dekorasiyasına çıxıb aşağı tullanmağa məcbur etmək üçün çəkiliş kollektivi nə qədər məşəqqət çəkdi (dekorasiya yük maşınına qoyulmuşdu və şir iki metr hündürlükdən tullanmalı idi). Daş-qaşla dolu mücrüyə pəncəsi ilə vurmalı olduğu epizodda nə qədər əsəb yaşadıq. Qərara aldım ki, bu, fauna nümayəndələrinin iştirak etdiyi son filmimdir. Söz verdim ki, daha heç vaxt animalist rejissor olmayacağam”.
Amma bütün bu çətinliklər filmin nümayişi zamanı gözə dəymir. “İtalyanların Rusiyada ağlasığmaz macəraları” Kinqi ulduza çevirdi. Amma bu zaman o, artıq həyatda deyildi.
Filmin çəkilişi yayda bitdi. Kinqi və Berberovları Moskvaya gətirdilər. Məktəblərdə dərs olmadığından onları “Mosfilm” yaxınlığındakı 74 saylı məktəbdə yerləşdilər. Hesab edildi ki, şir məktəbin idman zalında özünü daha rahat hiss edər. Faciə də burada baş verdi.
18 yaşlı Vladimir Markovun iyulun 24-də məktəbin həyətində peyda olmasının səbəbi barədə iki versiya var. Birinə görə, özünü yanındakı qıza göstərmək məqsədilə həyətə girib və ağzı-burnunu əyərək, Kinqlə məzələnib. İkincisinə görə, qızın skotçteryer cinsindən olan iti məktəbin həyətinə qaçır və Markov onun dalınca yollanır. Xatırladım ki, Kinqin Bakıdakı dostu Çap da skotçteryer cinsindən idi. Hər iki versiyaya görə, şir pəncərənin şüşəsinin sındıraraq, çölə çıxır və Markovun üzərinə atılır. Həmlənin nəticələri barədə yenə iki versiya var. Berberovların dediyinə görə, Kinq Markovun bədənini yüngülvari cırmaqlayır, digər versiyaya görə isə ağır xəsarətlər yetirir.
Markovu küçədə gözləyən qız qışqırmağa başlayır və onun səsinə milis kiçik leytenantı Aleksandr Qurov gəlir. O, şirin insanı öz altına salmasını görən kimi silahını çıxararaq, atəş açmağa başlayır. Güllələrdən biri şirin ürəyindən dəyir və o ölür. Kinqi ailənin dostu, yazıçı Yuri Yakovlevin bağında, kölgəsində uzanmağı sevdiyi palıdın altında basdırdılar.
Berberovların şikayətlərinə baxmayaraq, Qurovun davranışı doğru sayıldı. O, sonralar general-leytenant rütbəsinə qədər yüksəldi və 2000-2011-ci illərdə Rusiya Dövlət dumasının deputatı oldu. Hazırda 79-cu yaşını yaşayır.
***
Nine Berberova: “İkinci şir götürməyin əleyhinə idim, sanki faciəni duyurdum. Amma Moskva ziyalıları bu ideya ilə həvəsləndilər. Sergey Obraztsov, Yuri Yakovlev, Vladimir Vısotski, Marina Vladi pul topladılar və bütün Sovet İttifaqı üzrə şir balası axtardılar. Kazan zooparkında tapdılar. Bir ay Moskvada karantində oldu, sonra təntənəli surətdə bizə təqdim etdilər. İkinci Kinq bizim sevimli birincimizə heç oxşamırdı: onu biz ölümdən xilas etmişdik, o da bizə hörmət və yaxşı münasibətlə təşəkkür edirdi, bu biri isə özünə hörmət tələb edirdi”. Sitatdan anladığınız kimi, yeni şirin də adını Kinq qoydular: II Kinq.
O, ailə başçısının Lev Berberov olduğunu hiss edirdi və ona tabe olurdu. Romanı isə çox sevirdi və yeganə adam idi ki, süvari kimi üzərinə çıxmağa icazə verirdi. Nə Nina, nə Yeva Kinqdən gördükləri sevgini II Kinqdən görmürdülər.
Bununla belə, bir müddət hər şey sanki qaydasında gedirdi. II Kinq də ət kombinatının himayəsində idi. Ailəyə hətta mikroavtobus verilmişdi. Az sonra film təklifləri də gəldi.
“Azərbaycantelefilm” “Oğlan, qız və şir” adlı qısametrajlı filmi 1974-cü ildə ekranlara çıxdı. Film haqqında ətraflı məlumat tapa bilmədim. Amma gəldiyim qənaətə görə, filmdə əvvəlcə Kinq, onun ölümündən sonra isə II Kinq çəkilib.
1975-ci ildə “Ekran” Yaradıcılıq Birliyini çəkdiyi bədii film elə Berberovların özü haqqında idi və “Mənim şirim var” adlanırdı. II Kinq birincidən daha yaxşı aktyor idi, amma öz xasiyyətini artıq burada büruzə verdi. Rejissor Konstantin Bromberqin onu soyuq çaya salmaq cəhdinə onun ayağını dişləməklə cavab verdi. Operator assistenti isə ehtiyatsızlıq edib əlini şirə çox yaxınlaşdırmağın cəzasını barmağının yarısını itirməklə çəkdi. II Kinq daha sonra “Dədə Qorqud” filmində Bamsı Beyrəklə güləşdi. 1977-ci ildə isə “Şir evdən getdi” filmində çəkildi.
Bu dövrdə Berberovlar bir puma da götürüb saxlayırdılar və ona Lyalya adı vermişdilər.
1978-ci ildə Lev Berberov infakrtdan öldü. İki il sonra, 1980-ci il noyabrın 24-də isə bütün Sovet İttifaqının danışacağı faciə baş verdi.
I Kinqin ölümü kimi II Kinqin ölümü ilə də bağlı iki versiya mövcuddur. Birinciyə görə, Berberovlardan kimsə evdə olmayanda yuxarıda yaşayan qonşu plastmas darağın dişlərini bir-bir qoparır və yandıraraq balkonda olan II Kinqin üzərinə atırmış və bu, heyvanın qəzəblənməsinə səbəb olub. Evə gələn Nina qonşu ilə mübahisə edəndən sonra Kinqə yemək hazırlayır. Bu zaman Roma da məktəbdən qayıdır.
Əsəbi Kinq antresoldakı yerinə qalxır. Nina ona yemək gətirəndə şir tarazlığını saxlaya bilməyərək beli üstdə yerə düşür və ağrıdan lap qəzəblənərək Ninaya hücum edir, xəsarət yetirir. II Kinqin özünə olan sevgisindən arxayın olan Roma heyvanın qarşısına keçir, amma şir pəncəsinin bir zərbəsi ilə onun boyun fəqərələrini sındırır və uşaq həlak olur.
Başqa versiyaya görə, II Kinq ilə puma arasında konflikt yaranıb, Nina və Roma onların qarşısını almağa çalışanda xəsarət alıblar. Hər iki versiyada Nina hələ öldüyünü bilmədiyi oğlunu götürüb özünü hamam otağına sala bilir və burada huşunu itirir. Səs-küyü eşidən qonşular milis çağırırlar.
Çağırışa üç milis nəfəri gəlir və onlar tapançadan atəş açaraq şiri öldürürlər. Yaralılara kömək məqsədilə gələn həkimlər mənzilə daxil olanda puma fürsət tapıb çölə qaçır. Lyalyanı Qız qalasının yanında haqlayan milislər onu da güllələyirlər.
***
Nina Berberova uzun müddət müalicə aldı və bu zaman oğlunun öldüyünü bilmədi. Bir qədər özünə gələndən sonra xəbəri eşidib depressiyaya düşdü, intihar haqqında düşündü. Bu dövrdə aktyor Kazım Abdullayev ona mənəvi dəstək olur. Onlar bir müddət sonra evləndilər, Fərhad və Rahilə adlı iki övladları oldu. Nina Berberova 2018-ci ildə vəfat etdi.
Faciə zamanı məktəbdə olduğuna görə zərər görməyən Yeva Berberovanın isə həddi-buluğa çatdıqdan sonra Ukraynaya köçdüyü məlumdur.
***
Berberovlar ailəsində baş verən faciə evdə yırtıcı heyvan saxlamağın nə qədər doğru olması mövzusunu aktuallaşdırdı. Uzun illər Berberovlardan bəh-bəhlə yazan mətbuat indi bunun çox təhlükəli, hətta ağılsız hərəkət olmasını vurğuladı.
Yadigar Sadıqlı
pressklub