Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

29-08-2024, 17:18           
Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi
Atakişiyeva Həcər
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan
olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas,
tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi
tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri
olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri,
hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz
xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor
nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu
məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun
çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu
pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının
istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq,
nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun
pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə
qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri onun türkçülük ideyalarını yüksək
səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq "Ədirnə fəthi"
əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri
olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan
zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş
vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən
böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi"
əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının,
türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans
imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə
və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük
çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi"
əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin
Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir
olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə
müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları
da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi”
əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün
çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə
qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər
çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail
olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk
məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini
yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə
qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və
fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda
vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli
türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca
səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün
qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın
fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında
canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla
mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına
heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli
problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır.
Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri
şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında)
yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və
rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində
Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir.
Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə
yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər
iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı
olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc
öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı
Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən
övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan
gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını
fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir.
Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk
vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün
də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə
səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları
atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi
şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini
yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında
himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən
qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün
Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında
əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır.
Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri
dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz.
Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər!
Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır,
namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün
Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə
girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək
hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün
dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin
ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir
həyat”! Cəfər
Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli
ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını
qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni
alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək
məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin,
iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda
birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və
millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə,
düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər,
bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid
Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını
düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının
damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün
türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı
sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk
xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı
və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün
mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı.
Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib
Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs
torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç
vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında
tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın
istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin
qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır
ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu
tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və
millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər
Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və
Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının
təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı
üçün olduqca böyük əhəmiyyətə malikdir.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.