Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?
29-08-2024, 17:38
Kulis.az Human Seyiddinin "Üçünücü Dünya müharibəsi" filmi haqqında Ömər Xəyyamın yazısını təqdim edir.
Məhdudiyyət kəşfin anasıdır!
Hər dəfə ləzzətli İran filmlərinə baxanda görkəmli aydınımız Xudu Məmmədovun qənaətini xatırlayıram.
Film təkcə bəddi-vizual həlliylə, ssenarisilə, yüksək texniki göstəricilərilə film olmur ki…
Bəli, film həm də ləzzətli olmalıdır… olur da... dilindən, üslubundan, informasiyanın bədii həllindən, rejissorun gözündən, rəngdən, işıqdan, dialoqlardan, - varsa, musiqidən həzz almalısan, bir növ, filmi dadmalısan, dadı damağında qalmalıdır.
Qəşəng, ləzzətli filmlərdən biri Human Seyyidinin bədii-vizual şedevri...
İrandakı qadağaların, hakim ruhani sistemin, dini yasaqların əli altında belənçi filmlər yapmaq, üstəlik, şərqin, şərqlinin ekzotikasını, xaslığını, tipikliyini göstərmək, din adıyla təfəkkürə inyeksiya olunan nənəmköhnəliyə, cəhalətə göz vurmaq, əlbəttə, təqdirəlayiqdir, cəsarətli addımdır.
Məsələn, Pənahinin “Üç üz” filmini xatırlayıram. Orda bir səhnə var, məndən ötrü haman səhnə o filmin şapkasıdır.
Deməli, Pənahi o səhnəylə, yaşlı kəndlinin arzusunun fonunda qadağalara, reallığa ekzotik göz vurur.
Belə ki, otuz səkkiz ildən sonra oğlu olmuş yaşlı kəndli inanır ki, oğlunun sünnət dərisini, tutalım, hansısa universitetin həyətində basdırsa, oğlu oxuyacaq, oxuyub uğurlu adam olacaq.
Fəqət illərdir duzlayıb saxladığı sünnət dərisini ucqar kənddə basdırmağa nə uyğun həyət tapır, nə də uğurlu bir adam ki, təhvil versin, - poetik desək, sünnət dərisi, yəni arzusu çiçəkləsin.
Təsadüfən kəndə gələn məşhur rejisssor, məşhur aktrisa onun arzusundan ötrü nəfəsliyə çevrilir.
O, qumaşa bükülü duzlanmış sünnət dərisini aktrisaya verir və xahiş edir ki, onu ən sevdiyi aktyor Bəhruz Vusukiyə çatdırsın. (qeyd edim ki, Bəhruz Vusuki bir müddət Ququşla evli olub, azərbaycanlıdır və hazırda Kaliforniyada yaşayır) Ancaq aktrisa deyir ki, Bəhruz Vusuki hazırda ölkədə deyil.
Yaşlı kəndli məyus olur, xahiş edir ki, heç olmasa, sünnət dərisini rejissor Pənahiyə versin. Nə vaxt Bəhruz Vusuki bəy qayıdar, o vaxt da Pənahi bəy, bu yaşlı adamın duzlanmış “arzusunu” ona çatdırar.
Qadağalara eyham isə aktrisanın cavabındadır. O deyir ki, təəssüf, Cəfər Pənahiyə ölkədən çıxmağa, Bəhruz Vusukiyə isə ölkəyə daxil olmağa icazə vermirlər...
Bax belə… Budur bədii həll, budur ekzotikanın fonunda reallığın əksi…
Human Seyiddinin filmi Şakib adlı günəmuzdun faciəvi həyatı, riskli yüksəlişi və sonu haqqındadır.
Şakibin həyat yoldaşı da, övladı da illər əvvəl ölüb. Zəlzələ vaxtı Şakib işdə olub, tale gülüb üzünə, onu bağışlayıb, fəqət həm də onu yaşaya/yaşaya ölməyə məhkum edib. Ki, bu, ölümlərin ən pisidi.
Xülaseyi-kəlam, Şakib ustadır, işləyir, yeyir, dua edir, şükr edir, beləcə, ölə-ölə yaşayır, yaşlanır.
Fəqət bir gün iş elə gətirir ki, onu Hitler haqqında çəkilən filmdə Hitler obrazını oynamağa dəvət edirlər.
Bir növ, Şakibə həyatın özündən qisas almaq üçün rol verilir. O da rolun öhdəsindən uğurla gəlir.
Şakibin həyatındakı rəng təkcə komplekslərini bəslədiyi obrazın enerjisi yox, həm də fahişə Ladandır.
Kar, lal qadın.
Şakib filmə çəkilməyə başlayandan sonra Ladan da ona sığınır və zirzəmidə – “Hitlerin evində” yaşamağa başlayır. Şakib onu hamıdan gizlətsə də, Ladanın xidmət göstərdiyi lupanarın sahibi onu tapır. Şakibi şantajla hədələyir və ondan xeyli pul istəyir.
Şakib Ladanı onlara vermək istəmir, üstəlik boyun olur ki, onların istədiyi pulu da hissə-hissə verəcək.
O, ölmüş anası haqqında yalan danışır, anasının xəstə olduğunu deyir, bu adla prodüserdən pul da alır, ancaq onu hədələyənlər əvvəlcədən danışılmış pulun hamısını istəyirlər.
Beləcə, Hitlerin mürgülü yaddaşına çomaq soxurlar. Şakibi məcbur edirlər ki, o Hitlerin obrazını yox, özünü canlandırsın.
Belə günlərin birində dekor ev, yəni, Hitlerin evi ssenariyə uyğun olaraq yandırılır. Şakib çatana qədər kar-lal qız Ladan da evin zirzəmisində yanır…
Şakibin həyatındakı iki rəngdən biri, sükutun qadın halı külə çevrilir, tüstülənib asimana bülənd olur.
Şakib birinci susur. Ağlayır, qışqırır, amma evin zirzəmisində bir qız gizlətdiyini heç kimə demir, risk etmir, qorxur…
Sonra özünü saxlaya bilmir…
Və o, hamıdan qisas almağa başlayır…
Necə qisas alır? Filmin hekayəsini olduğu kimi danışmaq istəmirəm.
Mən, sadəcə, xəbər verirəm.
Xəbər verirəm ki, bu cür müharibəsiz müharibə filmi var və tövsiyə edirəm ki, o filmə baxasınız.
Filmi izləmək üçün: FİLMANİYA