Qərbi Azərbaycan Xronikası: "1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli şəkildə öldürdülər"

31-08-2024, 11:18           
Qərbi Azərbaycan Xronikası: "1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli şəkildə öldürdülər"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Nömrəsiz maşınlarla hər gün elan verirdilər ki, kəndə hücum olacaq" adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Axundov kənd sakini Valeh Novruzovun həyat hekayəsinə həsr olunub.

O, kənddə keçirdiyi günlərdən söz açıb və deyib ki, Dərəçiçək mahalı güllü-çiçəkli yer idi. Yayı da gözəl idi, payızı da gözəl idi, qışı da gözəl idi, yazı da gözəl idi. Orada qayğısız uşaqlıq illərimiz çox gözəl keçib.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda, o cümlədən Dərəçiçək mahalında vaxtilə azərbaycanlılar yaşayıb: "Babalarımız, atalarımız həmişə danışırdılar ki, 1915-ci ildə onların başına nə oyunlar açıblar. Ölən ölür, qalan da Türkiyəyə, Qarsa gedir. Ermənistanında 1921-ci ildə sovet hakimiyyəti qurulur və onlar təzədən Dərəçiçək mahalına qayıdırlar. 1948-1953-cü illərdə yenidən Stalin və Mikoyanın sövdələşməsi nəticəsində Qərb Azərbaycandan, o cümlədən Dərəçiçək mahalından əhalini Saatlı və Sabirabad rayonlarına köçürürlər. 1953-cü ildə Stalin dünyasını dəyişəndən sonra onlar yenidən Dərəçiçək mahalına qayıdırlar və orada yaşayırlar. Nəhayət, 1988-ci ildə bu, kuliminasiya nöqtəsinə qədəm qoydu və son deportasiya reallaşdırıldı".

V.Novruzov erməni xislətinin, hayların azərbaycanlılara qarşı gözəgörünməz düşmənçiliyinin şahidi olduğunu deyib: "Onlar çox qəlbiqara, daşnak, gavur bir millət idilər. Orada azərbaycanlılara iş vermirdilər. Ermənilər 1988-ci ilin fevral ayında Razdan Maşınqayırma Zavodunda işləyən azərbaycanlıları döymüşdülər. Rayona getmək mümkün deyildi. Kəndlərimiz blokadaya alınmışdı. Kəndimizdə rayon rəhbərliyinin iştirakı ilə böyük mitinq oldu. Mitinqdə şərt irəli sürdük ki, bizim təhlükəsizliyimiz mütləq təmin olunmalıdır. Tələbi möhkəm qoyduq və bir gün sonra kəndə 15 nəfərə yaxın əlində avtomatlı rus əsgəri gəldi. Buna baxmayaraq, artıq orada yaşamaq qeyri-mümkün idi. 1988-ci ilin yay aylarında camaat çıxdı. Bizi yolda çox incitdilər və birtəhər Qazax rayonuna gəldik".

O, sonda Vətən həsrətindən danışıb: "Biz Qərbi Azərbaycandan 36 ildir gəlmişik. Mən yuxumda oranı görürəm. Torpaqlarımız "dəmir yumruğun" hesabına işğaldan azad edildikdən sonra bizə Qərbi Azərbaycana qayıtmaq üçün ümid qığılcımı yarandı. Arzum budur ki, gedəm orada babalarımızın qəbirlərini görəm. O ruhlar bizi səsləyir. İnşallah, gedib uşaqlıq illərində gəzdiyim yaşıl çəmənləri, əzəmətli dağları, bulaqları görəcəyəm".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.