ARNO

1-09-2024, 08:14           
ARNO
( ERNEST TOMPSON SETON )
Tövləyə yan qapıdan girdik. Təmiz saxlanan bölmələrin zəif qoxusu samanın incə rayihəsində əriyib itirdi. Pillələrlə qalxıb uzun çardağa çatdıq. Onun cənub tərəfi bağlanmışdı və tanış "ku-u-u, ku-u-u, ruk-et-e-ku" qanadların "uirr, uirr, uirr" səsiylə qarışanda başa düşdük ki, göyərçin damındayıq.
Bu göyərçin damında məşhur quşlar yaşayırdı və əlli cavan quş arasındakı yarış da elə həmin günə təyin olunmuşdu. Quşxananın sahibi məni həmin yarışda hakimlik etmək üçün çağırmışdı.
Göyərçinlərin məşq etməsi üçün yarış keçirmək gərəkdir. Onları artıq bir-iki dəfə valideynləriylə bir yerdə çölə aparıb uçurmuşdular ki, öz damlarına dönməyi öyrənsinlər. İndi isə böyüklərin iştirakı olmadan, tam sərbəst uçmalıydılar. Qərarlaşdırmışdılar ki, quşları Elizabet kəndinə buraxsınlar. Cavan göyərçinlərin lap başdan belə uzaq məsafəyə uçmağa məcbur edilmələri məni təəccüb qoydu.
-Məsələ burasındadır ki, - məşqçi dilləndi, - bu üsulla biz sarsaq quşlardan qurtuluruq. Qayıdan yalnız ən yaxşıları olur və bizə də elə onlar gərəkdir.
Göyərçin damının bütün işçiləri və bu işin həvəskarı olan qonşular müxtəlif quşlardan mərc gəlirdilər. Onlar öz aralarında qalib üçün mükafat da təyin etmişdilər. Bir hakim kimi mən göyərçinlərdən hansının qalib gəldiyini təyin etməliydim. Qalib gələn birinci qayıdan yox, quş damına birinci girən olmalıdır, çünki öz evinə deyil, qonşuluqdakı harasa qayıdan göyərçin yaxşı məktub daşıyan sayılmaz.
Həmişə, hər yerdən evinə dönən quşlara qayıdan göyərçin deyirlər. Bu quşların sərgilərdə tələb olunan məxsusi rəngi, qəribə bəzək-düzəkləri olmur. Onları
nümayiş etdirmək üçün yox, itiqanadlı və ağıllı olduqlarına görə çoxaldırlar. Onlardan tələb olunan doğma yerlərinə bağlılıq və öz evini səhvsiz tapmaq bacarığıdır. İndi başa düşüblər ki, istiqamət hissi qulaq içində olan burumlarda yerləşir. Yer üzündə bu hissi qayıdan göyərçinlərdən iti bir dənə də canlı yoxdur. Belə göyərçini qulaqlarının üst tərəfindəki şişlərdən və güclü qanadlarından həmişə tanımaq olur.
Nəhayət, budur, indi biz quşların yeni nəslinin bacarığını sınaqdan keçirməliydik.
Çoxlu şahidin orada olduğuna baxmayaraq, mən quş damındakı qapıların birindən savayı hamısını bağlamaq və birinci göyərçin qayıdan kimi həmin qapını örtmək üçün hazır vəziyyətdə gözləmək qərarına gəldim.
Həmin gün yaşadıqlarımı heç vaxt unutmaram. Məni xəbərdar etmişdilər ki, göyərçinləri saat on ikidə buraxırlar. Saat birin yarısı üçün bura çatmalıydılar, amma gərək ayıq-sayıq gözləyəydin - onlar yel kimi uçurdular. Yaxınlaşarkən görməyə macal tapmamış quş damına girirdilər.
Biz içəridə divarın dibində yerləşdik və tamaşaçıların hər biri divardakı yarıqlardan, ya da kip örtülməmiş qapıların arasından gözlərini cənub-şərq tərəfdəki üfüqə zilləyərək durmuşdu ki, kimsə çığırdı:
- Baxın, budur onlar!
Evlərin damları üzərindən bəyaz bir bulud keçib uzun bacanın yanından ötdü və heç ikicə saniyə keçməmişı göyərçinlər artıq mənzilbaşında idilər. Bəyaz buludun görünməyi, qanad səsləri - bütün bunlar o qədər gözlənilməz, o qədər tez baş vermişdi ki, nə qədər hazırlaşsam belə, yenə qəfil yaxalanmışdım. Mənim yerim açıq olan yeganə qapının önündəydi. Mavi ox düz qulağımın dibindən fişıltıyla keçdi, sifətimə qanadları toxundu və qapını təzəcə örtmüşdüm ki, kimsə hay-küy qopardı:
- Arno! Árno! Sizə dedim ki, o qələbə çalacaq! Ay mənim gözəlim! Cəmi üçaylıqdır, amma artıq mükafatı var! Sevincim mənim!
Arnonun sahibi mükafatdan çox, quşunun gəlişinə sevinərək tullanıb-düşürdü.
Hamı göyərçinin ətrafında çömbələrək oturmuşdu; çatan kimi xeyli su içən, sonra isə dənliyə üz qoyan qalibi müti heyranlıqla süzürdülər.
- Siz bir bunun gözlərinə, qanadlarına baxın! Heç belə sinə görmüsünüz? Hə, əjdahadır, vallah! - Arnonun sahibi ağzını belə açmayan uğursuz quş yiyələrinə müraciətlə dil boğaza qoymurdu.
Bu, Arnonun qəhrəmanlığı idi. O, əlli cins göyərçinin arasında ən yaxşısı çıxmışdı və qarşısında inkişaf üçün geniş üfüqlər açılırdı.
Quş ən yaxşı göyərçinlərin layiq görüldüyü gümüş üzüyü aldı. Üzüyün üzərində onun nömrəsi oxunurdu: 2590 S - quşbazların indi də ehtiramla yad etdikləri nömrə.
Quş damına cəmi qırx göyərçin qayıtdı. Demək olar ki, həmişə belə olur. Quşların bəziləri əldən düşərək geri qaldı, digərləri yollarını azdılar. Göyərçin sahibləri seçimin bu sadə üsulu ilə cinsin yaxşılaşmasına nail olurlar. On quşdan beşi izsiz-soraqsız itdi, qalan beşi isə elə həmin gün, amma xeyli gec qayıtdı; özü də bir yerdə yox, müxtəlif vaxtlarda gəlib çıxdılar. Gəlib çıxan sonuncu göyərçin iri, yöndəmsiz, göyümtül idi. Quşxananın işçisi onu görəndə dedi:
- Budur, bu da gəldi, Cekin ortalığa pul qoyduğu beyinsiz nataraz. Düşünməzdim ki, qayıdacaq. Onun çinədanı yaman böyükdür.
Yekə Göyümtülü həm də "küncdəki" çağırırdılar, çünki ən küncdəki yuvada doğulmuşdu. O elə ilk günlərdən başqa quşlardan öz gücüylə fərqlənirdi. Quşların hamısının "təxminən" eyni yaşda olmasına baxmayaraq, o, boy etibarilə tez bir zamanda başqalarını ötüb-keçdi, hamıdan qəşəng oldu.
Lakin göyərçinbazlar quşların gözəlliyinə az diqqət yetirirlər. O isə, görünür, tutduğu mövqe ilə qürrələnir və lap cavanlıqdan zəiflərin xətrinə dəyməyi xoşlayırdı. Sahibi bu quşun böyük gələcəyi olduğuna inanırdı, amma mehtər Billi bu quşun uzun boynuna, yekə çinədanına, yöndəmsizliyinə və izafi çəkisinə heç etibar etmirdi.
- Heç quş da boğazındakı bu boyda şarla yaxşı uça bilər? Uzun ayaqlar isə yalnız çəki artırır, - Billi səhər lər quş damını süpürə- süpürə deyinirdi.
İlk uçuşdan sonra sınaqlar müntəzəm şəkildə, hər gün bəlli saatda keçirilməyə başladı. Məsafə hər gün iyirmi beş-otuz mil artırılır, istiqamət dəyişdirilirdi, ta ki göyərçinlər Nyu-Yorkun yüz əlli millik ətrafını yaxşı tanıdılar. Əlli quşdan cəmi iyirmisi qaldı, çünki sərt tərbiyə nəinki zəif və bacarıqsız quşları, hətta təsadüfən xəstələnmiş, bəlaya düçar olmuş, ya da yarış ərəfəsində həddindən çox yemiş göyərçinləri də çıxdaş edir.
Quşxanada gen sinəli, aydın baxışlı və uzunqanadlı, kəskin ehtiyac anında insanlara xidmət göstərmək üçün yaranmış qəşəng göyərçinlər çox idi. Onların rəngi əsasən ağ, göyümtül və qəhvəyi idi. Onların bəlli bir rəngi yox idi, amma indiyədək qalmış iyirmi quşun hər biri parlaq gözə və qayıdan ali cinsin qabarıq qulaqlarına malik idi. Onların ən yaxşısı isə yarışların əksəriyyətində qələbə çalan balaca Arno idi. Evdə oturanda o, başqalarından az fərqlənirdi, çünki artıq bütün göyərçinlər qazandıqları gümüş üzükİərlə bəzənmişdi. Lakin havada onu həmin dəqiqə tanıyırdın. Zənbilləri açan kimi Arno göyə birinci uçur, lazım olan yüksəkliyə qalxıb evin səmtini müəyyənləşdirir və yolboyu nə yemək, nə içmək, nə də əylənmək üçün dayanmadan irəliləyirdi.
Billinin pessimist öncəgörmələrinə baxmayaraq, küncdəki yuvadan olan Böyük Göyümtül də iyirmi seçmə quş arasında idi. O, tez-tez yolda ləngiyir, heç vaxt birinci gəlmirdi. Bəzən də qalan quşlardan neçə saat gec gəlib çıxsa belə, nə ac olurdu, nə susuz və bu da onun göstəricisi idi ki, artıq ürəyi istəyən qədər yeyib-içmişdi. Amma hər dəfə qayıdanda başqa quşlar kimi onun pəncəsində də nömrəli gümüş üzük görünürdü. Billinin Göyümtüldən zəhləsi gedirdi, onun sahibi isə belə deyirdi:
- Bir az döz. Tez yetişən, tez də solar. Mən həmişə görmüşəm ki, yaxşı quş özünü hamıdan sonra büruzə verir.
Heç bir il keçməmişdi ki, balaca Arno böyük bir rekordu təzələdi. Göyərçinlər üçün hamısından çətini dənizin üstüylə uçmaqdır, çünki istiqaməti müəyyən ləşdirmək üçün orada heç bir əlamət-filan tapmaq mümkün deyil. Bundan da pisi günəşi belə görməyə imkan verməyən qatı dumanda uçmaqdır. Lakin yaddaş, səsbilmə və görmə qabiliyyətləri gücsüz olanda göyərçinin bircə silahı qalır - anadangəlmə istiqamət duyğusu. Bu duyğunu yalnız qorxu məhv edə bilər. Məhz buna görə də güclü qanadların arasında cəsarətli ürəyin qərar tutması vacibdir.
Arno ilə yoldaşlarından ikisi Avropaya üzən okean gəmisinə verilmişdi. Açıq dənizə çıxandan sonra onları havaya buraxmaq istəyirdilər, lakin qəfil yetişən sıx duman bütün planları pozdu. Gəmi quşlarla bir yerdə yoluna davam etdi. Göyərçinləri əks səmtə qayıdan ilk gəmiylə yola salacaqdılar. On saat üzəndən sonra mühərrik xarab oldu, duman sıxlaşdı və okean gəmisi fəlakətin girdabına atılmış, çarəsiz bir vəziyyətə düşdü. Mümkün olan yeganə şey fit verərək kömək istəmək idi. Amma bundan da bir şey çıxmadı. Elə göyərçinlər də onda yada düşdü. Seçim 2592 S nömrəsini daşıyan Starbekə düşdü. Bir namə yazıb sukeçirməz kağıza sarıdılar, lülə kimi büküb quşun quyruğuna bağladılar. Starbek göyə millənərək gözdən itdi. Yarım saat sonra küncdəki yuvadan olan, 2600 S nömrəli Böyük Göyümtülü hazırladılar. O da havaya qalxdı, amma elə o dəqiqə də qayıdaraq göyərtəyə qondu. Qorxudan lap yumağa dönmüşdü. Heç cür məcbur edə bilmədilər ki, quş gəmini tərk etsin. O qədər qorxmuşdu ki, tutularaq təzədən qəfəsə salınmağına da asanlıqla imkan verdi.
İndi üçüncü - xırda, amma ətli göyərçinin növbəsi yetişdi. Dənizçilər onun barəsində heç nə bilmirdilər, amma pəncəsindəki üzükdən adını və nömrəsini öyrəndilər: Arno, 2590 S. Onlar üçün bu yazının elə əhəmiyyəti yox idi. Lakin onu əlində tutmuş dənizçi bu quşun ürəyinin bayaqkı quşunku kimi həyəcanla çırpınmadığına diqqət yetirdi. Böyük Göyümtülün quyruğundan açdıqları naməni onun bədəninə bərkit dilər. Həmin namədə deyilirdi:
"Çərşənbə axşamı, səhər saat 10.
Mühərrik Nyu-Yorkdan 210 mil aralı, açıq dənizdə xarab oldu. Dumana düşmüşük. Buksir gəmisini bacardıqca tez yollayın. Hər altı-on saniyədən bir uzun, onun dalınca isə qısa fit veririk.
Kapitan".
Məktub lülə kimi bükülüb sukeçirməz kağıza bələnmişdi və quyruğun alt tərəfindəki lələklərə bərkidilmişdi. Göyərçin azad olan kimi gəminin üzərində dövrə vurdu, sonra bir az qalxaraq bir də hərləndi, ta ki gəmi tamam görünməz oldu. İstiqamət duyğusundan savayı bütün qalan duyğu üzvlərindən məhrum olan göyərçin özünü tam olaraq öz intuisiyasına tabe etdi. O qorxmurdu. Arno məqsədinə sarı tərəddüdsüz, heç bir şübhə hissi keçirmədən yönəldi, istiqaməti lap kompasın iynəsi kimi səhvsiz tapdı. Qəfəsdən çıxandan cəmi bir dəqiqə sonra o artıq işıq şüası kimi dümdüz bir xətlə onu boya başa çatdıran, özünü evdə sandığı yeganə yerə, doğma quş damına üz tutdu.
Həmin gün quşxananın növbətçisi Billi idi. Birdən iti qanadların şappıltısı eşidildi: quş damının qapısından mavi bir şüa sivişib keçdi və düz suqabının yanına endi. Göyərçin artıq neçənci qurtumunu alırdı ki, Billi birdən özünə gəldi:
- Ah, bu sənsən, Arno, mənim gözəlim! Sonra da göyərçin məşqçisinin adi hərəkətiylə cibindəki saatı çıxardı və vaxtı qeyd etdi: saat 2:40. Elə həmin an da quşun quyruğundakı sapı gördü. Billi qapını örtüb cəld Arnonun başına tor endirdi. Bir dəqiqədən sonra artıq məktub əlində idi, iki dəqiqədən sonra isə səxavətli mükafat barədə fikirləşə-fikirləşə birbaş quşbazlar cəmiyyətinin kontoruna tələsirdi. Yalnız orada öyrəndi ki, Arno dənizin üstüylə, dumanda 210 mil məsafəni dörd saat qırx dəqiqəyə qət edib və aradan heç bir saat keçməmişdi ki, qəzaya düçar olan gəminin köməyinə xilasedici qayıq yollandı.
Dənizin üstüylə, dumanda iki yüz on mil, özü də dörd saat qırx dəqiqəyə! Bu, qiyamət rekord idi! Bu nəticəni Göyərçin klubunun siyahısına daxil etdilər. Arnonu əldə tutmuşdular, klubun katibi isə rezin möhür və yuyulmayan mürəkkəblə silahlanıb onun qanadındakı bəyaz lələklərin biri üzərinə quşun qəh rəmanlığını və bu qəhrəmanlığın nə vaxt baş verdiyini qeyd etdi.
Starbek - ikinci göyərçin qayıtmadı. Heç şübhə yoxdur ki, dənizdə məhv olmuşdu.
Küncdəki yuvadan olan Göyümtülü isə buksir gəmisində qaytardılar.
Bu, Arnonun ilk qəhrəmanlığı idi, amma tezliklə başqa diqqətəlayiq hərəkətləri də oldu. Bir dəfə tövləyə bir karet yaxınlaşdı; içərisindən ağbaş bir cənab çıxdı və tozlu pillələrlə quş damına qalxıb bütün səhəri Billi ilə bir yerdə keçirdi. O, qızıl eynəyinin şüşələri arxasından gah qarşısındakı kağız kuğuza, gah da şəhər binalarının başı üzərindən üfüqə baxır, nəyisə gözləyirdi. Görəsən, nəydı gözlədiyi? Buradan cəmi qırx mil aralı olan bir yerdən özü üçün çox mühüm bir xəbər gözləyirdi. Elə bir xəbər ki, onu ya xilas, ya da ki məhv edəcəkdi. Elə bir xəbər ki, onu lap tez əldə etməliydi - teleqramdan da tez, çünki teleqram hər səmtə, azı, bir saat ləngimədən sonra çatır. Qırx millik məsafəyə özünü teleqramdan tez nə çatdıra bilərdi? O zamanlar bunun üçün yalnız bir vasitə vardı - poçt göyərçini.
Pul mühüm deyildi, ta ki qələbə çalaydı. Qoca bankir bu məqsədlə ən yaxşı quşun göndərilməsini tələb edirdi, qiyməti neçə olsa, fərqi yoxdur, hazırdır. Çapar kimi qanadlarında yeddi rekordun silinməz izləri olan Arnonu seçdilər.
Bir saat keçdi, ikincisi bitdi, üçüncüsü başlanırdı ki, qanadlarının xışıltısı eşidilən mavi meteor quş damına girdi. Billi qapını örtdü, quşu tutdu. Lələyindəki sapı qırıb naməni bankirə uzatdı. Qocanın sifətinə ölüm bəyazlığı çökdü, kağızı birtəhər açdı və üzünün ifadələri canlandı.
- Tanrıya çox şükürlər olsun! - o dilləndi.
Sonra da xoşbəxt bankir iclasına tələsdi. Balaca Arno onu məhv olmaqdan qurtarmışdı. Bankir onu almaq, nazını çəkmək, öz xilaskarının qulluğunda durmaq istəyirdi. Lakin Billi ona belə dedi:
- Bunun nə mənası var axı? Siz qayıdan göyərçinin qəlbini ələ bilməzsiniz. Siz onu yalnız əsir edə bilərsiniz. Amma dünyada elə bir qüvvə yoxdur ki, onu anadan olduğu köhnə quş damından çıxıb getməyə məcbur etsin.
Beləliklə, Arno Qərbi On doqquzuncu küçədəki 211 nömrəli evdə qaldı. Lakin bankir onu unutmadı.
Bizim ölkəmizdə uçan göyərçini özünün qanuni ovu sayan, onu yalnız başqa quşlardan fərqləndirə bilmədiyinə görə öldürən çoxlu əclaf var. Həyat və ölüm barədə xəbər gətirən neçə-neçə nəcib quş bədəməl insanlar tərəfindən vurularaq süfrədə adi bir xörəyə çevrilib.
Arnonun artıq üç dənə əhəmiyyətli rekord qazanmış qardaşı Arnolf xəstə üçün həkim çağırmaq məqsədilə uçarkən öldürülmüşdü. Ovçunun ayaqları altına düşəndə onun gözəl qanadları açılmış, qələbələrinin siyahısı bitmişdi. Ayağındakı gümüş halqanı görəndə ovçu vicdan əzabı çəkmişdi. O, məktubu həkimə yollamış, qətlə yetirdiyi quşu tapdığını bildirərək onu Göyərçin klubuna qaytarmışdı. Quşun sahibi ovçunun evinə gələndə həmin şəxs özünü itirərək etiraf etməyə məcbur olmuşdu ki, quşu, guya, xəstə qonşusu göyərçin ətindən piroq istədiyi üçün ovlamışdı.
Göyərçin sahibinin qəzəbi göz yaşlarına qarışmışdı: Mənim gözəl quşum, Arnolfum! İyirmi dəfə mühüm xəbərlər çatdırmış, üç rekord təzələmiş, iki dəfə insan həyatını xilas etmiş məxluqu piroq bişirmək üçün öldürürsünüz! Mən sizi qanunla cəzalandıra bilər dim, lakin sizdən belə qisas almağa ürəyim gəlmir. Sizdən yalnız bir şey xahiş edirəm: əgər yenə nə vaxtsa göyərçin əti istəyən xəstə qonşunuz olsa, bizim yanımıza gəlin - sizi bu məqsədlər üçün yarayan qarışıq qanlı quşlarla tamamilə pulsuz təmin edərik. Lakin əgər sizin bir damcı vicdanınız varsa, bundan sonra bizim əvəzsiz çaparlarımızı nə özünüz öldürəcəksiniz, nə də başqalarına bu imkanı verəcəksiniz.
Bu hadisə o vaxt baş vermişdi ki, bankir quş damında tez-tez olurdu və onun qəlbi göyərçinlərə qızğın məhəbbətlə ağzına kimi doluydu. O çox nüfuzlu adam idi və onun tələbinə əsasən Olbanidə (Nyu-York ştatının paytaxti) göyərçinləri qoruyan qanunun qəbul edilməsi baş tutdu.
Küncdəki yuvadan olan 2600 S nömrəli Göyümtül Billinin heç vaxt xoşuna gəlmirdi. Baxmayaraq ki quş hələ də Gümüş ordenin siyahısında idi, Billi ona say mazyana münasibət bəsləyirdi. Gəmi ilə əlaqədar baş verənlər onun qorxaqlığına dəlalət edirdi. Bundan başqa, bu quş hələ davakar da idi.
Bir səhər Billi quş damında davanın şahidi oldu. Biri böyük, digəri isə kiçik olan iki göyərçin bir-birinə soxulub döşəmənin üstündə dalaşır, toz qaldırırdı. Onları ayırmağa müvəffəq olanda Billi gördü ki, kiçik quş Arno, böyüyü küncdəki yuvadan olan Göyümtüldür. Arno cəsarətlə döyüşürdü, amma qələbə Göyümtülünkü olacaqdı, çünki bu quş Arnodan iki dəfə ağır gələrdi.
Tezliklə davanın səbəbi də aydınlaşdı - xırda, gözəl bir dişi göyərçin. Nataraz Göyümtül Arnonu artıq çoxdan kobudluğu ilə əsəbiləşdirirdi, lakin ölüm-dirim davası üçün sonuncu təkan məhz balaca göyərçin oldu. Göyümtülün nəfəsini kəsməyə Billinin ixtiyarı yox idi, amma o, sevimlisi Arno üçün əlindən gələni etdi.
Billi Arnonu balaca quşla bir yerdə iki həftəliyinə ayrıca yuvaya saldı və bunu əsaslandırmaq üçün elə Göyümtülə də uyğun bir dişi tapıb həmin şəraiti yaratdı.
Hər şey elə onun fikirləşdiyi kimi alındı. Balaca göyərçin Arnonu başının ağası sayırdı, o biri dişi isə Böyük Göyümtülü özününkü bilirdi. Quşların hər ikisi artıq yuva sahibi olmuşdu və adama elə gəlirdi ki, onlara artıq yalnız xoşbəxt yaşamaq, nəsil artırmaq qalır. Lakin Böyük Göyümtül çox iri, gözəl quş idi. Çinədanı nı qabardanda boynunun ətrafında günəş altında elə bir göy qurşağı əmələ gəlirdi ki, onun qarşısında heç bir dişi göyərçin davam gətirə bilməzdi.
Bizim Arno isə bədəncə düzbiçimli olsa da, boydan qısa idi, o qədər də qəşəng deyildi. Yalnız gözləri möhkəm parıldayırdı. Üstəlik, mühüm işlər ucbatından quş damını tez-tez tərk etməli olurdu, Böyük Göyümtülün isə göyərçinlərin arasında qalıb özünü göstərməkdən, üzərində göstərdiyi qəhrəmanlıqlar barədə heç bir yazısı olmayan qanadlarını nümayiş etdirməkdən başqa işi-peşəsi yox idi. Yazıçılar heyvanlarda, xüsusilə də göyərçinlərdə cütlər arasındakı məhəbbət və sədaqət nümunəsi axtarmağa meyillidirlər.
Ümumiyyətlə götürəndə düz hərəkət edirlər, amma - təəssüf! - acınacaqlı istisnalar da olur. Arnonun arvadı lap əvvəldən Böyük Göyümtülün heyranı idi və günlərin birində, əri mühüm bir tapşırıq üçün yollananda həmin dəhşətli hadisə baş verdi.
Bostondan qayıdanda Arno gördü ki, Böyük Göyümtül özünün qanuni, küncdəki yuvada olan arvadından da imtina etməyərək onun yuvasına da yiyələnib. Quşların arasında son və qəti bir döyüş baş verdi. Bu döyüşə yalnız kənarda biganə görkəmlə gəzişən arvadlar sahidlik edirdi. Arno gözəl qanadlarını çırpa-çırpa döyüşürdü, amma onların zirəkliyi qəhrəmanlıqlarının salnaməsinə görə artan deyildi. Onun dimdiyi də, ayaq ları da bütün yaxşı poçt göyərçinləri kimi xırda idi və qəlbindəki cəsarət çəkisindəki yüngüllüyün əvəzini ödəmək iqtidarında deyildi. Döyüş onun xeyrinə bitməməliydi. Arvadı isə bu məsələyə qətiyyən aidiyyəti yox muş kimi yuvasında oturmuşdu və əgər Billi özünü vaxtında yetirməsəydi, Arno öləcəkdi. Kişi elə əsəbiləşmişdi ki, Göyümtülün başını üzməyə hazır idi, amma davakar aradan vaxtında çıxa bildi.
Billi neçə gün ərzində Arnoya qayğı göstərdi. Bir həftədən sonra o, tamam özünə gəldi, on gündən sonra isə artıq yenə səfərdə idi. Görünür, arvadının hərəkətini bağışlamışdı, çünki narazılığını heç bir şeylə büruzə vermədən onunla yaşamaqda davam edirdi. Həmin ay o, iki yeni rekord göstərdi: məktubu on mil məsafədən səkkiz dəqiqəyə gətirdi və Bostondan Nyu-Yorka dörd saata uçdu. Lakin hər dəfə vətəninə məhəbbət onu evə
tələsməyə məcbur edirdi. Arnonun qayıdışı isə kədərli bir hadisəylə müşayiət olundu, çünki arvadını yenə də Böyük Göyümtüllə şirin-şirin söhbət edən gördü. Nə qədər yorğun olsa da, rəqibiylə döyüşə başladı və Billinin müdaxiləsi olmasaydı, bu döyüş Arnonun ölümü ilə bitəcəkdi. O, dalaşanları ayırdı, Göyümtülü ayrıca qəfəsə salıb ağzını kilidlədi.
Bu arada isə bütün yaş qruplarından olan göyərçinlərin böyük yarışı yaxınlaşırdı - Çikaqodan Nyu-Yorka, doqquz yüz millik uçuş.
Göyərçinləri Çikaqoya dəmir yoluyla yolladılar. Orada isə buraxdılar.
Quş nə qədər yaxşı olurdusa, onu bir o qədər gec buraxırdılar. Göyərçinlər arasında sonuncu buraxılanı Arno oldu.
Çikaqodan çıxandan sonra neçə quş sövq-təbii bir dəstədə birləşdi. Qayıdan göyərçinlər istiqamət hissinə riayət edəndə mütləq düz xətt üzrə uçur, amma artıq tanış olduğu yerlərdən keçəndə, adətən, yaddaşında buraxmış əlamətlərə diqqət yetirir. Quşların çoxu Kolumbus və Buffaloya gedən yolda məşq edirdi. Arno Kolumbus yolunu da tanıyırdı, Detroyt yolunu da. Ona görə də Miçiqan gölünü keçəndən sonra o, düz xətt üzrə birbaş Detroyta istiqamət götürdü. Beləliklə, bir neçə mil qabağa düşdü.
Detroyt, Buffalo, Rocester özünün tanış qüllələri, bacalarıyla uzaqlaşaraq gözdən itdi və artıq Sirakuza yaxınlaşırdı. Gün isə qüruba keçirdi. Arno on iki saatda altı yüz mil keçərək, heç şübhəsiz, hamıdan irəlidə idi. Lakin qəflətən su istədi. Şəhər binalarının damları üzərindən uçarkən gözlərinə bir göyərçin damı sataşdı yüksəklikdən iki-üç dövrə vuraraq yerə endi, həmcinslərinə qarışıb doyunca su içdi. O, qabaqlar da belə hərəkətlər edirdi.
Göyərçin həvəskarlarının hər biri qasidlərin onların qonaqpərvərliyindən bəhrələnməsini daim arzulayır. Arno gələndə quş damının sahibi də oradaydı. Ehtiyatla elə səmtdə durdu ki, nabələd quşa göz qoya bilsin. Önun öz göyərçinlərindən biri gəlməyə ilişmək istədi və özünü müdafiə etmək istəyən Arno qanadlarını açanda rekord möhürlərini göstərdi. Quşxananın sahibi qapının ipini dartdı və Arno bir anda onun əsirinə çevrildi.
Oğru üzərində yazılar olan qanadları açdı və qeydlərin hamısını bir-birinin dalınca oxudu və gümüş halqaya - gərək o, qızıldan olaydı - baxanda ucadan səsləndi:
- Arno! Arno! Mən sənin barəndə eşitmişəm və çox şadam ki, indi mənim əlimə keçdin!
Quşun daşıdığı məktubun sapını kəsib oxudu:
- Arno Çikaqodan bu gün səhər saat 4-də çıxıb. O, bütün yaş qruplarından olan quşların böyük Çikaqo - Nyu-York yarışında iştirak edir.
- On saatda altı yüz mil! Sən bütün rekordları təzələdin!
Və göyərçin oğrusu incə, heyranlıq dolu bir hərəkətlə əlində titrəyən quşu qəfəsə buraxdı.
- Mən səni tanıyıram, o dilləndi, burada könüllü qalan deyilsən, amma mən səndən nəsil almaq istəyirəm. İstəyirəm ki, cinsini artırım.
Beləliklə, Arno bir neçə başqa əsirlə bir yerdə rahat otaqda ağzıbağlı qaldı. Quş damının sahibi oğru olsa da, göyərçinləri sidq-ürəkdən sevirdi. O, öz əsirinə yaxşı baxırdı.
Düz üç ay keçdi. Əvvəllər Arno yalnız qəfəsin bar maqlıqlarının önündə irəli-geri yeriməklə, yuxarı-aşağı baxaraq qaçmaq üçün bir çıxış yolu axtarmaqla məşğul idi, amma dördüncü ay, deyəsən, qaçmaq fikrindən artıq vaz keçmişdi və diqqətli məhbəs gözətçisi bunu anlayanda öz proqramının ikinci hissəsinin icrasına başladı. O, Arnonun yanına cavan, utancaq bir dişi göyərçin saldı. Amma bir şey çıxmadı: Arno ona sarı heç baxmadı da. Bir qədər gözləyəndən sonra quşxana sahibi dişini apardı və Arno düz bir ay qəfəsdə tək qaldı. Sonra yeni bir dişi gətirdilər, amma bunun da faydası olmadı və bu minvalla düz bir il əlləşdilər. Arno ya gözəlçələri qəddarcasına döyür, ya da onlara nifrət dolu bir biganəlik göstərirdi; evə dönmək istəyi isə hərdən onun içində ikiqat qüvvəylə çağlayırdı və onda Arno özünü məftil barmaqlıqlara çırpır, həyəcan içində özünü oyan-buyana vururdu. Göyərçinin tük tökmək mövsümü yetişəndə isə quş damının sahibi onun hər düşən lələyini ehtiyatla götürüb yadigar saxlayır, təzə çıxan lələklərin üzərində isə Arnonun rekordlarını bircə-bircə qeyd edirdi.
İki il yaman uzun çəkdi. Quşların sahibi Arnonu təzə quş damına keçirib ona bir dənə dişi də verdi. Təsadüfən bu quş evdə qoyduğu satqına yaman bənzəyirdi və Arno ona diqqət verməyə başladı. Bir dəfə quşxana sahibinə elə gəldi ki, onun məşhur əsiri gözəlçəyə biganə deyil. Hə, elə idi, budur, artıq dişi quş özünə yuva da hazırlayırdı. Quşbaz gördüklərindən anladı ki, onların arasında münasibət artıq baş tutub və onda ilk dəfə olaraq Arnonun qapısını açdı, o, azadlığa çıxdı. Görəsən, çaşdımı? Özünü itirdimi? Qətiyyən yox.
Elə ki açıq havaya aparan yol açıldı, quş azadlığa cumdu, özünün qeyri-adi yazıları olan qanadlarını açaraq bu mənfur məhbəsdən uzağa, lap uzaqlara uçdu.

Yer üzündə heç bir insan öz evini Arno doğma göyərçin damını sevən təki sevməyib.
Evə, evə, sevimli evimizə! Köhnə quş damında yaşadığı bütün məhrumiyyətlər, bütün sınaqlar artıq arxada qalıb, unudulub. Nə məhbəs illəri, nə gecikmiş sevgisi, nə ölüm qorxusu onun içindəki vətən məhəbbətini əzə bilməmişdi və əgər Arnonun nəğmə oxumaq bacarığı olsaydı, mütləq qəhrəmanlıq mahnısı oxuyardı. O, genişlənən çevrələrlə yüksəklərə qalxır, bu gözəl qanadları ram etməyə qadir olan yeganə istəyə tabe olaraq öz vətəninə, öz evinə, öz satqın rəfiqəsinin yanına can atırdı. Necə deyərlər, gözlərini də, qulaqlarını da, zehnini də kilidləyib özünü tam olaraq sirli rəhbərinin - istiqamət duyğusunun ixtiyarına buraxmışdı. Arno ox kimi cənub-şərqə uçurdu. Sirakuzalı oğru Arno ilə həmişəlik vidalaşmışdı.
Aşağıda, vadidə sürət qatarı tüstüləyirdi. Qatar çox qabaqda idi, lakin Arno ona həm çatdı, həm də vəhşi ördək suda üzən desmanı ötən təki ötüb-keçdi. Vadinin üzərindən, şam meşələri küləklərlə pıçıldaşan Çenanqo dağlarından keçib uzaqlara, lap uzaqlara uçurdu.
Palıd ağacındakı yuvasından bir qırğı sakitcə çıxdı; göyərçini görmüş, onu özünə qurban seçmişdi. Arno nə sağa, nə sola, nə yuxarı, nədə aşağı dönmədi; qanadının bircə tərpənişi belə boşa getmədi. Qırğı gözləyirdi. Lakin Arno onun yanından güclü maral ayının qurduğu pusqunun yanından ötən təki ötüb-keçdi. Evə, evə!
Şap, şap, şap! - parlayan qanadlar artıq tanış yollarda çırpılırdı. Bir saatdan sonra dağları görəcəkdi. Budur, artıq onların üzəriylə uçur. Tez yaxınlaşan doğma yerlər ona yeni güc verirdi. Evə! Evə! - deyən qəlbi sözsüz nəğmələr oxuyurdu. Susuzluqdan ölən yolçu uzaqda zorla sezilən palmalara baxdığı kimi, onun da parlaq gözləri Manhettenin ( Manhetten - Nyu-York şəhərinin yerləşdiyi ada)uzaqdan boy verən tüstü-dumanına zillənmişdi.
Dağdan qırğı qopdu. Öz gücünə, öz qanadlarına əmin olan, quşların ən sürətlisi sayılan qırğı layiqli ov tapdığına sevinirdi. Onun yuvasında az göyərçin olmamışdı və o, indi külək səmtində süzərək gücünü qoruyur, hücum üçün fürsət gözləyirdi. Ah, həmin anı necə də dəqiq seçmişdi! Ox kimi parlayıb aşağı, aşağı şığıdı. Onun bu hücumundan nə vəhşi ördək, nə çalağan yayına bilərdi, çünki o, qırğı idi.
Geri qayıt, göyərçin! Özünü qoru, təhlükəli dağlardan aralan!
Göyərçin yolundan döndümü? Yox, çünki bu, Arno idi. Evə, evə, evə! Başqa heç nə haqda fikirləşmirdi. Özünü qırğıdan qorumaq üçün o yalnız daha sürətlə uçurdu. Qırğı şığıdı - bu parlaq ləkənin üzərinə şığıdı - və əliboş qayıtdı. Arno isə vadinin fəzasını sapanddan qopan daş kimi yardı: əvvəlcə bəyaz qanadlı quş idi, sonra titrəyən bir ləkəyə, axırda isə əhəmiyyətsiz nöqtəyə cevrildi. Daha uzaqlara, sevimli Hudzon vadisi, yaxşı tanıdığı böyük yol boyunca uzaqlara... Onları son dəfə gördüyü vaxtdan iki il keçmişdi. Artıq alçaqdan uçurdu. Şimaldan meh əsir, üzərindən keçdiyi çayın sularını titrədirdi. Evə, evə, evə!.. Artıq şəhər qüllələrini görürdü. Evə, evə! Alçaqdan uçmaq lazım idi, külək qalxırdı.
Alçaqdan! Təəssüf ki, o, həddindən ziyadə alçaqdan uçurdu! Övçunu o təpənin arxasında gizlədən hansı bəd ruh idi, görəsən? Hansı şeytan idi ona mavilikdən qopub şimala sarı irəliləyən xırdaca ləkəni göstərən? Ah, Arno! Alçaqdan uçan Arno, ovçunu yaddan çıxarma! Çox alçaqdan uçur, bu təpənin üzərindən çox alçaqdan keçirsən. Çox alçaqdan.
Parlaq alov, şaqqıltı! - və ölümsaçan qırmalar Arnoya yetişdi; yetişən kimi də yaraladı, amma yenə yolundan sapdıra bilmədi. Sayrışan qanadlar üzəri yazılı qırılmış lələklərini itirdi, lələklər ehmallıca yerə endi. Önun dəniz rekordunun sıfırı itdi. İndi daha 210 deyil, 21 mil görünürdü. Rekordunu oğurlamışdılar, həyasızcasına oğurlamışdılar! Sinəsində yaranan tünd ləkə böyüyüb yayıldı, lakin Arno tabe olmurdu. Evə, evə! Təhlükə arxada qalıb. Evə, yalnız evə, həmişəki kimi düz xətt boyunca evə...
Lakin qeyri-adi sürət artıq səngiyirdi: bir dəqiqə ərzində daha bir mil də alınmırdı və külək onun dağınıq qanadlarından həmişəki səsi qopara bilmirdi. Sinəsindəki ləkə gücdən düşdüyünü deyirdi, Arno isə elə hey irəli uçurdu. Ev, irəlidə artıq evləri də görünürdü və sinəsindəki ağrını da unutdu. İndi uzaqgörən gözləri şəhərin uca qüllələrini də aydın seçirdi, o özü isə Cersinin uçu rumları yaxınlığından keçirdi. İrəli, irəli! Qanad gücdən düşə bilər, göz də nurunu itirər, lakin vətən məhəbbəti getdikcə güclənir, getdikcə böyüyürdü. O, küləkdən qorunmaq üçün əkilmiş hündür ağaclıqdan, parıldayan suyun üzərindən, ağacların üstündən və göyərçin ovlayan qırğıların yuvasının altından keçdi; qayadakı quldur yuvasında yekə, qaşqabaqlı yırtıcılar oturmuşdu. Qara maskalı dəniz quldurları kimi diqqətlə baxdılar, göyərçinin yaxınlaşdığını gör dülər. Arno onları çoxdan tanıyırdı. Ünvanına yetişməyən çox namə bu yuvada son mənzil tapmış, üzərində yazıları olan çox lələk titrəyərək onun torpağına enmişdi. Lakin Arno neçə dəfə onlarla baş-başa gəlmişdi və indi də heç nə baş verməyibmiş kimi yoluna davam edirdi - irəli, irəli, sürətlə irəli, amma həmişəki kimi sürətlə uça bilmirdi. Ölümsaçan tüfəng gücünü almış, sürətini azaltmışdı. İrəli, irəli! Qırğılar azca gözləyib iki ox kimi yerlərindən qopdular. Onlar əldən düşmüş, yorğun göyərçini tuturdular. Bunu təsvir etməyin nə mənası? Cəsur qəlbin çarəsizliyini qələmə almaq nəyə gərəkdir axı? O artıq evlərini görürdü... Hər şey bir anda bitdi. Göyərçin ovçusu qırğılar sevincdən çığırışırdılar. Elə havada çığırışa-çığırışa öz qayalarına qalxdılar, caynaqlarında isə bir göyərçin cəsədi tutmuşdular - balaca, cəsur Arnodan nə qalmışdısa onu.
Həmin qayada quldurların dimdikləri, caynaqları qəhrəman quşun qanına boyandı. Misilsiz qanadlar parça-parça didildi, üzərindəki salnamə daşlara səpələndi. Orada, günəşin altında qaldı lələklər, düz o zamanadək ki, quldurların özləri də gülləyə tuş gəldilər, onların da yuvası tar-mar edildi.
Bu misilsiz quşun taleyi naməlum qalacaqdı, əgər quldur yuvasının zirzibili arasında gümüş üzüyü təsadüfən tapmasaydılar - əla poçt göyərçininin müqəddəs ordenini; üzərində "Arno, 2590 S" yazısı olan üzüyü.
Gülnar Abbasova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.