BİR TAS YEMƏK

2-09-2024, 08:08           
BİR TAS YEMƏK
Sultana gözəl bir tovuz quşu hədiyyə edirlər.
Hədiyyəni gətirən adam quşun qüsursuz olduğunu deyir.
Vəzir etiraz edir, quşun qüsurlu olduğunu söyləyir.
Sultan “Belə quşun qüsuru ola bilməz” deyə əmr edir ki, gedin tovuz quşunu yoxlayın.
Bir qədər sonra gəlib Sultana deyirlər ki, tovuz quşu su içərkən boynunu qaz kimi uzadır, bir kasa suyu iki saata içir. Məgərsə tovuz quşu yumurtada ikən anası ölür, yumurtanı da inkubasiya dövründə qazın altına qoyurlar…
Sultan vəzirinə “Afərin” deyir, – “Vəzirin yeməyini bir tas artırın” əmr edir…
Bir gün Sultana gözəllikdə tayı bərabəri olmayan bir at hədiyyə edirlər. İki günlük məsafəni iki saata qaçan, şaha qalxanda hərkəsi heyran buraxan bir atdır, qüsursuzdur yəni. Ancaq vəzir Sultana atın qüsuru var deyir: “At inək kimi gecə-gündüz quyruğu ilə milçək qovur”. Sultan əsəbləşir, gedib araşdırılmasını əmr edir. Məlum olur ki, atın anası da, atası da soyludur. Ancaq dayça ikən onu bir inək əmizdirib.
Sultan yenə də vəzirini təqdir edir, “Vəzirin yeməyini bir tas da artırın” əmri verir…
Sultan vəzirin bunları necə təxmin etdiyini öyrənmək istəyir.
Vəziri yanına çağırıb soruşur:
–Hər şeyi bilirsən, indi de görüm, mən necə Sultanam? Mənim soylu nəslim haqqında nə deyə bilərsən?
Vəzir qorxa-qorxa cavab verir:
–Sultanım, doğrusunu istəyirsizsə, siz soylu bir zadəgan deyilsiniz!!!
Sultan oturduğu yerdən dik atılır, az qalır vəzirin başını vurdursun, amma marağı üstün gəlir. Bilmək istəyir, ancaq vəzir məsələni Validə Sultanla aydınlaşdır deyir. Sultan anasının yanına gedib ondan həqiqəti söyləməsini istəyir.
Valide Sultan oğlunun hiddətini görüb qorxur, həqiqəti nəql edir. Məlum olur ki, Sultanın əsil atası Saraydakı baş aşbaz imiş…
Bir müddət sonra özünə gələn Sultan vəzirdən onun atasının aşbaz olduğunu hardan bildiyini soruşur. Vəzir ehtiyatla, sözləri seçərək belə deyir:
– Sultanım, Sultan dediyin Sizin atanız kimi olar. Ənam verəndə kisə-kisə qızıl paylardı, yoxsa Sizin kimi...Hər dəfə bir kasa yemək verirsiz…
Yazıq Sultan neyləsin, o da aşbaz atasına çəkibmiş.
Qaynatdım qətranı olmadı şəkər,
Cinsinə etdiyim cinsinə çəkər…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.