Bu yay da keçdi… Yenə sentyabr...
3-09-2024, 08:44
Xəzan mövsümünün xışıltılı səsləri. Günəş yenə "Məndən də bu qədər " deyib söndürməyə başlayır atəşini. Artıq bədəninizi isidəcək o sarı şüalar da yoxdur. Altında dursan belə bir işə yaramaz. Bir azdan yağışlar basacaq hər yanı. Bağdakılar köçməyə başlayıblar çoxdan. Çayxanalarda müştərisiz qalan stullar bir-birinin üstünə yığılıb. Haradasa yay kino-teatrları olmayan pərdələrini endirib. Saralmağa vaxt tapmayan rəngbərəng afişlər sökülməyə başlayıb. Haradasa uzaqlarda dənizdən əsən sərin küləklər bu yay ən çox çalınan "Dün gece aklımda yine sen vardın" mahnısını aparır uzaqlara...
Bu yay da keçdi...
Yenə sentyabr...
Balacaların kefi qaçıb. Meyvə ləkəli güllü köynəklərinin yerinə zorla məktəbli paltarları geyindirirlər. Yay eşqlərinin şahidi məhəllə bərbərləri bir azdan hamını bir-birinə oxşadacaqlar. Bu yay da keçdi. Yenə də sentyabr...
Ən yüksək qayadan dənizin ən dərin yerinə atılmaq kimi atılmışdıq keçən yaya. Bu yay aşiq olanların sayı artacaqdı. Bu yay hüriyyətlər kökünə qədər yaşanacaqdı. Bu yay səadətlər baş döndərəcəkdi. Bu yay ömür karvanına yeni həyəcanlar girəcəkdi.
Bu yay yeni həvəslə keçəcəkdik mövsümlər köprüsündən. Bu yay yuxular çin olacaq, düşmənlər kor olacaqdı. Dodaqlar şəhvətlə titrəyəcək, gözlər kömür kimi parlayacaqdı. Bu yay gedənlər mütləq qayıdacaqdı. Yarı yolda qoyanlar mütəq peşiman olub özlərinə bəraət qazandırmağa tələsəcəklərdi: "getməmişdim ki gələm"- deyəcəklər.
Amma...
Əvvəlcə saralan otlar və bozarmış topraq olacaqdı xəbərçisi xəyalların boşa çıxdığı keçən yayın... Sonra gecə ayazları başlayacaq... Sonra rüzgar bütün gücü ilə uğuldayaraq qeyzlə keçəcək xəzan olmuş bağ-bağçanın üstündən... Sonra günəşi əsir alan buludlar çətir tutacaq tənhaların, yalqızların, unudulmuşların başı üstünə... Hər keçən gün bir az da daha erkən gələcək gecənin göz sızladan, iç göynədən qaranlığı... Gözəllərin başına tac olacağı yerdə ayaq altında qalan yarpaqlar ayrılan izləri gizlətməyə çalışacaq, içində bir "bəlkə..." gümanı ilə...
Keşkə heç yığılmayaydı çayxanadakı stulllar üst-üstə...Keşkə bağlara köç havası gəlməsəydi... Bu yay da keçdi...
Nə adam kimi yaşadıq, nə də adam kimi sevdik, nə də adam kimi ölə bildik. Nə sülh gətirə bildik bu məmləkətə, nə də əlimizdən bir şey gəldi... Yalnızlığın, savaşın, bədbinliyin, təəssüf və acının yükü var çiyinlərimizdə bu mövsüm köprüsündən keçərkən...
Amma bir şey var ki, bu yazı son baharın hüznü ilə yazılmış yazılardan olmayacaq. Bu yazının son nöqtəsi sönmüş ümüd çıraqlarının qaranlığında qoyulmayacaq. Ürəklərinin fırtınalara təslim edənlər payızda çox üşüyəcəklər. Eşqin, sülhün və səadətin atəşini günəşdən gözləyənlər ovuclarında qırılmış ürəklə hələ çox gözləyəcəklər. Çünki günəş çoxdan cənub yarımkürəsini səyahətə çıxıb. Aylarla da qayıtmaq niyyəti olmayacaq.
Kimin ki, öz günəşi var və öz göyüzü var, onlar üçün həyat bütün coşqusu ilə axıb gedəcək. Ümidlərini və xəyallarını öz ürəyinin günəşi ilə bəsləyənlər eşqi, sülhü və səadəti axtarmağı son baharda da davam etdirəcəklər…
İbrahim Nebioğlu
TEREF