Sovet dövrünün işgəncə və rüşvət yuvası olan bir gecəlik türmələri – ayıltma məntəqələri.

9-09-2024, 00:04           
Sovet dövrünün işgəncə və rüşvət yuvası olan bir gecəlik türmələri – ayıltma məntəqələri.
Ən yeni tarix. Maraqlı faktlar.
SSRİ dövründə idarəetmə sahəsində diqqəti çəkən maraqlı məqamlardan biri də müəssisələr qarşısına qoyulan konkret planlar, öhdəliklər olub.
Qeyd edək ki, “yuxarılar”dan qoyulan bu planlar icra olunmadığı halda həmin müəssisənin işçiləri mükafatlardan, müəyyən olunmuş güzəştlərdən (ev növbəsindən, sanatoriyalara pulsuz göndərişlərdən, bağ evləri üçün torpaq sahələrinin və avtomobillərin alınmasından və s.) məhrum olunublar.
Bax, elə buna görə də çox vaxt keyfiyyət arxa plana keçərək, əsas kəmiyyətə üstünlük verilib.
O cümlədən bu cür planlar SSRİ-də fəaliyyət göstərən və dünyanın heç bir ölkəsində analoqu olmayan xüsusi ayıltma məntəqələrinə də tətbiq edilib.
Yəni, realda sərxoş olub asayişi, ictimai qayda-qanunu pozanların sayından asılı olmayaraq məntəqələrdən yuxarılara konkret say göstərilən hesabatların getməsi məcburiyyəti yaranıb.
Belə olan halda bəzən məntəqə əməkdaşları yarımsərxoş olanları belə qeydiyyata salmağa məcbur olublar.
Əvvəlcədən bir faktı qeyd edək ki, dünyanın digər ölkələrində ayltma məntəqələri adında müəssisələr mövcud olmayıb.
Amerika Birləşmiş Ştatlarında polisin alkoqollu içkilər qəbul etmiş şəxsi saxlamağa hüququ yoxdur.
Əgər şəxs içkinin təsirindən qanun pozuntusuna yol verirsə, o zaman həmin şəxs polisə aparılır, mövcud qanunlara görə cəzalandırılır. Təbii ki, əgər törətdiyi əməl cinayət məcəlləsində öz əksini tapırsa.
Kanadada könüllülərdən ibarət “Qırmızı burun” cəmiyyəti fəaliyyət göstərir. Onların əsas missiyası sərxoş olmuş şəxsi evinə aparmaqla yekunlaşır.

Qərbi Avropa ölkələrində də sərxoşlara qarşı heç bir kobud münasibət göstərilmir.
Bu ölkələrdə də könüllülərdən ibarət xüsusi dəstələr sərxoş vəziyyətə düşmüş adamları evlərinə çatdırırlar.
SSRİ-də isə bu məsələyə qarşı münasibət tam fərqli olub.
Rusiyada ilk dəfə ayıltma məntəqəsi 7 noyabr 1902-ci ildə yaradılıb və “Sərxoşlar üçün sığınacaq” adı ilə fəaliyyət göstərib.
Müəssisə şəhər xəzinəsinin vəsaiti hesabına saxlanılıb.
Müəssisə əsasən qış fəslində içib küçələrdə yatanlara xidmət göstərib. Onlar isti yemək, isti yatacaq və ilkin tibbi yardımla təmin ediliblər. Daha sonra bu adda müəssisələr Arxangelskdə də fəaliyyətə başlayıb.
SSRİ dövründə isə ilk ayıltma məntəqəsi 1931-ci ildə Leninqradda, daha sonra isə Moskvada açılıb. Yeri gəlmişkən, qeyd edək ki, olduqca ciddi rejimə malik olan bu müəssisələr də alkoqollu içkilərə qarşı olan hədsiz ehtirasın qarşısını ala bilməyib.
Nəinki ayıltma məntəqələrinin fəaliyyətə başlaması, heç dövlət səviyyəsində məsələ ilə bağlı verilən qərarlar belə mənasız olub Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib.
İlk dövrlərdə ayıltma məntəqələri SSRİ Səhiyyə Komissarlığının (nazirliyinin) tabeliyində fəaliyyət göstərib.
Müəssisələrə “xüsusi təyinatlı tibbi avtomobil”lər verilib. Məntəqədə çalışanlar yerli daxili işlər orqanlarının əməkdaşlarının köməyindən də yararlanıblar. Xüsusi təyinatlı avtomobillər milislərlə birgə reydlərə çıxıblar, yaxud konkret çağırışlara gediblər.
Məntəqəyə gətirilən şəxslər feldşer tərəfindən müayinə olunub, onlar əvvəlcə soyuq duşa salınıb, daha sonra onlara xüsusi dərman preparatları verilib. Tabe olmadıqları halda onları dəmir çarpayıya bağlanaraq lazımi tibbi prosedurları keçiriblər.
Bəzən bu prosedurları keçirmək üçün milis əməkdaşlarının köməyinə də ehtiyac duyulub.
Səhərisi gün məntəqənin “qonağı” haqqında bütün məlumatlar dəqiqləşdirilib, özü ilə profilaktik söhbət aparılıb, ailəsinə, iş yerinə, yaxud tələbədirsə, oxuduğu təhsi ocağına məktub göndərilib.
1940-cı ildə Lavrenti Beriyanın təşəbbüsü ilə xüsusi ayıltma məntəqələri “NKVD”-nin tərkibinə verilib.
Bu dövrdə içki həvəskarları üçün ayıltma məntəqələri ən təhlükəli yerə çevrilib. Beriya qanunlarının hökm sürdüyü ayıltma məntəqələrində keçirilən tədbirlər həddindən artıq sərt olub.

Leonid İliç Brejnevin hakimiyyəti illərində xüsusi ayıltma məntəqələri burada işləyənlər üçün əsl gəlir mənbəyi yerinə çevrilib.
Həmin dövrdə kimin haqqında ayıtma məntəqəsindən iş yerlərinə və ya oxuduqları təhsil ocaqlarına məktub gedibsə, onları ciddi cəza gözləyib. İşdən azad etmək, partiya sıralarından xaric olmaq, şiddətli töhmət almaq, institutdan qovulmaq kimi cəzalardan xilas olmaq üçün ayıltma məntəqəsinə düşənlər məntəqə əməkdaşlarının qələmlərinin mürəkkəbini pulla “qurudublar”.
Yuri Andropovun və Mixail Qorbaçovun hakimiyyəti illərində xüsusi ayıltma məntəqələri Stalin dövründəki “populyarlığını” yenidən bərpa edib. Ancaq bu da uzun sürməyib.
SSRİ-nin süquta doğru getdiyi illərdə təsərrüfat hesablı olan müəssisələr bir-bir fəaliyyətlərinə son qoymağa başlayıblar.
Rusiya Federasiyasının böyük şəhərlərində bir neçə ayıltma məntəqəsi 2011-ci ilə qədər fəaliyyətini davam etdirib.
2011-ci ildə Rusiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün ayıltma məntəqələrinin fəaliyyətinə rəsmi son qoyulub...
(İlham Cəmiloğlu)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.