KÜFELİK OLMAQ və ya AYIQ SÜRÜCÜ

22-09-2024, 12:14           
KÜFELİK OLMAQ və ya AYIQ SÜRÜCÜ
Türkiyə türkcəsində "Küfelik olmak" deyə bir deyim var. Anlamı "Ayaqda dura bilməyəcək qədər sərxoş olmaq", "Özünü idarə edə bilməyən içkili adam" deməkdir. "Küfe" isə söyüd ağacının incə budaqlarından hörülmüş, kürəkdə daşınan böyük səbətdir.
Keçən əsrin ortalarına qədər İstanbulun meyxana, içkili restoran və tavernalarının qarşısında küfeli hamballar dayanır, gecənin gec saatlarında evlərinə gedəmməyəcək qədər zil-sərxoş müştəriləri səbətə qoyub bellərində evə daşıyırmışlar. Daşınma pulunu da müştəri deyil, meyxananın sahibi ödəyirmiş.
Meskenin neresi senin?
Tam küfelik adamsın.
Umurunda mı kimsenin?
Tam küfelik adamsın…
"Küfelik olmak" deyimini Türkiyəyə yeni gəldiyim illərdə eşitmişdim. O vaxtı küfeli hamballar çoxdan tarix olmuşdular. Eyni illərdə Bakıda indi xeyli yayğınlaşmış "Ayıq sürücü" servisi yox idi. Bu yaxında bir türk dostum Bakı təəssüratlarını bölüşərkən bu servisin faydalarından danışır, İstanbulda "Ayıq sürücü"nün olmamasından gileylənir və burada da bu gəlirli biznes sahəsinin qurulmasını xəyal edirdi.
Dostuma boş yerə həvəslənməməsini dedim, çünki İstanbulda məsafələr o qədər böyükdür ki, biznes rentabelli olmaz. Arxasınca da əlavə etdim ki, əvvəl-axır UBER-in sürücüsüz taksi servisi buraya da gəlib çıxacaq…
Dünən axşam bir az "küfelik adam"lardan, bir az da yüksək texnologiyalardan danışdıq dostlarla. Salamatı da elə bu mövzulardır…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.