Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

22-09-2024, 18:04           
Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)
44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...

Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.

Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq:

Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.

Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.

Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.

2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.

2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı.

Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır.

Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı....

26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir.

Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı...

Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur.

Xatırlatma:

2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.

Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...

27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.

29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.

9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.

Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə,

“Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.

Allah rəhmət eləsin!

İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM!

Subut Mehdiyev,

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.