AZƏRBAYCAN DÖYÜŞÇÜLƏRI ƏN YAXŞI SAYILIR
23-09-2024, 15:04
"Adərbaycanın (Azərbaycanın) sağlam iqlimi və bərəkətli torpağı var; bütün vilayətin əhalisi 1 870 000 nəfərə çatır və əhəmiyyətli hissəsi türk və kürd tayfalarıdır, bu səbəbdən İranda (Qacar səltənətində) igidləri ən döyüşkən olan bölgə Adərbaycan sayılır".
Bunu görkəmli rus şərqşünası İlya Berezin yazıb.
"Ən yaxşı qoşun bu vilayətdə yığılır və bu binayi-qədimdən belədir. Hələ ərəb tarixçisi İbn Asəm əl-Kufi öz “Zəfərlər Tarixi” kitabında yazmışdı ki, Nəhavənd döyüşündə bu əyalətdən toplanan və meydana çıxarılan azərbaycanlı qoşun sayına görə birinci idi - 30 000 sərbaz".
Burada deməliyəm ki, 642-ci ildə Xilafətə qarşı Nəhavənd döyüşünü İranı idarə edən Sasanilərin qoşunu uduzub. Ona görə burada gətirilən misalı elə də uğurlu saymıram, hərçənd ki, uduzulan döyüş və müharibələrdə qəhrəmancasına vuruşan ordular, hissələr və adamların varlığı məlum faktdır.
"Orduya çağırış Adərbaycanda xüsusi səylə həyata keçirilir, çünki hal-hazırda İran şahının sülaləsi türk qanlıdır, buna görə də etibarlı dəstəyi öz tayfalarında tapmaq zərurətindədi, nəinki cənubdakı farslarda".
Sitatlar İ.Berezinin 1852-də çap olunan “Şimali İrana səyahət” kitabından götürülüb.
İlya Nikolayeviç Berezin (1818-1896)- rus şərqşünası - türkolog, iranşünas, monqolşünas, Sankt-Peterburq Universitetinin Türk-Tatar Ədəbiyyatı kafedrasının professoru, müşavir olub.
Qazan Universitetinin şərq ədəbiyyatı fakültəsini 19 yaşında bitirən Berezin "Müsəlman dövlətlərində maarifin inkişafına kömək edən və ləngidən amillər” mövzusunda dissertasiya müdafiə edib.
1842-ci ildə Qazan Universitetinin professoru, görkəmli Rusiya şərşünası, azərbaycanlı Mirzə Kazım bəyin göstərişiylə İ.Berezin üç illik elmi səfərə çıxıb.
Maraqlıdır ki, Qazan Universitetində oxuyanda Lev Tolstoy Rusiya şərqşünaslığının banisi sayılan azərbaycanlı Mirzə Kazım bəyin tələbəsi olub.
Rəssam Boltışevin şəkil kitab yazılan dövrə uyğun deyil, illüstrativdir. “Ağqoyunlu ordusunun püşəndəri - zirehli döyüşçüsü, XIV əsrin sonu – XV əsrin əvvəli.
Nomads of the Great steppe - "Böyük Çölün Köçəriləri" səhifəsindəki paylaşım əsasında yazılıb.
Чингиз Султансой
TEREF