Türk dünyasında birlik fikrinin atası - İsmayıl Qaspiralının vəfatından 110 il keçir

24-09-2024, 17:20           
Türk dünyasında birlik fikrinin atası - İsmayıl Qaspiralının vəfatından 110 il keçir
Doğum tarixi -20 mart 1851
Vəfat tarixi 24 sentyabr 1914
Türklərin bir olmadıqları sıxıntısını "Əgər biz belə getsək, Rusiyadakı türklərin gələcəyi qaranlıqdır" deyə dilə gətirən, türk dünyası üçün ən mühüm milli oyanış mərhələsi İsmayıl bəy Qaspıralı (1851-1914) birlik ideyasının nəzəriyyəçisidir.
Türk Dünyasında “birlik fikri” deyildiyi zaman ilk ağıla gələn ad İsmayıl Qaspıralıdır. Krım-Baxçasaray yaxınlığındakı Avcıköydə anadan olan İsmayıl rus məktəbində təhsil alır. Rusiya çarlığında türkə, türklüyə mənfi münasibət Qaspıralıda milli şüurun oyanmasına səbəb olur. 1868-ci ildə Baxçasarayda rus dili müəllimliyinə başlayır. 1872-ci ildə təhsilini artırmaq üçün Krımdan ayrılaraq Fransaya Parisə gedir. Parisdə iki ilini keçirən İsmayıl Qaspıralı bu yolla Qərb mədəniyyətilə yaxından tanış olur.

Krımlı bir tatar türkü olan İsmayıl Qaspıralı türklərin bir olmadıqlarının sıxıntısını "Əgər biz belə getsək, Rusiyadakı türklərin gələcəyi qaranlıqdır" deyə dilə gətirir. Qaspıralı narahat idi ki, Rusiyada müxtəlif adlarla deyilən, amma əslində eyni soydan gələn türk icmaları ayrı-ayrılıqda davam etsələr, dövrələrini əhatə edən slavyan dənizi içərisində yoxolma təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar. Bu ayrılığı aradan qaldırmaq üçün isə birlikdə hərəkət etmək məcburiyyətdir. Birlik yolunda Qaspıralının gəldiyi ilk nəticə bu oldu: “Türklər ortaq türk dili ətrafında birləşərək varlıqlarını davam etdirə bilər”. Bu ideyanı gerçəkləşdirmək üçün qəzet hazırladı. Bütün türk dünyasına səslənən bu qəzeti sadə və ümumi türk dilində dərc etdi. "Dildə, fikirdə, işdə birlik" şüarı ilə çıxan bu qəzetin adı “Tərcüman” idi.

İsmayıl Qaspıralı 1883-cü ildə nəşrə başladığı “Tərcüman” qəzeti ilə, başda Rusiyadakı türklər olmaqla, bütün türk dünyasının milli məfkurəsi, oyanışı üçün bir cığır açmış oldu. “Tərcüman” türklər yaşayan hər yerdə ziyalıların qəzetinə çevrildi. Türklük, türk birliyi düşüncəsinə ən böyük maraq isə Azərbaycan və Krımda idi.

Rusiya ərazisindəki türklərin fikri, mədəni və siyasi hərəkatı Qaspiralı ilə başladı. Onun nəzərdə tutduğu islahat proqramına əsasən təhsildə yenilik edilməli, türk qövmləri arasında ortaq ədəbi dil yaradılmalı, qızların təhsilinə oğlanlarkı qədər əhəmiyyət verilməli idi.

Çar Rusiyasının türklərə qarşı tətbiq etdiyi ruslaşdırma siyasətinin türkləri yox edə biləcəyindən narahat olan və çıxış yolları axtaran İsmayıl Qaspıralı Rusiya ərazisindəki türkləri birləşdirmək məqsədilə islahatlar düşünür və həyata keçirir. “Tərcüman” qəzetindən sonra onun ən böyük təşəbbüsü 1884-cü ildə “üsuli-cədid”, yəni yeni prinsip və qaydaları əsasında açdığı məktəb oldu. Qaspıralının Krımda Baxçasarayda qurduğu yeni məktəbdə tətbiq etdiyi asan oxuma üsulu getdikcə və qısa zamanda Rusiyanın digər türk bölgələrinə də yayıldı. Bu gərgin fəaliyyətilə İsmayıl Qaspıralı təhsil və mədəniyyət sahələrində Rusiyadakı türklər və ümumiyyətlə, bütün türklər arasında milli şüurun oyanmasına səbəb oldu.

İsmayıl Qaspıralının ortaq türk dilinin yaradılması istiqamətində gördüyü digər mühüm addım İstanbul türkcəsini Osmanlı və tatar ləhcələri arasında vasitəçi mövqedə yerləşən Krım ləhcəsi əsasında işləyib sadələşdirərək bütün türklər üçün ortaq ədəbi dil etmək idi. O türk dilini işğal etmiş fars və ərəb sözlərindən təmizlənmək və xalq tərəfindən başa düşüləcək sadəliyə qovuşdurmaq istəyirdi. Qaspıralının “Tərcüman” qəzeti vasitəsilə yaydığı bu dili Krım, İdilliya-Ural, Qafqaz və Türküstan, yəni Orta Asiya ziyalıları qəbul etdi və nəticədə bu ortaq dildə yazanların yaratdıqları geniş bir ədəbiyyat ortaya çıxdı. Amma Sovet dövründə İsmayıl Qaspıralının başladığı ortaq türk dilinin qarşısı alındı, yerinə hər türk xalqının öz dilini ayrılıqda inkişafına təşviq edildi.

“Tərcüman” qəzeti vasitəsilə ortaq türkcə ətrafında türk dünyasını bir araya gətirmək İsmayıl bəy Qaspiralının əsas qayəsi idi. Qaspıralıya görə, türk dilinin İstanbul ləhcəsi sadələşdirilməli, içindən qəliz ifadələr atılaraq bütün türk xalqlarının anlayacağı bir şəklə salınmalıdır.

Bu gün Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev kimi türk respublikaları liderlərinin səyləri hesabına İsmayıl Qaspıralının ideyaları müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində canlanır. Türk Şurası, TÜRKSOY və Türk Akademiyası başda olmaqla ayrı-ayrı beynəlxalq təşkilatlar bu istiqamətdə müxtəlif işlər görür. Bu işlərin adı nə pantürkizmdir, nə adə panturanizmdir, çünki heç bir dövlət və millətə qarşı düşmənçilik, kin və nifrəti təlqin etmir, sadəcə, türk xalqları arasında müxtəlif sahələrdə əməkdaşlıq istəyir. Bundan başqa, İsmayıl Qaspıralı tərəfindən ortaya qoyulan "Dildə, fikirdə, işdə birlik" şüarının həyata keçməsi həm də dünya sülhünə xidmət deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.