İtin də dilinə hörmətimiz var, Təkcə öz dilimiz yaramır bizə

8-10-2024, 17:18           
İtin də dilinə hörmətimiz var, Təkcə öz dilimiz yaramır bizə
“İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə”.
(B.Vahabzadə)

İldə 5-6 dəfə həkim müayinəsi və müxtəlif münasibətlərlə Bakı şəhərində oluram. Hər gəlişim-gedişin isə 4-5 gün çəkir. Son səfərim bir neçə gün artıq çəkdi. Fürsətdən istifadə edib, bir vaxtlar çox gəzib-dolaşdığım gözəlim küçələri bir daha gəzmək könlümdən keçdi. Gəzib dolandıqca bir daha Bakının çox inkişaf etdiyinin, xeyli gözəlləşdiyinin şahidi oldum. Buna sevindim, qürrələndim.
Əvvəl elə bildim ki, hansısa xarici ölkədəyəm. Amma yanımdan ötüb-keçənlərin şirin-şəkər ana dilimdə danışdıqlarını eşidim ayıldım. Ayıldım və çox dilxor oldum, əsəbiləşdim, qeyzləndim. Sanki mənim Bakım “xarici dillərin “işğalına” məruz qalıb”.
Şəhərin küçə və meydanlarındakı yazılarda, məkanların adlarında Azərbaycan dilinin sıxışdırılması, Azərbaycan əlifbasına laqeydlik, xalqımın milli varlığının nişanəsinin nüfuzdan salınması məni çox narahat etdi. Akademik Teymur Hacıyevin haqlı olaraq, bir vaxtlar yazdığı sözlər yadıma düşdü: “Mən ötəri saymışam. Bakının küçə və meydanlarındakı yazılarda ən azı 12 dildən və elə o qədər də əlifbadan, həm də son dərəcə qarışıq şəkildə istifadə olunur. Çox ölkələr gəzmişəm, amma dünyanın heç bir ölkəsində dilə qarşı bu qədər hörmətsizlik görməmişəm”. (https://musavat.com/news/son-xeber/baki-ecnebi-dillerin-ishgalina-meruz-qalib_69883.html)
Bəzilərinin adını sadalayım, özünüz baxın. Bəlkə, mən düz demirəm. Şadlıq saraylarının adları: “Niaqara”, “Neolit”, “Siyaqut”; gözəllik salonları: “Jozefina”, “Dolche Vita”, “Miss Scarlett”, “Angels”, “Cinemadonna”; dükan adları: “Magic”, “Accesqorize”, “Arsigle”, “Enjoyment”, “Baldinini”, “Carpets”, “Ambiance”, “Lodro”, “Brigeston”, “Bind”, “İqoloçka”, “Ariston”, “Albatros”,“N&M, A? mart”, “Sladko”, “Meçta xozyayki”; mebel evləri: “Arstil”, “Belux mebel”, “Home Life Mebel”, geyim mağazaları: “BebeTom” (körpə-bəbə Tom), “Eurokids” (avropalı uşaq), “Bandido” (quldur), "Samuray", “Killer” (başkəsən),”Second hand” (nimdaş, köhnə paltar, ölü paltarı), bank adları: ”Bank of Baku", “Bank of Azerbaijan”; və s. “Hətta iş o yerə çatıb ki, bapbalaca gül dükanını ”Flovers House", avtoyuma qarajını “Evro yuma” adlandırıblar. (Apardığımız bir neçə sorğu göstərdi ki, obyektlərin işçilərinin özləri belə o adların mənasını bilmirlər.)
Dilimizin təəssübkeşlərindən biri, görkəmli şairirimiz B.Vahabzadə məhz belələrini nəzərdə tutaraq yazırdı:
Bir vaxt rusca idi bütün reklamlar.
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.

Bu siyahıda göstərilən adlar Bakıdakı əndirabadi adların çox az bir qismidir. Belə qəribə adda obyektlər onlarladır. (Artıq regionlarda da bu cür adların sayı artmaqdadır.) İndi siz deyin: bu, Bakının xarici dillərin “işğalına” məruz qalması deyil, bəs nədir?!
“Dil haqqında” Qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır.
“Reklam haqqında” Qanuna görə də reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Bəs niyə buna əməl olunmur? Əvəzinə həmin adların altında onların dilimizdəki mənası da oxunması mümkün olmayacaq dərəcədə kiçik yazılır. Bu, məlum tamaşada Balaşın öz valideynlərini qonaq qabağına çıxarmaqdan “utanmasını” və onları bir otağa qapamasını xatırladır mənə.
Bu qanunların tələbi həm yerli, həm də xarici iş adamları üçün məcburidir. Amma bunlara nə qədər əməl olunur? Demək olar ki, çox pis əməl olunur, həm də bu işlərə zəif nəzarət edilir. Məncə, əsas günahkarlar həmin obyektlərin açılmasına rüsxət verən dövlət qurumları və onların məmurları, bu işlərin monitorinqini aparan qurumlar, həmçinin həmin obyektlərin sahibləridir.
Təəssüf ki, indi də ingilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, bunların içərisində çoxlu “ziyalı”lar da var.
Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”. Bizim “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz H.Əliyev isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir !
Kimsə deyə bilər ki, belə şeyləri böyütmək lazım deyil, bu bizim sahibkarların fəaliyyətinə mane ola bilər. Səhv düşüncədir. İş adamlarımızın özləri dilimizin təəssübkeşi olmalı, müştəriləri obyektlərin adları ilə deyil, oradaki malların və xidmətlərin qiyməti və keyfiyyəti, xidmətin səviyyəsi ilə cəlb etməlidirlər. Bir də ki, o obyektlərin bir çoxuna, bəlkə də, aylarla əcnəbi müştəri gəlmir, gələnlərin də çoxu baxıb çıxır. Guya əcnəbilər bizdən az bilir, yoxsa pullarının qədrini bilmirlər?
Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada çoxdillilik zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir və həmin dil hazırda “lingua franca” statusundadır. Bu dildə, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar. Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.
Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan işlədilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilini əvəz etməməli və ondan üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir.
Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir.
Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdi: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.” Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik.
Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik” (hesab etməliyik).
Yazımı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevdən bir əvvəlki yazımda da istifadə etdiyim iqtibasla bitirirəm. Cənab Prezidentimiz 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
ЕУКУА












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.