“Döyüşə gedən qocalar”ın Kremldən yola salınması – onlar özləri ilə bərabər SSRİ-ni də gömdülər.

25-10-2024, 08:13           
“Döyüşə gedən qocalar”ın Kremldən yola salınması – onlar özləri ilə bərabər SSRİ-ni də gömdülər.
Ən yeni tarix. Maraqlı faktlar.
“Bu gün müzakirə olunacaq məsələlər çoxdur, məhsuldar işləməliyik, başlayaq, döyüşə qocalar gedir...”
1974-cü ildə Siyasi Büronun iclaslarının birinə Leonid İliç Brejnev məhz belə giriş verib. Bu giriş, “qocalar” ifadəsi büro üzvlərinin ürəyincə olsa da, aralarında bir çaşqınlıq da yaranıb.
Bunu hiss edən baş katib açıqlama verib:
- Biz dünən marşal Qreçko ilə (müdafiə naziri) yeni bir filmi seyr etdik, “Döyüşə qocalar gedir”. Film müharibədən bəhs edirdi. Rejissor işi çox güclü olmasa da, filmin adı çox uğurlu seçilib.
Yəqin ki, bu ifadə ilə Brejnev yaşlanan Siyasi Büro üzvlərinə yeni ruh vermək fikrində olub.
Demək olar ki, Brejnev hakimiyyətə gəldikdən sonra bəzi istisnalar olmaq şərti ilə formalaşdırdığı Siyasi Büro üzvləri ilə ömrünün sonuna qədər işləyib. “Qoca”ları kreslolarından yalnız ölüm ayırıb. Pillələrdən yıxılanlar da olub, iclaslarda mürgüləyənlər də, hətta yaddaşını tam itirənlər də. Ancaq heç kim könüllü getmək fikrində olmayıb.
Məsələn, SSRİ nümayəndə heyətinin Polşa səfəri zamanı rəsmi görüşdən sonra pillələrdən enərkən SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov hamının gözü önündə sağ böyrü üstə yıxılıb, sonuncu pilləyə qədər dığırlanaraq xarici işlər naziri Andrey Qromıkonun ayaqları altına düşüb.
Yaxud Mərkəzi Komitənin katibi Andrey Kirilenko günortadan sonra oxumaq və yazmaq qabiliyyətini itirib, yaddaşı tam pozulub. Mərkəzi Komitənin digər katibi Konstantin Çernenko günün bir neçə saatını kreslosunda mürgüləyib.
Elə komandanın başçısı Leonid İliç Brejnevin də yaşı ilə bağlı kuryoz hadisələr az olmayıb. Hətta onlardan biri xalq arasında lətifəyə çevrilib:
“Suslovun dəfnində hamı Brejnevin nitqini gözləyib. Bir neçə dəqiqə keçib, Brejnev susub, daha bir neçə dəqiqə keçib, baş katib dillənməyib. Nəhayət, Brejnev yanında dayanan Çernenkodan soruşub:
- Bəs Suslov harada qaldı? Gəlsəydi, dəfn mərasiminə başlayırdıq...”
Siyasi Büro üzvlərinin əvəzinə şişirdilmiş ştatlardakı kadrlar işləyiblər. Əvvəlki illərlə müqayisədə xidməti personalın, köməkçilərin, nazirliklərin, dövlət komitələrinin, Mərkəzi Komitə ilə paralel olaraq ayrı-ayrı səhələrə nəzarət və icra strukturlarının sayı bir neçə dəfə artırılıb. Beləliklə, dövlət strukturlarında 10 minlərlə yeni ştatlar yaradılıb. Əgər 1936-cı ildə ölkədə cəmisi 20 nazirlik olubsa, 1982-ci ildə nazirliklərin və dövlər komitələrinin sayı 100-ü ötüb. Müttəfiq respublikalarda nazirliklərin ümumi sayı isə 500-dən artıq olub. Və “qoca”ların bu “nökər”lərinə illik ümumi büdcənin 10 faizi xərclənib.
“Qoca”lar yaşlarına baxmayaraq özlərini rahat hiss ediblər. Onlar üçün əsas məsələ toxunulmazlıqları olub. Nəhayət, 1980-ci illərdə mürgüləyən siyasilər anlayıblar ki, ölkəni süquta sürükləyiblər, uçuruma bir addım qalıb.
Siyasi Büro üzvlərinin yaş statistikasına nəzər yetirsək, Kreml həqiqətən də “Qocalar evi”ni xatırladıb. Bu “ev” qərb ölkələrinin də diqqətindən yayınmayıb.
1982-ci ildə baş katib Leonid İliç Brejnevin 76 yaşı olub. Yaşına və xəstəliyinə baxmayaraq o, ömrünün sonuna qədər vəzifəsindən əl çəkməyib.
Uzun illər SSRİ Nazirlər Sovetinin sədri olan Aleksey Kosıgin 1980-ci ildə 76 yaşında vəzifəsindən azad edilib, iki aydan sonra vəfat edib.
1976-cı ildən SSRİ-nin müdafiə naziri olan Dmitri Ustinov 1984-cü ildə 76 yaşında vəfat edib. Ömrünün son gününə qədər nazir kreslosunu tərk etməyib.
SSRİ Nazirlər Sovetinin Kosıgindən sonrakı sədri Nikolay Tixonov 92 yaşında vəfat etsə də, baş nazir vəzifəsindən 80 yaşında ayrılıb.
28 il SSRİ-nin xarici işlər naziri işləmiş Andrey Qromıko 1985-ci ildə 76 yaşında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib və dörd ilə yaxın bu vəzifədə çalışıb. Vəzifədən çıxarılandan bir il ötməmiş 80 yaşında vəfat edib.
15 il DTK-ya rəhbərlik edən Yuri Andropov 68 yaşında baş katib olmaq sevdasına düşüb və 15 ay ölkəyə rəhbərlik edib.
Konstantin Çernenko baş katib kürsüsünə 73 yaşında sahib olub. Ancaq o, bu vəzifənin şirinliyini yalnız 13 ay dada bilib.
1947-ci ildən Mərkəzi Komitənin katibi olan Mixail Suslov 1982-ci ilə, 78 yaşına qədər Kremldə çalışıb və elə vəzifə başında da vəfat edib.
19-cu əsrdə, 1899-cu ildə anadan olan Arvid Pelşe ömrünün son gününə, 84 yaşına qədər Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komissiyasının sədri olub.
Mövcud dövrün Siyasi Büro üzvlərindən Heydər Əliyevi, Qriqori Romanovu, Eduard Şevardnadzeni, Mixail Qorbaçovu çıxmaq şərtilə bu siyahını uzatmaq da olar.
Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyan SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi ( sonralar səhiyyə naziri) Yevgeni Çazov dəfələrlə dövlət başçısına Siyasi Büro üzvlərinin yaş və sağlamlıqları ilə bağlı xəbərdarlıq edib.
Amma buna baxmayaraq, vəzifə aşiqləri kürsülərini sağlamlıqlarından üstün tutublar.
Çazov real vəziyyəti anlayaraq Siyasi Büro iclaslarının reqlamentində dəyişiklik etməyə məcbur olub, hər 20 dəqiqədən bir fasilə elan edilib, siyasilər fasilə zamanı yorğunluqlarını alıblar.
Yazının sonunda yenidən həmin məşhur filmə qayıdaq, adı Leonid İliç Brejnevə xoş gələn filmə. Həmin filmdə döyüşə qocalar getdi, son zərbələri ilə düşməni məhv etdilər.
Amma Brejnevin “qoca”ları döyüşə getsə də, siyasi cəbhədə mürgülədilər və bir-birlərini son mənzilə yola sala-sala SSRİ adlı bir ölkəni də dünyanın xəritəsindən sildilər.
Və sonda belə qənaətə gəlmək olar ki, “döyüşə qocalar gedir”ə yalnız film kimi baxmaq olar, əsl döyüş meydanı isə qocalar üçün yox, çeviklər üçündür...
İlham Cəmiloğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.