Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel
26-10-2024, 00:03
TEREF yazır ki, Kulis.az Rahid Uluselin "XXI əsr: Qlobal Gücün Monoloqu" adlı yeni yazısını təqdim edir.
Müasir dünya siyasəti mağara dilində danışır. Dövlət başçıları ibtidai qəbilə başçıları kimi biri-birinə xox gəlir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyir: “Mən dünya tarixinin ən güclü ordusuna rəhbərlik edirəm”. ABŞ strateqi Corc Fridman yazır: “Birləşmiş Ştatların Donanması bütün dünya okeanına nəzarət edir.”; “İslam dünyası xaos içərisindədir, onun birləşməsinə gücünün yetməməsi – Birləşmiş Ştatların öz strateji məqsədlərinə çatması deməkdir... Müsəlmanlar öz aralarında vuruşduqca, Birləşmiş Ştatlar bu müharibəni udur.” Putin bəyan edir: "Rusiya yoxdursa, dünya nəyə lazımdır?"; "Rusiyanın sərhədləri heç yerdə bitmir."
Birləşmiş Güc İttifaqı
“ – Öz Ali Gücümüzə and içərək, Birləşmiş Güc İttifaqının sözü olaraq, bəyan edirəm!
Kainat Qanunu – onun Güc əsarətində olduğunu təsdiq edir. Bunu kim dana bilər ki, güclülər – qalaktikalardan mikroorqanizmlərədək – zəifləri udur. Bütün Kainat məkanında zəiflər güclülərin orbitində hərəkət edir. Yer planetində də cansız və canlı aləm bu qanunauyğunluq əsasında mövcuddur. Bu zənciri qıra biləcək yalnız bir qüvvə var – İnsan və onun Ruhu! Bizim əsas düşmənimiz!
Yaranışından bəşəriyyət iki xətt üzrə boy atıb: Güc hökmranlığını təmsil edən bizim nəsil və Ruh hökmranlığını təmsil edən insan nəsli. Biz – qopduğumuz bəşəriyyətin ağasıyıq, onlar isə qopduqları bəşəriyyətin yaradıcısı. Onlar varlığın vəhşiyyət qanunu dərisindən sıyrılıb insanlıq qanununa keçmək iradəsi ilə bizi sıradan çıxarmağa can atırlar. Gör ki, bir dəfə bizim Napoleonun da sınıb etiraf etdiyi kimi, Ruh Gücə qalib gəlmək cəsarətində! Əslində, bütün tarix bizim üstünlüyümüzlə davam edən bir mübarizənin salnaməsidir!
Sən – bizim varisimiz, bil! Biz – bəşəriyyətin paternalistləriyik!
Bizim Yerdəki əsas dayağımız – “seçilmiş xalqlar” və onların seçkinləridir.
Onlar alətimiz kimi hələ ən azı min il bizə lazım olacaqlar.
Əllərində də – Kitabımızın kölgəsi olan “Tövrat”.
Biz görəndə ki, İnsan – Tanrısına birbaşa yol arayır, Gücə itaətdən boyun qaçırır, seçilmişlərimizin kitab əhlinə dərhal “Tövrat” yazdırdıq və üsyankar qövmü bu mifə inandırdıq ki, onlar cənnətdən qovulmuş suç daşıyıcılarıdır... Min illərdir ki, “cənnətə qayıtmaq” üçün can çəkişdirirlər. Getdikcə də daha çox “cəhənnəmə” doğru sürüklənirlər.
Bax, budur bəşər övladının “Axilles dabanı”: vurub zəhərləmişik mənəviyyatını orasından. İndi o – Kainatın hər yerində olduğu kimi, bu zərrə-planetdə də Gücün əsarətindədir. Hətta o, bizim ən gücsüzümüzün – çarmıxa çəkilmiş İsanın qabağında diz çökür!
Xilaskarlarını bəşəriyyətin özünə məhv etdirmək!
Daxili aləminin dərinliklərinə baş vurarkən, insan Özünü tapmasın deyə, orada otuzdurduğumuz Yadın vasitəsilə onu erkən kahinlikdən, mistika torundan Nostradamusa, ulduz falınadək bütün dolanbaclarda fırladırıq. Real dünyagörüşünün olmadığı yerdə bizim əlverişli atmosferimiz – alın damğalı itaətkarların “aşağılıq kompleksi” yaranır. Bizim sağlam varlığımız xəstə təfəkkürlərin qaynaşması, eşələnməsi ilə şərtlənir.
Ancaq İnsana etibar etmək olmaz! Ən gözlənilməz nöqtədən Ruhu qiyam qaldıra bilər. Özü ilə Tanrı arasında kitablarımız, ehkamlarımızla çəkdiyimiz sədlərin uydurma olduğuna o, dəfələrlə qarşı çıxıb da... Kainatın əsas dramı burada – Yaşıl Planetdə baş verir. Kim qalib gələcək: Bizim Gücümüz, yoxsa İnsanın Ruhu?!. Biz imkan verməməliyik ki, bəşər övladının ağlı, mənəviyyatı müstəqil bir istiqamət seçib, Mifdən Dinə, Dindən Siyasətə doğru çəkdiyimiz yoldan sapsın! Bizim qulumuz – kütlələşdirdiyimiz bəşəriyyət öz içindən çıxan bu tək-tək insanları onsuz da “kafir” sayaraq dönə-dönə daşqalaq edib, yandırıb, dərisini soyub... Bax, bizim təlimin real və mistik gücü bundadır: xilaskarlarını bəşəriyyətin özünə məhv etdirmək!
Bir-birinin düşmənləri – bizim dostlarımızdır!
Oyaq ocaqlarının qəfil kükrəyişləri olsa da, Tanrının zərrə qədər müdaxilə etmədiyi Yer səltənəti bizim əlimizdədir. Dünyanın bütün dinlərinin bütün “allahları” bizim Güc Dilində danışır, hökm edir! Bəşəriyyət nə qədər teokrat vaiz ürüdürsə-ürütsün, xeyirimizədir. Təki bizim üçün dağıdıcı zəkaya sahib İnsan yetişdirilməsin. Belə insanların biri milyonların kütləsinə bərabərdir. Bizim Seçilmişlərimiz həmin İnsan doğan bətnləri toxumsuzlaşdırmaqda davam etməlidir!
Bizim Seçilmişlərimiz artıq on minillik sivilizasiya tarixinin miladdan başlayan üçüncü minilliyinədək bütün koordinatları özündə birləşdirən daxilən ziddiyyətli, məhz belə olduğu üçün də bizə gərəkli qlobal sistemi formalaşdırmışlar. Bütün həyatını, əsasən, didişmə-savaşmalarla keçirən bəşəriyyət inandırılmışdır ki, bu – onun təbii vəziyyətidir, qalib gələn güc – mövcudluğun əsas şərtidir. Bunun üçün hüquqi cəhətdən əsaslandırılmış müharibə qanunları da (jus ad bellum) yaradılmışdır. Psixologiyalarındakı inersiyanın gücünə baxın ki, müharibələrdən nəfəs dərəndə də bəşər övladları bir-birini sancmaqla həyatlarını maraqlı edirlər. Sancın bir-birinizi! Yaralarınız sizin çiçəklərinizdir! Bizim də əsas məqsədimiz – sakinlərini Yerə və bir-birinə yadlaşdırıb-yağılaşdırmaqla onu tam fəth etməkdir!
Biz – bəşəriyyətin ən üst təbəqəsi, onun güclülər sinfiyik: firon da ola bilərik, kahin də; imperator da ola bilərik, qladiator da! Gücümüz – ağlımızı tədbirli olmaq praktikasına çatdırmağımızdadır. Bu realist davranışın şərtlərinə etimad və itaət göstərməyi bacaranların ən sadiqləri bizim Seçilmiş xidmətçilərimiz, Xacələrimizdir. Təkcə yəhudilər deyil, ərəb də, ingilis də, yapon da, zənci də, monqol da, eskimos da bizim Seçilmişimiz ola bilər. Məsələn, Avrasiyanın fatehi Çingiz xan! Bu yanaşma bizim Ədalət prinsipimizdir!
Hansı ölkələrdə varıqsa, onların birinciləriyik!
Bir-birinin düşmənləri – bizim dostlarımızdır!
Hətta bir-birinə zidd qüvvələr – Romada da, Vaşinqtonda da, Moskvada da, Tel-Əvivdə də, Tehranda da, İstanbulda da bizim Kitaba, bizim Kitabdan törəmələrə and içirlər!
Mason lojaları, analitik mərkəzlər, strateji platformalar, realpolitik layihələri, transmilli korporasiyalar bizim, sadəcə, icraçılarımızdır.
Biz bütün açıq siyasətlərin virtual konspiroloji məxfiliyini ustalıqla imitasiya edirik ki, dünya – hansısa gözəgörünməz bir nöqtədən idarə olunduğuna şübhə etməsin. Bəşəriyyət – doxsan səkkiz faiz kütlə olduğu üçün o idarə etmək yox, idarə olunmaq vərdişindədir. Onların güc konsentrasiyasını da instinktiv xəlitələri – bizim liderlərimiz yaradır. Bizə onların dolu yox, boş başları lazımdır ki, mexaniki hərəkət qurğularını ora yerləşdirə bilək.
Adamların əlindən azadlığı almağın ən yaxşı yolu – onları ideologiya yumağına sarımaqdır. Burada dolana-dolana elə zənn edəcəklər ki, yaşayır və “azadlığa” yürüyürlər.
Bizim Gücümüzə bütün cinahlarda müqavimət göstərən İnsan Ruhu ən qorxunc təcəssümünü özlərini hətta fəda etdikləri Azadlıqda tapır. Hər zaman biz onu boğsaq da, yenə ordan-burdan sızır ki sızır! Bu sızmaları tıxamaq gərək! Əgər İnsan Ruhu və onun Azadlıq ideyası azacıq dayaqlansa və qalib gəlməyə qoşsa, bizim qurduğumuz Güc Səltənəti daşları ovulmuş zindan kimi uçulub töküləcək! Ən qorxulusu odur ki, bu sürəc dayanılmaz olacaq! Son nəticədə, Gücün mənbəyi Dövlətə də, Dövlətin Silahına da gərək qalmayacaq! Bu isə bizim Güc hökmranlığının bitməsi deməkdir!
Dünyanı dəyişdir! Özün dəyişmə!
İndi Sənə – bizim varisimiz olaraq, müraciət edirəm!
Bil!
Birləşmiş Güc İttifaqının mahiyyəti – biz, təzahürü – Seçilmişlərimizdir.
Biz Seçilmişlərimizin açıq görünən tərəflərini özümüz önə çıxarmışıq.
Fəaliyyətimizin gerçəkləşmə planına uyğun olaraq, bu nöqtədə Məqsəd (Biz) və Vasitə (Seçilmişlərimiz) birləşir: biz onlar, onlar biz oluruq.
Sən – bizim birimizsən.
Dünya indən belə də Sənin olacaq, əgər bunları bacarsan:
Bütün həyatını özün dəyişmədən dünyanı dəyişdirmək təlimi üzrə qurursan.
Onu astarına çevirib özünə yadlaşdırırsan.
Onu özünə tanınmaz edirsən.
O özünü tanısa, Səni tanımayacaq.
Bütün fərqli proseslərin episentrini tapıb onların idarə dəstini əlində saxlayırsan, hər yönə hərəkətini onların nəticələrini nəzərə alaraq izləyirsən, başçı kimi bütün sonrakı oriyentasiyaları Sən müəyyənləşdirirsən, onu yayınmağa qoymursan.
Dünya dəyişir, dövlətlər, rəhbərlər, sərhədlər, siyasət və ideologiyalar, münasibətlər, texnologiyalar, dəyərlər, hətta geyimlər, təbəssümlər dəyişir, amma özü bilmir ki, elə-belə dəyişmir, məhz Sənin iradənlə, Sənin təlimatınla dəyişir.
Özünsə dəyişməz qalırsan, kökünlə bağlılığını itirmirsən. Yoxsa kökləri qazıya bilməzsən.
Qorxma, bu Səni köhnəltmir. Əksinə. Dünyanı dəyişdirdikcə, o “özündən çıxır”, Sənin ona təlqin etdiyin metamorfozaya uğrayır, Sən isə gerçəkdən yeniləşirsən: dünya elə bilir yeniləşir, amma yeniləşmir, azır, azdıqca başını itirib Sənə tabe olur, çaşdıqca Sənə möhtac olur, Sənsiz yaşaya bilmir. Sənin ardınca getməyi yeganə yol sanır.
Allah – İblis modeli
Sənə qarşı əks-cəbhələrin meydana çıxmasını həmişə qabaqlayırsan.
Dünyanı əzəldən idarə etdiyimiz alternativlər məngənəsində saxlamaq – budur bizim əsas siyasət: nə yaradırsansa, allah – iblis modelində əks tərəfi ilə birlikdə yaradırsan: teizm – ardınca ateizm, marksizm – ardınca antimarksizm, kommunizm – ardınca antikommunizm, rasizm – ardınca antirasizm, freydizm – ardınca neofreydizm, modernizm – ardınca postmodernizm, qlobalizm – ardınca antiqlobalizm, sionizm – ardınca antisionizm, semitizm – ardınca antisemitizm... Lazım gəlsə, triadalara keçirsən... Bütün qarşılıqlı münasibətlərində monoloqdan dialoqa, dialoqdan monoloqa sezilməz manevrlərlə adlayırsan.
Bizim ən böyük dayaqlarımızdan biri, həmişə olduğu kimi indi də antisemitizmdir. Məhz onun sayəsində biz dünyanın ən qorxunc mifinə çevrilmişik. Bütün bəşəriyyət bu mifi – ən təsirli reallıq kimi qəbul edir.
Dünya çarxının topu bizik.
Bu üstünlüyümüzü əldən vermək olmaz: o, zaman-zaman yaxın çevrəmizdən uzaq coğrafiyaya doğru cəmiyyətlərin şüuruna ilmə-ilmə toxunulub-yeridilməyimiz hesabına qazanılıb.
Dünyaya göz açmağa imkan vermək olmaz!
Dünyanı çürüməyə uğraşdır ki, onun beləcə münbit torpağında yalnız öz toxumlarını əkə biləsən!
Hətta yaratdıqlarına – Adəm və Həvvaya belə “həyat ağacını” və “idrak ağacını” yasaq edən “Tövrat” Allahından görk al.
Hadisələrin kökünə varmaqdan yadırğamış adamlar Səbəb yox, həmişə Günahkar axtarır: onların axtarış oxunu elə özlərinə tuşla.
Xeyir və Şər arasında çəkdiyimiz kəndir üzərində “günaha” bələnmiş bütün məxluqat qoy yorulub-usanmadan gicəllənə-gicəllənə kəndirbazlıq etsin...
Biz bəşəriyyətə üç dəfə qalib gəlmişik
Biz bəşəriyyətə üç dəfə qalib gəlmişik: çıxış nöqtəmizdə, ətraf xalqlara – monoteizmlə, Roma imperiyasına – xristianlıqla, planetar dominantlıq əldə etmiş Qərbə – onun imperializmini özümüzün yönətdiyimiz qlobal siyasi hegemonluq doktrinasına çevirməklə.
Bu sınanmış qalibiyyət tendensiyasında Sən təmkinlə bəşəriyyətin nə etmək istədiyini qabaqcadan proqnozlaşdırmalı, məhz öz istədiyini onun istədiyinin yerinə qoyub hərəkətə gətirməlisən.
Bəşəriyyət elə biləcək ki, öz istədiyini edir, amma bilməyəcək ki, Sənin istədiyini öz əksinə edir.
Dünyada mövcud olan və olacaq heç bir fəlsəfədən, heç bir ideologiyadan, heç bir siyasətdən çəkinmə: çünki onlar hamısı bizim törəmələrimizdir. Həyatla yox, onun Proyeksiyası ilə qarşı-qarşıya dayanan, Varlığa birbaşa deyil, Güzgüdən baxan bəşəriyyət öz ənənəvi metafizikasında heç vaxt gerçəkliyi obyektiv qiymətləndirə bilməyəcək. Buna görə o, Həqiqəti görən kimi diksinir!
O diksinti Qorxu bəlirində daha da bərkiməlidir.
Bəşər idrakının doğurduğu bütün ideya və nəzəriyyələrin inteqralını homosivilizasiyanın başlanğıcından bəri topladığımız xüsusi təcrübə ilə yalnız biz yarada bilirik. Bu açarlar dəsti Sənin əlindədirsə, min nəfərlə on milyardı da idarə edə, on milyardın sərvətini min nəfər üçün qazana biləcəksən!
Dünyanın həm üstündəkilər, həm altındakılar heç özləri bilmədən də bizim əsgərlərimizdir: birincilər – “şah”, “vəzir”, “top”, “fil”, “at” kimi, ikincilər – “piyadalar” kimi. Dünyanın baş dövlətində qərargahımız, ayaq dövlətində icraçımız var. Biz rotşildlər də yetişdirə bilərik, cihadçılar da.
Planetin yerüstü “Ağ Ev”indən yeraltı atom bazalarına qədər bütün labirint tunellərini biz qazmışıq. Yelisey sarayı, Vestminster sarayı, Kreml, Ər-Riyad ... da bizim mətbəximizin bir hissəsidir – qafasının quruluşuna görə. Bizim siyasətin dəhlizləri dünyanın amazonkalarından, nillərindən, missisipilərindən uzundur. Okeanından yerətrafı kosmosuna, kapitalından hərbi-sənaye arsenalına, siyasətindən qida, dəb və konfranslarınadək, forumlarında qoyulan problemlərədək bu məkan bizim nəzarətimizdədir.
Bir müsəlman altı qat iudeydir!
Dünyanın ağzındakı İnformasiya Dili bizimkidir.
Milyardlarla adamcıq heç zaman bilməyəcək ki, Nobel mükafatı niyə bizim başımıza dolanır, nə üçün ən güclü siyasətçi də, ən məşhur dirijor da bizdən olur, nədən bizim çaldığımız skripkanın səsi hamınınkından məlahətli çıxır. Bax, bu Sehrli Çubuğun qüdrətini sən bütün toxumalarınla, arteriyalarınla hiss etməlisən. Sən İnsan Ruhunun ərazilərini də – elmdən incəsənətədək – belə məharətlə fəth etməlisən. Nanotexnologiya epoxasında ipə-sapa yatmayan bəşəriyyəti “facebook” kimi sinxronlaşdırıcı-malalayıcı vasitələrlə uyutmalı, onun beyin hüceyrələrini düzümünədək nizamlamaqda daha həssas olmalısan.
Nitsşe kimi fikir inqilabçılarının belə “supermənliyi” bizim platformanın doğanağından keçsə də, dolayısı ilə onu təsdiq etsə də, düşüncə ekspressiyası Azadlıq Ruhuna çağırdığı və bizim bir çox sirlərimizin üstünü açdığı üçün dünyanın hər yerində bu fəlsəfəni gizlicə söndür, əvəzində oxşarını yarat: çünki yalnız o – “Avropanın Buddası” bizə qarşı ən qüvvətli sözü – “Dünyanı göyərçin tək yeriyən fikirlər idarə edir” – söyləmiş, bütün universal din və ideologiyaların genezisində bizim dayandığımızı, “bir xristianın üç qat iudey” olduğunu dərindən sezmiş, hətta “anti-iudey” ruhunda köklənən xristianlığın “son nəticə” olaraq bizim yerüzü söykənclərimizdən biri iudeyçiliyə xidmət etdiyini üzə çıxarmışdı.
Kişnəyib şıllaq atan atlarına baxma – elə islam da bizim övladımızdır: bir müsəlman altı qat iudeydir! Ayətullahların bizə “qarşı çıxması”, coşub gurlaması bizi sərinlədən xoş mehimizdir. İslamçılığın altından iudeyçiliyi çəksən, uçular. Hünərləri çatır, Avraamı inkar etsinlər. Nəinki inkar edir, hətta onu – İbrahimi yəhudilər kimi öz əcdadları sayırlar. İndi də onun sitayiş etdiyi Daşa baş qoyur, fəqət dirənirlər ki, Daş – Büt deyil! Bizim qurduğumuz torda insanlar və xalqlar özü bizə dönüşür.
Cənnətdən qovulmuşlar və meymundan törəmişlər
Biz dünyanın o yeganə ağacının köküyük ki, gövdəmizdəki budaqlarımız bizdən qidalansalar da, bizi tanımamalıdırlar.
Unutma Kitabımızın kölgəsi “Tövrat”dakı Allahın heç zaman pozulmayacaq əhdini ki, bizim Seçilmişlərimizi “müdrik və ağıllı xalq” olaraq, bütün xalqlardan üstün tutaraq, onlar üzərində rəhbər təyin edib (“Tövrat”, İkinci Qanun, 4-7).
İslam kanonikası da – “Tövrat” üzərində yüksələn və onu müqəddəs sayan “Quran” da bunu dönə-dönə təsdiq edir: “Biz Musaya kitab [“Tövrat”] vermişdik... Biz “Tövrat”ı İsrail oğullarına doğru yol göstərən bələdçi etdik. [Çətinliklərə] səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün onlardan [İsrail oğullarından] əmrimizlə [insanlara] haqq yolu göstərən rəhbərlər təyin etdik” (“Quran”, 32.23; 32.24). – Bu, “Tövrat”dan da artıq Bizim Kitabdır – Kitabımızın kölgəsinin kölgəsi olsa da!
Yer üzündə Bizim olmayan kitab çox azdır.
Dünyanın əksər kitablarına “Tövrat” saçılıb: bilərəkdən və bilməyərəkdən. Kölgə üzərinə kölgə düşür, bizi işıqlandıran qaranlıqlar qatılaşıb füsunkar Zülmətə çevrilir!
“Tövrat”, bizim mifik layihəmiz üzrə, dünyanın “Məsihaya” – sadəlövh müsəlmanların “Mehdi Sahib-əz-Zəman” dediklərinə “təhvil veriləcəyi” anadək “qara camaat” üçün Bizim Ümumdünya Konstitusiyamızdır.
Onun bütün başlıca azdırıcı maddələrini dünyada tətbiq etməkdəyik.
“Tövrat” və Darvin – eyni məqsədimizə iki əks yolla çatmağımızdır.
Dolaşdırıb düyünlədiyimiz tarixlərində adamcıqlar heç zaman bu antinomiyanın sirrini – “Tövrat” Allahının yaratdığı Seçilmişlərlə Darvin “meymunundan” yaranan bəşəriyyətin fərqini anlamamalıdırlar və anlamayacaqlar da...
Beləcə, Sən sənətlərin ən çətini ilə – dünyanı dəyişdirmək, özün dəyişməmək bacarığınla əbədi diriliyini, bütün başqalarınınsa öləriliyə məhkumluğunu təmin etmiş olursan.
Arbitri olduğun dünya – bizim versiyamız üzrə, cənnətdən qovulmuşlarla meymundan əmələ gəlmişlərin kəsilməz savaşının meydanı olaraq qalmalıdır. Dirilər ölüləri, “ilahimənşəlilər” “meymunmənşəliləri”, çobanlar qoyunları idarə etməlidir. Görürsən, tövratçılar vaizliyi, meymundan törəmişlər yamsılamağı necə xoşlayırlar! Hər ikisinin çənəsini boş dayanmağa qoyma, yalnız öz saqqızınla işlət!
Səsi – əks-sədası ilə boğ!
Real tarixin müəllifi isə bizik. Sən onun indiki ən məsuliyyətli konvergensiya mərhələsində dünyanın yığılmış gücünü özünə qarşı çevirmək silahını həmişə kəsərində saxlamalısan!
Bütün “yumşaq” və “sərt” müharibələrdən potensial dünya qüvvələrini zəiflətmək üçün istifadə et. Əks-qüvvələri nisbi balanslaşdır ki, ixtiyari dominantlıq nöqtələri yaranmasın. İnsanlar savaşlara təkcə öldürmək üçün yox, həm də ölmək üçün atılırlar. Sən həm öldürmək, həm də ölmək istəyənlərin tətiyini barmağında saxla. Ov tutulub parçalananda yox, özü qurban gedəndə daha cazibədar olur: ilan ağzına atılan qurbağa tək, kərtənkələ ağzına atılan kəpənək tək!
Qıvrılmasında belə Zəif – təpiklənir, təntənəsində Güc – çəpiklənir: qartımış iqtidarların sütül müxalifətləri əzməsi – pedofil yepiskopların azyaşlı uşaqları zorlaması qədər təbiidir. Əxlaqı utandıran Freyd altşüur hücrələrində əncir yarpağını atıb da lüt dayanmağa məcbur edir bütün müqəddəslikləri!
Müqəddəsliklərin tapdalanması – adamları bizə gərək olan zorakılığa alışdırır və onların həqiqət hisslərini yetərincə öldürür. Sən öldürülən həqiqətlər xarabalığında diz çökülən məbədlər tikməyi bacar!
Sənə qarşı qalxanları nəvazişlə bəslə: ancaq İsa kimi yox, Sezar kimi! Çılğınca oyanıb-sıçrayan qanı – soyuqqanlılıqla özünü yuyan məhlula çevir. Azdırdıqlarına zəhəri bal kimi, şərbət kimi yalatdır! Səsi – əks-sədası ilə boğ!
Sına: cilovlaya bilmədiyin Azadlığı məhv etməyin son yolu – onu anarxiyaya dönüşdürməkdir.
Apokalipsis xiyabanı
Tarixin ertəsindən bəri dünya dövlətlərini quran da, onların sərhədlərini çəkən də, hakimiyyətlərini formalaşdıran da Gücdür! Planetin bütün coğrafiyasına realistik geopolitikanın qanunları üzrə konfiqurasiya verən də Gücdür! Dövlətləri birləşdirib imperiya yaradan da, o imperiyaları doğrayıb tikə-tikə dövlətçiklərə çevirən də Gücdür!
Ona görə qurama millətlər öz qurama dövlətləri ilə qürrələnəndə, Sən gül! Bu tragikomediyadan doğan “millətçilik” isə başqa. Ona gülmə. O, sənin ən iti silahlarından. Demokratiya da eləcə. Gör ki, biz o pambıqla nə qədər baş kəsmişik! Nə qədər özündən deyən millətləri axtalamışıq! İmperialistlər və avtokratlar arasında oynanılan müasir dünyanın absurd teatrında Sən öz rejissor yerində peşəkarcasına dayan.
Bütün demoqrafik sürüşmələr boyunca dünya əhalisinin meqapolislərdə toplaşıb sıxlaşması, ideyasızlaşması, feministləşməsi proseslərinin sistem qanunauyğunluğunu tap ki, bu enerji daşıb gözlənilməz xaos çevrələri törətməsin.
Milyardların kütlələşdirildiyi məkanda siyasətimiz üçün xüsusi olaraq kadr yetişdirmə də bir önəm daşımır. Düşüncə funksionallığını itirmiş hər kəs Sənin potensial kadrındır: ondan “yapısına görə” TMK-çı da düzəldə bilərsən, terrorçu da.
Beynəlxalq siyasət üzrə bizim bütün mərkəzlərin bütün analitik tədqiqatları “Yeni Dünya Düzəni” – (New World Order) kodu altında reallığın təhrif edilməsinin inandırıcı sofistikasını tətbiq etməlidir. Hətta ən mükəmməl intellektuallar belə bu analizlərdə yanıltma ilə doğrunu ayırd edə bilməsinlər. Məqsəd – gerçəyi əks görüntüləmək, ilğımı reallıq kimi təsəvvürlərə yeritməkdir ki, Sən faktla onun dərk edilməsi arasında çaşıb qalmış şüur vakuumunu qatranla doldurub ağırlaşdıra, hərəkətsizləşdirə biləsən. Ehtiyatlı ol: insanların reallığı dərk etdiyi an – onların düşüncəsində inqilabi dönüş yaradır. Sənin illüziyaların altında o şüur qımıldanmağa belə macal tapmamalıdır!
Adamların məqsədlərini, uca ideallarını irreal dalana dirəndirə-dirəndirə, qoy dövriyyəyə buraxdığın müxtəlif layihələr çərçivəsində – mənəvi boşluq içərisində çabalasınlar: Həyatdan çox, Ölüm üzərində baş sındırsınlar. Qarşılarında açdığın yalnız bir yol olsun: Apokalipsis xiyabanı. Atəşin həsrətlə qoy XXI əsrdə də Qiyaməti gözləsinlər. Həyatın bütün mənasını bunda tapsınlar!
Prinsiplərimiz
Taktiki və strateji planda bu prinsiplərdən çıxış et:
Zidd-fəaliyyət prinsipi ilə Sözlə Əməlin tərs-mütənasibliyini çoxvariantlılığında həyata keçir: “İnancımız – Allah, əməlimiz – Şeytandır” düsturu ilə çalış.
Fərqləndirmə prinsipi ilə özün və başqaları (Sən və Yadlar) arasında ayrıntı qoy. Nəzərə al ki, Sən hamı ola bilərsən, ancaq heç kim Sən ola bilməz!
Mövqeseçmə prinsipi ilə həmişə optimal müşahidə nöqtəsində dayan: horizontalların vertikalı tək! Rəqabət aparan bərabərlər arasında mütləq üstünlük Sənin tərəfində olsun.
Çoxluğa nəzarət prinsipi ilə dünya əhalisini insan statusunda deyil, fərd statusunda qəbul et. Onların intellektual kəsimi 2 faizdən çox olmamalıdır. Kreativləri isə – ya birbaşa, ya dolayı – bizim siyasətin mehvərində hərəkət etməlidir.
Çöndərmə prinsipi ilə müəllifi olduğun dövlətlərarası münasibətləri tənzimləyən qanunların işləməməsi, yalnız müvafiq istisna variantlarında hərəkətə gətirilməsi, dünya inkişafı tendensiyalarının praqmatikcəsinə ələnərək önə buraxılması, bütün qlobal layihələrin faydalılıq əsasında süzgəcdən keçirilməsi praktikasını tətbiq et.
Hegemonluq prinsipi ilə dünyada bir-birinə güc verən dördlüyü – siyasət, kapital, hərbi-sənaye kompleksi və “beynəlxalq kütləni” vahid silah tək əlində saxla.
Yer planetindən Qara Dəliyə
Dünyanın bütün dövlətlərində hakimiyyətlərlə vətəndaşlar arasında bütün bağların ucu da Sənin əlində olsun.
Dünyanın bütün bankları Sənin cibində yerləşsin.
Yadda saxla: yerüzündə heç bir “milli maraqlar” yoxdur, yalnız Bizim Maraqlarımız var!
Beynəlxalq siyasət və beynəlxalq hüquq yalnız Bizim Maraqlarımızın təminatçısıdır!
Nə qədər fərqli olsalar da, iddialı şəkildə, hətta militaristcəsinə bir-birinə qarşı dayansalar da, dünyanın bütün dövlətlərinin milli təhlükəsizlik konsepsiyalarının ideya monumentini biz yonuruq!
Unutma: Yer kürəsi, nə az nə çox, bizim Seçilmişlərimizin seçkinlərinin Vətəni olan “Vəd edilmiş torpaqlar” – Erets İsrael boydadır. Bu ölçüləri böyüdüb-kiçiltmək olmaz!
Kimdir Tanrı? – Bizim dünyaya təsir edən Gücümüz!
Əgər dünyanın yeni paradiqmasını yaratmaq zərurəti yetişəcəksə də, bunu edəcək Qüdrət – yalnız Sənsən!
İnkişafımızın kulminasiya nöqtəsinə çatmaqda olan Yer fazasında Birləşmiş Güc İttifaqının missiyasını şərəflə həyata keçirəcək səlahiyyətlisi – Sənsən!
Planetin Güc hökmranlığı tarixində bu vəzifənin öhdəsindən gəlsən, Sən, şərti zaman kimi, “Məsiha”dan sonrakı kosmosivilizasiya dünyasını da Bizim Yeni Konstitusiyamızla idarə edə biləcəksən!..
Öz Ali Gücümüzə and içirəm ki, biz birlikdə, İnsan və onun Ruhunun inqilab etmək məqsədlərində olduğu Yer həyatında buna imkan verməyəcək, sonadək Güc hökmranlığını saxlayacağıq!
Süd Yolu qalaktikasının mərkəzindəki ana yurdumuz Qara Dəlikdən necə yaranmışıqsa, uzun-uzun dolanışlardan sonra yenə ora qayıdacaq – Qara Dəlikdə də yox olacağıq!”
Rahid Ulusel
TEREF