Stalin sürgün yoldaşı Sverdlovun oğlunu 3 dəfə həbs etdirib – İki dəfə rəhm edib...

26-10-2024, 12:17           
Stalin sürgün yoldaşı Sverdlovun oğlunu 3 dəfə həbs etdirib – İki dəfə rəhm edib...
Ən yeni tarix. Maraqlı faktlar.
Oktyabr inqilabından sonra Umumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilən Yakov Sverdlov faktiki olaraq dövlət başçısı vəzifəsini daşıyıb.
Leninin komandasının ən iddialı simalarından biri olan inqilabçı həmkarlarından özünəgüvənliyi, özünü hamıdan üstün tutmağı ilə fərqlənib. Hətta 1918-ci ildə Leninə sui-qəsd edilərkən yaralananda, Sverdlov Xalq Komissarları Sovetinin sədri vəzifəsini də öz üzərinə götürərək heç kimlə məsləhətləşmədən, razılaşdırmadan qərarlar qəbul edib, əmrlər imzalayıb.
Sözsüz ki, Sverdlovun mütləq hakimlik iddiası partiya daxilində birmənalı qarşılanmayıb və narazılıqlara səbəb olub.
O cümlədən Turuxanda sürgün həyatında onunla bir daxmada yaşayan İosif Stalin də Sverdlovu “həzm” edə bilməyib.
Araşdırmaçıların qənaətinə görə, Sverdlov 1919-ci ildə 33 yaşında “İspan qripi”ndən vəfat etməsəydi və o, siyasi fəaliyyətini davam etdirsəydi, gələcəkdə Stalinlə onun arasında ciddi konfliklər yaranacaqdı.
Hələ 1917-1918-ci illərdə Sverdlovun Stalinə qarşı mənfi münasibəti sakitliklə ötüşməyəcəkdi. Stalin bütün mümkün vasitələrdən istifadə edib ondan qisas alacaqdı, onu siyasi müstəvidən uzaqlaşdırmağa çalışacaqdı.
Bəli, Sverdlovun vəfatı Stalinə qisas planlarını gerçəklişdirməyə imkan verməyib. Amma Stalində bu qisas hissi o qədər güclü olub ki, o, bu hisslərini Sverdlovun oğlu Andrey Sverdlova tətbiq edib.
Andrey Sverdlov 1911-ci ildə Tomskda anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, xarici dillər öyrənmək üçün bir il Argentinada yaşayıb.

SSRİ-yə qayıtdıqda Andrey Moskva Dövlət Universitetinə qəbul olunub, bir ildən sonra bu təhsil ocağından ayrılaraq Moskva avtotraktor institutunda təhsilini davam etdirib, daha bir ildən sonra isə hərbi akademiyada qərarlaşıb və bu təhsil ocağını bitirib.
Akademiyanı bitirən Andrey hələ xidməti yerinə təyinat almamış həbs edilib. O, antisovet fəaliyyətdə ittiham olunub.
Həbsin bir səbəbi (yəqin ki, əsas səbəbi) onun gənclərin toplaşdığı bir tədbirdə işlətdiyi “Stalini məhv etmək lazımdır” ifadəsi olub.
Qeyd edək ki, kifayət qədər dünaygörüşünə malik olan Andrey atası ilə Stalinin inqilab ərəfələrindəki münasibətlərindən xəbərdar olub.
Andrey Sverdlovun həbsi sıradan gələn həbslərdən biri sayılmayıb. Rusiyanın ilk dövlət başçısının oğlunun həbsi Kremldə böyük mübahisələrə səbəb olub.
Amma bu mübahisələr heç bir nəticə verməyib. Yalnız Yakov Sverdlovun həyat yoldaşı Stalinin qəbuluna düşdükdən sonra Andrey azadlığa buraxılıb.
Azadlığa buraxıldıqdan sonra Andrey bir müddət “NKVD” orqanları ilə qeyri-rəsmi əməkdaşlıq edib. Ancaq bu da uzun çəkməyib. O, 1937-ci ildə ikinci dəfə həbs edilib.
Bu dəfə də oğlunun köməyinə anası çatıb. O, yenə də Stalinin qəbuluna düşüb. Stalin fikrini qəti bildirib:
- Biz onu ya Sibirə, atasının sürgündə olduğu yerlərə göndərməliyik, ya da öz əməllərinə cavabdehlik daşımalıdır.
Bu cür münasibət Andreyin həyatında yeni bir mərhələ açıb. Həbsdən çıxan, antisovet fəaliyyətdə ittiham edilən inqilabçı oğlu “NKVD”-yə işə qəbul edilib.
Beləliklə, 1938-ci ildən Andrey Sverdlov rəsmi olaraq “NKVD” orqanlarında xidmətə başlayıb. Qısa müddət ərzində o, idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlib.

İddialılıqda, özünəgüvənlikdə atasından geri qalmayan Andrey Sverdlov “NKVD”-də xidmət edərkən ən mürəkkəb və qalmaqallı proseslərdə iştirak edib, ona həvalə edilən məsələlərin öhdəsindən yüksək səviyyədə gəlib. O, həm də dedektiv əsərlər üzrə yazıçı kimi tanınıb. Mətbuatda maraqlı yazıları dərc olunub, kitabları işıq üzü görüb.
1951-ci ilə qədər Andrey Svedlov Stalinin gözündən uzaq olmağı bacarıb. Bu illər ərzində “NKVD” əməkdaşı kimi onun adı qanuna zidd fəaliyyətdə hallanmayıb. 1951-ci ilin oktyabr ayında isə onun haqqında Stalinə geniş bir arayış təqdim edilib. Həmin arayışda Andrey Sverdlovun partiyaya qarşı çıxan cinayətkar qruplarla əlbir olması, əməkdaşlıq etməsi konkret faktlarla göstərilib. Stalin heç bir müzakirə, araşdırma aparmadan həmin arayışın üzərinə dərkənar qoyub: “Həbs edilsin...”
Sverdlov tutduğu vəzifədən azad edilib, partiya sıralarından xaric olunub və həbsxanaya göndərilib. Onun istintaqı iki ildən artıq davam edib. Bu isə Stalinin vəfatı dövrünə təsadüf edib. Stalinin dəfni gününün səhərisi Lavrenti Beriya Sverdlov haqqında açılmış cinayət işinə xitam verilməsi haqqında göstəriş verib.
Sverdlovun sonrakı həyatında Mərkəzi Komitənin katibi Nikolay Şatalinin böyük rolu olub. O, Sverdlovu partiya üzvlüyünə bərpa edib, SSRİ Daxili İşlər Nazirliyinin siyasi idarəsində onu xidmətə qəbul etdirib.
Andrey Sverdlov yaş həddinə görə daxili işlər orqanlarından istefaya göndərildikdən sonra fəaliyyətini Mərkəzi Komitə yanında Marksizm-leninizm İnstitutunda davam etdirib.
Sonralar mətbuata verdiyi müsahibələrdə Andrey Sverdlov Stalinə münasibətini aşağıdakı kimi bildirib:
“Stalin nəhəng şəxsiyyət idi. Amma daha nəhəng şəxsiyyət olan Yakov Sverdlovdan və onuin oğlundan qisas ala bilmədi...”
Ancaq bu ifadə şişirtmə sayıla bilər.
Stalin Sverdlovlardan qisas almağı beyninə yeritsə, bunu edə bilərdi. Onun təcrübəsində bir adam iki dəfə bağışlamaq faktı yoxdur.
Andrey Sverdlov 1969-cu ildə, 58 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.