Mircəfər Bağırovun qudasından Stalinə məsləhət - Arada zarafat edin...

1-11-2024, 11:21           
Mircəfər Bağırovun qudasından Stalinə məsləhət -
Ən yeni tarix. Maraqlı faktlar.
Aleksandr Poskrebışev 20 ildən artıq bir müddətdə İosif Stalinin şəxsi köməkçisi işləyib. Bu illər ərzində onun bir dəfə də olsun Stalinlə ciddi problemi yaranmayıb.
Kiminsə haqqında yüksək fikir söyləməyə həmişə “xəsislik” edən Stalin dəfələrlə onun haqqında xoş sözlər deyib, işindən razı qaldığını bildirib.
Stalinin ağır xarakterinə, gərgin iş rejiminə baxmayaraq, Poskrebışev onun ətrafında olanlardan fərqli olaraq həmişə gümrah görünüb. Bunu Stalinin silahdaşları da hiss ediblər. Hətta müharibənin ağır günlərinin birində Vyaçeslav Molotov Stalinin kabinetinə gələndə bu haqda fikir də bildirib:
- İosif Vissarionoviç, deyəsən, Poskrebışev istirahədən yeni qayıdıb. Onun gümrahlığına adam həsəd aparır.
Stalin gülümsəyərək cavab verib:
- Yoldaş Molotov, düz düşünürsünüz, “istirahət”dən yeni qayıdıb, Kursk cəbhəsindən. O, həmişə belə gümrahdır, amma nədənsə bunun sirrini bizə demir.

Qapının ağzında dayanan Poskrebışev icazə aldıqdan sonra söhbətə müdaxilə edib:
- Yoldaş Stalin, burada sirr yoxdur. Gün ərzində bir dəfə Bakulevlə danışmaq kifayətdir ki, 24 saatlıq enerjini təmin edəsən...
Bu hadisədən təxminən iki-üç ay sonra Stalin gecədən xeyli keçmiş kabinetindən çıxıb bağ evinə gedəndə qəbul otağında Poskrebışevlə Bakulevin hansısa bir qəzet məqaləsi haqqında müzakirə apardıqlarını görüb. Güclü yaddaşa malik olan Stalin Poskrebışevdən soruşub:
- Aleksandr Nikolayeviç, sizi 24 saat enerji ilə təmin edən bu adamdır?
- Bəli, İosif Vissarionoviç, Bakulev Kreml xəstəxanasının baş cərrahıdır.
- Mən onu tanıyıram, cəbhədəki fəaliyyəti ilə də tanışam. Amma maraqlıdır ki, o, sizi necə gümrah edə bilir.
Yaranmış səmimi söhbətdən istifadə edən Bakulev Stalinə qısa bir məsləhət verib:
- Yoldaş Stalin, yorğunluğu aradan qaldırmaq, gümrahlığı təmin etmək üçün gün ərzində bir neçə dəfə zarafat etmək kifayətdir. Mən dostum Aleksandrın iş məhsuldarlığını da bu vasitə ilə təmin edirəm. Sizə də məsləhət görürəm ki, bu üsuldan istifadə edəsiniz. Arada zarafat edin.

Həkimlərlə ünsiyyəti xoşlamayan Stalin başını yelləyərək qəbul otağından çıxıb.
Maraqlıdır, sovet liderinə ayaqüstü məsləhət verməkdən çəkinməyən Aleksandr Bakulev kim olub?
1890-cı ildə Kirov vilayətinin Slobodsk rayonunda anadan olan Bakulev yerli gimnaziyanı bitirdikdən sonra Saratov Universitetinin tibb fakültəsində ali təhsil alıb. I Dünya müharibəsində orduda kiçik həkim kimi xidmət edib.
Ordudan tərxis olunduqdan sonra Bakulev 2-ci Moskva Tibb İnstitutunun cərrahiyyə kafedrasında çalışıb və eyni zamanda elmi yaradıcılıqla da məşğul olub. 1935-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 1939-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Sovet-alman müharibəsi başlayanda Aleksandr Bakulev Ehtiyat cəbhəsinin baş cərrahı təyin edilib. O, eyni zamanda Kreml xəstəxanasının baş cərrahı vəzifəsini də daşıyıb.
Müharibə illərində səhra hospitallarının yaradılmasında Bakulevin böyük xidmətləri olub. O, elə həmin hospitallarda yüzlərlə cərrahiyyə əməliyyatları aparıb. Bununla yanaşı, mülki və hərbi səhiyyənin koordinasiyasında Bakulev bacarıqlı səhiyyə təşkilatçısı kimi də tanınıb.
Kreml xəstəxanasında çalışdığından Bakulev həmişə dövlət məmurları ilə sıx təmasda olub. Yüksək ranqlı məmurlar onun işindən həmişə razı qalıblar.
Tez-tez həkim müayinəsinə gedən Lazar Kaqanoviç isə Bakulevi fərqli bir formada xarakterizə edib:
“Kreml xəstəxanasına dərman pereparatlarının alınması üçün büdcədən vəsait ayırmağa ehtiyac yoxdur. Çünki Bakulev xəstələrini dərmanlarla deyil, sözlə müalicə edir...”
Bakulevin ən yaxın dostlarından biri Poskrebışev olub. Onlar tez-tez görüşüblər, vaxt məhdudiyyəti olanda isə Bakulev gecədən xeyli keçmiş Kremldə Poskrebışevin qonağı olub.
Bakulevin tibb sahəsindəki xidmətləri həmişə yüksək qiymətləndirilib. O, Lenin və Stalin mükafatlarına, Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb, 3 dəfə “Lenin” ordeni və bir çox medallarla təltif olunub.
1953-cü ildə Bakulev SSRİ Tibb Elmləri Akademiyasının prezidenti seçilib, dörd çağırış SSRİ Ali Sovetinin deputatı olub.
Bakulev ömrünün son günlərinə qədər elmi və pedaqoji fəaliyyətini davam etdirib. O, 1967-ci ildə, 76 yaşında vəfat edib. Akademik Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Mircəfər Bağırovla Bakulev quda olublar. Bağırovun oğlu Bakulevin qızı ilə ailə həyatı qurub. Amma bu nikah çox da uzunömürlü olmayıb.
İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.