Cəmi 7 ay ömür yaşamış Araz-Türk Cumhuriyyəti

6-11-2024, 12:54           
Cəmi 7 ay ömür yaşamış Araz-Türk Cumhuriyyəti
Cəmi 7 ay ömür yaşamış Araz-Türk Cumhuriyyəti haqda məlumatlar və mənbələr çox azdır. Naxçıvanın da daxil olduğu və bir müddətlik paytaxtı elan edildiyi bu Cümhuriyyətin yaranma günü haqda müxtəlif fikirlər səslənir. Lakin, əksər tarixçilərə görə o, 3 noyabr 1918-ci ildə yaranlb.
Bu cumhuriyyətin yaranma səbəbinə nəzər salaq: Zaqafqaziya Federasiya dağıldıqdan sonra müstəqil dövlətə çevrilən Azərbaycan və Ermənistan, keçmiş Rusiya imperiyasının İrəvan və Yelizavetpol quberniyalarının cənub əraziləri uğrunda mübarizəyə başladı. Bu ərazilər əslində Azərbaycanın ərazisi sayılan Naxçıvan, Şərur-Dərələyəz və Zəngəzur uyezdləri idi. O zaman erməni silahlı dəstələri Naxçıvan, Şərur-Dərələyəz və Zəngəzur mahallarının bir hissəsində nəzarəti ələ keçirmişdi.
Osmanlı qoşunlarının müdaxiləsindən sonra erməni silahlı dəstələri Naxçıvan və Şərur-Dərələyəzdən çıxarıldı və burada vəziyyət sakitləşdi. Zəngəzurdan isə onları qovmaq mümkün olmamışdı. Burada Andranikin dəstələri dinc sakinlərə qarşı amansızlığını davam etdirirdi. O zaman birinci dünya müharibəsində məğlub olan Osmanlı dövləti Mudros atəşkəs müqaviləsini imzalamağa məcbur olmuşdu. Müqavilənin şərtlərinə görə, onlar Cənubi Qafqazdan çəkilməli oldu. Bununla da Naxçıvan bölgəsindəki əhali türklərin müdafiəsindən məhrum oldu.
Azərbaycan Cümhuriyyəti isə bir yandan problemlərin çoxluğundan, bir yandan da Zəngəzurun Andranikin nəzarətində olması səbəbindən Naxçıvan və Şərur-Dərələyəz əhalisinə istədiyi həcmdə yardım göstərə bilmirdi. Naxçıvana yol Zəngəzurdan keçirdi. Çıxış yolu kimi, həmin ərazidə müvəqqəti olaraq müstəqil bir respublikanın yaradılması qərara alındı. Araz Türk Cümhuriyyətinin ərazisi İrəvan quberniyasının üç uyezdindən – Naxçıvan, Şərur-Dərələyəz və Sürməli – ibarət idi və 8700 kv kilometrə yaxın ərazini əhatə edirdi. Sənədlərdə paytaxtın İqdır olduğu göstərilsə də, hökumət daha çox Qəmərlidə (indi Ermənistanda Artaşat şəhəri) fəaliyyət göstərmişdi. Bu şəhər ermənilərin əlinə keçəndən sonra isə hökumət Naxçıvana köçmüşdür.
Naxçıvan bir müddət bu Cumhuriyyətin paytaxtı olub. Cümhuriyyət hökumətinə Əmir bəy Əkbərzadə başçılıq edirdi. Hərbi nazir İbrahim bəy Cahangiroğlu, xarici işlər naziri Həsənağa Şəfizadə, inzibati nazir Bağır bəy Rzayev, maliyyə naziri Qənbəralı bəy Bənənyarlı, ədliyyə naziri – Məmməd Bəyzadə idi. Onlardan əlavə, hökumətə şeyxülislam Mirzəhüseyn Mirzəhəsənzadə və müfti Xoca Ekit Əfəndi daxil idilər.
Araz-Türk Cümhuriyyəti effektli fəaliyyət göstərə bilmədi. Bunun bir səbəbi yardımına böyük ehtiyac duyduğu Azərbaycan Cümhuriyyəti ilə mütəmadi əlaqələr saxlaya bilməməsi, digəri Osmanlı dövlətini bürüyən böhran idi. Bundan əlavə ,daxili səbəblər də vardı. Bir sıra əsilzadə şəxslər, o cümlədən Naxçıvan və İrəvan xanlarının soyundan olanlar cümhuriyyət hökumətinə tabe olmağa, onun göstərişlərini yerinə yetirməyə meylli deyildilər. Araz Türk Cümhuriyyyəti 1919-cu ilin iyununda ermənilərin hücumu nəticəsində süqut etdi, ərazisinə nəzarət qısa müddətə Ermənistan Respublikasının əlinə keçdi. Amma bir ay sonra Azərbaycan ordusu erməniləri qovaraq bu ərazilərin böyük hissəsini Cümhuriyyətə birləşdirə bildi.
Gündəlik Naxçıvan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.