YENİ MODA
8-11-2024, 09:14
Yeni moda yaranıb Avropada.
Və bu moda sürətlə bütün dünyaya yayılır.
Kofe içməyi tərgitməkdən yazıram.
Necə ki, bir vaxtlar siqaret çəkənlərə 2-ci sinif insan kimi baxırdılar, indi də kofe içənlərə.
Kofein asılılığı xəstəlik kimi tanınır artıq.
“Yoxsa kofeni tərgitmək trendi bundan sonramı yaranıb?” deyə düşündüm.
Bilmirəm, ancaq səhərlər təzə dəmlənmiş qəhvə ritualının pis bir vərdiş olduğuna inananların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatı kofein asılılığını kliniki xəstəlik kimi tanıyıb. ABŞ Səhiyyə Departamenti 400 millilitrdən çox qəhvə içməməyi tövsiyə edir, günə iki-üç fincan qəhvə limiti qoyub.
Sizin də ətrafınızda “Ayyy, mən səhər tezdən qəhvə içməsəm ayıla bilmirəm” deyən çox insan var, əminəm. Elə əzilə-büzülə deyirlər ki, sanki bütün gecəni daş daşıyıb yorulublar, bunları ayıltsa ancaq qəhvə ayıldacaq…
Əslində kofein bir psixostimulyatordur. Bir fincan qəhvə içdikdən 10-15 dəqiqə sonra insan özünü ayıq hiss edir, yuxusu qaçır, performansı artır. Tədricən kofeinin təsiri keçir, bir neçə saat sonra insan əvvəlki halına dönür. Orqanizm yenidən stimulyator – qəhvə tələb edir. Taqətdən düşmüş, bitmiş və tükənmiş hiss edirsən özü. Və çarəni yenidən bir fincan qəhvədə görürsən. Çünki artıq bağımlısan, asılılıq yaranıb səndə, qəhvə tiryakisi olubsan artıq…
Mən bu kofe tiryakilərini övladlarını rus məktəbinə göndərənlərə bənzədirəm.
Necə ki, onlar özlərini yuxarı təbəqə hiss edirlər, kofe sevdalıları da ona oxşar şeylər hiss edirlər…
Ancaq Dünya dəyişir, əski alışqanlıqlar yeniləri ilə əvəz olunur, gənclərin dəyişən həyat tərzləri kimi. İndi bu dəyişikliklərin içində qəhvə içməyi buraxmaq var. “Cool” görünmək üçün gənc nəsil Avropada kütləvi şəkildə qəhvədən imtina edir. Yeni dalğanı son bir-iki ildə Almaniyada şəxsən müşahidə etdim. Çeşid-çeşid qəhvə satan kafelərdə artıq müxtəlif növ çaylar təklif edilir. Bunun başlıca səbəblərindən biri yeni nəslin sağlam həyat tərzinə meyl etməsidir.
Qəhvə içməyə tövbə edib onu buraxanlar sosial şəbəkələrdə bədənlərində yaranan dəyişikliklərdən yazırlar. Onlar dərilərinin canlanması, kofeinin diş minasına mənfi təsiri, arıqlamaları, yuxu keyfiyyətinin artmaları haqda bol-bol paylaşımlar edirlər. Bu da kofedən imtina etməyi gün keçdikcə daha populyar qılır.
Bu paylaşımlar “kofensiz enerjim olmur” inancının bir mif olduğunu ortaya qoyur. Qəhvə sizi özünə əsir etdiyi üçün getdikcə daha çox içirsiz. Halbuki enerji mənbəyi kimi yüngül səhər idmanı, ya da kontraslı duş insana qəhvədən daha çox enerji verir.
“X jenerasyonu” və ondan sonra gələn nəsillər daha uzun yaşamaq üçün transhumanistlər kimi olmasa belə, ən az onlar qədər sağlamlıq və sağlam həyat tiryakisi olmağı seçirlər.
İbrahim Nebioğlu
TEREF