DƏRVİŞ – lüğəti tərcüməsi “fəqir, əliboş, miskin” deməkdir.

5-12-2024, 11:54           
DƏRVİŞ – lüğəti tərcüməsi “fəqir, əliboş, miskin” deməkdir.
“Dərvişlik” sözü kasıblıq və möhtacluq mənasında işlədilir.
Adətən sufi təriqətinin üzvünü dərviş adlandırırlar. Təsəvvüf terminologiyasında dünyadan əl üzüb özünü Allaha təslim etmiş şəxsə dərviş deyirlər. Keçmişdə dərvişlərin əksəriyyəti əyninə yun kürk geyinib əlinə kəşkül alır, şəhərləri, kəndləri gəzir, dini-irfani şeirlər oxuyub camaatın verdiyi sədəqə hesabına dolanırdı.
Hətta bəzi dərvişlər tərkidünyalığa qapılır, ac-yalavac və səfil həyat tərzi sürür, evlənmir, səliqəsiz və kirli paltar geyinirdilər.
Təsəvvüf adabı baxımından bu davranışlar düzgün sayılmır. Əsl sufi başqalarına möhtac olmamalı, sədəqə istəməməli, öz şəxsiyyətini və izzəti-nəfsini qorumalıdır. Sufi mənbələrində əsl dərviş özünü Allaha həsr edən, seyrü-süluk yolunu layiqincə qət edən, mənsub olduğu təriqətin göstərişlərini və şeyxin tapşırıqlarını tam ciddiyyətlə yerinə yetirən, başqalarına möhtac olmayan, dünya əhlindən ehtiyacını kəsən, öz rəftarı, əxlaqı, ibadəti, qiyafəsi ilə insanlara nümunə olan şəxsdir. Əsl dərviş övliya məqamına yüksəlmiş arifdir.
Əzizəddin Nəsəfi yazırdı: “İnsanların ən ağıllıları öz ixtiyarı ilə dərvişlik edən və şüurlu şəkildə arzu-kamlardan imtina edən dərvişlərdir. Çünki hər arzu-kamın altında onlarla, bəlkə yüzlərlə nakamlıq gizlənib. Ağıllı adam bir arzu-kama çatmaqdan ötrü yüz nakamlığa dözməz”.
Dərviş ətrafdakıların gözündə fəqir görünsə də, öz halından məmnundur. Dərviş özünü bütün sultanlardan daha üstün bilir, çünki o, dərvişlik və fəqirlik mülkünün sultanıdır: “Fəxr edib dərvişliyə, aləmdə sultan olmuşuz” (Ş.İ.Xətai).
Şeyx Səfiəddin Ərdəbili təriqətə qədəm basmış sufinin (talibin) aşağıdakı xüsusiyyətlərə sahib olmasını şərt bilirdi: “Siratül-müstəqimdə doğru yeriyə və doğru söyləyə, dost könlünü ağrıtmaya, könlü dərvişlikdə, dili mürüvvətdə ola, ta ki bu yolda məqsudunu bula”. Göründüyü kimi, Şeyx Səfinin düçüncısində dərvişlik zahiri görüntüyə deyil, qəlbə bağlıdır və sufinin qəlbi dərvişlik halında olmalıdır. Şeyx Səfiəddin əsl dərvişləri bu cür vəsf edirdi: “Dərvişlikdə yalan söyləmək yoxdur”. “Dərvişlərün məzhəbi Həqqün məzhəbidür”.
İstər “Qara məcmuə”də, istərsə də “Şeyx Səfi təzkirəsi”ndə (“Səfvət əs-səfa”) dərvişlərə xidmət göstərmək böyük şərəf sayılır, dərvişin könlünü qırmaq, incitmək, haqqını yemək, barəsində pis söz danışmaq və hətta pis fikirə düşmək böyük günah hesab edilir, bu günahları edənlər bəzən dərhal bəlaya düçar olur, amma tövbə edincə bəladan qurtulurlar.
Şeyx Səfi deyirdi: “Sən bilməzsən ki, dərvişlərün həqqində yaman söz deməmək gərək, bəlkə xəyalında dəxi keçürməmək gərək, yoxsa hər yamanlıq kim onlarun həqqində kimsə eylər, yamanlığı həm ona dönər”.
Sufi mənbələrində “qələndər”, “abdal”, “baba (dədə)”, “sufi” sözləri də “dərviş” kəlməsinə yaxın mənada işlədilir.
İstinad: "Qızılbaş Ensiklopediyası"
Milli Kimlik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.