MARŞAL FEVZİ ÇAXMAQ, GENERAL DE QOLL, CÖVHƏR DUDAYEV
Dünən, 08:44
Bu yazını 28 il əvvəl Ankarada yazmışam.
Matəm günü paylaşmaq istədim...
MARŞAL FEVZİ ÇAXMAQ, GENERAL DE QOLL, CÖVHƏR DUDAYEV
Türkiyə paytaxtının ən gözəl səmtlərindən sayılan Tandoğanda iki gözəl və geniş prospekt var. Hər ikisi də 20-ci əsrin iki böyük dövlət adamı və sərkərdəsinin adını daşıyır.
Prospektlərdən biri Türkiyə Cümhuriyyətinin qurulmasında Atatürk və İsmət İnönüdən sonra ən böyük rolu oynamış, Osmanlının 2-ci Qafqaz ordusunun komandanı, əfsanəvi Çanakkale və Sakarya hərəkatlarının qəhrəmanlarından biri, Osmanlı İmperatorluğunun son Hərbiyyə nazirlərindən, Cümhuriyyət dönəmində 21 il Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Marşal Fevzi Çaxmaq Paşanın (1876-1950) adını daşıyır.
İkincisi isə başqa bir əfsanəvi komandan, 1-ci və 2-ci Dünya müharibələrinin iştirakçısı, Fransa prezidentinin adını daşıyan general de Qoll (1890-1970) prospektidir.
Ankara bələdiyyəsi Marşal Fevzi Çaxmaq Paşa və general de Qoll prospektlərinin kəsişdiyi yerdəki meydana bu yaxında Cövhər Dudayev adını verdi...
Dudayev hələ həyatda ikən Türkiyədə bir əfsanəyə çevrilmişdi. Çeçənlərin azadlıq hərəkatı başlayandan bəri Dudayevin adı türk kütləvi informasiya vasitələrinin gündəliyindən heç düşmədi. Sayca kiçik bir xalqın böyük liderinin qəhrəmanlığı tarixə nə qəhrəmanlıq dastanları yazmış türkləri belə riqqətə gətirirdi.
Və Cövhər Dudayevin ölüm xəbəri Türkiyəni yasa boğdu. Ölkənin bir çox bölgəsində Dudayevə qiyabi cənazə namazları qılındı, dualar oxundu. 3 mindən çox ankaralının Kocattepe camisindəki qıldıqları namazda Necmettin Erbakan, Alparslan Türkeş kimi partiya liderləri də iştirak etdilər.
Mərasimdən sonra bəzi milliyyətçi-mühafizəkar qruplar rus bayrağı yandırıb, Rusiya əleyhinə şüarlar söyləyərək, Parlament binasına qədər hərəkət etdilər. Əllərində çeçen bayrağı olan nümayişçilərin yaxınlıqdakı Rusiya səfirliyinə yürüyüşünün qarşısı yalnız polisin müdaxiləsi nəticəsində alındı.
İstanbuldakı Fatih camisindəki mərasimdən sonra isə iştirakçılar Rusiya Baş Konsulluğuna qədər hərəkət edərək, orada rus bayrağını ayaqlar altına atdılar.
Bu sətirləri yazarkən öz-özümə düşündüm: “Türklərin bu çeçen sevgisinin, çeçenlərə həmrəylik hissinin sirri və qaynağı nədir?”. Əslində bu çətin sualın cavabı olduqca asandır: “Çeçen xalqının yılmaz azadlıq eşqi! Və bu eşqin qəhrəman aşiqi – Cövhər Dudayev!”.
Bu səbədən də İngiltərənin nüfuzlu Sunday Times qəzetində çıxan bir xəbərə türklər qədər inanan və sevinən olmadı. Qəzet, Dudayevin ölmədiyini, onun gizlicə olaraq Türkiyəyə keçdiyini iddia edirdi. İddiaya görə Cövhər Dudayevin ölümü ilə bağlı bir çox müəmmalar hələ də ortadan qalxmayıb və o da Şeyx Şamil kimi bir müddət gizli fəaliyyət göstərməyi qərara alıb. Məlumdur ki, Şamil, 1837-ci ildə öldürüldü deyə şaiyə yayaraq, daha sonra düz 20 il ruslara qarşı savaşmışdı...
Sunday Times xəbəri gerçəkdir ya deyildir, bilmirəm, amma Marşal Fevzi Çaxmaq Paşa və general de Qoll prospektlərinin kəsişdiyi yerdəki meydan artıq Cövhər Dudayev meydanı adlanır.
Azərbaycan prospekti bu meydanın çox yaxınındadır. İki gün əvvəl Azərbaycan prospektindən keçib Dudayev meydanına gələndə durub ayaq saxladım. Sunday Times qəzetinində yazılanların doğru çıxmasını istəyirdim...
Avrasiya qəzeti,
1 iyun 1996
https://t.me/ibrahim_nebioglu