MÜSAVATÇI MUSA
29-12-2024, 11:44
Mehdiyev Musa Kazım oğlu milli tərəqqi yolunun cığırdaşı, müsavat ideyalarının daşıyıcısi olub. Azərbaycanın müstəqilliyi onun həyat amalı idi.
O, 1916-cı ildə İrəvan Ouberniyasının Üçkilsə qəzasının Ağcaqala kəndində anadan olmuşdur. Hələ körpə ikən deportasiyaya məruz qalaraq ailəlikcə doğma yurd-yuvalarından qaçaq düşmüş, indiki Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində məskunlaşmışdır.
Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndindəki orta məktəbi bitirən M.Mehdiyev Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuşdur.
Hər dəfə kəndə gələndə Yaqublunun, həmçinin qonşu kəndlərin sakinləri tökülüşüb onun ziyarətinə gələrmişlər. Dərdi olan, ərizə yazdırmaq istəyənlər ona müraciət edərdilər. O isə heç kəsin sözünü yerə salmaz, hamıya kömək etməyə çalışardı.
Hələ ali məktəbdə oxuyarkən Zəhra adlı bir qızla nişanlanmış və dini kəbin kəsdirmişdilər.
Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən müsavat ideyalarını yaşadan və yayan gizli təşkilata üzv olmuş, gənc yaşlarından Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşdur. Ali təhsil aldığı illərdə Türkiyəyə və Təbrizə səyahət etməsi barədə söyləntilər də var. O, gizli təşkilatın fəal üzvərindən olub.
Lakin müllimləri və məsləkdaşları ilə birlikdə həbs olunmuşdur. Onları müsavat ideyalarını yaymaqda günahlandırmış və təqsirli sayaraq Qazaxstana sürgün etmişlər.
Bu hadisədən sonra qohumları onun nişanlısı Zəhraya kəbinin geri oxunmasını təklif etsələr də, qız razılaşmamış, ömrünün sonuna kimi Musanı gözləyəcəyini bildirmişdi.
Sürgün illəri isə ağır və məşəqqətli keçmişdir. M.Mehdiyev sürgündə olduğu dövrdə çox ağır işlərə işləri görməyə məcbur edilmişdir.
O, 17 dekabr 1946-cı ildə Qazaxstanın Akmolinsk vilayətində vəfat etmişdir. (Onun həyatı haqqında bəzi rəsmi məlumatların əldə edilməsində Yaqublu kənd sakini Q.Ağayevin böyük zəhməti olub.)
Musanın ölüm xəbərini alan qardaşları, başda böyük qardaşı Kərim kişi olmaqla kənddə ehsan məçlisi qurmuşlar. Rayonun digər kəndlərinin sakinlərinin də iştirak etdiyi yas mərasimi çox möhtəşəm olmuş, Musanın ruhuna Quran və dualar oxunmuşdur.
Həyatını Vətənin müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş və bu yolda özünü qurban vermiş Musa Mehdiyevin arzuları 1991-ci ildə reallaşdı. Çox sevdiyi Azərbaycan öz müstəqilliyinə və azadlığına qovuşdi. İnşallah, bu müstəqillik daimi və əbədi olacaqdır.
(Yazı M.Mehdiyevin qardaşı qızı X.Kazımovanın xatirələri əsasında hazırlanmışdır.)
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF