KÜFELİK OLMAQ
4-01-2025, 09:17
Olan hadisədir.
Dostlarım Mərdəkanda yeyib içirlərmiş.
Bakı bağları, iyul ayı, sərin meh, içkinin üstündən samovar çayı gəlib, söhbət uzandıqca uzanır. Gecənin bir saatında “Ayıq sürücüyə” zəng edib dörd sürücü sifariş vermək istəyirlər.
Gecdir, Mərdəkan da uzaqdır deyə o qədər sürücünü birdən göndərə bilmərik deyirlər – bir saat gözləmək lazımdır. Dostlarımızdan T. ağzına bir qərənfil atıb “Sabah tez qalxmalıyam, bağım də yaxındır, mən özüm yavaş-yavaş sürüb gedəcəm” deyir.
Nə illah edirlər razılaşmır…
Yük vaqonuna oxşayan cipini tək-tənha evinə tərəf sürüb gedir.
Bağına 500 metr qalmış gözünə döndüyüm DYP hər zamankı kimi kolların arxasından çıxıb gecənin qaranlığında maşını saxlayır. Dostumuz heç bir şey olmamış kimi maşını rahatça saxlayır.
Müfəttiş “İçkilisənmi?” deyə sual verir.
O isə “Nə içkisi rəis, mən ayıq sürücüyəm” deyir.
Polis müfəttişi cavabdan şoka düşür, “A kişi, sən ayıq sürücüsənsə, bəs maşının yiyəsi hardadır, səndən başqa maşında heş kim yoxdur axı” deyir…
***
Türkiyə türkcəsində “Küfelik olmak” deyə bir deyim var. Anlamı “Ayaqda dura bilməyəcək qədər sərxoş olmaq”, “özünü idarə edə bilməyən içkili adam” deməkdir. “Küfe” isə söyüd ağacının incə budaqlarından hörülmüş, kürəkdə daşınan böyük səbətdir.
Keçən əsrin ortalarına qədər İstanbulun meyxana, içkili restoran və tavernalarının qarşısında küfeli hamballar dayanır, gecənin gec saatlarında evlərinə gedə bilməyəcək qədər zil-zurna sərxoş müştəriləri səbətə qoyub bellərində evə daşıyırmışlar. Daşınma pulunu da müştəri deyil, meyxananın sahibi ödəyirmiş.
Meskenin neresi senin?
Tam küfelik adamsın.
Umurunda mı kimsenin?
Tam küfelik adamsın…
“Küfelik olmak” deyimini Türkiyəyə yeni gəldiyim illərdə eşitmişdim. O vaxtı küfeli hamballar çoxdan tarix olmuşdular. Eyni illərdə Bakıda indi xeyli yayılmış “Ayıq sürücü” servisi yox idi. Bu yaxında bir türk dostum Bakı təəssüratlarını bölüşərkən bu servisin faydalarından danışıb, İstanbulda “Ayıq sürücü”nün olmamasından gileylənir və burada da bu gəlirli biznes sahəsinin qurulmasını xəyal edirdi.
Dostuma boş yerə həvəslənməməsini dedim, çünki İstanbulda məsafələr o qədər böyükdür ki, biznes rentabelli olmaz. Arxasınca da əlavə etdim ki, əvvəl-axır UBER-in sürücüsüz taksi servisi buraya da gəlib çıxacaq…
Dünən axşam Kireçburnunda sahildə “küfelik adamlar” düşdü yadıma.
Tam da “Evli evine, köylü köyüne” deyib dağılışacaqdıq ki, türk dostlarıma Bakıda baş vermiş o ayıq sürücü hadisəsini danışdım…
https://t.me/ibrahim_nebioglu