Novruz Bayramını “dirildən” Şıxəli Qurbanovun dəfni: 1967-ci il –NADİR "FOTOXRONİKA"
Dünən, 17:44
“FOTOXRONİKA” layihəsi çərçivəsində təqdim etdiyimiz bu şəkidə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanovun dəfn mərasimi əks edilib.
Fotonu araşdırmaçı -jurnalist Məcid Rəşadətoğlu təqdim edib.
Fotoda Şıxəli Qurbanovun son mənzilə yola salınması ilə bağlı vida mərasimində çəkilib.
Mərasim 1967-ci il mayın 24-ü keçirilib. Fəxri qarovulda öndə dayanan Xalq şairi Nəbi Xəzridir.
Azərbaycanda Novruz bayramı rəsmi səviyyədə ilk dəfə “Bahar” bayramı adı altında 1967 – ci ilin mart ayında qeyd olunub. Təzyiqlərə, qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında o zaman Azərbaycanın rəhbəri olan Vəli Axundovun və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir.
“Bu barədə qələmə alınmış məqalələrə müraciət etdikdə, oxuyuruq ki, sözügedən tarixdə, yəni 1967 – ci ilin martında Novruz Bayramının qeyd edilməsinə Moskva ciddi narazılığını bildirib. Hətta Şıxəli Qurbanova bu niyyətindən əl çəkməsi üçün rəhbərlik tərəfindən xəbərdarlıq da edilib. Kənar qüvvələr Novruz bayramını islam dini ilə əlaqələndirib”-deyə jurnalist qeyd edir.
Şıxəli Qurbanov Moskvaya yola düşərkən Novruz bayramının dinlə heç bir əlaqəsi olmaması barədə 22 səhifəlik izahat yazır. Qələmə aldığı izahatda tutarlı faktlar gətirməsinə, milli bayramın dinlə, şəriətlə heç bir əlaqəsinin olmadığını qeyd etməsinə baxmayaraq, o, rəhbəriliyi inandıra bilmir.
1967 – ci il may ayının 23 – də Şıxəli Qurbanov “Sənsiz” pyesinin ictimai baxışına gəlir. Amma o, diş həkiminə getmək üçün ictimai baxışı tez tərk edir.
Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə əlindən yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü səbəbi məlum olmayan sui-qəsddən də xilas ola bilir.
1967 – ci ilin 23 mayında stomatoloqun ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında dünyasını dəyişir.
Azpost.info