"Mərv Döyüşünün əhəmiyyəti: Şah İsmayılın İmam Rza (ə) İrsinin Mühafizəsi"
Bu gün, 17:04
- Mən möhtərəm babamı belə vəziyyətdə görmək istəmirəm..
Xandəmirə görə, şah Mərv döyüşündən sonra İmam Rza (ə) məqbərəsinin ziyarəti üçün Məşhəd şəhərinə yollandı.
Seyidlər, nəqiblər, əyan-əşrəf və adi insanlar onu qarşılamağa çıxdılar. Şah İmam Rzanın asitanını öpdü, ziyarət əməllərini yerinə yetirib, qələbəsi üçün dualar etdi. O, şəhərdə olan bütün seyidlərə, nəqiblərə və məqbərə ətrafında olan insanlara ənamlar və xələtlər verərək yardımlar göstərdi.
➡️ “Aləmarayi Səfəvi” əsərində Şah İsmayılın Məşhəd ziyarəti belə təsvir edilib:
Əlahəzrət şah yol ayrıcına çatanda mübarək gözü vilayət dudmanının xələfi, insü-cinnin imamı olan İmam Rzanın (ə) ərşə bənzər günbəzinə düşdü. Hamı səcdəyə getdi. Oradan mələklərin aşiyanəsi olan bu asitana piyada yollandılar. Ali dərəcəli seyyidlər və mübarək asitanın xidmətçiləri imamət ölkəsinin bayrağını da götürüb qarşılamaq üçün (Məşhəddən) çıxdılar. Ərbab və möhtərəm insanlar uca məqamlı və adlı-sanlı şehriyarın ayağını öpmək üçün hərəkət etdilər.
Həzrət qızılbaş sərkədələri ilə birgə dörd fərsəx yolu piyada gəlib gördü ki, özbəklər mələklərin endiyi yer olan o asitanın xalçalarını, qızıl və gümüş şamdan və çırağdanları, habelə başqa əşyaları qarət edib aparıblar. Şah vəkili Nəcmi-Saniyə üz tutub dedi: “Get elə bu gecə asitana rəngarəng xalçalar sər, de ki, zərgərlər qızıldan olan çıraqlar hazırlasınlar.
Bizim qızıldan olan şamdanlarımızı yandırın ki, sabah möhtərəm babamın ziyarətinə gedəcəyəm. Mən o asitanı belə vəziyyətdə görmək istəmirəm”. Nəcmi-Sani şahın buyurduğu kimi etdi. Növbəti gün böyük şehriyar münlərlə ümid və hacətlə təzimi vacib olan imamın ərş tək fərşinə üzünü qoydu və məzəllətdə olan alnını o dərgahta səcdəyə qoymaqla nuraniləndirdi. Müqəddəs rövzəyə daxil oldu və ehtiyaclı şəxs kimi o ixlas Kəbəsini təvaf etdi.
Əminiyə görə, Şah İsmayılın Xorasana soxulmuş özbəklərin üzərinə yeriməsinin bir səbəbi də Məşhəddə İmam Rzanın məqbərəsini onlardan təmizləmək idi. Hətta Hərəvinin 1510-cu ildə baş verən Mərv döyüşü ilə bağlı hesabatlarını oxuyarkən özbək Məhəmməd Şeybani xanın İmam Rzanın məqbərəsini dağıtmaq niyyəti haqda məlumatlara da rast gəlinir. Səfəvilərin Mərvdəki qələbəsinin əhəmiyyətindən yazan İbrahim Əmini Hərəvi onu misli görünməmiş zəfər kimi qiymətləndirir və bildirir ki, əgər bu döyüşdə Məhəmməd Şeybani xan zəfər çalsaydı, ilk növbədə İmam Rzanın məqbərəsini dağıtmaq niyyəti haqda məlumatlara da rast gəlirik.
Səfəvilərin Mərvdəki qələbəsinin əhəmiyyətindən yazan İbrahim Əmini Hərəvi onu misli görünməmiş zəfər kimi qiymətləndirir və bildirir ki, əgər bu döyüşdə Məhəmməd Şeybani xan zəfər çalsaydı, ilk növbədə İmam Rzanın məqbərəsi dağıdılardı. O, yazır:
Mötəbər şəxslər mərhum vəzir Xacə Kamal Mahmud Sağərçinin dilindən eşidiblər və o, deyirdi ki, Məhəmməd xan Şeybani şövkət və dəbdəbə ilə Mərvin darvazasından çıxanda həzrət İmam Rzanın fələyə ucalmış gümbəzini dağıtmaqla bağlı mənə türk (çağatay) dilində bir şey dedi... Şeybani xan dedi: “Bul gök günbədni ovurmaq girak ki, hər nə (bəla) bizgə gətirür, ol gətirür”.
Xacə Kamal Mahmud Sağərçi sözlərini belə davam etdirir: Mən bu sözü eşidəndə elə həmin zaman bildim ki, belə bir niyyət onun hakimiyyətini yıxacaq. Elə onun şövkət və iqtidarı da “onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın!” (Qurani-Kərim, Həşr 2) ayəsinə uyğun olaraq, xaraba qalıb məhv oldu.
İstinad: 1-ci Beynəlxalq Şah İsmayıl Xətayi Simpoziumu Materialları/ Bağırov Samid, "Şah İsmayıl və məqbərələrin təmir-bərpa işləri"
Milli Kimlik
TEREF