MORZE ƏLİFBASI
Bu gün, 10:14
“Tətbiqi riyaziyyat” tələbələri Ali məktəbdən həm də radio-rabitə üzrə “ehtiyatda olan leytenant” rütbəsi ilə məzun olurdu. 3 il boyunca həftədə bir gün hərbi dərsdə Morze Əlifbası, müxtəlif hərbi rabitə texnikası öyrədirdilər bizə. Səhər saat 9:30-dan axşam 18:15-ə qədər qulağımızda “radist nauşniki” ilə “bipbip”lərdən hərf, hərflərdən söz, sözlərdən cümlə qayırırdıq.
Sovetin saysız sarsaqlıqlarından biri idi – Daha çox Algol, Fortran, Basic, Pascal, daha dərin ehtimal nəzəriyyəsi, topologiya, kompleks dəyişənlərin funksiyalar nəzəriyyəsi, Furye sıraları, çoxluqlar nəzəriyyəsi yerinə bibibip-bip-bip-bip, bibibip-bip-bip-bip…
Mayor Viktor Kubits vardı, bizim Morze müəllimimiz idi. Çox sərt biri olsa da bizə yaxşı davranırdı. Bir dəfə ona şəhərdə rastladım. İçkili idi. Bundan cəsarətlənib dedim ki, niyə belə mənasız işlərlə məşğuluq, axı hərbi kafedradakı bütün “radiosvyaz” texnikası çox köhnə-köşküldür. “Sən elə bilirsən Ordunun əlindəki texnika daha yaxşıdır?” deyib sürətlə uzaqlaşdı.
Əfqanıstan müharibəsində kontuziya almış mayor Kubitsin üzündəki o ifadə, verdiyi cavabı heç vaxt unutmadım. Sovet dağılandan sonra o cavabın nə qədər doğru, nə qədər acı həqiqət olduğunu daha yaxşı anladım. “Dünyanın 2-ci Ordusu” deyə yaratdıqları mif də yerlə bir oldu sonralar…
Sonralar Morze Əlifbasının bizə doğru öyrədilmədiyini anladım.
Sanki bizdən Morze yerinə Riman Hipotezi ilə Goldbahın Binar problemini çözməyi istəyirmişlər…
https://t.me/ibrahim_nebioglu