“Səməd Vurğunun “Azərbaycan” şeirini niyə “bütləşdiririsiniz”?..”
Bu gün, 10:34
![“Səməd Vurğunun “Azərbaycan” şeirini niyə “bütləşdiririsiniz”?..”](/uploads/posts/2025-02/1739554619_1.jpg)
“…“Hamı əzbər bilir”... “hamı sevir”... “sadə dildə yazıb”... faktları, detalları haçandan SƏNƏTin meyarı, təsdiqi, müəllifin YARADICI POTENSİALının göstəricisi olub?..”
“Bu yazı da Səməd Vurğunun yazdıqlarını öyənlərə CAVAB olsun...”
...Klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər... var. Hansı ki, onlar BİRBAŞA sənəti (eləcə də sənətkarlığı!) ifadə etmir. Məsələn, bir hadisənin, mövzunun OLDUĞU KİMİ (xammal şəklində!), ƏDƏBİ TƏFƏKKÜRDƏN EMAL OLUNMADAN nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, əsla, yox... Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud MƏTNsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə necə deyərlər, “ört — bastır” edir... edib. Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam dünyagörüş baxımından o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi... bu gün də belədi... hələ bəlkə sabah da belə olacaq...
Fikirlərimi bir az da konkretləşdirim... Məsələn, götürək, Səməd Vurğunun külliyatını. Ən çox nədən ibarətdir? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin... ümumilikdə mövzuların OLDUĞU KİMİ (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, ədəbi təfəkkürdən emal olunmadan. MƏHZ BU BAXIMDAN DA Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox. Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi. Ədəbi müstəvidə bunlar çox incə və ciddi mətləblərdi...
... Yeri gəlmişkən, elə bu məqamda misal olaraq hamının tez – tez adını çəkdiyi “Azərbaycan” şeirinə üz tutaq. Müəyyən bədii ştrixlərin fonunda populizmdən, sentimental şüarçılıqdan, publisistik fikir harmoniyasından... başqa, nə var axı, Səməd Vurğunun “Azərbaycan” şeirinin mahiyyətində? Gerçək sənəti, ədəbiyyatı ortaya qoyacaq YARADICI MAŞSTAB yoxdu, axı... Niyə, “bütləşdirirsiniz” VƏ YA niyə “bütləşdirilməlidir” Kİ? DİGƏR TƏRƏFDƏN, “hamı əzbər bilir”... “hamı sevir”... “sadə dildə yazıb”... faktları, detalları haçandan SƏNƏTin meyarı, təsdiqi, müəllifin YARADICI POTENSİALının göstəricisi olub? Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox... Səməd Vurğunun adı çəkilən kimi ANCAQ çoxluq (kəmiyyət), eləcə də çoxluğun üzərindəki müəllifin duyğu manipulyasiyası faktı meydana gəlir (çünki yazdıqlarının gerçək üzü buna əsas verir), demək olar ki, Səməd Vurğunu hər zaman ANCAQ çoxluqla (kəmiyyətlə) şərh edirlər. Təbii ki, bu isə sənətkarlığın İSBATI yox, kütləviliyin, kütləvi olmağın təqdimlərindən biridir. MƏSƏLƏN, Səməd Vurğun Salvador Dali ilə demək olar ki, eyni bir dövrdə yaşayıb. Dönün, Salvador Dalidəki (sənətə xas olan!) YARADICI MEXANİZMə baxın, sonra gəlin, Səməd Vurğunun yazdıqlarının mahiyyətinə baxın. QEYD ETDİYİM bu nüansda məqsədim Səməd Vurğunu Salvador Dali ilə müqayisə etmək deyil. Əsla! Səməd Vurğun Salvador Dalidəki YARADICI POTENSİALla müqayisəyə belə gələ bilməz. Sadəcə, məgər Səməd Vurğun görmürdümü gerçək SƏNƏT... YARADICILIQ... müəllifdə YARADICI BLOKun varlığı nə deməkdi, necə olmalıdır... ƏGƏR varsa, hansı şəkildə özünü əks etdirməlidir?.. Məgər görmürdümü...
... Bir sözlə, nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil. KÜTLƏ TƏFƏKKÜRÜ İSƏ sənətkarlığı məsələnin nəzm, ahəng... hissəsində görür. Bu da yanlışlıqdan başqa heç nəyi ifadə etmir.
Emil Rasimoğlu, yazar