Rus məktəbləri bağlanmamalıdır, sadəcə rus məktəbləri dövlət büdcəsindən çıxarılmalıdır...
Dünən, 16:34

Əlbəttə, görkəmli yazıçı düz deyir, rus məktəbləri bağlanmamalıdır.
Çoxluğun fikri isə belədir: rus məktəbləri dövlət büdcəsindən çıxarılmalıdır. Övladını rusca oxutmaq istəyən cibindən ödəməlidir. Necə ki ingiliscə, fransızca öyrənən öz xərcini özü verir.
Mövcud vəziyyət isbat edir ki, rus məktəblərinin səviyyəsi görkəmli rejissorun dediyi kimi yüksək deyil. Və qətiyyən deyil.
Nümunə deyim:
Ermənistanda və Gürcüstanda dövlət vəsaiti hesabına rusdilli məktəb yoxdur. Pribaltika ölkələrində də yoxdur. Rusun imperiya atı hələ ki türk dövlətlərində oynayır. Bunun da sonu gələcək. Rus dili işlək dil deyil, yabançı dil statusuna enəcək. Banklarımızın, aeroportumuzun sistemindən çıxarılacaq.
Xoş halına bunu həyata keçirən iradənin.
Rus dilini dünyaya çıxış sayanlar bilməlidirlər:
Hazırda İrəvanda cəmi bir dənə rus məktəbi var, o da rus səfirliyi tərəfindən maliyyələşdirilir. Amma rus və dünya mətbuatında ermənilərin səsi çox ucadan çıxır. Bizim 30% lik rusdilli təhsil sistemindən isə milli mənafeyi yüksək kürsülərdən təmsil edən 30 nəfər belə meydanda yoxdur. Bizim rus dillilərin bir çoxunun dil səviyyəsi qiybətdən, laqqırtıdan o tərəfə getmir. Desən ki, cəmi 10 dəqiqə siyasətdən, təsərrüfatdan, sənətdən, folklordan, tarixdən danış... sinifdə qalarlar.
Bu və bu kimi səbəblər üzündən dövlətin vəsaiti, yəni xalqın pulu boşuna xərclənir. Boşuna da xərclənmir, boşuna xərclənsə dərd yarı... toplumun parçalanmasına, cəbhələşməsinə, qarşıdurmasına xərclənir. Yəni bizi bizim hesabımıza əzirlər.
Bu bölücülüyə imperiya bizim cibimizdən yüz illərdir para axıdır.
Yetər!
Bəli, yetər, deməyin vaxtıdır.
Bu gün də deyilməsə bir gün dillənəcək bu iradə.
Məncə, bu məsələ həm hökumət, hər parlament tərəfindən diqqətə alınmalıdır. Çünkü məsələ olduqca ciddidir.
Rusdilli məktəblərin müdafiəçiləri ilə savaşa çıxmaq, deyişmək, üz-göz olmaq mənasız və gərəksiz bir işdir. Barış içində, bütün tərəflərin maraqlarını nəzərə alaraq, ən öndə isə dövlətin və xalqın maraqlarını bayraq edərək ciddi qərarlar alınmalıdır.
Rus dilinin hakimiyyətini devirib xariçi dil statusuna endirən postsovet ölkələrində də bu işğalçı dilin müdafiəçiləri az olmayıb. Çığır-bağır oralarda da ərşə dirənib, amma dövlət iradəsi üstün gəlib və milli mənafeyə uyğun addım atıb.
Biz də həmin sağlam qərarı - əlbəttə, mərhələli şəkildə, az zərərlə - gözləyirik.
Mehriban Vezir
TEREF