Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – II YAZI
7-03-2025, 09:44

Stalinin böyük yalanı: “Onlar Mancuriyaya qaçdılar”...
Sovet siyasi rəhbərliyinin 1940-cı il martın 5-də qəbul etdiyi qərara görə, Polşanın işğalından sonra həbs düşərgələrində və həbsxanalarda saxlanılan 25700 polyakın - hərbi əsirlərin, məmurların, “əks-inqilabçıların” və başqalarının işinə NKVD üçlüyü tərəfindən xüsusi qaydada baxılmalı və hökm çıxarılmalı idi. “Katın qətliamı” adını alacaq cinayətə belə start verildi: işləri araşdırılanlardan 21857 nəfəri edam edildi.
Polşanın “Katyn Pro Memoria” saytında yerləşdirilmiş məqalənin tərcüməsini təqdim edirik.
Əvvəli:
Cinayət
1940-cı il martın 5-də Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Siyasi Bürosu Kozelsk, Starobelsk və Ostaşkov düşərgələrində saxlanılan 14,7 min hərbi əsirin, eləcə də “Ukrayna və Belarusiyanın qərb vilayətlərindəki” həbsxanalarda saxlanılan 11 min dustağın işinə xüsusi qaydada - məhbusların iştirakı olmadan, ittiham irəli sürülmədən, istintaqın bitməsi barədə qərar və ittiham aktı tərtib edilmədən, ən yüksək cəza növü - güllələnmə tətbiq etməklə baxılması barədə qərar qəbul etdi.
Həmin qərarın qəbulu üçün əsas SSRİ daxili işlər xalq komissarı Lavrenti Beriyanın sovet rəhbəri İosif Stalinə göndərdiyi yazı oldu. Həmin yazıda polşalı hərbi əsirlərin və dustaqların güllələnməsi təklif olunurdu, çünki “onların hamısı sovet hakimiyyətinin qəvi düşmənləridir, sovet quruluşuna nifrətlə doludurlar”.

Yazının üzərində Siyasi Büronun dörd üzvünün – İosif Stalinin, Kliment Voroşilovun, Vyaçeslav Molotovun və Anastas Mikoyanın - “lehinə” imzaları, eləcə də Mixail Kalininin və Lazar Kaqanoviçin də təklif olunan addımı dəstəkləmələri barədə qeyd var.
İşlərin baxılması və qərar qəbulu NKVD-nin xüsusi yaradılmış üçlüyünə həvalə edildi. Üçlüyün tərkibi belə idi: daxili işlər xalq komissarının birinci müavini Vsevolod Merkulov, daxili işlər xalq komissarının müavini Boqdan Kobulov, NKVD-nin 1-ci xüsusi şöbəsinin rəisi Leonid Baştakov.
Məhkumların göndərilməsi Moskvadan gələn və faktiki ölüm hökmü olan siyahılar əsasında həyata keçirilirdi. 343 nəfərin adı olan ilk üç sənəd 1940-cı il aprelin 1-də Ostaşkov düşərgəsinə daxil oldu.
Cinayətin hazırlanmasında və törədilməsində NKVD-nin 125 əməkdaşı bilavasitə iştirak edib. Onlar 1940-cı il oktyabrın 26-da Beriyanın məxfi əmri ilə “xüsusi tapşırığı uğurla yerinə yetirdiklərinə görə” aylıq maaş və ya 800 rubl həcmində pul mükafatı alıblar.
Katın cinayəti haqqında Rusiyada saxlanılan sənədlərin tam əlçatan olmaması o deməkdir ki, qurbanların dəqiq sayı və şəxsi məlumatları tam məlum deyil. Tədqiqatçılar müəyyən ediblər ki, cinayətkar qərarın yerinə yetirilməsi zamanı:
Kozelskdəki hərbi əsirlərə münasibətdə törədilən cinayətin bütün təfərrüatları hələ də məlum deyil. Yalnız o məlumdur ki, onların bir hissəsi Katın meşəsində güllələnib. Məzarlardan tapılan bəzi əşyalar, o cümlədən, Adam Solskinin gündəliyi, Stanislav Svyançeviçin məruzəsi bunu sübut edir. Amma onlardan neçəsinin meşənin özündə, neçəsinin isə NKVD-nin yaxınlıqdakı bağ evində güllələnməsi məsələsi açıq qalır. Əsirlərin bir hissəsinin NKVD-nin Smolenskdəki daxili həbsxanasında da güllələnməsi mümkündür. Cinayətin tam mənzərəsi Rusiya arxivlərində hələ də əlçatmaz olan sənədlərdə gizlədilib.
Üç düşərgənin ləğvindən sonra 394 nəfər sağ qalır. Onların əksəriyyəti Moskvadakı Almaniya səfirliyinin və Litva missiyasının istədiyi adamlar idi: işğal olunan Polşadakı qohumlarının xahişi ilə. Bundan əlavə, sağ qalanlar arasında ələ alınmış agentlər, SSRİ ilə birlikdə döyüşməyə hazır olanlar və bilikləri dəyərli hesab edilənlər vardı. Həmin 394 nəfərdən əlavə, düşərgələrdən Moskvaya, NKVD-nin Lubyanka həbsxanasına gətirilən zabitlərin bir hissəsi də sağ qaldı.
Katın cinayəti çərçivəsində həm də Polşa Respublikasının SSRİ-yə ilhaq edilmiş şərq vilayətlərindəki həbsxanalarda saxlanılan ən azı 7305 nəfər də güllələndi. 1994-cü ildə Ukraynanın Təhlükəsizlik xidməti Polşaya “Ukrayna siyahısı” deyilən sənədi verdi. Orada Lvovdan, Rovnodan, Lutskdan, Ternopoldan, Stanislavovdan (indi İvano-Frankovsk) və Droqobıçdan gətirilərək Kiyevdə, Xarkovda və Xersonda güllələnən 3435 nəfərin adı var.
Polşa hakimiyyətinin səylərinə baxmayaraq, “Belarusiya siyahısı”ndakı 3870 məhbusun şəxsi məlumatları bəlli deyil. Onlar Brestdən, Pinskdən, Baranoviçidən və Vileykidən aparılaraq, çox güman, Minskdə qətlə yetiriliblər.
İtkinlər
Kozelsk, Starobelsk və Ostaşkovda saxlanılan hərbi əsrilərin qohumları və yaxınları 1940-cı il martın sonlarından məktub almadılar. Bir müddət onları itkin düşmüş hesab edir və ümidlə gözləyirdilər.
Almaniyanın SSRİ-yə hücumundan sonra mühacirətdəki Polşa hökuməti Moskva ilə faktiki müharibə vəziyyətindən imtina edərək, diplomatik münasibətləri bərpa etdi. İki hökumət arasında 1941-ci il iyulun 30-da imzalanan və münasibətləri normallaşdıran müqavilə başqa şeylərlə yanaşı, əsirlərin və sürgün Polşa vətəndaşlarının azad edilməsini və SSRİ-də Polşa ordusunun yaradılacağını elan edirdi.
NKVD-nin Lubyankadakı daxili həbsxanasında saxlanılan general Vladislav Andersin rəhbərliyi altında yaradılan hərbi qüvvələrə qoşulmaq istəyən polyaklar ayrı-ayrı həbsxanalardan, düşərgələrdən və sürgün yerlərindən Tatişevo, Totskoye və Buzuluka gəlməyə başladılar. Gələnlər arasında zabitlərin yoxluğu narahatlıq doğururdu. Starobelsk düşərgəsindən sağ çıxan yazıçı və rəssam rotmistr Yuzef Çapski itmiş zabitlərin axtarışına təhkim olunmuşdu. O, SSRİ-dəki polyaklar barədə məlumat toplayır və hakimiyyət orqanlarına sorğular göndərirdi. Polşanın baş naziri Vladislav Sikorski və general Anders 1941-ci il dekabrın 3-də Stalinlə görüşdə zabitlərin yoxa çıxması məsələsini qaldıranda, aldıqları cavab “zabitlər Mançuriyaya qaçıblar” oldu.
Məzarlıqların açılması
1943-cü il aprelin 13-də “Berlin radiosu” Katın meşəsində polyak zabitlərin kütləvi məzarlıqlarının aşkar edilməsi məlumatını yaydı. Şərq cəbhəsində məğlubiyyətlə üzləşən Almaniya bu hadisədən təbliğat məqsədi üçün istifadə edərək, antihitler koalisiyasını parçalamağa çalışırdı.
Məzarların ekshumasiyası Breslau (Vrotslav) universitetinin Ədli tibb və kriminalistika institutunun direktoru, professor Gerhard Butsun rəhbərliyi altında keçirilirdi. Tezliklə reyxin işğal etdiyi Polşa ərazilərində polyak dilində çıxan alman qəzetlərində şəxsiyyəti müəyyənləşdirilən qurbanların siyahısı çap edildi, küçələrdə təbliğat plakatları peyda oldu.
Stalin dərhal bunun təxribat olduğunu bildirdi. Tabeliyindəki polyak kommunistlər də təkrar etdilər. Polşalı kommunist Vanda Vasilevskaya aprelin 28-də “İzvestiya” qəzetində cinayətin təşkilində Üçüncü reyxi günahlandırdı, bir neçə gün sonra Polşa fəhlə partiyasının rəhbərliyi də eyni şeyi etdi.
Polşalı hərbi əsirlərin qətlini beynəlxalq səviyyədə yaymağa çalışan almanlar Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ekshumasiya keçirməyə və qətlin detallarını araşdırmağa dəvət etdi. Eyni zamanda, Polşa hökuməti də BQXK-nə sorğu göndərdi, bu isə Stalinə polyakları Üçüncü reyxlə əməkdaşlıqda ittiham etmək və “polyak hökuməti ilə münasibətləri pozmaq” bəhanəsi verdi. Bundan əlavə, Moskva BQXK-nin işində iştirakdan imtina etdi (BQXK öz Nizamnaməsinə istinad edərək Moskvanın razılığı olmadan SSRİ ərazisində təhqiqat apara bilməyəcəyini bildirdi - Press klub).
Almaniya Katın meşəsindəki cinayəti araşdırmaq üçün bütün Avropadan ədli tibb üzrə aparıcı mütəxəssisləri dəvət etdi və onlar cinayətin SSRİ tərəfindən törədildiyini tam təsdiqlədilər. Bununla eyni vaxtda Katında Polşa hökumətinin razılığı ilə Kazimej Skarjinskinin rəhbərliyi altında Polşa Qırmızı Xaçının texniki komissiyası işləyirdi. Ekshumasiya edilmiş 4243 cəsəddən 2733-nü identifikasiya etmək mümkün oldu. Altı qardaşlıq məzarından ibarət birinci müvəqqəti məzarlıq yaradıldı. Generallar Borislav Boqatereviç və Meçislav Smoravinski ayrı-ayrı məzarlarda dəfn olundular.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı