Yasaqlar tərbiyə vasitəsidir
Bu gün, 10:26

Söhbət Azərbaycan folklorunun ən kiçik janrlarının birindən, geniş yayılmış yasaqlardan gedir. Bu janr xalq arasında sınama, inanc, yozum, yozma adları ilə də yayılmışdır.
Yasaqlar özlüyündə miflə qarışıq olan janrdır. Onlarda çoxəsrlik mifoloji təsəvvürlər və kultlarla bağlı biliklər ümumiləşdirilmişdir. Mifik zamanda ilkin əcdadlar, mədəni qəhrəmanlar tərəfindən dünyanın müasir durumu – relyef, göy cisimləri, heyvanlar, bitkilər, sosial davranışın paradiqmaları və yasaqlar sistemi olan sanksiyalar yaradılmışdı. Sınamalar və ya yasaqlar funksional baxımdan milli, psixoloji, coğrafi, mədəni şərtlərdən asılı olaraq fərqlilik göstərir.
Yasaqlar həmişə inanclara “arxalanır”, bu da onların səciyyəvi xüsusiyyətlərindən biri sayılır.
Filologiya elmləri doktoru, professor R.Qafarlıya görə, “Tabu vasitəsi ilə edilən yasaqlar özlüyündə dini məzmundan çox, əxlaqi təsir bağışlayır. Çünki onlar tanrının tövsiyələri tək təqdim olunmur”. Filologiya üzrə fəlsəfə doktoru, dosent K.İslamzadə isə özünün “Mərasimlər və epik janrların tərkibində yasaqlar” adlı məqaləsində qeyd edir ki, “Çox qədim zamanlarda sosiumun (müəyyən norma və qaydalarla tənzimlənən, insanların qarşılıqlı münasibətlərinin məcmusu-İ.V.) fəaliyyətinin nizamlanması və qaydaların gözlənilməsi formaları kimi yaranan yasaqlar zaman keçdikcə etnosun mənəvi-əxlaqi prinsiplərini ümumiləşdirməklə varlığın yazılmamış qanunları funksiyasını qazanmışdır. Yasaqların kompleks şəkildə öyrənilməsi göstərir ki, bunlar həm də hələ islamaqədərki dövrdə formalaşmış mənəvi təfəkkür prinsipidir, etnosun ruhunun əsasına çevrilən nəsildən-nəslə ötürülən təcrübədir, instinktləri rasionaldan ayırmağa yönələn davranış modelidir...Mənəvi-əxlaqi yasaqlarda xalqın etnopsixoloji siması, milli xarakteri, idealları, həyat fəlsəfəsi və mentaliteti əks olunmuşdur...Bütünlükdə əxlaqi-etik normalar nöqteyi-nəzərindən yasaqlar – sınamalar insanların münasibətlərini, cəmiyyətlə təbiət arasındakı əlaqələri nizamlayan qaydalar sistemi kimi meydana çıxmışdır”. Yasaqlar əsasən nəsihət, məsləhət, qadağa formasında qurulur.
Onları iki qrupa bölmək olar. Bunlardan biri hüquqi, digəri isə etik yasaqlardır. Həm hüquqi, həm də etik yasaqlar cəmiyyəti möhkəmləndirmək, mənəvi və struktur vasitə kimi cəmiyyətin tamlığını, daxili bütövlüyünü, mənəvi aləmini qorumağa xidmət edir. Hüquqi yasaqlar hamıya aid olur və onların pozulması konkret cəza tədbirlərini nəzərdə tutur. Etik yasaqlar isə bütün cəmiyyətin həyatını yox, bu cəmiyyətin üzvləri arasındakı şəxsi münasibətləri tənzim edir.
Azərbaycanlıların yasaqları daha çox məişətlə; təbiət hadisələri, bitki və heyvanlar aləmi, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlıdır.
Zamanın sınağından çıxmış yasaq – sınama – inanclar yüksək mənəviyyatlı şəxsiyyətin formalaşmasına xidmət edir. Onlar həm də uşaq və gənclərin tərbiyəsində böyük rol oynayır. Çünki nəsihətverici, tərbiyəedici xarakter daşıyırlar. Yasaqların bir çoxunda uşağın tərbiyəsi, onun əxlaqi-mənəvi simasının kamilləşməsi ideyası üstünlük təşkil edir. Belə yasaqlarda özünü cəmiyyətdə, evdə, masa arxasında, doğmalarla münasibətdə necə aparmaq lazım gəldiyi barədə biliklər aşılanır. Məsələn, “Böyüklərdən qabaq masa arxasına oturmaq olmaz”, “Çox gülmək olmaz, ruha zərərdir2, “Böyüklərin söhbətinə qarışmaq olmaz”, “Yaşlıların yanında düşün, danış”, “Böyük gələndə balaca ayağa durar”, “Böyüyün sözü kəsmək olmaz” və s.
Xalqımızın yasaq və sınamaları çoxdur və bunlar bizim milli sərvətimizdir. Onların bəziləri dövrün, ictimai şəraitin dəyişməsi ilə əlaqədar sıradan çıxıb unudulsa da, digərləri bu gün də məişətdə yaşamaqdadır. Filologiya üzrə fəlsəfə doktoru, dosent K.İslamzadənin yazdığı kimi, “...yasaq insan mənəviyyatının əsas nüvəsi və özünü qorumanın bir vasitəsi kimi çıxış edir. Bu janrı ibtidai insanların düşüncəsinin məhsulu kimi köhnəlmiş hesab etmək düzgün deyildir. Onlar tərbiyəvi xarakter daşıyır, dürüst və yüksək mənəviyyatlı şəxsiyyət yetişdirməyə xidmət edir”.
Gəlin, bəzilərini yada salaq:
“Əldən çörək düşəndə "sevinərsən”.
“Qəbiristanlıqdakı ağacları kəsmək olmaz”.
“Duzu bu dünyada yerə töksən, o dünyada kirpiklərinlə yığarsan”.
“Ölünü dəfn etməyə aparan dəstənin qarşısından keçmək olmaz”.
“Gəlin köçənə yasəmən verməzlər”.
“Əncir ağacını budamazlar”.
“Kitabı açıq qoyub getmək olmaz − yaddaşın korlanar”.
“Qapı ağzında görüşməzlər”.
“Gecə vaxtı qırxgözlü şeyi (ələk, xəlbir, aşsüzən) evdən çıxarmazlar”.
“Yetimin malına toxunma”.
“Körpəyə güzgüyə baxmaq olmaz ─ yoxsa qorxar, dili gec açılar”
“Gecə dırnaq tutmazlar, çünki gecə vaxtı ölülərin dırnağı tutular”,
“Odun üstünə .........”.
“Adamı süpürgə ilə vurmazlar, şərə düşər”.
“İnsanı nahaq yerə günahlandırma”.
“Qəbirləri tapdalamaq, üzərində oturmaq olmaz”.
“Gecə vaxtı evi süpürüb, zibili atmazlar, yoxsa evin bərəkəti qaçar”.
“Şər vaxtı qapı ağzında oturmazlar”.
“Gecə vaxtı axar suya əl basmazlar, çünki gecələr su mələklərin olur”.
“Gəlinə cüt olmayan yataq dəsti bağışlamaq olmaz”.
Sonda bir daha təkrar edirik ki, hüquqi, mənəvi-əxlaqi, etik yasaq və sınamalar həyatda düzgün, dürüst münasibətlərin qurulmasında və nizamlanmasında böyük rol oynayır. Onların gücündən səmərəli istifadə etmək isə ayrı bir məsələdir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.