“Ölüm matçı” haqqında mif

Bu gün, 09:32           
“Ölüm matçı” haqqında mif
“Ölüm matçı” deyilən hadisə haqda ilk dəfə, deyəsən, aşağı siniflərdə rus dili dərsliyində oxumuşdum. Barəsində 1962-ci ildə film də çəkilmişdi. Məqalədə və filmdə əsasən üst-üstə düşən süjet aşağıdakı kimi idi.

Kiyevin “Dinamo” komandasının xeyli oyunçusu almanlara əsir düşür. 1942-ci il iyunun 22-də, sovet-alman müharibəsinin başlamasının birinci ildönümündə əsasən dinamoçulardan ibarət, bir qədər də başqa komandaların oyunçuları ilə gücləndirilən komanda yaradılır və Almaniya hərbi-hava qüvvələrinin – lüftvaffenin komandasına qarşı görüş keçirilir.

Almanlar həm irqi üstünlüklərini, həm də oyunun keçirildiyi tarixin önəmini nəzərə alaraq mütləq qalib gəlmək istəyirlər. Buna görə də Kiyev futbolçularına hədə-qorxu gəlinir, uduzmayacaqları təqdirdə güllələnəcəkləri bildirilir. Oyunu idarə edən alman hakim açıq-aşkar soydaşlarına tərəfkeşlik edir. Bütün bunlara rəğmən, sovet futbolçuları qalib gəlir və güllələnirlər.

Belə əhvalat Qərbdə birmənalı qarşılanmazdı. Pafosdan daha çox sağlam düşüncəyə üstünlük verən ingilis və ya amerikalı əhəmiyyətsiz bir oyunda qələbə üzündən 11 nəfərin həyatını itirməsinin nə qədər adekvat və rasional olması barədə düşünərdi. Amma sovet insanı başqa cür tərbiyə olunmuşdu və futbolçuların etdikləri yeganə düzgün yol sayılırdı. Sovet vətəndaşı məhz belə davranmalı idi. Uşaq vaxtı mən də bu davranışın düzgünlüyünü şübhə altına almamışdım.

Yalnız SSRİ-nin son illərində “Ölüm matçı”nın mif olması haqqında iddialar ortaya çıxdı və tədricən təsdiqləndi.

***

Kiyevin işğalı İkinci dünya müharibəsində sovet ordusunun üzləşdiyi ən ağır məğlubiyyətlərdən biridir. Sovet tarixşünaslığında “Kiyev strateji müdafiə əməliyyatı” adlanan əməliyyatda 600 mindən çox biryolluq (ölənlər, itkin düşənlər və əsir alınanlar) itki verildi.

Kiyevin müxtəlif komandalarında çıxış edən futbolçuların taleyi də müxtəlif oldu. Onlardan bəziləri təxliyə edildi, bəziləri şəhərdə qaldı, bəziləri Kiyevin müdafiəsində iştirak etdi. Sonuncuların bir hissəsi ordu ilə şərqə tərəf çəkilə bildi, çoxu isə əsir düşdü.

Almanlarla əməşkdaşlıq edən Konstantin Ştepa (işğal dövründə Kiyev universitetinin rektoru və almanpərəst qəzetin baş redaktoru) adlı professor işğal administrasiyasına məktub yazaraq əsir düşərgəsində saxlanılan futbolçuların azad buraxılmalarını xahiş edir. Almanlar da loyallıq haqqında iltizam almaqla futbolçuları azad edirlər.

Onlardan biri, müharibədən əvvəlki 5 il ərzində “Dinamo”nun qapıçısı olan Nikolay Truseviç çörək zavoduna işə düzəlir. Daha sonra onun xahişi ilə başqa futbolçular da zavodda işə götürülürlər. Çörək zavodunda işləmək imtiyaz idi, çünki Almaniyaya əmək səfərbərliyindən möhlət (bron) verirdi.

Cəbhə xətti Kiyevdən şərqə tərəf uzaqlaşdıqca şəhərdə normal həyat əlamətləri bərpa olunur. Teatr, kino, ictimai iaşə müəssisələri yenidən fəaliyyətə başladı. Şəhərdə konsertlər verilir, tamaşalar, operalar göstərilir. Hətta pul islahatı aparıldı, sovet rublunu Ukrayna karbovanetsi əvəz etdi. Proses idmandan da yan keçmədi.

Kiyevin “Lokomotiv” komandasının keçmiş oyunçusu, indi almanlarla və Ştepa ilə əməkdaşlıq edən Georgi Şvetsov müxtəlif futbolçulardan və həvəskarlardan “Rux” komandasını yaratdı. Az sonra çörək zavodu direktorunun təşəbbüsü ilə zavodun işçilərindən ibarət “Start” komandası yaradıldı. Futbolçular da bu işə həvəslə yanaşdılar, çünki yarıac dolandıqları halda futbol onlar üçün müəyyən əlavə qazanc mənbəyi ola bilərdi.

Komandanın üzvlərinin hamısı keçmiş dinamoçular deyildilər. Onların arasında Kiyevin “Lokomotiv” və “Rot Front” klublarının, hətta Odessa “Spartak”ının oyunçuları vardı. Sviridovski və Putistin isə keçmiş dinamoçular idilər və artıq bir müddət idi ki, futbol oynamırdılar. Komandada peşəkar futbolçu olmayanlar, eləcə də çörək zavodunda işləməyənlər vardı.

***

“Start” ilk oyununu 1942-ci il iyunun 7-də keçirdi. Rəqibi “Rux” komandası idi. Oyun 7:2 hesabı ilə “Start”ın xeyrinə yekunlaşdı. Sonrakı günlərdə macar qarnizonun komandası (6:2), alman artilleriyaçıları (7:1) məğlub edildilər. Dördüncü oyunda rəqib daha bir yerli komanda – “Sport” idi. Qələbəni yenə “Start” qazandı – 8:2. Bundan sonra alman dəmiryolçuları (6:0), macarların “MSG. Wal.” (5:1) və “GK SZERO” (3:2) komandaları məğlubiyyətə uğradıldı.

Avqustun 6-da almanların əsasən Hava Hücumundan Müdafiə qüvvələrində xidmət edən hərbçilərdən, eləcə də pilotlardan və mexanikləridən təşkil olunan “Flakelf” komandası ilə ilk oyun keçirildi. “Start” yenə qələbə qazandı 5:1.

"Start" və Flakelf" komandaları arasında iki oyunun afişaları
Sovet tarixşünaslığında “ölüm matçı” kimi təqdim edilən revanş oyunu üç gün sonra, avqustun 9-da baş tutdu (təqdim edildiyi kimi iyunun 22-də yox). Bu dəfə almanlar öz komandalarını bir qədər gücləndirmişdilər. Oyun əvvəlkilər kimi “Zenit” stadionunda keçirilirdi (sonralar “Start” adı verildi).

Hesabı almanlar açdı. Amma kiyevlilər fasiləyə qədər üç qol vuraraq birinci hissəni 3:1 hesabı ilə irəlidə bitirdilər. İkinci hissə xeyli gərgin keçdi. Əvvəlcə “Flakelf” hesabı bərabərləşdirdi. Bununla belə, “Start” daha iki qol vuraraq 5:3 hesabı ilə qələbə qazandı.

Oyundan sonra heç kəs güllələnmədi. Hər iki komanda hətta xatirə şəkli çəkdirdi (hərçənd, bəzən bu şəklin birinci oyundan sonra və ya ikinci oyundan əvvəl çəkildiyi deyilir). Azarkeşlərdən biri qələbəni qeyd etmək üçün “Start” oyunçularını cecə arağına qonaq etdi.

"Start" və "Flakelf" komandalarının birgə şəkli
Bütün oyunlarda Ervin adlı alman hərbçi hakimlik edib. “Sport” komandasının oyunçusu olmuş Vladimir Noqaçevski çox sonralar, həqiqəti söyləmək daha təhlükəli olmayan vaxtlarda hakimin obyektiv olduğunu, hətta matçların birində kobud oyuna görə bir almanı meydandan qovduğunu iddia edir.

“Start” özünün son oyununu avqustun 16-da keçirdi. Rəqib yenə “Rux” komandası idi və “Start” onu 8:0 hesabı ilə darmadağın etdi. Bundan iki gün sonra isə çörək zavodunda işləyən futbolçular elə iş vaxtı həbs edildilər. Amma həbsin səbəbi “ölüm matçı” deyildi.

***

SSRİ-də “Dinamo” idman cəmiyyəti və eyni adlı bütün idman klubları Xalq Daxili İşlər Komissarlığının (NKVD) sonralar isə Daxili İşlər Nazirliyinin himayəsi altında idilər. Oradakı idmançılar da formal olaraq bu qurumların əməkdaşları sayılırdılar.

Bu, SSRİ-də guya peşəkar idmanın olmamasını, bütün sovet idmançılarının gündüzlər çalışıb, axşamlar və istirahət günləri idmanla məşğul olan həvəskarlar olduğunu göstərmək üçün düşünülmüşdü. ÇSKA (və ya SKA) üzvləri hərbçi sayılırdılar. “Spartak” üzvləri guya həmkarlar təşkilatlarının işçiləri idilər və s.

1942-ci ilin avqustunda da kimsə almanlara donos yazaraq “Dinamo” futbolçularının NKVD əməkdaşları olduğunu xəbər verdi. Donosu kimin yazdığı mübahisəlidir. Bir ehtimala görə, “Rux” komandasının kapitanı Georgi Şvetsov iki məğlubiyyətdən əsəbləşərək yazmışdı. İkinci ehtimalda isə çuğulçunun Georgi Vyaçkis adlı keçmiş üzgüçü olduğu deyilir.

Hər halda, həbsin səbəbi almanlar üzərində qələbə deyil, “Dinamo”nun NKVD-yə bağlılığı idi. Çörək zavodunda işləyən futbolçulardan dinamoçu olmayanlar üç gün sonra azad edildilər. Suxarev, Balakin və Melnikin “Lokomotiv”in oyunçuları, beləliklə, guya dəmiryolçu olduqları aydınlaşdırıldı.

Əvəzində çörək zavodunda işləməyən, həbsləri eşidəndən sonra gizlənməyə fürsət tapan keçmiş dinamoçular axtarıldı. Belələrindən, Nikolay Korotkix sentyabrın 6-da həbs edildi. Onun yerini almanlara öz bacısı xəbər verdi, qorxurdu ki, almanlar qardaşına görə onu cəzalandırarlar.

Bədbəxtlikdən, Korotkix gerçəkdən iki il NKVD-də işləmişdi və axtarış zamanı uniformada şəkli tapıldı. Bundan sonra gestapoda işgəncələrə məruz qaldı, almanlar ondan Kiyevdə hansı tapşırığı yerinə yetirmək üçün qaldığını öyrənməyə çalışırdılar. Elə bir tapşırıq isə yox idi və Korotkix işgəncələrə dözməyərək həlak oldu.

Səkkiz dinamoçu isə Sırets həbs düşərgəsinə göndərildilər. Bu düşərgə yüz mindən artıq insanın qətl edildiyi Babiy Yar adlı yerin lap yaxınlığında idi. Buranın komendantı Pol Radomski özünün qəddarlığı ilə məşhur idi. O, ən xırda nöqsanlara görə fiziki cəzalar, qətllər tətbiq edirdi.

Futbolçulardan üçü belə bir amansızlığın qurbanı oldu. 1943-cü il fevralın 24-də onların daxil olduqları briqadanı hansısa pozuntuda günahlandıran Radomski hər üç nəfərdən birinin güllələnməsini əmr edir. Kor püşkün düşdüyü adamlar arasında üç futbolçu vardı: Truseviç, Kuzmenko və Klimenko.

Daha acınacaqlı versiyaya görə, almanlar məhbusları üz üstdə yerə uzadaraq, özləri sayıb hər üçüncünü güllələyirdilər. Kuzmenko və Klimenko püşkün qurbanı oldu. Püşk düşməyən Truseviç isə özünü saxlaya bilməyib nə baş verdiyini görmək üçün başını icazəsiz qaldırdığına görə güllələndi.

Digər futbulçular isə müharibəni sağ-salamat başa vurdular. Maraqlıdır ki, “ölüm matçı”nın iştirakçıları arasında sonralar sovet orqanları tərəfindən “işğalçılarla əməkdaşlığa görə” həbs edilənlər də vardı : Georgi Timofeyev və Lev Qundarev hər biri 10 il, Yuri Çerneqa 5 il həbs cəzasına məhkum edildilər. Bu, o zaman idi ki, SSRİ-də “ölüm matçı”nın bütün iştirakçılarını qəhrəman sayılırdı.

Sırets düşərgəsinin komendantı Pol Radomski uzun müddət itkin düşmüş sayılırdı. SSRİ, onun süqutundan sonra isə Ukrayna Radomskinin tapılması üçün cəhdlər göstərirdi. Yalnız 2005-ci ildə aşkar edildi ki, Radomski 1945-ci il martın 14-də Macarıstan ərazisində gedən döyüşlərdə öldürülüb.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru