Zelenski bu ərazilərin işğalı ilə barışıb? - “The Telegraph“-dan maraqlı iddia
Bu gün, 00:12

Cümə günü Alyaskada Donald Tramp ilə Vladimir Putin arasında baş tutacaq sammit ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyində yumşalma müşahidə olunur.
Bu barədə "The Telegraph" öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Kiyev döyüşlərin dayandırılması və Rusiyanın artıq işğal etdiyi Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətləri və Krım üzərində faktiki nəzarətini tanımaq variantını nəzərdən keçirməyə hazırdır.
Qeyd olunur ki, bu, bəzi Avropa ölkələrinin dəstəyini qazanıb və təklif cəbhə xəttinin “dondurulmasını”, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, o cümlədən silah tədarükü və NATO-ya üzvlük perspektivini nəzərdə tutur.
Bununla belə, xatırladılır ki, Zelenski vurğulayıb ki, heç bir razılaşma əlavə ərazi güzəştlərini əhatə etməməlidir.
Qeyd edək ki, hazırda Rusiya 1991-ci il sərhədləri daxilində Ukrayna ərazilərinin təxminən 20%-nə nəzarət edir. Ukraynanın beynəlxalq tərəfdaşları, o cümlədən Böyük Britaniya və Kanada, Kiyevə hər hansı qərarın zorla qəbul etdirilməsinin yolverilməz olduğunu vurğulayır və sülhün Ukraynanın iştirakı ilə, onun arxasından danışıqlar aparılmadan əldə edilməli olduğunu bildirirlər.