Uslu cocuq KƏMALƏ SƏLİM MÜSLÜMQIZI

6-07-2017, 10:31           

İllərlə onu gəzdirən, qulluğunda sadiq əsgər kimi dayanan sürücünü çağırmadı, nədənsə ürəyi əl vermədi. Səbəbini dərk etməsə də yad maşınla getməyi lazım bildi.
Taksidən erkən, xeyli məsafə qalmış endi. İki gün öncə yağış yağdığından cığır nəm idi. Avropada satışa çıxarılan günün ertəsi alınan və qiyməti az qala ucuzvari avtomobilə bərabər olan tuflilərinin dabanı torpağa bata-bata addımlamağa başladı. Azca başını qaldırıb boylandı və bir qədər irəlidə kiçik gül dükanını andıran ünvan özünü nişan verdi. Ətrafda bu qədər çiçək olmadığından kimsədən soruşmağa ehtiyac qalmadı.
Məsafə azaldıqca ayaqları ağırlaşır, onları arxasınca güclə sürüyürdü. İki metrlikdə qıc olduğunu hiss etdi. Qulluqçunun yalvar-yapışına məhəl qoymayıb özüylə gətirmədiyiçün peşimanlıq keçirdi. Dərhal da bu fikri özündən qovdu. O, hər zaman hər şeyin doğru və dəqiq olanını icra edirdi, o, qüsursuz idi. Hamı onu mükəmməlliyin kraliçası kimi örnək göstərirdi...
Gözlərini qaldıranda baxışları toqquşdu. Həmişə sevgi, şəfqət və sonsuz bəxtiyarlıqla baxan bu gözlərdə nəvaziş dolu sıcaqlıqla rastlaşdı...
Məzarın üstü təzə-tər çiçəklərlə dolu idi. Torpağın nəm ətri anidən onda həyat eşqi oyatdı. İstər-istəməz qəlbinin dərinliyində qəribə bir sevinc duydu. Hətta dodaqlarına təbəssüm qonduğunu zənn etdi. Özündə yaranan bu dəyişikliyə qəzəbləndi və sanki kiminsə görəcəyindən ehtiyatlanıb utandı da.
Üstü yazılı qara haşıyəli qırmızı lentlərlə bağlanmış əklilləri, bir-birinə bənzəyən və bənzəməyən gül dəstələrini seyr etməyə başladı. Heç nə haqda düşünə bilmirdi. Beyni kilidlənmiş qapı kimi baş verən hadisənin şokundan keyləşmişdi. Hər şey ona yuxu kimi gəlirdi.
Bir buketdəki güllərin ləçəklərinin az qala töküləcəyi isə nəzərindən qaçmadı. Kimsə ucuz başa gəlsin deyə lap ömrü bitmiş güllərdən dəstə bağlatmışdı. O,” Belə bir adam üçün bunu rəva gördünüz ya, daha sözüm yoxdu “ - deyə köks ötürdü. Bu, yəqin ki o qədər də öndə olmayan, sadəcə «qonşudan qalmadala» göstərgəli birinin ərmağanı idi - deyə düşündü.
Belə kədərli, acı bir gündə hər şeyin detalına qədər fikir verə bilməsi onu təəccübləndirir, qorxudurdu. Həyatının az qala iyirmi ilini keçirdiyi, sevdiyi şəxsin məzarı üstə qəlbindəki boşluq, sanki sağalmış yara yerinə bənzəyən, azacıq göynəyən sızıltı onu üşürgələndirirdi. Niyə belə olduğunu anlamaq istəyir, amma reallıqdan beyninə, hissiyyatından qəlbinə gedən yolda uçub-dağılmış hasarın daşları ona mane olurdu.
Maddım-maddım hər yeri bürümüş gül-çiçəyə baxır, onların üzərində yazılmış sözləri oxumaqla düşdüyü vəziyyətdən çıxmağa çalışırdı...
Burda ona xoş deyildi, amma çıxıb getmək də istəmirdi. Elə bil hansısa bir qüvvə onu zorla dartıb saxlayır, qalxarsa yerini başqa birinin tutacağından ehtiyatlanırdı. Əli ilə torpağı oxşamağa çalışır, sığal çəkmək üçün güllərin altından yer arayırdı.
Zəhmli səsin, dazlaşmış başın, ahıllıqdan və daimi oturaq iş həyatından əməllicə donqarlaşmış belin, epeyi irəli çıxaraq sallanmış qarının, uzuncov və çəhrayı dırnaqların ( sədəfləri hər zaman xoşuna gəlirdi ), heç zaman fiziki iş görmədiyindən pambıq kimi yumşaq olan böyük əllərin, bir qədər slavyanları andıran sima və dərinin, gəncikən çox yaraşıqlı və mütənasib olan, sonradan bərbad şəkil almış bədən və ələlxüsus da ayaqların, addımlayanda narkobaronları xatırladan, qarşısında hamının tir-tir əsdiyi sevgilisinin torpaq altda səssiz-səmirsiz qalmış nəşini düşünməyə gücü çatmırdı...
... Onun quru nəfəsi belə onu qoruyurdu. Ölümünə üç gün qalmışa qədər eyni yataqda yanaşı uzanmaları, səhərə qədər dərmanlarını verməsi üçün gözünün saatdakı əqrəbləri izləməsi, yavaş-yavaş qalxıb-enən sinəsini nəvazişlə, ana qayğısı ilə sığallaması kinolenti kimi gözönündən keçməyə başladı. Özünə gəlməyə başlayırdı deyəsən. Acılı-şirinli xatirələr, saysız-hesabsız xarici ölkə səfərləri, bağlarında keçirilən adgünü və yubiley yığıncaqları, yarımözəl tədbirlərdəki birgə iştirakları-hər şeyi yadına salmağa başlamışdı. Xoşbəxt günlərini (bədbəxt olduğunu düşünməyə əsası yox idi) xatırladıqca kökündən qopmuş ağac kimi müvazinətini itirir, səntirlədiyini hiss edib sağ əlini yerə dayaq verirdi. Az qala bir igidin ömrünü yaşadıq bir yerdə deyə -düşündü. Nə qazandım, itirdiklərim nə oldu? Dərin bir ah çəkib başdaşındakı şəklə diqqət kəsildi. Nədənsə bir qədər rəsmiliklə rastlaşdı. Yenidən bir ah çəkdi. Yəqin bu rəsm çəkilərkən qayğılı olub və beynindəki mən olmamışam deyə qayğılandı.
Ətrafda demək olar ki heç kim nəzərə çarpmırdı. Uzaqda, ən son sıradan bir cərgə öndəki bir qəbrin yanında iki qadının vargəl etməsi, məzarın üstünü basmış ot-çayırı təmizləməyə cəhd etməsi və onların yanını kəsdirən mollanın tıncıxaraq “Yasin” oxumaq üçün qadınların sakitləşməsini gözləməsini müşahidə etdi. Və ürəyində” allah kəssin mənim müşahidə vərdişimi”- deyə söyləndi. Həmişə dediyi qabiliyyət kəlməsini bu dəfə nədənsə dilinə gətirmədi.
Qadınların gəlin-baldız olmasını dərhal kəsdirmişdi. Hələ bir qədər irəli getsə yaş və digər əlamətlərini də müəyyənləşdirəcəkdi. Onun sevgilisinə xüsusi ləzzət edən bu telepatlığı indi nəsə işə yaramadı. Öz dərdiylə başbaşa qalmalı olduğunu qərara aldı. Güllərin düzülüşündəki qaydasızlıq heç onu açmadı və tez onları lazım bildiyi kimi yerləşdirməyə çalışdı. Əlini bəyənmədiyi, bunca nəhəng əklillərin içərisində ala qarğaya bənzəyən, ləçəkləri tökülən dəstəyə uzatmışdı ki içindən gələn “dur!” kəlməsi onu yuxudan ayıltdı. Sevgilisinin adamdan başqa nəyə desən oxşayan arvadı ( onun haqqında düşünəndə heç vaxt fərli-başlı bir söz ağlına gəlmirdi ) hökmran sifətilə ona baxıb gülümsəyir , ondan oğurlanmış bir qərinənin heyfini çıxmaq üçün əlinə düşmüş fürsətin dadını çıxarmağa hazırlaşırdı. Elektrik vurmuş kimi əlini tez geri çəkdi. Ömründə ilk dəfə uduzmağın nə demək olduğu hissilə üz-üzə qaldığını hiss edib çox pərt oldu. Bu qədər yaxında olan məğlubiyyəti qovmaq üçün gözlərini yağır edən o buketi qəzəblə yerə çırpdı. Ona dəlilər kimi aşiq olan, yerişindən yer, səsindən göy titrəyən adamın sinəsinə. Dərhal da qəlbi sızıldadı. Hər zaman ona mərhəmətli olan, onu göz üstündə saxlayan biricik aşiqinin ruhundan utandı...
Sövqtəbii arxaya qanrıldı, qəbristanlığın o qədər də enli olmayan yolunda daha da nəhəng görünən, bir-birini təqib edən iki qara rəngli avtomobil gördü. Ürəyi qırılıb ayağının altına düşdü. Qəlbindəki səs onların buraya gəldiyini pıçıldadı. Hər zaman güvəndiyi intuisiyasına bu dəfə lənət yağdırdı. Özünü toparlamağa ona zaman tanımadığı üçün.

Avtomobillər sanki toya gəlirmişlər kimi şəstlə dayandılar. ( Əslində adi qaydada gəlirdilər, amma nədənsə ona elə gəldi ) Qara kostyum və eynəkdə olan dörd nəfər özlərini maşından cəld bayıra atdılar. Bir göz qırpımında ikinci maşını dövrəyə alıb ətrafa boylandılar. Bir müddət lal oyunu oynadıqdan sonra ( bu boş, kimsəsiz məzarıstanda nə qədər düşük və gərəksiz göründüklərinin fərqinə varmadan ) avtomobilin qapısını ehtiyatla açıb enəcək şəxsi qorumaq üçün “ətdən” sipər yaratdılar. Enəcək şəxs bir qədər tərəddüddən sonra ( nədənsə ona elə gəldi ) mübarək qədəmlərilə torpağın sinəsini şərəfləndirdi. Baxmamağa çalışsa da özüylə bacara bilmədi. Uzaqda olsalar belə gələnin kimliyini anlamışdı. O və başının dəstəsi sanki işgəncə metodu sərgiləməklə görəvləndirilmişdilər. Yaxınlaşan hər addım onu əzib, məhv etməyi planlayırdı. Neyləyəcəyini kəsdirə bilmədi. Ayağa qalxmaq istədi, amma torpaq onu buraxmadı. Hər zaman torpağa bağlı, torpağa güvənli olduğundan vəziyyətini dəyişəmmədi.
Dəstə aramla ona doğru addımlayırdı. Baxışların ona doğru zillənməsi elə bil kürəyində od qalamışdı. Gələnləri görməsə də sövqtəbii hansı məsafədə olduqlarını hiss edirdi. Iyirmi ilin imtahanı başlanacaqdı. Nə danışa bilərdilər ki? Hansı haqla ona üstdən aşağı baxa bilərdi ki? Ən sevimlisi o deyilmiydi? Bütün haqlar onun lehinə deyilmiydi? Auditoriya qarşısında elmi iş müdafiə edirmiş kimi əsməcəsi tutmuşdu.
Dəstə iyirmi addımlıqda dayandı. Cangüdənlərin biri ( başçı olmadığını dərhal anladı ) ona yaxınlaşdı. Düz yanına qədər gəlib ona baxmaq istədi. Üzünü görmək üçün bir qədər başdaşına tərəf addımladı. Ya yandakı məzarın sinədaşını, ya da gülləri tapdalamalı olduğundan ikincini seçdi. Bunu həmin anın ilahi xoşbəxtliyi hesab edən qadın sərt tövrlə başını ona doğru çevirdi. Satışa çıxarılan kölə kimi ona baxılmaq səhnəsindən canını qurtardığı və həm də başlanacaq xoşagəlməz söhbətin ilkin sözünü demək fürsəti əldə etdiyiçün sevindi də.
- Gülü niyə tapdalayırsan? - səsini tanıya bilmədi. Şəfqət və yumşaqlıqla yoğrulmuş səsindən əsər-əlamət qalmamışdı. Yaşanacaq səhnədə nələr ola biləcəyini təxmin edən ( axı onlar çox idilər ) sarsaq cangüdən irişməyə macal tapmayıb özünü yığışdırdı. Kasıb və şərəfsiz ailədən olduğu, tutduğu vəzifəni allahın neməti kimi qiymətləndirdiyi hər halından bəlli idi. Beləsinə bir çimdik pulla adam da öldürtmək olardı- deyə düşündü.
Arıq, fiziki görkəminə görə digərlərindən fərqli olmağı yöndəmsiz adam olduğundan və hər cür çirkin işlərdə istifadəyə yararlı olduğu üçün bu dəstəyə seçildiyindən xəbər verirdi. O birilər tanka oxşayırdılar.
“Çəlik” gədə rəhbərinə “doklad” etdikdən sonra dəstə daha inamla hərəkətə başladı. Sanki ayaqlarıyla yerə kimin sahib olduğunu diqtə etmək istəyirdilər. Onun bir addımlığında dayandılar. Sevmədiyi, illərin təcrübəsinə əsaslanaraq yalançı, soyuq təbiətli və saxtakar qadınların işlətdiyini hesab etdiyi çox tünd və məxsusi hazırlanmış ətrin iyi beynini gicəlləndirdi. Onun evində və ətrafında işləyənlərin tünd ətirlərdən istifadəsi yasaq idi.
Bütün gücünü köməyə çağırdı. Təzyiqinin qalxmaması üçün allaha dua etməyə başladı. Fikrincə yaxşı biri idi (özünü hətta mələk zənn edirdi ) və buna görə də daima dua etdiyi xaliqi onu xilas etməli idi. Özünü məğrur saxlamaq üçün bütün enerjisini imdada çağırdı ( Başqa vaxt olsaydı əmr edərdi. O, hətta mənəviyyatını belə idarə etməyə alışmışdı ).
Efirdə göründüyündən çox fərqli ( baxmadan belə hiss edirdi ) olan, gənc qala bilmək üçün canını tibb dünyasının hərracına çıxaran, üst-başı meşşanlıq, əxlaqsızlıq qoxuyan bu qadın ( əgər qadın demək mümkünsə ) ona hansı haqla yuxarıdan aşağı baxa bilərdi ki? Amma baxırdı, utanıb çəkinmədən, sürtük baxışlarını çox rahatca ona zilləyib zəhərli oxlarını sancmaqdaydı.
“Paxıllıqdan edir, axı onu tərk etdikdən sonra yalnız məni sevib, yalnız mənə bənd olub, məni seçənə qədər həyatında daimi heç kim olmayıb ” -deyə özünə təskinlik verməyə başladı. Ani olaraq duruxdu, təskinlik niyə, məgər belə deyilmi?..
Halı getdikcə pisləşirdi. Bir az bundan öncəki qüruru ondan uzaqlaşır, yerini bu iyrənc dəstəyə təhvil verib aradan çıxırdı. Belə davam edərsə sınacağını düşünüb ilk həmləni özünün etməsini məqbul saydı. Başını anidən döndərib o məxluqun üzünə baxdı. Fikrincə bu baxışlar çox sərt alınmalı, rəqibini dəlik-deşik etməli idi.
-Sən?
Səsi sanki dar boru içindən çıxdı. Bunu hamının anlayacağından qorxub cəld üzünü güllərə sarı çevirdi. Özünü qınamağa, belə biri qarşısında niyə bu cür aciz duruma düşdüyünü anlamağa çalışdı. Gələn çox rahat, arxayın və həyasızcasına “mən” cavabını verdi. Baxışdılar və hər şey bununla da başladı. Gələnin “mən” kəlməsində “ necə bəyəm, səndən icazəmi almalıydım? Kimsən ki sən ? Hansı haqla? - sualları dolu kimi yağmağa başladı.
Onun baxışlarıysa “ Bəli, sənin bura gəlməyə ( əslində isə belə nümayişkaranə görkəm və həyasızlıqla gəlməyə ) ixtiyarın yoxdur ” cavabıyla meydan oxumağa cəhd edirdi. Ömrünün iyirmi ilini birgə yaşadığı, aşağı və yuxarı eşalonun nümayəndələrinin belə onu imperatorun xanımı kimi qəbul etdiyi bir halda qarşısındakının saymazlığı onu taxtından enməklə hədələyirdi.
Uslu cocuq      KƏMALƏ SƏLİM MÜSLÜMQIZI
Gələn gözləniləndən də həyasız özgürlük sərgiləyirdi. “Mən onun ömrünün ən gözəl, coşqulu çağının şahzadəsiyəm. Həyata mənim gözlərimlə baxırdı. Ən gözəl, füsunkar qadınları bir dəfə istifadə edib atır, tapdalayıb keçir, yenə mənə doğru can atırdı. Bu, sevgi deyildimi səncə?”- baxışlar meydan sulayırdı.
Həyatında belə sərt ittihamlı simanı gördüyünü xatırlaya bilmirdi. Ona görə də əks həmləyə keçmənin zəruriliyini dərk edirdi. “ Ona görəmi atdı səni? Heç arxasına da baxmadan getdi.” Deyəsən sancmaq işə yarayacaqdı deyə fikrindən keçirdi.
-“Ay yazıq, mən rəsmən ona xəyanət edirdim. Tanıdığı adamlarla yatırdım. Bunu bilə-bilə illərlə məni tərk etmədi.”
Bu, öldürücü zərbə idi. Qarşısı alınmasa nokaut gözlənilən idi. Beyninin dar və qaranlıq dəhlizləri ilə nəyisə axtarmağa hücum çəkdi və tapdı da.
-“ Kişilər gec kamilləşirlər. Əsil sevgini müdrik çağlarında dərk edib yaşayırlar. Bu seçim mənəm .”
Özgüvən yenə yerinə qayıtdı. Baxışlar daha ötkəm və dayanıqlı olmağa başladı.
“ Özünə verdiyin təskinliyin işə yarayacağını düşünəcək qədər zavallısan. Əldən-ayaqdan düşmüş qocanın dayəsi oldun illərlə. Addımbaaddım arxasınca süründün. Və sən buna həyat yaşadım deyirsənsə elə bədbəxtsən.”
Qəddarlıq əxlaqsızlıqla birləşəndə nə qədər amansız olurmuş, ilahi? - deyə düşündü. Bu varlığın ana südü ilə bəslənməsi mümkün deyil. Və ağlına gələn bu fikirdən ürəyi sıxıldı. Özünün ana ola bilməməsini xatırlaması sanki qəlbini ikiyə böldü. Dünyanın ən möhtəşəm anası ola biləcəyinə əminliyi onu tanrı məqamında asiyə çevirən tək səbəb idi. Nə qədər inanclı olsa da bu məqamda taleyilə barışmır, onu bu hissdən məhrum etdiyiçün qismətinə lənət yağdırırdı. İtə-qurda verilən övlad payından onun məhrum olması heç bir yazıya sığan ədalətsizlik deyil deyə israr edirdi hər zaman...
Ən ağrıyan yarasını qanatdığı üçün qarşısındakı varlığı boğmağa hazır idi bu məqamda. Baxışları yırtıcı pələngi xatırladırdı. Xəstəxanaya aparılarkən baştacının barmağındakı üzüyü ona bağışlamasını xatırlayıb əlini nümayişkaranə formada irəli uzatdı. Bu, mərhumun otuz ildən çox gəzdirdiyi və imperiyasının rəmzi hesab olunan qartalbaşlı üzük idi.
Manevr işə yaradı. Deyəsən gələnin da instinkti oyandı və qeyri-iradi yarım addım geri çəkildi. Gümüşdən olan və dəyəri qəpik-quruş olan bu üzük imperatorun ən dəyərli və vazkeçmədiyi aksessuarı idi. Heç zaman barmağından çıxarmadığı bu üzük haqda rəvayətlər dolaşır, əfsanələr danışılırdı. Kimi onun heç kimə məlum olmayan xəzinənin şifrəsi olduğunu , kimi də həyatını borclu olduğu dostundan xatirə qaldığını danışırdı. Düzgününü isə bilən yox idi. Heç kim, hətta o belə bilmirdi.
Müğənni olan əski sevgili dəfələrlə baxmaq istəsə də yalnız barmağında icazə vermiş, iznsiz çıxarmaq istəyəndə isə təsirindən üç gün özünə gələ bilmədiyi bir sillə yemişdi.
Üzüyün etkisi kifayət qədər böyük oldu. Kinayəli baxışlar yerini nifrət mayalı kədərə verdi. İndi ayaqüstü pozisiyada olduğundan daha vüqarlı göründüyünün fərqində olan əski sevgili yaralı yaquarı xatırladırdı. Dişi mustanq kimi fınxıran şou-biznes dünyasının veteranı imperatorun sayəsində əldə etdiyi sərvəti, şöhrəti yada salıb nisbətən sakitləşir, yavaş-yavaş özünə gəlirdi. İnsanlıqdan çıxan, dəyərlərə sayğısını itirən biri olduğu üçün bu ərmağan onunçün əhəmiyyətini itirməyə başlayırdı. Nəhayət ilk və son olaraq dillənməyi və bununla da öldürücü zərbəni vurmağı qərara aldı:
- Əgər ümumi kişimizin uşaqları səni küçəyə qovsalar qızımın ( qızın mərhumdan olduğu şayiəsi gəzirdi. Ancaq o, bir dəfə də olsun bu bərədə soruşmamışdı. Məsləhət bilərsə özünün deyəcəyini gözləmiş, sonralar isə bunu unutmağın ən kamil yol olduğunu qərarlaşdırmışdı) ofisinə aşpaz düzəldə bilərəm.
Özünün ən sərrast replikaya malik olduğu ( eyni zamanda ən ağıllı qadın ) düşüncəsilə sərt bir şəkildə çevrilib oranı tərk etdi. Rəqibə düşünmək və cavab vermək şansı buraxmamaq üçün bir an belə ləngiməyin məğlubiyyətə aparma ehtimalı ola biləcəyini hesablamışdı. Axı o, xaraktercə ovçu idi...
O, bu an sevgilisinin ( əslində isə o özünü həyat yoldaşı hesab edirdi ) məzarı üstdə “ adamdan başqa nəyə desən oxşayan “ adlandırdığı ( təbii ki ürəyində ) qadınla ( və imperiyanın yeganə qanuni varisi ilə ) rastlaşmağı bəlkə də hər şeydən çox arzulayırdı. Hər zaman bəlli etməməyə çalışdığı, ( və bunun öhdəsindən məharətlə gəldiyi ) ancaq qısqandığı tək varlığın onu alçaltmasını həzm edə bilmirdi. Həmişə yarının qəlbində bu avara qadına olan məhəbbətin hələ də sönmədiyi duyğusu ilə alışıb-yanmışdı. Yeganə təsəllisi isə özünün nümunəvi davranışının fonunda bu Yelizaveta ruhlu məxluqun adının mövcud olan bütün çirkin işlərə bulaşması idi. Hər bir yeni olayın imperatorun sevgisinə kölgə salacağı, məhəbbətini azaldacağı və bir gün tamamilə söndürəcəyi ümidi ilə illəri yola salmışdı...
İyirmi ildə bir dəfə olsun ciddi münaqişə yaşamamış, küsməmişdilər. Qəlbi qırılmamışdı. Amma hər zaman nəyinsə əskikliyi hissi də onu tərk etməmişdi. Axı o, uslu cocuq idi. Sərt qərarlar verən, asi davranışlı biri olmamışdı. Bəli, o, aldığı yüksək müavinətin qarşılığında mükəmməl dayə görəvini yerinə yetirən biri idi...
Görəsən ekran bəzəyi olan ( imperatorun dəlilər kimi aşiq olduğu ilk və tək qadın ) simasız təkin bircə dəfə xəyanət etmiş olsaydı, indi harada olardı -deyə düşünməyə cəsarət tapdı özündə. İçində nələrinsə param-parça olduğunu, qırılıb töküldüyünü hiss etdi. Qulaqları uğuldamağa başladı.Yaşamını öz köpək sədaqətilə əldə etmənin ağırlığı çiyinlərinə çökdü...
Çətinliklə gözlərini qaldırıb şəklə baxdı. Ordan buz kimi soyuq gözlər laqeydcəsinə ona baxırdı.


SON
TEREF.İNFO KƏMALƏ SƏLİM MÜSLÜMQIZIININ YENİ POVESTİNİ TƏQDİM ETDİ!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.