Türkiyə ilə Almaniya dönərin hazırlanması standartları üstündə mübahisə edib
2-01-2025, 17:28
Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün də eyni hüquqi müdafiəni əldə etməyi planlaşdırır.
Türkiyənin dönər kababının hazırlanması standartları ilə bağlı münaqişə Almaniya ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Mübahisə Türkiyənin 2024-cü ilin aprelində ənənəvi resept və hazırlanma üsullarını əsas gətirərək orijinal dönərin hüquqlarını qorumaq üçün Avropa İttifaqına müraciət etməsindən sonra yaranıb.
“Telegraph” ın yazdığına görə, Ankara Fransanın şampanı və İtaliyanın “Neapolitan” pizzası kimi öz dönər kababı üçün eyni hüquqi müdafiəni almağı planlaşdırır. Bu, türk dönərinə öz unikallığını və ənənəvi hazırlanma üsulunu rəsmi şəkildə tanıtmağa imkan verəcək. Bu standarta görə, ət qatıq və göyərti ilə marinə edilməli, üfüqi şəkildə 3-5 mm qalınlığında dilimlənməlidir. Digər inqrediyentlərdən və ya bişirmə üsullarından istifadə yeməyi “orijinal” dönər statusundan məhrum edə bilər.
Lakin bu cür tələblər dönər kababının məşhur və sevilən fastfud olduğu Almaniyada qəzəb doğurur. Ölkədə hər il bu yeməyin bir milyarddan çox porsiyası satılır. Almaniyada yaşayan türk istehsalçılar və pərakəndə satıcılar reseptin dəyişdirilməsinin mümkünlüyündən narahatdırlar.
“Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəni əldə etmək cəhdi Almaniyanın sevimli fastfudunun gələcəyinə son qoya bilər”, müəlliflər qeyd edirlər.
Əgər tərəflər bu yeməklə bağlı razılığa gələ bilməsələr, qərar Avropa Komissiyası tərəfindən veriləcək. Ankaranın mövqeyi seçilsə, Avropada çoxlarının sevdiyi bu yemək başqa adla satılmalı olacaq.