DÖVLӘT VӘ ZİYALILAR.

23-08-2015, 20:20           

DÖVLӘT VӘ ZİYALILAR.
Kimdir ziyalılar? Öncəsi xalqın, yəni çoxluğun inanmaq istədiyi təbəqə. Şərti olaraq bu zümrəni 2 qrupa bölmek olar: 1) HAKİMİYYӘTİN, başqa sözlə hakimiyyətdə olanların mənafeyini müdafiə edənlər. Әdalətli dövlətdə bu qrup hakimiyyəti qiyam və təxribatlardan qorumaqda müstəsna rol oynayır. Әdalətsiz dövlətdə zalımlara müttəfiq olub, xalqın itaət altında saxlanılması prosesinin iştirakçısına çevrilir.
2) Dövlətin ədalətli-ədalətsiz olmasından asılı olmayaraq, daima hakimiyyətə müxalifət olanlar. Әdalətli dövlətlərdə ziyalıların bu qrupu, yad və düşmən quvvələr üçün bir tapıntıdır. Әdalətsiz dövlətlərdə xalqın mübarizə bayrağı. Bəs dövlətin ədalətli, ədalətsiz olduğunu necə ayrıd edək? Әhalinin rəyinə əsaslansaq, azlıqda qalanlar: "Hakimiyyət əlindəki vasitələrlə, çoxlüğu öz tərəfinə çəkir" - deyənlər, bu üsulun heçdə həmişə reallığı əks etdirmədiyinı vurğulayacaqlar. Dunyada fəaliyyət göstərən "demokratik mərkəzlərinin" rəyini əsas götürsək, haqlı - "Bu qurumlar dünya güclərinin maraqları naminə, bir çox hallarda ağa qara deyirlər" - iradı ilə qarşılaşacağıq. Әhalinin yaşayış səviyyəsi ilə ölçsək, görəcəyik ki, iqtidar öz hakimiyyətinin ömrünü uzatmaq naminə borca belə girərək, bu pulun müəyyən hissəsini sosial layihələrə xərcləyir. (Nəticədə ölkənin gələcəyini zərbə altında qoyur). Başqa bir halda, əlində olan gücdən ( iqtisadi, siyasi, hərbi ) istifadə edərək, digər ölkələrin əhalisini istismara məruz qoymaqla, öz vətəndaşlarını firəvan yaşatmaq yolu seçilir. Hər iki halda, belə dövlətlərə ədalətli demək olmaz. Bu tipli dövlətlərin iqtidarına xidmət edən ziyalıların hakimiyyətdən və tarixdən aldıqları qiymət, üst-üstə düşmür. Dövlət millətin gücündən doğur. Millətdən başqa, istənilən gücə söykənən dövlət, ədalətli ola bilməz. Deyə bilərsiniz ki, dünyada kifayət qədər dövlət var ki, millətinin gücü ilə yaradılmayıb. Elə ona görə də, bu süni qurumların iqtidarı əhalisi əvəzinə, real ağalarına xidmət edir. Belə hakimiyyət özü kimi satqın ziyalıya ehtiyac duyur. Tarixin maraqlı gedişlərindən biri də, imperiyaların parçalanması prosesindən meydana gələn, ilk baxışda daimi asılılığa məhkum kimi görünən dövlətlərin ağıllı və cəsarətli liderlər və onlara dayaq olan milli qüvvələr (o cümleden ziyalılar) sayəsində ədalətli cəmiyyət qurması təcrübəsidir. Azərbaycan kimi dövlətlərin dünya tarixində layiqli yer tutması üçün yeganə yol, məncə budur. Ziyalılar güclu hakimiyyətdən bəhrələnmək üçün, gücsüz müxalifəti qamçılamaqda yox, ölkənin xarici düşmənlərinin qarşısına çıxmağa layiq qüvvə formalaşdırmaq sahəsində öz qabiliyyətlərini göstərməlidirlər. Gecə-gündüz hakim təbəqəyə "daxili düşmən" axtarmaqla özlərini gündəmdə saxlayan ziyalılardan fərqli, iqtidarın səhvlərinə göz yummayan ziyalılar, dövlətimizin real düşmənlə savaşında əvəzsiz qüvvədirlər. Mövcud gözəl yaşamaq üçün hər qiyafəyə girməyi bacaran təbəqə ilə birləşən ziyalı qrupu, hakimiyyətlə xalq arasında uçurum yaratmağa meyillidir. Bu qrup özünü hakimiyyətin real dayağı kimi qələmə verməklə, milli-vətənpərvər qüvvələri dövlət idarəçiliyindən təcrid etməyə çalışır. VӘ TӘӘSÜFLӘR OLSUN Kİ, ÇOX VAXT İSTӘDİKLӘRİNӘ NAİL OLA BİLİRLӘR.
Eldar Tağıyev
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.