Məmurumuz "at biznesində" ziyana düşdü - 20 minə almışdı, 5 minə sata bilmir

12-10-2015, 10:06           
Məmurumuz "at biznesində" ziyana düşdü - 20 minə almışdı, 5 minə sata bilmir
Qafqaznews.az saytı olaraq bir neçə dəfədir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bir dəstə qohum-əqrəbasının komitəni az qala “özəlləşdirmə”sindən bəhs edən yazılar dərc edirik. Ötən yazımızda Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərin azacıq bir hissəsi barədə məlumat vermişdik.

Xatırlatma üçün qısaca bildirək ki, əli hər yerə çatan Pənah Əliyev ekspeditor işləyən kürəkənini bir gecədə mal-mülk sahibi edir, 400 manat maaş alan oğlu Tural Əliyevə 235 min manat dəyərində Range Rover CİP bağışlayır. Ötən yazımızda Pənah Əliyevin at həvəskarı olduğunu qısaca qeyd etmişdik. Daha doğrusu, bilmək olmur bu şəxs məmurdur, yoxsa vəhşi atları ram edən mustanger..?

Xülasə, ötən gün redaksiyamızın əməkdaşı Pənah Əliyevi Cıdır meydanında görə bilib. Bəli, redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız dünən Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar.

Və sonda 20 min manat dəyəri olan atı 5 min manata təcili satışa çıxarıblar. Ata baxanlarla söhbət zamanı məlum olub ki, indicə Pənah Əliyev özü də Cıdıra gəlib sevimli atına kök yedizdirəcək.
Ancaq kimsə Pənah Əliyevə işarə edib ki, jurnalistlər burdadır və onun atının fotosunu çəkirlər. O təcili geri dönərək dərhal Cıdırı tərk etməyə çalışıb. Ancaq onun “mübarək” görüntüsü azacıq da olsa kameramıza düşə bilib. Aldığımız digər məlumata görə Pənah Əliyev hər gün Cıdıra gələrək orda saxladığı atına kök yedirdir.

Hətta atın üstünə minib gəzməyi də sevir. Ancaq sonuncu hadisədə ayağını sındırandan sonra o, Cıdıra ağsaya-ağsaya gəlir. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Pənah Əliyev İsmayıllı rayonunun keçmiş icra başçısı Əhliman Tağıyevin doğma xalası oğludur. Araşdırmamız davam edir. Gələn yazımızda Pənah Əliyevin restoranı və stomatoloji klinikası barədə yazacağıq. Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.